Dünənimizi sabaha bağlayan “körpü”lər - Muzeylər (II hissə) Mədəniyyət, Köşə yazılar 3 апреля 2024 3509 0 1 2 3 4 5 18 may Beynəlxalq Muzeylər GünüdürHər il dünyada 18 may Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü- Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Bu bayram bir qayda olaraq, “Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək” şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. ƏVVƏLİ BURADA Ölməz ədib Cəfər Cabbarlının ev-müzeyindən söhbət açmaq istərdim. Cəfər Cabbarlı Xızıda anadan olub, daha sonra ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq yazıçının bütün ömrü bu şəhərlə bağlanıb. Onun Bakıdakı ev muzeyinin yerləşdiyi binanı özü tikdirib. Cəfər Cabbarlının Bakı şəhərindəki ev-muzeyi ilə tanışlıq həyətdən başlayır. Unudulmaz sənətkarın əkdiyi tut ağacı, bu ağaca sarmaşan üzüm tənəyi habelə əncir, nar, armud ağacları əvəzsiz eksponatlardandır. Bəli tut ağacını Cəfər özü əkib. Amma tut ağacını qollu-budaqlı görmək ona müyəssər olmayıb. Ömür vəfa etməyib. Axı nə ömür sürüb ki, Cəfər? Cəmi 35 il. Amma bu qısa ömürdə nə qədər iş görüb: pyeslər, hekayələr, şeirlər, poema, məqalələr, ssenarilər, tərcümələr... Cəfər Cabbarlının ev-müzeyinin ekspozisiyasında da incəsənət əsərlərindən geniş istifadə edilib. Böyük ədib, görkəmli şəxsiyyət Mirzə Cəlilin ev-muzeyi haqqında məlumata keçid alaq. Mirzə Cəlil ədəbiyyatımızda, milli mədəniyyətimizdə müstəsna xidmətləri olmuşdur. 1890-cı illərdə böyük yazıçı Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində müəllim işləyib və burada diyarşünaslıq muzeyi təşkil edib. Muzeydə Azərbaycan tarixinə aid, habelə etnoqrafik materiallar toplanmışdı. Cəlil Məmmədquluzadə bu sahədə fəaliyyətinə görə Xalq məktəbləri müdriyyətinin də təşəkkürünü alıb. Bu gün Naxçıvan Muxtar Respublikasında yazıçının adı ilə bağlı yerlərdə yaradılan üç xatirə muzeyi fəaliyyət ğöstərir. Bu muzeylərdən biri Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvan şəhərində, digər ikisi isə ədibin müəllimlik etdiyi Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Cəlilkən kəndindədir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyi də böyük yazıçının adını daşıyır. Əlbəttə, bütün bunlar Mirzə Cəlil sənətinə dövlət qayğısı və ümumxalq məhəbbətinin nəticəsi kimi dəyərləndirməlidir. Yazıçının Bakı şəhərində yaradılmış xatirə muzeyi də özündə maraqlı tarix yaşadır. Məlumdur ki, C.Məmmədquluzadə eyni zamanda, Azərbaycanda ilk satirik jurnalının, bütün Yaxın Şərqdə geniş yayılmış və şöhrət qazanmış “Molla Nəsrəddin” in yaradıcısı və naşiri olub. Jurnal əvvəllər Tiflisdə (1906-1917), sonra Təbrizdə (1921), daha sonra Bakıda (1922-1931) nəşr olunub. 1978-ci ildə respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ev-muzeylərinin yaradılması barədə qərar qəbul olunmuşdu. Cəlil Məmmədquluzadənin ev-muzeyi də həmin qərar əsasında yaradılıb. Yazıçının həyat və yaradıcılığının müxtəlif dövrələrini əhatə edən nümunələrlə tanış olduqdan sonra onun yazı stolunun yanında ayaq saxladıq. Stolun bir küncündə yazılmışdı: “dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur”- Cəlil Məmmədquluzadə. Növbəti muzey vətən fədaisi H.Cavidin ev muzeyi haqqındadır. Qüdrətli şair-dramaturq, Azərbaycan ədəbiyyatının görkəmli klassiki Hüseyn Cavidin romantik ədəbi irsi xalq ruhu ilə qırılmaz tellərlə bağlı olan söz sərvətimizin nəhayətsiz üfüqlərində parlaq dan ulduzu kimi bərq vurur. Hüseyn Cavid XX əsr Azərbaycan romantizmin banilərindən biri kimi ədəbiyyat tariximizdə çox mühüm təkrarolunmaz bir mərhələdir. 1882-ci ilin 24 oktyabrında Şərqin qapısı sayılan qədim Naxçıvan diyarının Əlixan məhəlləsində dünyaya göz açan Cavid cəmi 59 il acılı-şirinli ömür yaşayıb. Acısı, zəhəri daha çox olan bu ömrün bir hissəsi Təbrizdə və İstanbulda, bir hissəsi Tiflisdə, Gəncədə, Bakıda və bir hissəsi də, daha doğrusu, sonu soyuq Sibirin ən ucqar yerində keçib Cavidin. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi şairin irsinə verdiyi yüksək dəyərin təcəssümü olan H.Cavidin ev muzeyi 1981-ci ildə yaradılmışdır. O gündən bu günə ev muzey Cavid əfəndinin zəngin ədəbi irsini tədqiq və təbliğ edir. Muzey ekspozisiyasında bədii və elmi tərtibat işləri aparılmış, 1984-cü ilin iyun ayının 9-da rəsmi açılışı olmuşdur. Ətrafa şən səslə yayılır. Divar saatındakı donmuş zamanın donmuş əqrəbləri də hərəkətə gəlir. Birazdan Üzeyir bəy masanın arxasına keçib yarımçıq qalmış simfoniya bitirəcək...” Mədəniyyət tariximizdə böyük izlər qoymuş bir çox gökəmli sənətkarların Bakıda ev-muzeyləri var. Onlardan biri də Azərbaycan professonal musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyidir. Bu evdə neçə-neçə ölməz əsərlər, bəstələr yaranıb, dövlət himninimizin ilk notları burada səslənib. Dahi bəstəkarın ev-muzeyindəki ab-hava çox doğma gəlir insana. Muzeyin girişində ziyarətçiləri Əhməd Salikovun əl işi olan Üzeyir bəyin büstü qarşılayır. Bəstəkarın iş otağı böyük və işıqlıdır. Üzeyir bəyin iş masasının üstündə üzü gümüşdən olan not qovluğu, mürəkkəb, dirijor çubuğu, kağız kəsmək üçün bıçaq, siqaret qabı, alışqan, telefon, eynək, qol saatı Çaykovskinin kiçik büstü və bir də... Bir də dahi bəstəkarın ömrünün son illərində qələmə aldığı, lakin yarımçıq qalan “Azərbaycan” simfonik poemasının notları... Bir sonrakı məlumat vermək istədiyimiz muzey böyük şair Səməd Vurğunun ev-muzeyidir. Bütün muzeylərdə, o cümlədən ədəbi-bədii xatirə muzeylərində plana uyğun toplama işi nəticəsində fondlar daim zənginləşir, yeni-yeni əşyalar əldə edilir. Toplama mənbələrindən biri də muzeyin özünün təşkil etdiyi muzeylərdir. Bu baxımdan əbədi-xatirə muzeyləri daha geniş imkanlara malikdir. Ədəbi xatirə muzeylərində kütləvi işin rəngarəng formalarından geniş istifadə edilir-ədəbi görüşlər, poeziya saatları kitab təqdimatları, müsabiqələr, sərgilər, yazıçının özünə və qələm dostlarına, müasirlərinə həsr olunmuş xatirə məclisləri bu qəbildəndir. Ev muzeyin ilk direktoru, unudulmaz şairin ağzı şirin-sözlü ömür-gün yoldaşı Xavər xanım da, S.Vurğunun “Mənim Aybənizim, mənim qız balam” deyə əzizlədiyi Aybəniz xanım Vəkilova da bu mənzil muzeyə təkcə öz doğmalarının xatirəsi kimi yox, ümumən Azərbaycan ədəbiyyatına, mədəniyyətimizə ləyaqətlə xidmət edən, onun təbliğinə yönəli fəaliyyət göstərən sənət məbədi kimi baxdılar, söz sənətimizi yaşadınların xatirəsi həmişə bu evdə əziz tutuldu, saz çalındı, söz deyildi, piano çalındı... Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi haqqında söhbət açmaq istərdim: Muzeyin Bakının ən gözəl memarlıq abidələridən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilib. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. Hacı Zeynalabdinin muzeyə çevrilmiş malikanəsində 300 minədək maddi mədəniyyət nümunəsi saxlanılır. Prezident İlham Əliyevin göstərişi ilə 2004-2007- ci illərdə əvvəlki görkəmi saxlanılmaqla muzey əsaslı təmir olundu. Hazırda 90-dan çox yaşı olan bu muzeydə 6 şöbə, 1 labarotoriya, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. Hazırda burada tariximizi özündə yaşadan 300 minədək maddi-mədəniyyət nümunələri ilə yanaşı, muzeyin kitabxanasında əsasən XIX-XX əsrin əvvəlində çap olunmuş 80 mindən artıq nadir jurnal, kitab və qəzet nüsxələri toplanıb. Muzeyin birinci mərtəbəsində, qədim və orta əsrlərə aid əşyaların əhatəsində insan bir anlıq da olsa, özünü Atropatın, İsgəndərin hökmranlıq etdiyi dövrdə yaşadığını zənn edir. Burada insan kəllələri, kurqan qəbirlərin kabusu, saxsı qablar, döyüş ləvazimatları, sanki addım-addım adamı təqib edir. Muzeydə hətta elə əşyalar var ki, onların heç yaşı da bəlli deyil. Bura ibtidai daş, tunc və erkən dəmir dövrlərini əks etdirən nümunələrlə də zəngindir. Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət Tağıyevin özü üçün xatirə muzeyi yaradılıb. Növbəti baxmağa dəyər bir muzey içtimai xadim, Bülbülün Memorial muzeyidir. Bülbül Azərbaycan musiqi incəsənətinin inkişafı tarixində yeni bir dövr açmışdır. O, nəhəng diapazonlu fəaliyyətə malik dahi şəxsiyyət idi. Bülbülün yaradıçılığı tükənməz, hədsiz-hüdudsuz idi. O, hərtərəfli inkiş etmiş bir sənətkar idi. Dahi istedadı onu əzəmətli qəlbi ilə həmahəng idi. Azərbaycan KP MK-nın, Respublika Nazirlər Sovetinin qərarı ilə 10 iyun 1982-ci ildə Bakıda Azərbaycan professonal vokal sənətinin banisi dahi şəxsiyyət Bülbülün memorial muzeyi açılmışdır. (İşğal altında olan muzeylərimiz) “Qədim insan məskənlərindən sayılan Azərbaycan da başdan-başa maddi mədəniyyət abidələri və tarixi özündə yaşadan sərvətlərlə zəngindir. O cümlədən Qarabağda da elə sərvətlər sayagəlməz dərəcədə idi. XX əsrin 30-cu illərindən sonra birbirinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü-dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr, muzeyləri də yaradılıb. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Ermənistan ordusunun işğal etdiyi ərazilərimizdə xalqımıza məxsus 83 500 ədəddən çox eksponat, 14 xatirə kompleksi və 1891 maddi mədəniyyət resursu talan olunub, 738 tarixi abidə, 28 muzey və 4 rəsm qalereyası tamamilə məhv edilib. Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və hekəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplandığı bu muzeylər düşməntərəfindən qarət olunub: “Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Uzeyir Hacıbəylinin, Azərbaycanın görkəmli xanım yazarı xan qızı Natavanın, Musiqi sənətimizdə hər bir mütərəqqi yeniliyin yorulmaz, fədakar təşəbbüsü, alovlu təbliğatşısı dahi Bülbülün , Mir Möhsün Nəvvabın və s. ev-muzeyini, Azərbaycan xalça Muzeyinin Şuşa filialı, Qurban Primovun Ağdam rayonundakı xatirə, eləcə də Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının da tarix-diyarşünaslıq muzeyləri Ermənistanın təcavüzünə məruz qalaraq darmadağın edildi və yer üzündə silindi. İşğal olunmuş rayonların tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-yeganə olan Ağdam Çörək Muzeyi yerlə-yeksan olub”. Qeyd edək ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsirlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidəlrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Erməni qüvvələrinin törətdikləri vandalizm aktları “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeloji irsin nümayəndəsi”, 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” UNESCO-nun 1972-ci Konvensiyasına ziddir. Azərbaycan nümayəndə heyətləri bu problemi mütəmadi olaraq beynəlxalq tədbirlərdə gündəmə gətirirlər. Azərbaycanda muzeylər şəbəkəsi geniş vüsət almışdır. O cümlədən respublikada fəaliyyət göstərən xatirə muzeyləri də milli mədəniyyətimizin təbliğində önəmli yer tutur. Muzeylər özünün tədqiqat və təbliğat funksiyasına görə hər bir xalqın milli-mənəvi sərvətidir. Respublikamızda yaradılan muzeylər sırasında görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Bu muzeylər adlı-sanlı Azərbaycan ziyalılarının xatirəsinə layiqli bir abidə, digər tərəfdən isə, onların irsini təbliğ edən bir ocaqdır. Elə şəxsiyyətlər var ki, onların ömrü bəşəriyyətin ömrü qədərdir. Belə şəxsiyyətlərdən biri də Abdulla Şaiqdir. Abdulla Şaiq ədəbiyyat tariximizdə qüdrətli söz ustaları ilə bir sırada durur. Onun hekayələri, povesləri və romanları Azərbaycan bədii nəsrinin yaranmasında mühüm rol oynamışdır. Azərbaycanda Abdulla Şaiqin adını daşıyan müxtəlif mədəniyyət müəssisələri fəaliyyət göstərir. Abdulla Şaiqin Mənzil Muzeyi XX əsrin ədəbi-mədəni mühitini, dövrün bir çox ziyalılarının həyatını və içtimai yaradıcı fəaliyyətini özündə əks etdirir. Böyük maarif xadimi, qüdrətli ədib Abdulla Şaiq Azərbaycanda milli məktəbin yaranması, pedaqogikanın inkişafı, poeziyanın, nəsrin, bədii tərcüməçilik sənətinin, uşaq ədəbiyyatı və dramaturgiyasının yaranmasında əvəzsiz xidmətlər göstərmişdir. Abdulla Şaiqin Mənzil Muzeyinin fəaliyyəti daim Mədəniyyət və Turizm Nazirliyinin diqqət mərkəzində olmuşdur. Nazirliyimiz muzeyin bütün işlərində-ekspozisiyanın qurulmasında, nəşr işində, təmir proseslərində ona dəstək göstərmiş, dəfələrlə muzeyin işini müsbət rəylərlə yüksək qiymətləndirmişdir. Görkəmli şair, nasir, içtimai və maarif xadimi, ədəbiyyatşünas, tərcüməsi Abdulla Şaiq təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət tarixində önəmli yeri olan bir sənətkardır. Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Ölkəmizdə ilk dəfə muzey yaranması XIX əsrin sonlarında Nehrəm kəndində məktəb muzeyi təşkil edildiyi dövrə təsadüf edir. XX əsrin əvvəllərində artıq Bakıda da muzey fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Bakıda “Müstəqillik Muzeyi” fəaliyyət göstərib. 1920-ci ildən başlayaraq Azərbaycanın bir çox şəhərlərində-Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-diyarşünaslıq muzeyləri yaradıldı. 1970-ci illər Azərbaycanda muzey şəbəkəsinin daha sürətli inkişafı ilə yadda qaldı. Bu da Azərbaycana rəhbərlik edən qüdrətli siyasi xadim Heydər Əliyevin fəaliyyəti və şəxsi təşəbbüsü ilə bağlı idi. Bu dövrdə və sonrakı illərdə Azərbaycanın görkəmli incəsənət və ədəbiyyat xadimlərinin xatirə muzeyləri açıldı. 1980-cı illərdə müvafiq qanuna uyğun olaraq respublikamızın demək olar ki, bütün bölgələrində tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Qəbələ rayon tarix-diyarşünaslıq muzeyi də həmin il təşkil olunmuşdu. Muzeydə Azərbaycanın- Qəbələnin iki min beş yüz illik tarixini əks etdirən on iki mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. 1990-cı illərdə Azərbaycanda baş verən sosial-siyasi hadisələr digər olduğu kimi, muzeylərin fəaliyyətinə də öz təsirini göstərmişdi. Şərur güc-əzəmət, bolluq-bərəkət rəmzi olan məkandır. Sinəsindən axan Arpaçayın çağlayıb xan Araza qovuşduğu bu qədim diyar Dədə Qorqud eli, Babək vətəni əkinçilər, biçinçilər yurdu, bu müqəddəs yurdun hər məkanın hər qarışı bir tarixdir. Bu tarixin daş kitabələrini vərəqlədikcə ulu keçmişimizin, əcdadlarımızın yaşayışı, həyat tərzi, məişəti, əkinçilik mədəniyyəti, toyu-düyünü, adət-ənənəsi göz önündə canlanır. Şərur mərkəzində əzəmətli bir binada Rayon Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Muzeyə daxil olduqda sanki nağıllar aləmində özünü hiss edirsən. Əlindəki demisinə qullab vurub fikrə dalan Dədə Qorqud timsallı pirani qocanının tunc heykəlinə, minbir gecə nağıllarındakı illüstrasiyala, dahi Nizaminin “Sirlər xəzinəsi”, ulu Füzulinin “Leyli Məcnun”, “Fərhad və Şirin”, poemalarındakı qəhrəmanlıq, sevgi və məhəbbət səhnələrini əks etdirən rəngarəng, nəfis şəkildə işlənmiş tablolara baxdıqca heyrətlənməyə bilmirsən. Binanın tavanındakı beş guşənin hər biri xalqımızın qəhrəman oğullarının igidlik dastanından söhbət açır. 1978-ci ildə içtimai əsaslarla fəailiyyətə başlayan muzeyimiz 1980-cı ildə ulu öndər, müdrik rəhbərimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə rəsmi dövlət müəssisəsinə çevrilib. 