HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI YUBİLEYİNİZ MÜBARƏK!..

Azərbaycan ədəbiyyatı hər il yüzlərlə yeni-yeni yazarların əsərlərini oxuculara bəxş etməklə yanaşı,
bu əsərlərin müəlliflərini də onlara tanıdır. Müəlliflərin meydana çıxardıqları əsərlər öz oxucu auditoriyasına publisist, bədii, ədəbi, lirik əsərlərlə birlikdə, yeni elmi əsərlər də gətirir. Xüsusilə də, bu yeni əsərlər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin klassik ədiblərinin həyat və yaradıcılğından bəhs edərsə, oxucu üçün daha maraqlı və oxunaqlı olur.
Belə maraqlı əsərlərdən biri də tədqiqatçı Pərixanım Mikayılqızının Azərbaycanın görkəmli pedaqoqu, dəyərli ədəbiyyatşünas Firidun bəy Köçərlinin həyat və yaradıcılığından bəhs edən “Ümmətdən-millətə doğru” əsəridir.


Pərixanım Mikayılqızı istedadlı şair, publisist, jurnalist, redaktor, naşir olmaqla yanaşı, həm də, ən nəhayət tanınmış araşdırmaşı-tədqiqatçıdır. Bu nəcib, ziyalı xanım uzun illərdir ki, Azərbaycan mətbuatında şeirləri və publisist yazıları ilə tanınır. Onun özünün qeyd etdiyi kimi, “çox sağ olsunlar, məni şair kimi qəbul edirlər, amma mənim üçün şair adı çox ucadır, mən sadəcə yazaram” - deyə söyləyir.


Pərixanım, hələ orta məktəbdə oxuduğu illərdən Firidun bəy Köçərli yaradıcılığına marağı olduğunu deyir.
Aradan çox uzun illər keçsə də onun bu dahi şəxsiyyətin həyat və yaradıcılığına olan marağı ötüb keçmədi.

Pərixanım Mikayılqızı, hər zaman öz xeyirxahlığı, nəcibliyi və ziyalılığı ilə nümunə olmağa çalışıb. O, 2009-dən görkəmli şəxsiyyət Firidun bəy Köçərlinin tədqiqatı ilə məşğuldur. İlk olaraq, 2013-cü ildə ədibin 494 səhifəlik “F.b.Köçərli: Əsərləri” kitabını transliterasiya edərək oxucuların ixtiyarına vermiş, 2016-cı ildə isə ədibin “Balalara hədiyyə” adlı kitabını nəşr etdirərək, körpə balalarımızı sevindirmişdir.
Pərixanım, 2016-cı ildə ədibin yaradıcılığından bəhs edən 488 səhifəlik “Ümmətdən-millətə doğru” irihəcmli elmi əsərini oxuculara təqdim edibdir. On bir bölmədən ibarət başlıqla nəşr olunmuş kitabın üzərində müəllif doqquz ilə yaxın bir müddətə çalışmış və üç yüzdən artıq qəzet, jurnal və kitaba müraciət etmişdir. 2007-ci ildən Firidun bəy Köçərlinin yaradıcılığına həsr edilmiş mövzuya aid onlarla materialları toplamaqla məşğul olan Pərixanım, nəhayət ki, 2016-cı ildə müəllifi olduğu bu əsəri meydana çıxara bilir.
HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI Pərixanım Mikayılqızı, Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar, cənab Prezident İlham Əliyevin 14 fevral 2013-cü ildə imzaladığı 2720 saylı sərəncam əsasında, ədibin ruhuna ərməğan olaraq “F.b.Köçərli: Əsərləri” kitabını transliterasiya etmək həvəsi ilə bir neçə ay “Ümmətdən-millətə doğru” əsrini arxa plana keçirməli oldu. O, sərəncamdan irəli gələn müddəanı əsas tutaraq, gərgin zəhməti sayəsində üç aya ədibin “Əsərləri” kitabını nəşr etdirdi.
O zaman, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində böyük bir şöbənin rəhbəri olan Pərixanımın nəşr etdiriyi bu əsərin, arxiv rəhbərliyinin təşkilatçılığı ilə geniş təqdimatı keçirilmişdi. Tədbirdə millət vəkillərindən: Ziyad Səmədzadə, Fəzail İbrahimov, Azərbaycan Pedaqoji Universitetini rektoru Cəfər Cəfərov, PrezidentYanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, tarixçi Firdosiyyə Əhmədova, professor Yaqub Mahmudov, Solmaz Tohidi, BDU-nin alim və professorlarından Şirməmməd Hüseynov, Şamil Vəliyev, Polşa Respublikasının səlahiyyətli və fövqəladə səfiri Həsən Həsənov, jurnalist Etibar Babayev və digər səlahiyyətli qonaqların iştirak etdiyi bu tədbir maraqlı çıxışlar ilə yadda qaldı. Görülən iş tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirildi və bu əsərin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə çox dəyərli töhfə olduğu qeyd edildi.
Pərixanım Mikayılqızının daha sonra, 2016-cı ildə nəşr etdirdiyi “Ümmətdən-millətə doğru” əsərinin də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında təqdimatı keçirildi. Rayon İcra Hakimiyyəti nümayəndələrinin, eləcə də elm və ictimai xadimlərin, ziyalıların iştirak etdiyi bu təqdimatda “Ümmətdən-Millətə doğru” əsəri öz dəyərli qiymətini aldı. Bu münasibətlə Azərbaycan Dövlət Televiziyasına və İctimai Televiziyaya dəvət olunan Pərixanım, Firidun bəy Köçərli haqqında və nəşr etdirdiyi əsərlər haqqında tamaşaçılarına geniş məlumat verdi. Bütün bu işləri öz şəxsi vəsaiti hesabına edən bu xanımın amalı, məqsədi yalnız tariximizi və tarixi şəxsiyyətlərimizi balalarımıza tanıtdırmaqdır.
Firidun bəy Köçərlinin yaradıcılığı ilə tanışlığı olan hər bir Azərbaycan oxucusu “Ümmətdən-millətə doğru” əsərində ədibin istər pedaqoji, ədəbi və istərsə də digər sahələrdə olan fikirləri ilə tanış ola bilərlər. Əsərin maraqlı cəhəti ondadır ki, bu kitabda ədibin yaradıcılığının bütün sahələrinə aid cavab tapmaq mümkündür.
Firidun bəy Köçərlinin Azərbaycan mədəniyyəti tarixində rolu, onun publisitikasında maarifçilik dəyərləri, pedaqoji fəaliyyəti, ictimai-siyasi həyat baxışları, ana dilinin saflığı uğrunda mübarizəsi, dinə münasibəti, qadına ailədə və cəmiyyətdə olan münasibət və digər məsələlər bu kitabda öz əksini tapmışdır. Kitabın ali məktəblərdə dərslik kimi istifadə olunması da məqbul hesab edilə bilər. Məlumdur ki, Firidun bəy Köçərli yaradıcılığı, ədəbiyyatımızın klassikləri arasında ən az işlənmiş mövzudur. Müəllif bu kitabın ərsəyə gəlməsində aşağıda adları qeyd olunan müəlliflərin əsərlərinə müraciət etdiyini söyləyir. Akademiklərimizdən mərhum Bəkir Nəbiyev, Kamal Talıbzadə, Həmid Araslı, Mirzə İbrahimov, professorlardan Mircəlal Paşayev, Hüseyn Əhmədov, Şamil Vəliyev, Xeyrulla Məmmədov, Əziz Mirəhmədov, İnayət Bektaşi və digərlərinin. Pərixanım Mikayılqızının qeyd etdiyi kimi “Özümü çox xoşbəxt hesab edirəm ki, mən belə bir alimlərin əsərlərinə müraciət edərək bəhrələnmişəm və bu əsəri meydana çıxara bilmişəm.
Pərixanım Mikayılqızı Firidun bəy Köçərlinin yaradıcılığına həsr etdirdiyi onlarla məqaləsi müxtəlif qəzet və jurnal səhifələrində dərc olunmuşdur. Pərixanımın F.Köçərli yaradıcılığına olan marağı onu ədibin, 1918-ci ildə açmış olduğu Qazax Müəllimlər Seminariyasına qədər apardı. Oradan maraqlı məlumatlarla geri dönən Pərixanım, “Firidun bəy Köçərlinin izi ilə Qazax Müəllimlər Seminariyasına” adlı məqalə ilə bir vaxtlar özünün redaktoru, indi isə Baş redaktoru olduğu “Elm və Təhsil” qəzetində məqalə ilə çıxış etdi.
Çox humanist və xeyirxah olan Pərixanımın özünün də yaradıcılığı maraqlı və rəngarəndir. O, əsl ziyalı xanım olaraq dayanmadan öz üzərində çalışır. Əsasən klassik irsimiz ilə maraqlanan Pərixanım, təkcə tədqiqatçısı olduğu Firidun bəy Köçərli haqqında deyil, eləcə də Azərbaycanın görkəmli klassiklərinin yaradıcılığına həsr etdiyi onlarla məqalələri müxtəlif mətbuat orqanlarında dərc etdirmişdir. Həsənbəy Zərdabi, Əlibəy Hüseynzadə, Abbas Səhhət, Nəriman Nərimanov, Məhəmməd Hadi, Ceyhun Hacıbəyov və digər şəxsiyyətlərimiz haqqında məqalərlər yazmışdır. Bundan başqa o klassik ədəbi irsimizin zərif nümayəndələri haqqında da maraqlı yazıları ilə qəzet və jurnallada çıxış edir. Qəmər bəyim Şeyda, Şəfiqə Əfəndizadə, Heyran xanım, Aşıq Pəri, Xədicə Ağayeva, Sara xanım Vəzirova, Şahnigar Rəncur, Şövkət Səlimova və başqaları haqqında yazıları işıq üzü görmüşdür. Pərixanımın klassik irsimizin zərif nümayəndələrinə həsr etdiyi kitabı da tezliklə işıq üzü görəcəkdir.
Hətta, “Ümmətdən-millətə doğru” əsərinin oxucular tərəfindən yüksək qarşılandığını və bu əsərə olan tələbatı nəzərə alan müəllif, kitabı ikinci dəfə nəşr etdirmək qərarına gəldi. Hər kəsə təmənnasız hədiyyə olunan bu əsər, hal-hazırda oxucular tərəfindən sevilə-sevilə oxunur.
Pərixanım Mikayılqızı uzun illər zəhmətinin nəticəsi olaraq, görkəmli ədib Firidun bəy Köçərlinin həyat və yaradıcılığına həsr etdiyi “Ümmətdən-Millətə doğru” əsərini özünün yaradıcılığının zirvəsi, “Şah əsər” i hesab edir.

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI Pərixanım həm ictimai, həm də əməli fəaliyyətində çalışmaqdan zövq alır. O müxtəlif mövzuları araşdırmaqla yanaşı eyni zamanda poeziya həvəskarıdır. Ailə, məişət, məhəbbət şeirləri yazsa da, şeirlərinin çoxu vətənpərvərlik mövzusundadır. 300-dən artıq bayatıları olan Pərixanımın onlarla da uşaq şeirləri vardır. Onun özünün dediyi bir sözü oxucuların nəzərinə çatdırmaq istəyirəm. “Əgər mən bir gün bir sətir, bir vərəq də olsa yazı yazmasam, o zaman ömrümün sonunun yaxınlaşdığını hiss edərəm”. Vaxtın azlığından şikayətlənən bu ziyalı xanım yazdıqlarını toplayıb kitab halına salmaq üçün vaxtın azlığından gileylənir.
Azərbaycan Jurnalistlər Birliyin üzvü olan Pərixanımın şeirlərindən ibarət iki kitabı da işıq üzü görmüşdür. Bundan başqa onun 2017-ci ildə “Borçalı” nəşriyyatı tərəfindən hazırlanmış “Zirvə” poeziya antologiyasının IV cildində və Türkiyənin Adana şəhərində keçirilən “Şiir və müzik” festivalında iştirakı, Şairlərdən Bir Demet-“Şiir Seçkisi” adlı kitabın isə II cildində şeirləri çap olunmuşdur. On beşdən artıq şeirlərinə mahnılar bəstələnmiş Pərixanımın “Azərbaycanım” mahnısı əməkdar müğənnilər Lalə Məmmədova və Cahangir Qurbanov tərəfindən “Buta” sarayda keçirilən dövlət səviyyəli bir tədbirdə səslənmişdir. Bəstəkarı Ruslan Zeynalov olan bu mahnı dinləyicilər tərəfindən sevilir. AZ.TV-nin solisti Fuad Musayevin ifasında bir neçə mahnısı dövlət kanalında və dövlət tədbirlərində səslənmişdir. Pərixanım “Şərqin Səsi” və “Elm və Təhsil” qəzetləri ilə mütəmadi əməkdaşlıq edir. Hal-hazırda isə “Elm və Təhsil”in Baş redaktoru vəzifəsini daşıyır.

Pərixanım Mikayılqızı ona müraciət edən insanlara xeyirxahlıq köməyini də əsirgəmir. Çalışır imkanına görə müraciət edənləri naümid qaytarmasın. Bundan başqa Pərixanım bəzi xeyriyə işləri ilə də məşğul olur. 1988-ci ildən ölkəmizə qarşı edilən işğal nəticəsində qaçqın və köçkünlərimizə vətəndaşlıq mövqeyindən yanaşan Pərixanım, onların dərdinə şərik olaraq, bacardığı köməyini onlardan əsirgəməmişdir. Bundan başqa o, qocalar evlərində, uşaq müəssisələrində, qadınların cəzaçəkmə müəssisələrində də olur və lazımı yardımını göstərir.
Vətənpərvər xanım bir neçə dəfə Milli Qəhrəmanımız Mübariz İbrahimovun evində də olmuş, qəhrəmanımızın valideynləri ilə görüşmüşdür. Pərixanım Mübariz İbrahimova həsr etdiyi məqaləsi və şeirləri ilə mətbuatda çıxış etmişdir.

İctimai işlərdə fəal iştirak edən Pərixanım 2019-cu ilin mart ayında jurnalist həmkarları ilə birlikdə ağacəkmə kompaniyasında iştirak etdi.
Ziyalı ailəyə sahib olan bu xanımın öz övladları ilə də fəxr etməyə haqqı vardır. Pərixanım deyir: “Allahıma çox şükür edirəm ki, övladlarım üçün çəkdiyim zəhmətim öz nəticəsini verdi.Əziyyətim yerdə qalmadı. Qızım uzun illərin ali təhsilli müəllimidir. Bir oğlum da ali məktəbdə dərs deməklə yanaşı, həm də iqtisad elmləri üzrə alimdir. Kiçik oğlum isə biznes sahəsini seçmişdir. Gəlinlərim də ali təhsillidirlər və əmək fəaliyyəti ilə məşğuldurlar. Ailəmdə böyüyə hörmət, kiçiyə rəğbət vardır. Pərixanım fəxrlə deyir ki, ailəmdə bəxtəvər ana, sevimli nənəyəm, hər kəs qayğımı çəkir”. Biz də öz növbəmizdə bu ziyalı, xeyirxah xanıma hər zaman xoş günləri davamlı yaşamağını arzulayırıq.

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI Və sonda fürsətdən istifadə edərək, biz daima yorulmaq bilmədən gənclik enerjisilə çalışan bu ziyalı, mehriban, humanist və xeyirxah xanıma - dəyərli həmkarımız, "Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları laureatı, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "ZİRVƏ" mükafatıçısı Fəxri Diplomçusu, çox hörmətli Pərixanım Mikayılqızını 14 sentyabr - doğum günü və Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də gələcək əmək və ictimai fəaliyyətində, həmçinin, bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar diləyir və yeni-yeni əsərlərini gözləyirik.
Uğurlar daim Sizinlə olsun, hörmətli Pərixanım Mikayılqızı!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: