Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz” Yazıçı Nəriman Əbdülrəhmanlının qələm dostu, yazıçı, jurnalist Mirzə Məmmədoğluna ithaf etmiş "Tiflisli "Salman Mümtaz" yazısını təqdim edirik:

Hər dəfə yolum Tiflisə düşəndə köhnə dostlarımı – Arif Mustafazadəni, Səməd Qaraçöpü, Eyvaz Əlləzoğlunu, Lətif Mustafaoğlunu, Allahverdi Təhləlini, İmir Məmmədlini, Mirzə Məmmədoğlunu, İbrahimxəlili, Xaqani Qayıblını, Cambul Məmmədlini... 80-ci illərdə tez-tez ünsiyyətdə olduğum İslam Əliyevi, Elman Kələyevi, Şahvələd Ayvazovu, Teymur Kəlbiyevi... xatırlayıram...
Demək olar, hər səfərimdə görüşdüyüm sədaqətli dostlarım Tapdıq Yolçu, Rafiq Hümmət və Afiq Muxtaroğluyla yaddaşımızı əriş-arğac eləyir, yaşanmış günləri yada salırıq...

O səfərlərimdə bəzən Mirzə Məmmədoğlunu tapa bilmirəm: həmişə harasa tələsir, nəyisə axtarır, rastına çıxan bir faktın arxasınca Tiflisin küçələrini, rayonları gəzir, kitab dükanlarına və kitabxanalara baş vurur, ya da kiminsə əsərini tərcümə eləyir, kitabını nəşrə hazırlayır, xahişini yerinə yetirir, doğum gününü təbrikə gedir, kimisə qarşılayıb yola salır.
Bəlkə elə bu səbəbdən yarızarafat-yarıciddi öz-özlüyümdə onun adını "Tiflisli Salman Mümtaz” qoymuşam...
Mirzə Məmmədoğlunun gördüyü işlərə nəzər salanda bu bənzətmədə həqiqət çalarının az olmadığı qənaətindəyəm...
Onun haqqında çoxdan yazmaq istədiyim bu yazının da 60 illiyi (iyunun 22-də doğulub) ərəfəsində gerçəkləşməsi Allahın bir lütfüdü...
***
Mirzə Məmmədoğlu 1957-ci ildə Tiflisdə anadan olub, orta məktəbi Marneuli rayonunun Görarxı kəndində bitirib, iki il istehsalatda çalışıb, sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. Universitetdə təxminən eyni dövrdə təhsil alsaq da nədənsə yollarımız kəsişməyib, onu ”Sovet Gürcüstanı”, indiki "Gürcüstan” qəzetində ştatdankənar müxbirlik elədiyimiz illərdə tanımışam. Həmişə tələsən, nəsə axtarıb-arayan, az qala söhbətlərini də yarı-yarımçıq eləyən, Allahın verdiyi ömür möhlətində daha çox iş görməyə can atan Mirzə ilk baxışdan məndə tələskən, narahat adam təsiri bağışlamışdı, indi də o təəssüratımda aldanmadığımı dərk eləyirəm.
Bir müddət sonra, düz otuz il əvvəl - 1987-ci ildəsə Mirzə Məmmədoğlu Gürcüstan televiziya və radio şirkətində işə başladı, uzun müddət Gürcüstan radiosunda Azərbaycan dilində verilişlər redaksiyasının redaktoru oldu. 2008-ci ildən iniyəcən də Teleradio şirkəti milli verilişlər redaksiyasında, "Moambe”nin ("Xəbərlər”in) Azərbaycan dilində efirə çıxan verilişlərinin redaktorudu.
Amma mənim tanıdığım Mirzənin təkcə öz peşə vəzifəsilə kifayətlənəcəyinə elə o vaxt da inanmırdım. Az sonra bu gümanım da doğruldu, Mirzə Gürcüstanın ictimai-siyasi həyatında həmişə fəal iştirak elədi, yeni yaranmış "Dayaq-2” cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri oldu, 1992-ci ildə Gürcüstan Dövlət Şurasına üzv seçildi, respublikada gedən proseslərdə öz mövqeyini ortaya qoydu.
İndisə o, Gürcüstan Jurnalistlər Federasıyasının, Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Beynəlxalq Jurnalistlər Federasiyasının, Gürcüstan Yazıçılar İttifaqına alternativ kimi yaradılmış Gürcüstan Yazıçıları Milli Akademiyası İdarə Heyətinin üzvüdü.
Mirzə Məmmədoğlunun Gürcüstanın ictimai-mədəni həyatında belə fəal iştirakı səmərəsiz ötüşməyib. O, get-gedə enerjisini yaradıcılıq səmtinə yönləndirə bilib, nəticədə Azərbaycan və gürcü xalqları arasında mövcud olan bağların möhkəmləndirilməsinə öz töhfələrini verməyi bacarıb...
***
Mirzə Məmmədoğlu yaradıcılığa poetik axtarışlarla başlayıb, şeirlərində ruhunun dərinliklərindən boy verən yaşantıları ifadə eləyib. Onun müxtəlif qəzet-jurnallarda, ədəbi toplularda çap olunmuş, radionun efirində səslənmiş şeirlərində də axtarış ehtirası özünü büruzə verir. "Qədim Tiflisin sirri” şeirində bunu aydın görmək olur:
Bu qədim Tiflisin qədimliyində,
Bu qədim Tiflisin qədəmliyində,
Bir tanış iz vardır,
Babam izidir.