30 ilə yaxın bir vaxtda muzeyin fonuna 7000-ə yaxın eksponat toplanıb. Muzeydə iki şöbə və on iki bölmə fəaliyyət göstərir. Lənkəran şəhərinin mərkəzində sorağı XX əsrin o başından gələn, tarixi hadisələri özündə yaşadan bir bina var. Bu, Lənkəran xanı Mir Mustafa xanın nəvəsi Mir Əhməd xanım sarayıdır. Bina 1913-cü ildə Fransadan dəvət olunmuş memarlar tərəfindən inşa edilmişdir. Ustalar isə lənkəranlılar olmuşdur. Abidə 3 mərtəbədən ibarətdir. Və ümumi sahəsi 580 kvadratmetrdir. Abidənin maraqlı tarixi var. Belə ki, bu əzəmətli saray Mir Əhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa etdirilmişdir. Sovet hakimiyyəti qurulan kimi Mir Əhməd xanın evi zəbt olunur. Həmin binada ayrı-ayrı illərdə müxtəlif təşkilatlar fəaliiyyət göstərmişdir. 1991-ci illdə Lənkəran tarix-Diyarşünaslıq Muzeyi xanın sarayına köçürülür, indiyə qədər də burada yerləşir. Hazırda muzeydə qədim diyarın tartarixini, adət ənənələrini , mədəniyyətini əks etdirən 6 min 521 ədəd eksponat mühafizə olunur. Zaman keçdikcə bina köhnələrək fiziki aşınmalara məruz qalmışdı. Binanın birinci mərtəbəsində “Lənkəran toponimi”, “Qızılağac qoruğu” , “Hirkan qoruğu”, “İbtidai mədəniyyət”, “Daş abidələr” bölmələri, “Qədim dövr”, “Etnoqrafiya” şöbələri, İkinci mərtəbədə “Mədəniyyət”, “Lənkəran xanlıqlar dövründə”, “Arxeologiya”, “Elm və təhsil” şöbələri fəaliyyət göstərir. Azərbaycanda ilk şəxsi muzey 1989-cu ildə yaradılıb. Beynəlxalq reyestrə, “Azərbaycan muzeyləri” adlı kitaba daxil “Rinay” malakofauna muzeyinin dünyada analoqu yoxdur. Muzeyin kolleksiyasında dünyanın müxtəlif okean, dəniz və göllərindən tapılan 5 minədək molyusk qabığı nümunələri nümayiş olunur. Sistemləşdirilmiş malakofauna 86 cinsdə təqdim edilir. Belə bir muzeyin yaradılması insandan bilik və bacarıq tələb edir. Belə bir muzeyin yaradıçısı isə geologiya-minerologiya elmləri üzrə tanınmış mütəxəssis, professor Tofik Karayev Qeyd edək ki, Tofik Karayev artıq ömrünün 40 ilini bu işə sərf edib. Son illər Azərbaycan muzeylərinin beynəlxalq əlaqələri də genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq müqavilələr imzalanır. Bir çox ölkələrdə-Pakistanın İslamabad şəhərinin Etnoqrafiya muzeyində, Şərqi Qazaxıstan Vilayəti Arxitektura-Etnoqrafiya və Təbiət-Landşaft Qoruq Muzeyində, Daşkənd Peoqoji Universitetinin Nizami Gəncəvi Muzeyində, Çinin Folklor Qadın və Uşaq Muzeyində və digərlərində Azərbaycana aid guşələr yaradılıb. Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi, Azərbaycanın Muzey Mərkəzi ilə Norveçin Stavanger şəhər Arxelogiya Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın Luvr Muzeyi Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında əməkdaşlıq müqavilələri bağlanıb. Azərbaycan muzey mütəxəssisləri bir çox beynəlxalq konfrans, simpozium, seminar-treninqlərdə iştirak edirlər. Muzeylər vasitəsilə Azərbaycan mədəniyyəti, tarixi digər ölkələrdə təbliğ edilir. Aynur TURAN,"Şərqin səsi" qəzetinin Mədəniyyət şöbəsinin müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.