ÖMRÜNÜ MÜƏLLİMLİK PEŞƏSİNƏ BAGLAMIŞ AZƏRBAYCAN QADINI - SƏİDƏ İMANZADƏ "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!.... 21 ноября 2024 336 0 1 2 3 4 5 “Peşələrin ən alisi müəllimlikdir” deyənlər bu sözün dəyərini əsl mənada dərk edənlər olubdur. Müəllimlik peşəsi ali olduğu qədər məsuliyyətli və şərəflidir. Azərbaycan mədəniyyətinin əsas qolu olan müəllimlik peşəsinin çox maraqlı və qədim, tarixi keçmişi vardır. Bu maraqlı peşənin təkmilləşməsində kişilərlə bərabər minbir əziyyət görmüş qadın müəllimlərimiz də olubdur.Tarixi kökləri dərin olan Azərbaycan müəllimlik peşəsinin bu günümüzə gəlib çıxmasında, Azərbaycan balalarının təhsil almasında, həmçinin balalarımızın savad və bilikli olmasında ziyalı qadın müəllimlərimizin də böyük əməyi vardır.Belə müəllimlərdən biri də bütün ömrünü təhsilə, pedaqoji fəaliyyətə həsr edən, özünəməxsus əmək fəaliyyəti olan görkəmli alim və tanınmış pedaqoq olan əməkdar müəllim Səidə İmanzadədir.Səidə Nəbi Əhməd qızı İmanzadə - 29 dekabr 1910-cu ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasının tərkibində olmuş keçmiş Nuxa qəzası, indiki Şəkidə anadan olub. O, ilk təhsilini Nuxadakı qızlar mədrəsəsində, daha sonra qızlar məktəbində almışdır. Dövrünün tanınmış “Əfəndilər nəsli”ndən olan Səidə İmanzadə 1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçür. Gənc Səidə İmanzadənin qarşısında Bakıda geniş imkanlar açılır. Cəmiyyətin azadlığı uğrunda arzusunda olduğu mübarizəyə qoşulur.Qadın azadlığı məsələsi gündəmdə olan vacib məsələlərdən olduğu üçün, Səidə İmanzadə də bu məqsədlə Azərbaycanın ictimai-siyasi işlərdə yaxından iştirak etməyə başlayır. O qadınları təhsilə və əməyə cəlb etmək üçün qadınlar arasında fəal iş aparırdı.Yaşadığı dövrün inqilab havası, ölkədə böyük dəyişikləri meydana çıxartdı. Bu dəyişikliklərin ən başlıca mövzusu qadın azadlığı məsələsi idi ki, bu da yeni cəmiyyətin quruculuğunun ən mühüm tələbi idi. Səidə xanım İmanzadə bu işlərdə fəal çalışaraq Bakı və Bakı ətrafı kəndlər olmaqla, Azərbaycanın rayonlarında da fəaliyyətə başlayır. Yeni yaradılmş qadın klublarında və savad kurslarında ictimai-siyasi fəaliyyət göstərən Səidə xanım İmanzadə 1925-ci ildə artıq Əmircan qəsəbəsindəki “Qadın nümayəndələri iclası” adlanan təşkilatın fəal üzvlərindən biri idi. O burada azərbaycanlı qadınlar arasında iş apararaq, onlara qadınların hüquq və azadlıqlarını anlatmağa çalışır, onları da cəmiyyətin fəal üzvlərindən biri olmağa cəlb edirdi. Səidə xanım bu qədər ictimai işlərlə yanaşı təhsilindən də geri qalmamağa çalışır, minbir zəhmət hesabına təhsilini davam etdirirdi. Bu həvəslə o 1926-cı ildə “Türk sənaye məktəbi” nə daxil olur.Əvvəl, Bakıdakı Türk Sənaye Məktəbində, sonra 1928-1930-cu illərdə Fəhlə fakültəsində təhsil alır. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən inqilabçı Əli Bayramovun adını daşıyan məşhur qadınlar klubunda fəaliyyətə başlayan Səidə xanımın bu fəaliyyəti onun möhkəm iradəsi, mətinliyi sayəsində ictimai həyatında mühüm mərhələ olur. Var qüvvəsi ilə qadın azadlığı hərəkatı yolunda mübarizəyə qoşulan Səidə İmanzadə çətinliklərlə qarşılaşsa da əqidəsindən dönməyərək, inamla bu yolda addımlayırdı. Təqib və təzyiqlərə baxmayaraq xalqın balalarına təhsil vermək, savad öyrətmək həvəsindən bir an da olsa uzaq düşmək istəmirdi. O hətta bir çox qadınların azadlıq hərəkatına qoşulmasına