Mirzə Məmmədoğlu bu axtarışlarını publisistik yazılarında davam etdirir. Onun publisistikası milli varlığımızın əsrlərin tozu altında gizlənmiş izlərini tapıb üzə çıxarmağa xidmət eləyir. Mirzə o yazılarında lap qədimlərdən – Hübeyş Tiflisidən indiyəcən taleyini bu qədim şəhərlə bağlamış, burada doğulub-yaşamış şəxsiyyətlərin ömür yoluna və yaradıcılığına dair ilkin mənbələrdən əldə elədiyi faktları böyük yanğıyla gün üzünə çıxarır, milli təfəkkürümüzün danılmaz faktına çevirir. Onun həyatı bu və ya digər dərəcədə Tiflislə bağlı olan Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, İbrahim İsfahanlı, eləcə də Sayat Nova, xanəndə Allahverdi, Yadigarovlar nəsli, Çələbilər, Tiflis toponimləri, Azərbaycan və gürcü dillərinin qarşılıqlı təsiri, Gürcüstanın xalq qəhrəmamı Xudu bəy Borçalı, İranın Tiflisdəki baş konsulu Mirzə Rza xanla bağlı araşdırmaları yaradıcılıq faktıyla yanaşı, milli heysiyyatın bərpası yönümündə atılan addımlardı.
Mirzə Məmmədoğlunun "Qədim Tiflis” adlı etnoqrafik araşdırmalar toplusu bu mənada xüsusi çəkiyə malikdi. Bu qədim şəhərdə küçələr, binalar, məscidlər, meydanlar, abidələr, körpülər... şəklində mövcud olmuş, ruhumuzun kodlarını daşıyan, bir hissəsi artıq ancaq yaddaş faktına çevrilmiş yerləri yaşatmaq baxımından müəllifin gərgin əməyini qiymətləndirmək lazımdı. Təsadüfi deyil ki, kitab iki dəfə - 2009-cu ildə və bu ilin əvvəllərində işıq üzü görüb, araşdırıcıların və oxucuların diqqətini çəkib.
O, "İki simin titrəməsi” adlandırdığı Azərbaycan-gürcü qarşılıqlı atalar sözləri və məsəllər, idiomatik və ortaq leksik vahidlərlə bağlı araşdırma kitabını da araya-ərsəyə gətirib, iki qonşu xalqın dilinin qarşılıqlı təsiri sahəsinə çalışan tədqiqatçılar üçün dəyərli mənbə ortaya çıxarıb.
Mirzə Məmmədoğlu araşdırmalarının bir hissəsini sənədli-bədii nəsrə çevirməyi də bacarıb. Onun M. F. Axundov haqqında "Tiflisdə keçən ömür” adlı sənədli povesti artıq işıq üzü görüb, "Xudu bəy Borçalı” sənədli povesti çapa hazırdı, "Yadigaröyünün yadigar qılıncı” sənədli hekayəsi sosial şəbəkələrdə yayılıb, oxucuların diqqətini çəkib...
***
Azərbaycan və gürcü dillərindən qarşılıqlı tərcümə Mirzə Məmmədoğlunun yaradıcılığının sanballı bir yönümünü təşkil eləyir. Qardaş xalqın dilinə bələdliyi, Zezva Medulaşvili, Aleko Çxaidze, Naro Kolxeli kimi peşəkar tərcüməçilərlə yaxın dostluğu və əməkdaşlığı artıq bu yönümdə uğurlu nəticələr qazanmasına səbəb olub. Məhz bunun nəticəsidi ki, o, məşhur gürcü tədqiqatçısı Konstantine Pağavanın "Mirzə Fətəli Axundov” və "Nizami”, akademik Elizbar Cavelidzenin "Füzuli” monoqrafiyalarını dilimizə çevirib, oxuculara çatdırıb.
