MƏHƏBBƏT MÜBARİZ QIZI FƏTƏLİYEVA (1976) Biologiya və tibb elmləri, Səhiyyə, Başkeçid 16 января 2025 27 0 1 2 3 4 5 Adı özünə, özü adına yaraşan bir həkimlə də Sizləri tanış etmək istəyirəm, əziz və hörmətli oxucularımız.Kəndimizin ilk həkim qızı, kəndimizin ilk qadın alimi, kəndimizin ilk tibb üzrə fəlsəfə doktoru, adı Məhəbbət, peşəsi sağlam ürək, özü mələk, təbəssümü şəfa, məmləkəti cənnətdi onun.Xatırlama:1979-1980-ci illər olardı. Kəndimizin mərkəzi yolundan başqa bizim məhləyə Kilsənin boynu deyilən aşırımdan kəsə, rahat bir maşın yolu da gəlir. Bir gün o aşırımda Xeyransa bibimlə rastlaşdım. Yanında dörd-beş yaşında, qoşa, uzun hörüklü, ağ bantlı, mavi gözlü, qəşəng geyindirilmiş, qüsursuz gözəlliyə malik olan bir qız uşağı gördüm. Uşağın gözəlliyi kövrəltdi məni, elə bildim Yusif peyğəmbərin bacısıdı. İstədim onu qucaqlayım. Uşaq sanki ona heyran olduğumu duyub utandı. Nənəsinin geniş ətəkli donunu çəkib üzünü pərdələdi.- Bibi, maşallah, bu kimin qızıdı? – dedim.- Özündən soruş, deyəcək, - dedi bibim.- Kimin qızısan?Üzünü göstərmədən: - Mübarizin, - söylədi.- Adın nədi?- Məhəbbət, - deyəndə üzünə çəkdiyi don ətəyini aralayıb həyalı baxışla bir gözünü üzümə dikdi və gözü güldü. O vaxt-dan çox illər keçib, mən yaşlanmışam. Məhəbbət xanım da Azərbaycanda tanınmış, məhşur, gör-kəmli, professor pilləsinin astanasında olan həkimdir. Ürəklərin həkimi!..Nə vaxt Məhəbbətdən söz düşürsə, mən o aşırımda gördüyüm balaca məlakə yavrumuzu xatırlayıram. Harda özünü görürəmsə, o səhnə gəlir gözümün önünə, ağ bantlı, qoşa hörüklü, mavi gözlü, həyalı, utancaq bir ilahi mələk…Fətəliyeva Məhəbbət Mübariz qızı - 1976-ci il dekabrın 24-də qədim Borçalı mahalının Başkeçid bölgəsində, indiki Gürcüstanın Dmanisi rayonundakı Səfərli kəndində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Səfərli kənd orta məktəbinin I sinifinə gedib. V sinifdən sonra ailəliklə Bakı şəhərinə köçüblər. O, Nizami rayonunda yerləşən 5 saylı kimya-biologiya təmayüllü Respublika baza litseyini bitirib. 1994-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakultəsinə daxil olub, 2000-ci ildə Universiteti fərqlənmə diplomu ilə həkim-pediatr ixtisası üzrə bitirib. 2000-ci ilin avqust ayından 2001-ci ilin iyul ayınadək Respublika Klinik Uşaq xəstəxanada internatura keçib, 2001-2005-ci illərdə ayrı-ayrı müalicə müəssisələrində həkim-pediatr işləyib. 2006-cı ildən Azərbaycan Tibb Universitetində "Uşaq xəstəliklərinin propedevtikası" və "Ailə təbabəti" kafedralarında müxtəlif vəzifələrdə çalışıb, eyni zamanda elmi-tədqiqat işləri aparıb."Ürək ritminin pozğunluğu olan uşaqlarda mədəciklərin gecikmiş potensiallarının və ürək ritminin variabelliyinin xüsusiyyətləri" mövzusunda yazdığı dissertasiyanı 2011-ci ildə müdafiə edib, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Müdafiə zamanı tibb elminin nəzəriyyəsi və praktiksı, özünü mükəmməl bilik və bacarığı ilə 17 nəfər görkəmli Azərbaycan aliminin qarşısına çıxmışdı. Suallar dolu kimi gəlirdi üzərinə. Respublikanın əməkdar həkimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İbrahim İsayev, tibb elmləri doktoru, professor Surxay Musayev, tibb elmləri doktoru, professor Səfixan Həsənov, tibb elmləri doktoru, professor Amalya Eyyubova və başqalarının sınağından keçən Məhəbbət Mübariz qızı möhtəşəm qələbə qazanır, dissertasiyasını uğurla müdafiə edir.Həmin elm mübarizəsində Məhəbbət xanımın fanatı kimi iştirak edən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İqdisadiyyat-Maliyyə şöbəsinin müdiri işləmiş Qələmzar Yasin qızının söylədikləri:- Hər zaman təmkinli, az danışan Məhəbbət xanım həmin gün dillər açmışdı. 17 professorun qarşısında verilən bütün suallara elmi cəhətdən dolğun, düzgün, geniş anlamda cavablar verən Məhəbbət elm xadimlərini mat-məəttəl qoydu.Professor Amalya Eyyubova iki əllərini də yuxarı qaldırıb:- Mən bu doktorumuza iki əlli səs verirəm. Son yüz ildə bizim tibb sahəmiz axır ki, belə yüksək səviyyədə biliyə malik olan ziyalı, professor ola biləcək birini tapdı, - dedi.Onun bilik və cavablarına o qədər dəyər verdilər ki, Məhəb-bətin dayısı Tahir Cəlal oğlu kövrəldi, qeyri-ixtiyari ağladı. Bunu görən 82 yaşlı professor Amalya xanım elə bildi Tahir onun atasıdı. Stolun üstündəki çiçək dəstəsini Məhəbbətin atası zənn etdiyi dayısına təqdim etdi. Salondakı insanlar bu təqdimatı ayaq-üstə alqışladılar…2013-cü ildən "Ürəyin kiçik inkişaf anomaliyası olan uşaqlarda kardioritmlərin variabelliyinin, mionarfin, funksional və elektrofizioloji remodelləşməsinin vəziyyəti və onların korreksiyası” mövzusunda tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində işləyir.2017-ci ildən ailəlidir. Həyat yoldaşı Arif Nəsib Aydın oğlu Borçalının ləyaqətli bəy əfəndilərindən biridir. Türkiyədə özəl sektorda çalışır. Bir polkovnik kişinin və bir müəllimə xanımın kürəkəni olduğunu həmişə diqqətdə saxlayır… Mən fəxr edirəm ki, Azərbaycan Tibb Universitetində çalışan dosentdən biri bizim Məhəbbətimizdir.Mən fəxr edirəm ki, Məhəbbət Mübariz qızı Azərbaycan Tibb Universitetinin Elmi dissertasiya şurasının Elmi katibidir.Türk dilli dövlətlərin Kardioloji Assosiasiyanın həqiqi fəxri üzvüdür. Kardioloqumuz türk, rus, ingilis dilində sərbəst danışa bilir.Məhəbbət xanım çox saylı elmi titullarının hamısını yazılmasını istəmədi.Onu da qeyd edim ki, Məhəbbət xanım 250-yə yaxın filmin aktyoru, rejissoru, prodüsseri və castinq direktoru kimi fəaliyyət göstərmiş, “2014-cü ilin ən yaxşı kişi aktyoru” kimi rejissor mükafatı və digər fəxri diplomlara layiq görülən Məhəmməd Mübarizin bacısıdır.Elimin-obamın sayılan-seçilən, hörmətli qızı Azərbaycanın dəyərli kardioloqu, xalqımızın həqiqətən ürəyi olan doktor Məhəbbətimiz sənə bir ömür boyu səadət dolu həyat arzulayıram.Zatən hamımızın ürəyimiz ağrıyır. Yaşayın, ürəklərimizi sağaldın…Sevgül SƏFƏRLİ, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.