birbaşa vasitəçi olmuşdur.Səidə İmanzadə təhsilini bir qədər də təkmilləşdirmək məqsədilə 1930-1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutnun tarix və ictimaiyyət fakültəsində oxumağa başlayır.1930-cu ildə “Türk Sənaye Məktəbi” ni bitirir və həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini daxil olur və 1934-cü ildə həmin institutu bitirir.Müəllimlik peşəsini qəlbən sevən Səidə xanım bütün həyatını demək olar ki, bu peşəyə sərf edir. Pirallahı qəsəbəsindəki 98 saylı, sonra isə 21 saylı tam orta məktəbdə müəllim kimi çalışan Səidə xanım az zamanda direktor vəzifəsinə qədər yüksəlir. Səidə xanım ictimai işlərlə yanaşı müəllimlik peşəsini də icra edirdi. Savadsızlığa, cəhalətə qarşı olan Səidə İmanzadə Bakı Sovetinin nəzdində yaradılmış “Mədəni yürüş” təşkilatının ən fəal üzvlərindən idi.1941-ci ildə Sovetlər Birliyinə qarşı Faşist Almaniyası tərəfindən başlanan böyük Vətən Müharibəsi illərində Səidə imanzadənin həm bir müəllim kimi, həm də vətəndaş kimi qayğıları çoxalır. Onu tez-tez fabrik və zavodlara dəvət edirdilər. Faşizm əleyhinə çıxışlar edən Səidə xanımı bu səbəbdən zavodlarda çalışan fəhlə qadınlar arasında və hərbi xəstəxanalarda görmək olurdu. Bu idarə və müəssisələrdə qadınlar müharibəyə getmiş ər və oğullarını əvəz edərək növbəsiz çalışırdılar. Azərbaycandan kənarda da təşkil olunan tədbirlərə dəvət alan Səidə xanım faşizm əleyhinə çıxışlar edirdi.O, 1942-ci ildə görkəmli sənətkarlarımızdan Səməd Vurğun və Mirzə İbrahimovla birlikdə Tiflisdə keçirilən Zaqafqaziya ziyalılarının antifaşist mitinqində iştirak edir.Müharibə illərində Səidə xanimı Bakıda Qızlar İnternatının müdiri vəzifəsinə təyin edirlər. Müharibədən sonra məsul vəzifələrdə çalışan Səidə xanım o ağır illəri xatırlayaraq deyirdi: Atalarını müharibədə itirmiş, valideyn himayəsindən məhrum olmuş qızların təhsili və taleyi məsələsi bizi çox düşündürürdü. Nə qədər ağır, iztirablı anlar keçirsək də məktəbdə təlim-tərbiyə işini yüksək səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər”.1943-cü ildə Səidə İmanzadə Bakının ən qabaqcıl məktəblərindən olan 132 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışmaqla bərabər, kadr çatışmazlığından BDU-nun tarix fakültəsində də dərs demək məcburiyyətində olur. 1946-cı ildən isə ömrünün sonuna qədər taleyini bu universitetə bağlayır.Səidə xanım İmanzadə həmişə müəllimlik peşəsini yüksək qiymətləndirmişdir. Xüsusilə də 1941-1945-ci illərdəki müharibə dövründəki çətin dövrü, pedaqoji fəaliyyətinin ən ağır dövrü adlandırıdı. Bu səbəbdən o özünün pedaqoji fəaliyyətini də yüksək dəyərləndirirdi. Azərbaycan və Şərq tarixini gözəl bilən Səidə xanım fikirlərinin açıq şəkildə ictimaiyyətə çatdırılmasında çətinliklərlə rastlaşsa da mübarizəsindən güri çəkilmirdi. Səidə İmanzadənin dissertasiya işi də Azərbaycanda qadın hərəkatı tarixinə həsr edilibdir. Müdafiəsinə əngəllər törədilsə də o səbrlə bu maneləri dəf edir və 1954-cü ildə müdafiəsini uğurla başa vuraraq, tarix elmləri namizədi alimlik dərəcəsini ala bilir.Səidə xanım İmanzadə əmək fəaliyyəti dövründə əməyinə verilən bir çox mükafat və fəxri adların sahibi olubdur. Belə ki, 1943-cü ildə ona respublikanın “Əməkdar müəllimi”kimi fəxri ad verilir. 1944-cü ildə “Qafqazın müdafiəsi”, 1945-də isə o “1941-1945-ci illərdə arxa cəbhədəfədakar əməyə görə”medalı ilə mükafatlandırılır. 