Mirzə Məmmədoğlu iki xalqın məişət mədəniyyətləri arasındakı oxşarlıqları və qarşılıqlı təsiri bu nəşr vasitəsilə çatdırmaq məqsədilə Merab Beradzenin "Gürcü mətbəxi” toplusunu tərcümə və nəşr etdirib...
Cəlil Məmmədquluzadənin hekayələrindən ibarət "Poçt qutusu” kitabı da məhz Mirzə Məmmədoğlunun səyi və redaktorluğu nəticəsində araya-ərsəyə gəlib. Kitabı dilizmizə onun oğlu ədəbiyyatşünas-tədqiqatçı, tərcüməçi Almaz Mirzəoğlu çevirib.
Mirzə Məmmədoğlu Məmməd Arazın "80 yaş, 80 şeir” poetik toplusunun, Sabir Rüstəmxanlının "Ölüm zirvəsi” romanının, Məhərrəm Qasımlının (Orxan Paşa) "Yağmur qoxusu” adlı şeirlər kitabının da gürcü oxucularına çatdırılmasına az əmək sərf eləməyib...
Gürcüstan mətbuatında Əjdər Olun şeirləri, bu sətirlərin müəllifinin hekayələri Mirzə Məmmədoğlunun tərcüməsilə işıq üzü görüb...
Üstəlik, o, onlarla gürcü yazıçısının əsərlərini dilimizdə səsləndirib. Beş il əvvəl çap etdirdiyi, görkəmli gürcü nasiri Revaz İnanişvilinin "Tənhalıq nəğməsi” adlı hekayələr və miniatürlər toplusu Mirzə Məmmədoğlunun bu sahədə daha bir təmənnasız xidmətinin nəticəsidi...
Yaxından köməyi və iştirakıyla hazırladığım iki cildlik "Gürcü nəsri antologiyası”na Mirzə Məmmədoğlunun tərcüməsində iyirmiyə yaxın yazıçının yaradıcılığından nümunələr daxil edilib...
Onun arxivində hələ çapını gözləyən dəyərli tərcümələr – Mirzə Rza xanın xatirələri və ötən əsrin gürcü siyasi xadimi Şalva Mağlakelidzenin "Yaxın keçmişdən – Msxeta ətrafında baş verən hadisələrdən bir parça” - var...
Bütün bu sadalama Mirzə Məmmədoğlunun yaradıcılıq diapazonunun nə qədər geniş olduğundan xəbər verir...
***
Mirzə Məmmədoğlu ildə bir dəfə Bakıya gəlir, onda da təbiətindəki narahatlıq ona dinclik vermir, hey görəcəyi işlərdən söz salır, yarımçıq işlərinin dərdini çəkir, qəfil gəldiyi kimi də qəfil çıxıb gedir...
Az sonra sosial şəbəkələrdən, saytlardan onun yeni bir tapıntısı haqqında yazısına rast gəlirəm...
Elə yazışmalarımızda da daim nəyinsə qayğısını çəkir, tələsir, elə bil, ömür möhlətinin başa çatacağından qorxur...
Amma tələsmə, Mirzə Məmmədoğlu, 60 yaş sənin təbiətində olan adamlar üçün qorxunc hədd deyil...
Hələ görəcəyin çox işlər var.
..

Nəriman ƏBDÜLRƏHMANLI,
5 may 2017

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

"Varlıq", Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Tv, Folklor, Poeziya, Tiflis, Borçalı, Bolus
Mirzə Rza Əlizadə (1875-1942)

Mirzə Rza Əlizadə (1875-1942)

Bolus, Qaracalar, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
YETİM MAHMUD (1941-2003)

YETİM MAHMUD (1941-2003)

Tv, Borçalı, Müşfiq Borçalı
Rəy yazın: