PƏRVİN ABDULLABƏYOVA: "HEYDƏR ƏLİYEV NİTQİNİN ÜSLUBİ İMKANLARI" AzTU, Köşə yazılar 7 июня 2023 2880 0 1 2 3 4 5 Çox qədim tarixə malik olan Azərbyacan nitq mədəniyyəti tarixində Heydər Əliyev mərhələsi xüsusi yer tutur. Dünya mədəniyyətinin inkişafında mühüm rola malik natiqlik sənətinin, xüsusilə də siyasi natiqliyin forma və məzmun baxımından zənginlənməsində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. İnsanlarda cəmiyyət hadisələrinə düzgün münasibət formalaşdırmaq cəhətdən də bu nitqlər çox qiymətlidir. Onlar sözün nə qədər qüvvətli olduğunu göstərən mənəvi xəzinəmizdir: “Sözün praktik əhəmiyyəti böyükdür. Söz bizim fəaliyyətimizi, davranışımızı nizamlayan, mövcud təsəvvürləri canlandıran, emosional, ilıq, yaxşı və ya pis münasibət yaradan nitq vahididir “(3, 59). Heydər Əliyevin nitqləri məzmun sanbalından başqa, maraqlı linqvistik xüsusiyyətləri ilə diqqəti çəkir. Bu nitqlərdə təyinedici sözlərin üslub keyfiyyətləri ilə üzə çıxması diqqətin həmin nitqlərin məzmununa yönəlməsi prosesində çox əhəmiyyətlidir. Onun 8 sentyabr 2003-cü il tarixdə Xalq yazıçısı Rəsul Həmzətova müraciətini əks etdirən nitqindən aşağıdakı hissəyə nəzər salaq: “İnsanlara hədsiz məhəbbətlə dolu, incə lirizm və milli koloritlə aşılanmış bütün yaradıcılığınız dərin fəlsəfi məna və məzmun daşıyır. Sizin yaradıcılığınız həm özünün rəngarəngliyi ilə, həm də zəmanənin sosial problemlərinin böyük söz sənətinin yüksək tələbləri ilə əlaqələndirilməsi baxımından insanların qəlbini fəth edir” (1, 210). Nitqin iki cümləsini ifadə edən bu hissəsində 7 ədəd (“insanlara hədsiz məhəbbətlə dolu”, “incə”, “milli koloritlə aşılanmış”, “bütün”, “dərin”, “fəlsəfi”, “böyük”) təyin işlənmişdir. Bu təyinlərin hamısı atributiv səciyyəli təyinlər olaraq aid olduğu üzvün aydınlaşmasına mühüm təsir göstərir. Burada 4 təyin “yaradıcılıq” sözünə aid olub onun izahına xidmət edir. Həmin təyinlər aid olduğu cümlə üzvünün əsas məğzini, keyfiyyətini bildirir və onu həmin cəhətinə görə izah edir. “Yaradıcılıq” sözünə aid olan ilk təyin (insanlara hədsiz məhəbbətlə dolu) qeyri-təyini ismi birləşmə, ikinci təyin (incə) sifət, üçüncü təyin (milli koloritlə aşılanmış) feli sifət tərkibi, dördüncü təyin (bütün) isə təyin əvəzliyi ilə ifadə edilmişdir. Və maraqlıdır ki, həmin təyinlərin heç biri eyni nitq hissəsinə aid olmayan paralel təyinlərdir. Lakin onlarda sadalama intonasiyası və birləşdirici pauza o qədər güclüdür ki, ilk oxunuşda həmcins təyin təsiri göstərir. Diqqəti çəkən əlamətlərdən biri də feli sifət tərkibinin ilk sözü olan təyinedici funksiya daşıyan “milli” leksik-qrammatik vahididir. Təyinedici birləşmənin daxilində digər bir təyinedicinin işlənməsi fikrin emosionallığını artıran üslub vasitəsi kimi əhəmiyyətlidir. Nitq örnəyindəki “dərin” və “fəlsəfi” təyinləri nitqdəki xəbərə (məzmun daşıyır) aiddir. Bu xəbərin ilk sözü isimlə ifadə olunduğundan onu aydınlaşdırıb izah edən sözlər atributiv təyinlərdir. “Dərin” və “fəlsəfi” sözləri eyni nitq hissəsi ilə (sifətlə) ifadə olunaraq semantika və funksiyasına görə formal baxımdan aid olduğu üzvdən ayrılmayan dil vahidləridir. Dildə təyinedici sözlərin işlənməsi cümlələrin təsir gücünün yüksəlməsinə, intonasiya çalarlarının çoxalmasına xidmət edir ki, bu, fikir anlamlarının düzgün anlaşılmasını təmin edən vasitə kimi dəyərlidir. Bundan başqa, təyinedici sözlərin bolluğu nitqdə ritmik təkrar yaradır. Ritm maraqlı üslub vasitələrindən biri kimi nitqin axıcılığını təmin edir. Ritm yaradan vasitələrdən biri kimi bağlayıcılar da müxtəlif üslub imkanlarına malikdir. Yuxarıdakı örnəkdə bağlayıcılar polisindeton (həmcins üzvlərin yanında tabesizlik bağlayıcılarının işlənməsindən ibarət üslub qaydası) səciyyəsi ilə diqqəti çəkən faktlardandır. Sözügedən nitqdən başqa bir cümləyə nəzər salaq: “Artıq tarixə qovuşmuş XX əsri sizin yaradıcılığınızı, şeirlərinizin emosional vüsətini nəzərə almadan təsəvvür etmək çətindir. Böyük humanizm ruhu ilə aşılanmış poeziyanız, əlbəttə ki, sizin bənzərsiz şəzsiyyətinizin inikasıdır” (1, 210). İki cümləni təmsil edən bu nümunədə də təyin bolluğu ilə qarşılaşırıq. Belə ki, “tarixə qovuşmuş” və “böyük humanizm ruhu ilə aşılanmış” feli sifət tərkibləri, “emopsional” və “bənzərsiz” sifətləri təyinedici keyfiyyət daşıyır. Ikinci feli sifət tərkibinin birinci sözü də (böyük) özlüyündə izahedici 117 xüsusiyyətə malikdir. Cümlələrdəki təyinlərin çoxu müstəqil təyinlərdir. Lakin “emopsional” sözü daxili təyin kimi işlənmişdir. Heydər Əliyevin 8 sentyabr 2003-cü il tarixdə Xalq yazıçısı Rəsul Həmzətova müraciəti ilə bağlı nitqinə aid aşağıdakı cümlədə də həm cümlə üzvünə aid olan təyinlər, həm də söz birləşməsinin daxilində yerləşən təyin işlənmişdir: “Bizim ölkəmizdə sizin yaradıcılığınız müasir insanın mənəvi aləmi haqqında təsəvvürlərimizi zənginləşdirmiş parlaq fenomen kimi qiymətləndirilir” (1, 210). Bu cümləni üslub keyfiyyətləri baxımından təhlilə cəlb etsək, maraqlı bir mənzərənin şahidi olarıq. Belə ki, burada “insan” sözünün təyini (müasir), “insanın aləmi” III növ təyini söz birləşməsinin daxili təyini (mənəvi), “təsəvvür” sözü ilə bağlı izahedici qoşmalı birləşmə (insanın mənəvi aləmi haqqında), “fenomen” sözünə məxsus feli sifət tərkibi (təsəvvürlərimizi zənginləşdirmiş) və “parlaq” sifəti sözləri atributlaşdıran dil vahidləridir. Sözügedən nitqdə Rəsul Həmzətovun fəaliyyətinin bəzi məqamlarını ifadə edən hissədə də təkrar bağlayıcılar və qeyri-müəyyən miqdar sayı ilə ifadə olunmuş təıyinedici faktlar vardır: “Siz Azərbaycan və Dağıstan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi üçün xeyli səylər göstərmisiniz. Ümidvaram ki, sizin parlaq istedadınız və çox böyük fitri müdrikliyiniz bundan sonra da bizim hamımızı sevindirəcəkdir” (1, 211). Heydər Əliyevin nitqlərində Azərbaycan dilinin aydınlığı, fəlsəfəsi, müdrikliyi yaşayır. O, rəsmi nitqlərində də dilimizin təsiredici faktlarından yaradıcı şəkildə istifadə etmişdir. Heydər Əliyevin nitqlərində insanlara qiymət vermə, inandırma kimi amillər böyük rol oynayır. Bu baxımdan, ümummilli liderimizin 23 may 2003-cü ildə ifa edilmiş “Publisist Elmira xanım Axundovaya” adlı nitqi maraqlıdır. Həmin nitq Heydər Əliyevin üslubuna xas olan diqqətçəkici məqamları, yığcam olmasına baxmayara, dolğun məna tutumu ilə seçilir. Məsələn: “Siz zəngin ənənələrə malik Azərbaycan publisistikasının istedadlı nümayəndəsi kimi, dərin siyasi təhlil gücü ilə səciyyələnən sənədli əsərlər yaratmış, ictimai-siyasi publisistikanın bu gözəl nümunələri ilə xalqımızın yaxın tarixi dövrünün aydın mənzərəsini əks etdirmisiniz” (2, 31). Burada sayı 30-u keçən sözlərdən ibarət cəmi bir cümlə işlənmişdir. Lakin cümlədə diqqəti çəkən cəhətlərə fikir verək: nitq obyektinin (Elmira xanım Axundovanın) Azərbaycan publisistikasının nümayəndəsi olması; istedadlı nümayəndəsi olması; əsərlər yazması; sənədli əsərlər yazması; siyasi təhlil gücü ilə səciyyələnən sənədli əsərlər yazması; həmin əsərlərin ictimai-siyasi publisistikaya aidliyi; onların ictimai-siyasi publisistikanın gözəl nümunələri olması; Elmira xanımın xalqımızın yaxın tarixi dövrünü əks etdirməsi; həmin dövrün aydın mənzərəsini əks etdirməsi və s. Ümummilli li-derimiz Heydər Əliyevin nitqlərindəki faktik materiallar göstərir ki, bir cümlə daxilində çoxsaylı fikirlər ifadə etmək mümkündür. Bu, bir tərəfdən dilimizin məna zənginliyi ilə bağlıdırsa, digər tərəfdən, Heydər Əliyevin dilimizin bilicisi olması, onun dərin məna qatlarına bələdliyi, leksik-qrammatik söz ehtiyatının bolluğu və s. ilə əlaqədardır. Bir sintaqm daxilində bir neçə fikir ifadə etmək baxımından aşağıdakı cümlə də maraqlıdır: “Ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, xarici mətbuat orqanlarındakı cəsarətli çıxışlarınızda Siz vətəndaşlıq əzmi nümayiş etdirmiş, beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin yurdumuza qarşı təcavüzü nəticəsində qaçqın həyatı yaşayan soydaşlarımızın problemlərinə yönəltmisiniz” (2, 31). Bu cümlədə diqqəti çəkən fikir faktları aşağıdakılardır: ölkənin həyatında iştirak etmək; ölkənin ictimai siyasi həyatında iştirak etmək; ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək; mətbuat orqanlarında çıxış etmək; xarici mətbuat orqanlarında çıxış etmək; cəsarətli çıxış etmək; çıxışlarda vətəndaşlıq əzmi nümayiş etdirmək; ictimaiyyətin diqqətini problemlərə yönəltmək; beynəlxalq ictimaiyyətin diqqətini problemlərə yönəltmək; soydaşlarımızın problemlərinə yönəltmək; qaçqın həyatı yaşayan soydaşlarımızın problemlərinə yönəltmək; ermənilərin yurdumuza qarşı təcavüzü nəticəsində qaçqın həyatı yaşayan soydaşlarımızın problemlərinə yönəltmək. Heydər Əliyevin bütün nitqlərində çox sayda fikir obyektləri vardır. Eyni cümlə daxilində müxtəlif fikirlər və fikir birlikləri onun nitqlərinin xarakterik xüsusiyyətlərindəndir. Ümummilli liderimizin 23 may 2003-cü ildə Elmira xanım Axundovanın yubileyi münasibətilə söylədiyi nitqdən aşağıdakı cümlə də bu baxımdan səciyyəvidir: “Azadlıq” radiostansiyasında müxbir kimi çoxillik fəaliyyətiniz isə Azərbaycanın milli maraqlarının qorunması işinə xidmət və xalqımızın haqq işinin dünyaya çatdırılması baxımından mənalı və yaddaqalandır” (2, 31). Heydər Əliyevin nitqlərində cümlə və mətnlər elə qurulub ki, onlarda heç bir artıq dil faktı ilə qarşılaşmaq olmur və eyni zamanda çatmayan bir dil vahidi də tapmaq olmur. Burada sözlər tutumlu, fikirlər dolğun, cümlələr qaydalı və təsiredicidir. Bunun səbəblərindən biri Heydər Əliyevin nitqində əsas yerlərdən birini tutan təyinedici sözlərdir. Bu sözlər məqsəd və fikrin düzgün ifadə olunmasında və 118 fikrin nə dərəcədə önəmli olmasını çatdırmaqda çox faydalı dil vahidləridir. Bu nitqlər bir daha təsdiq edir ki: “Sözün gücü danışanın dili bilmək səviyyəsindən, nitq mədəniyyətindən asılıdır” (3, 59). Beləliklə, Heydər Əliyev nitqlərinin linqvistik cəhətdən elmi-nəzəri təhlili onların maraqlı dilüslub xüsusiyyətlərə malik olduğunu göstərir. ƏDƏBİYYAT:1. Əliyev H. Xalq yazıçısı Rəsul Həmzətova, / Əliyev H. Müstəqilliyimiz əbədidir, 45-ci cild. Bakı, Azərnəşr, 2013, s. 210-211. 2. Əliyev H. Publisist Elmira xanım Axundovaya, / Əliyev H. Müstəqilliyimiz əbədidir. 45-ci cild. Bakı, Azərnəşr, 2013, s. 31-32. 3. Qasımov A. Söz güclü tərbiyəedici vasitədir, / Azərbaycan dili və ədəbiyyatı tədrisi, № 4, 2016, s. 59-65. ABDULLABƏYOVA PƏRVİN YAQUB QIZIAzərbaycan Texniki Universiteti,“Humanitar fənlər” kafedrasının müəllimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.