1946-cı ildə isə ölkənin(Sovetlər İttifaqının)ən ali mükafatı olan “Lenin Ordeni”nə layiq görülür. O dövrdə ölkənin bu ali mükafatı hər vətəndaşa verilmirdi.Əmək fəaliyyətinə başladığı dövrlərdə o, maarifçilik ideyalarının yayılmasında, qızların təhsilə cəlb olunmasında yaxından iştirak edərək, cəmiyyətdə böyük hörmət qazana bilir. O gözəl pedaqoq olmaqla yanaşı, tarix elmləri namizədi kimi elmi dərəcəyə yüksəlmiş və dosent olmuşdur.Səidə İmanzadə 75-dən çox elmi əsər, kitab, kitabça, broşura nəşr etdirmişdir. Onun onlarla məqaləsi müxtəlif mətbuat orqanlarında dərc olunub. 1957-ci ildə “Azərbaycanda qadın azadlığı”, 1958-ci ildə “İslam dini və qadın məsələsi”, 1963-cü ildə “Qadınlar cəmiyyətdə və ailədə”, 1967-ci ildə “Qadının-ananın şərəfini yüksəldək”, 1969-cu ildə “Azərbaycan qadınları Böyük Vətən müharibəsində”, 1970-ci ildə “Azərbaycan qadınları mədəniyyət cəbhəsində”, 1970-ci ildə “Qadınlar sülh uğrunda mübarizədə” və “Qadının cəmiyyətdə rolu” mövzularında yazdığı əsərləri respublikanın elmi-ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Hətta Səidə xanım İmanzadənin Azərbaycanda qadın hərəkatə tarixinə həsr edilmiş tədqiqat əsəri Parisin və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.Səidə xanım otuz beşdən artıq namizədlik işinin elmi rəhbəri olmuşdur.Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı vəzifəsini daşımış və SSRİ tarix kafedrasının dosenti olmuşdur. O, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə məzmunlu mühazirələr demiş və ixtisas kursları tədris etmişdir. Tələbələrinə analıq qayğısı ilə yanaşan Səidə xanım, xüsusən də qızların dərdini dinləyir, onlara ana məsləhətləri verirdi. Gözəl mühazirə söyləyən Səidə xanım tələbələrinin sevimli müəllimi idi. O, müəllimlik peşəsini qəlbən sevirdi.Səidə İmanzadə Ümummilli Lider Heydər Əliyevə universitetdə tarixdən dərs demişdir. Xalqın taleyində müstəsna rol oynamış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını yerinə yetirmiş Səidə xanım Heydər Əliyev kimi tələbəsinin olması ilə həmişə fəxr edirdi.Onlarla yüksək mükafatları içərisində Səidə İmanzadənin “Şərəf nişanı ordeni”, “Əməkdə fərqlənməyə görə”, “Arxa cəbhədə əməyə görə” medalları da vardır.Bundan başqa yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasında fəal iştirak etdiyinə görə SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin fəxri fərmanı, respublikada elmi biliklərin yayılmasında Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmış, adı 1962-ci ildə “Bilik” cəmiyyətinin Fəxri Kitabına yazılmışdır.Səidə xanım XVI çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuş, Bakı Qadınlar Şurasının sədri vəzifələrində çalışmaqla, iki dəfə əməkdar müəllim adına layiq görülübdür. O, 11 dəfə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.Azərbaycanın görkəmli pedaqoqu, tanınmış alim, çöhrəsi nurlu, üzü təbəssümlü, ağsaçlı müəllimSəidə İmanzadə zahirən qocalsa da daxilən gənclərin dostu, sirdaşı idi.Bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Azərbaycan qadını Səidə İmanzadə 1992-ci ildə vəfat etmişdir. PƏRİXANIM MİKAYILQIZI“Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, şair, nasir və publisist, AJB-nin üzvü, F.b.Köçərlinin tədqiqatçısı, Dövlət qulluğunun baş müşaviri, “Xarıbülbül”, “X.b.Natəvan, “Zirvə” medalları və bir çox media mükafatları laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.