Elçin Hüseynbəyli: "Sülh elçisi - mənim ANAM" Nəsr, Köşə yazılar 8 октября 2023 2304 100 1 2 3 4 5 Ötən məqalələrimdən birində etiraf eləmişdim: Doğma adam haqqında yazmaq çətindir. Düzü, səbəbini bilmirəm. Hərdən düşünürəm ki, bəlkə, bu, həmin adamı yaxşı tanımağınla bağlıdır, yəni həmin adam açılmış kitab kimidir, onu dəfələrlə oxumusan və təkrar qayıtmaq istəmirsən. Çünki istənilən insanın, obyektin qaranlıq, sirli tərəfləri sənə maraqlıdır. Bununla belə, nəsə yazmaq istəyirsən. Özü də elə-belə yox, əsas var. Çünki mən anamdan (nənəmdən) danışmaq istəyirəm.Bu il anamın 100 yaşı tamam olur. Özünün dediyinə görə, ərə gedəndə yaşı düşmədiyi üçün yaşını artırıblar. Amma mən yaddaşa yox, statistikaya üstünlük verirəm, çünki daha dəqiqdir...Soruşa bilərsiniz ki, mən anamı necə xatırlayıram?Bəlkə də bütün analar kimi, bəlkə də bir az fərqli.Əslində, əsərlərimin əksəriyyətində məni sevən qadınların obrazı var və onların başında, şübhəsiz, anam dayanır. "Kəndə gün çıxanda qayıdacağıq" hekayəmdə onun obrazını verməyə çalışmışam. "Biz beş qardaş yolumuzu gözləyən anamızı qoruya bilmədik!" Əgər rəssam olsaydım, belə bir tablo yaradardım: Yolda dayanıb uzaqlara intizarla baxan nisgilli ana: əynində on iki qat tumanı, yeri göy, ağ güllü koftası (qaftanı), başında ağ şalı, şalın altından çölə çıxan uzun, ağ-qara hörükləri. Düzdü, buna oxşar rəsmlər var, amma mən onu bir az fərqli çəkərdim.Anamı necə xatırlayıram?Hündürboyluydu, ayaqları boyuna uyğun idi və yalnız sifarişli ayaqqabılar geyərdi. Özü də çustlara üstünlük verərdi. İstəmirdi ki, boyu həddən artıq uzun görünsün. Atamdan hündür idi, axı.İşgüzar idi. Kolxozda işləməsə də, həyətyanı sahələrdə əkin-biçin, bostançılıq ona baxırdı.Tezdənlər bizi oyatmağa qıymazdı. Mal-qaranı özü rahatlayar, altını kürüyər, qış vaxtları su isidib verərdi. Sobanı qalayardı. Yalnız mal nobatı zamanı bizi durğuzardı. Sübhdən qulağıma pıçıldayardı: dur, başına dönüm, dur. Adam gərək canavar ola. Heyvanlar pambığa girər, bizə cərimə yazarlar. Dur!Mənsə durmaq istəmirdim. Heç canavar da olmaq istəmirdim. Balaca böcəklər kimi yarpaqların arasına girib yatmaq istəyirdim. O da məcbur olub naxırın qabağına özü çıxardı. Ta biz ona qoşulanadək.Anamı necə xatırlayıram?Bir gecə bərk üşüdüm, çöldə boğuşan itlərin səsindən də qorxdum və anamın qucağına girdim. Qucağı çox istiydi və o isti hələ də yadımdadır.Nisgilliydi. Qardaşları körpə vaxtı ölmüşdülər. İki bacı qalmışdılar. Doqquz uşağından biri də körpəlikdə ölmüşdü. Adı Tamella imiş. "Necə oldu ki, öldü?" - deyə soruşardım. "Bilmirəm ki, xəstələndi, apardıq həkimə. O da bir dərman yazdı. Çölə çıxanda gördüm ki, qucağımda can verir. Dərmanı atdım getdi. Yoldaca öldü".Bu sözləri eşidəndə o qədər pis olurdum ki. Onda anam məni sakitləşdirirdi. "Canın sağ olsun, siz varsınız, bəsimdi".Hərdən fikirləşirəm ki, o körpə, yəni mənim nakam bacım sağ qalsaydı, necə qız olardı? Kimə ərə gedərdi, uşaqları necə olardı?Abır-həyalıydı. Hara getsə, bizdən kimisə özü ilə aparırdı. Sonbeşik olduğumdan çox zaman onun yanında mən olurdum. Özgə adamla danışanda, yaşmaqlanırdı. Qaçqınlıqdan sonra bir neçə il şəhərdə yaşadı. Eskalatora minəndə, yaxud yolu keçəndə qolundan tutmaq istəyirdim, icazə vermirdi. "Görən-bilən nə deyər!?" anlamında. Doğma oğluna e!Gözləri həmişə yol çəkirdi. Bir nöqtəyə baxıb susurdu. Atamdan fərqli olaraq zarafatcıl və güləyən idi.Anamdan söz düşəndə qohumlardan biri, "Rəhmətlik xalam sülh elçisiydi, - dedi. - Heç kimin dalaşmasını, küsülü qalmasını istəmirdi".Anam məni əzizləyirdimi? Balaca olanda - hə. Körpə olanda necə əzizlədiyini bilmirəm, təbii. Amma bilmək istərdim. Rəhmətlik Gülü xala deyirdi ki, sən çox göyçək idin. Nənən (yəni mənim anam) sənə baxmağa qoymurdu. Deyirdi ki, uşağıma göz dəyər. Hərdən özümü anamın qucağında təsəvvür etmək istəyirəm...Anamı necə xatırlayıram?Atama çox hörməti vardı. Baxmayaraq ki, cavanlıqda onu çox incitmişdi. Amma bir-birilərini sevib evlənmişdilər. 