MƏHƏMMƏD ƏHMƏD OĞLU ƏHMƏDOV (1898-1986) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 16 января 2025 36 0 1 2 3 4 5 Unutsaq, unudularıq!.. Əhmədov Məhəmməd Əhməd (Yekə Əhməd) oğlu - 1898-ci ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın indiki Dmanisi rayonundakı Səfərli kəndində anadan olmuşdur. İlk təhsilini Başkeçid rayonunun Qızıl-kilsə kəndində, türklərin təşkil etdiyi mədrəsədə almışdır. Daha sonra Borçalı (indiki Marneuli) Pedaqoji Texnikumunun mühasibat uçotu şöbəsini bitirmişdir. O, Səfərli kəndinin ilk təhsil almış şəxsidir.Məhəmməd Əhmədov 1960-cı illərdə Dmanisi rayon partiya komitəsinin birinci katibi işləmiş Mahmud Quliyevlə tələbə yoldaşı olmuşdur. Məhəmməd Əhmədov 1937-ci ildə menşevik adı ilə həbs olunub. Borçalı "Çökəyində" xüsusi hörmətə layiq olunan köhnə kişilərdən biri olan atası Yekə Əhmədin dostlarının köməkliyi ilə bəraət almış və bu qorxunc bəladan qurtara bilmişdir. Öz dövrünün sayılınb-seçilən, ağır təbiətli, ağıllı, qoçaq, işin səmtini-sorağını lazımi qaydada bilən Məhəmməd Əhməd oğlu elin-obanın xeyirinin, şərinin məsləhətçisi olmuşdur. O, təhsilli, işgüzar insan kimi zaman-zaman rayon rəhbərlikləri tərəfindən irəli çəkilmiş, yerli sovetliklırdə məsul işlərə təyin olunmuşdur. Məsələn, ilk dəfə Hamamlı kəndində yerləşən, zona üzrə anbarın müdiri, Səfərli kəndində təsərrüfat briqadiri, İ.V.Stalin adına Səfərli kolxozunun təsərrüfat briqadiri, Baş mühasib, uzun müddət Səfərli kolxozunun Südçülük - damazlıq fernasının müdiri və s. vəzifələrdə işləmişdir. İşgüzarlığına, təşkilatçılı-ğına, qabaqçıllığına görə həmişə rayonda və hətta respublikada ön sıralarda olmuşdur.Məhəmməd Əhməd oğlu dövlət qulluqçusu olmaqla bərabər 11 il dini təhsil almış ilahiyyatçı idi. Əlləri şəfalı, xeyirxah möcüzəli Xoca idi. Xəstə uşaqları onun yanına gətirərdilər. Əlində, dilində nə hikmət var idisə, uşaqlar şəfalanırdı, əlinin təma-sından. Eləcə də, xəstə mal-heyvanlara da təbii çarələr bulardı.Məhəmməd Əhmədov ailə canlı bir kişiydi. Evində ağsaqqal qayda-qanunu hökm sürürdü. Hər bir iş onun xeyir-duası ilə daha gözəl nəticələr verirdi. O, ailəsinə necə bağlı idisə, şəxsi evinə, mülkünə necə can yandırdısa kolxozun təsərrüfatına, əmlakına da eləcə can yandırırdı. Onun rəhbər olduğu dövrdə Səfərli kolxozu hər bir təsərrüfat üzrə çox varlanıbmış. Malın-heyvanın sayını birə beş-altı dəfə artırıbmış. Onu tanıyanların hamısı söyləyir ki, Yekə Əhmədin oğlu Məhəmməd halal adam idi. Xocalığını da hörmətlə zirvədə saxlayırmış. Bəzi-bəzi ala-yarımçıq dindarlara görə el içində özünü Molla kimi tanıtmayıb. Bunun ikinci səbəbi də var idi. Dövlət qulluqçusu olduğu üçün İslam dininin gözəlliyini ürəyində yaşayıb. Kimdən "Həmdilər" və "Qazaxlar" kimi tanınan nəslin ən müqəddəs, saf nümayəndəsi olan Məhəmməd Əhməd oğlu tərtəmiz Türk idi. Türkçülük aşiqi idi. Onun şəxsi radiosu varıymış. Hamıdan gizlin Türkiyə xəbərlərini dinləyirmiş. Əhmədov Məhəmmədin özünün şəxsi arıxanası varıydı. Həmişə ballı-yağlı yaşayış tərzi olmuşdu. Arıçılığın sirlərini oğlanlarına da öyrətmişdi. Gözəl simalı, nur üzlü Məhəmməd Əhmədovun arıçılıq sənətini davam etdirən Səməd, Əhməd və Oktay adlı oğlanları, Gulavatın və Cahan adlı bir-birindən gözəl qızları olub. Allah dünyasını dəyişənlərin hamısına rəhmət etsin. Həyatda olan Oktay dayıya Allah möhkəm can sağlığı versin. Oktay dayı yaşlanıb, amma Məhəmməd babanın Yurdunu elə gözəl şenəldib, o ev yenə arıll-arıxanalı. Ailə təsərrüfatını bol-bəhrəli inkişaf etdirir ki, elə bil Məhəmməd baba sağdır.Var olsun Ata-baba yurdunu işıqlandıran övladlar!.. El ağsaqqalı, təbib, məsləhətçi, elçilik adamı, ilahiyyətçi,kolxozun təsərrüfat müdiri, ən əsası da gözəl əmi, dayı, baba olan Məhəmməd Yekə Əhməd oğlu 1986-cı ildə 88 yaşında vəfat edib. Allah rəhmət eləsin...P.S. Bizim yeniyetmə dövrümüzdə icra edilən Ellərimizin bir gözəl adət-ənənəsi düşdü yadıma.Yeni qurulan ailələr üçün elin maddi dəstəyi həmişə olub. İndi "Oğlan evi", "Qız evi" deyə məktub qutuları var. O, zaman başqa cür idi. Məclisin sonunda süfrənin baş tərəfinə Məhəmməd baba gələrdi. Əlində qırmızı kəlağaylı, içi dolu şirniyyatlı sini (podnis) və dəftər-qələmi, gözəl yazı xətti olan biri Məhəmməd babaya yaxın əyləşərdi. Qohum-əqrabanın maddi dəstəyini ayaq üstə səsləndirən Məhəmməd baba xüsusi ahənglə, gözəl səslə elan edərdi. Məsələn belə deyə-deyə hamıya alqış-dua oxuyardı: - “Bəyimizin əmisi filankəs 100 manat. Kisəsinə bərəkət. Onun da oğluna, qızına və ya nəvələrinə də belə qırmızı gün qismət olsun.” Məclisdəkilərin hamısı da “Amin!” - deyərdi… Qadınların məclisində də bir "Katquda" Lalazar xalamız varıydı. O gözəlləşdirirdi məclislərimizi. Allah dünyadan köçən köhnə kişilərin və ləyaqətli xatınların hamısına cənnət qismət eləsin. Amin...Sevgül SƏFƏRLİZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.