39-cu il və sevgi? Qəribədir. Amma belə olmuşdu. Özü də deyirdi ki, oğlanlarım kimi istəsələr, onu da alacam. "Könül sevən göyçək olar" deyirdi. "Arvadlarınızla bizə görə dalaşmayın. Biz bu dünyadan köçüb gedəcəyik, siz ömürlük bir yerdə qalacaqsınız" - söyləyərdi.Böyük bacı (Nabat xalam) böyük qardaşa (əmimə), kiçik bacı kiçik qardaşa, yəni atama qismət olmuşdu. İki qardaş iki bacını almışdı. Deməli, əmim oğlanları, həm də xalam oğlanlarıydı, bibim həm də xalam idi.Bütün analar kimi o da uşaqların ən zəifini sevərdi. Məndən üç yaş böyük qardaşımla dalaşanda "qardaşın xəstədir, ona dəymə, başına dönüm!" deyərdi. Nədi-nədi uşaq vaxtı bərk qorxmuşdu və dili topuq çalırdı. Halbuki mənim ona gücüm çatmazdı...Anam heç zaman atama həyət-bacada işləməyə imkan verməzdi. Qucağında bir şey alıb evə gətirməyini istəməzdi. "Ayıbdır" deyərdi və dövlət qulluqçusu ərini beləcə qoruyardı. Atam da ki, ütülü, ölçülü-biçili geyinməyi xoşlayardı. Ən son dəbli paltarları geyinərdi. İndi fikirləşirəm ki, uşaqlıqda muzdur olmuş, çöldə-bacada mal-heyvan otarmış atamın bu səliqəsi anamdan gəlirmiş, yəqin.Anam beş sinif oxumuşdu, amma səliqəli yazmağı vardı, latın hərflərilə yazardı. Hüquqşünas olmasa da, qanunları hüquqşünaslardan yaxşı bilirdi. Güclü məntiqi vardı. Kənddə onu müstəntiqə, prokurora bənzədirdilər.Atam riyaziyyatı yaxşı bildiyinə görə fikirləşirəm ki, anam tərəfə çəkmişəm. Çünki riyaziyyatı uşaqlıqdan sevmədim. Anam mənə maraqlı əhvalatlar danışardı, uşaqlığını təsvir edərdi, kövrələrdi. Hətta qəbirüstünə gedəndə də qohum-əqrəbanın, qonum-qonşunun məzarlarını ziyarət edər, dodağının altında ağı deyər, züm-zümə edərdi. Babam Babakişi hazırcavab idi, folkloru gözəl bilirdi. Mənə qaravəllilər, dastanlar danışardı. Heyif, yaşım düşmürdü, ağlım kəsmirdi deyə onları toplaya bilmədim.Anam iki dəfə mənim sənədimi dəyişib: yaş kağızımı və attestatımı.Mən olanda atamın kefi kök vaxtına düşüb, ona görə də ağlına gələn adı yazdırıb, yəni qardaşlarımın adına uyğunlaşdırıb. Anam isə mənim adımı hələ boylu olarkən qoyubmuş. Ona görə də yaş kağızımı sonradan dəyişdirib. Attestatımdakı davranışa "kafi" yazdıqlarına görə maarif idarəsiylə qırğına çıxıb. "Mənim oğlum kimin qızına sataşıb? Bəlkə nəşə çəkib, oğurluq edib, qumar oynayıb?"Onun düşüncəsinə görə, mənim attestatımda "nümunəvi" yazılmalıymış və istədiyinə də nail olub.Bizim oxumağımızı, təhsil almağımızı çox istəyirdi və istəyinə də nail olmuşdu. Az-çox savadıma və istetadıma görə ona borcluyam.Mənə elə gəlir ki, anam məni tam sevə bilmədi. Səkkiz uşağı bütöv sevməyə enerjisi çatmayıb, yəqin. Mən özüm də doğmalarımı bütöv sevə bilməmişəm. Elə bilirəm ki, mənim də hamını eyni cür sevməyə gücüm çatmazdı. Ona görə də bütün sevgiləri yarımçıq sayıram. Uşaqlar bütöv sevə bilir. Çünki hələ enerjiləri parçalanmayıb. Sevgi parçalandıqca adam da tükənir. Əvvəlcə ata-ana, sonra bacı-qardaş sevgisi. Axırda izə öz sevgin. Sonra uşaqlar və nəvələr. Mənə görə, nəvə sevgisi bütöv və təmənnasızdır.Anam istədiyi kimi həyatdan köçüb: danışa-danışa, uşaqlarına təsəlli verə-verə. Son nəfəsində yanında olmamışam. Bəlkə, mənə görə ölməzdi, sonbeşik oğlu olduğuma görə.Andrey Platonovun bir hekayəsində can verən ana körpə qızına nə deyir? "Mənə elə baxma. Sən mənə baxanda ölə bilmirəm".Bilirəm, mənasız təsəllidi, özü-özünü aldatmaqdır...Çox-çox əvvəllər bayatıfason bir şeir yazmışdım. O, mənim öz nəğməmdir:Göydə ulduz, yerdə mənuzaq yola gedirəm.Ay da baxır araldan.Mənim ağüzlü nənəm.indi durub doqqazdayola baxır bayaqdan.Gərək ona yetirəm.Uzaq yola gedirəm.Onlar həmişə bizdən əvvəldədir və əzəl-axır onlara qovuşacağıq.Anamın adı nəydi?Anaların adı olmur!Tanrı kimi və bütün analar kimi...Sadəcə ANA! Avqust-sentyabr, 2023BakıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.