31 Mart – tariximizin göz yaşı Köşə yazılar 1 апреля 2024 2039 100 1 2 3 4 5 Tarixi qədimdən-qədim, soykökü minilliklərə gedib çıxan bir xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə, müsibətə sinə gərib, ən ağır döyüşlərdən, ölüm-dirim savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub. Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın və atalarımızın zaman-zaman düçar olduqları bəlaları göz önünə gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz və dözümlü imiş?!.. Faşizm Almaniyası milyonlarla insanın qanı bahasıyla nəticələnən İkinci Dünya Müharibəsini bir neçə il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907, 1917-1918-1920-ci və 1948-1953-cü illərdə törədilən soyqırımlarına Qaradağ, Xocalı da əlavə olundu, aranlı-dağlı Qarabağ işğal edildi. Xalqımız özünə qarşı tuşlanmış çirkin niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı, səbəbləri öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, bu vəsaiti işləməyi özümüzə borc bilirik. Bir əsrə sığmayan zülm Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu. 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar keçmiş SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycanlılara qarşı soyqırım siyasətinin təzahürləri son yüzillikdə daha qabarıq şəkildə özünü büruzə verməsinə baxmayaraq, bu əməllərin başlanğıcı çox-çox əvvəllərə gedib çıxır. Xalqımızın zaman-zaman başına gətirilən faciələrin, bəlaların kökləri daha dərindir. Üç yüz ildən artıq bir dövrdə bu siyasət ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda həyata keçirilsə də, məzmun, qayə etibarilə bir məqsədə xidmət edib. 1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində Rusiya–İran müqaviləsi bağlandı. Martın 20-də Rusiya hökmdarı I Nikolay bu müqaviləni təsdiq etdi və elə ertəsi gün yeni inzibati vahid İrəvan və Naxçıvan xanlıqları əraziləri əsasında “Erməni vilayəti” yaradıldı. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verildi. Əslində, ermənilərin Qafqaza köçürülməri işinə ondan bir il əvvəl hazırlıq aparılmışdı, yəni 1827-ci ildə İrandan Azərbaycan ərazilərinə köçürülən yüzlərlə erməni ailəsi üçün yerlərdə hər cür şərait yaradılırdı. 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsindən sonra da ermənilər Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülürdülər. Hətta bu iş üçün 1829-cu ildə Rusiya tərəfi xüsusi komitə təşkil etmiş və 12 maddəlik ümumi qaydalar müəyyənləşdirmişdi. Bu təkzibolunmaz faktı xatırlatmaq istərdik ki, azərbaycanlılara qarşı son üç yüz ildə soyqırım siyasətinin keçirilməsinin əsas səbəbkarları indiki Ermənistanda yaşayan ermənilər və onların sələfləridir. O sələflər ki, onların hamısı vaxtilə İrandan, Türkiyədən, daha sonra Suriyadan, Livandan, Yunanıstandan Bolqarıstandan, Rumınyadan, Qərbi Azərbaycana – indiki Ermənistana köçüb gəliblər, bəzən də gətiriliblər. Məhz bu proseslərin nəticəsi olaraq 1905-1906-cı illərdə azərbaycanlılara qarşı təkcə Qərbi Azərbaycanda deyil, Şimali və Şərqi Azərbaycanda da soyqırım tədbirləri keçirməyə müvəffəq oldular... Təkcə Cənubi Azərbaycanın Urmiya şəhəri və onun ətraf ərazilərində ermənilər 150 minə yaxın Azərbaycan əhalisini qətlə yetirmişlər. Məhz bu proseslərin davamı və ən yüksək zirvəsi kimi 1988-1990-cı illərdə Ermənistanda azərbaycanlıların kökünü kəsmək və “türksüz Ermənistan” yaratmaq məqsədilə soydaşlarımıza qarşı əsrin ən ağır və qəddar vəhşilikləri həyata keçirildi... Azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirilərkən bu iş bütün dövrlərdə və bütün hallarda əvvəlcə deportasiya, onun ardınca da soyqırımların başlanması ilə müşayiət olunmuşdur. Adətən, köçürülmələr soyqırımlarla başlanmış, soyqırımlarla tamamlanmışdır. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almalarına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı. Hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi anılır. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırması üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparılmış, tədbirlər həyata keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir. Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və “ideoloqlarının” təcavüzünə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımının qanlı fəsadları təkcə böyük Türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, insanlığa qarşı yönələn ən amansız, dəhşətli cinayətlərə rəvac vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olan Azərbaycan xalqında dərin izlər buraxmışdır. Bu soyqırımın əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə − 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərini milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı və etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin 15 iyul 1918-ci il tarixi qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmləşdirdiyi çoxsaylı, zəngin sənədlər, materiallar, şahid ifadələri birincilərin verdiyi siyasi qiyməti təsdiqləyən danılmaz arqumentlər və faktlar arsenalıdır. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda heç bir siyasi boya, ideoloji rəng görünməsə də faktların, dəlillərin inkaredilməzliyinə baxmayaraq azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” (Ə.Hüseynzadə) dövründə görünməz olmuşdur. Sovet senzura aparatının bütün cəhdlərinə baxmayaraq azərbaycanlıların soyqırımına həsr olunmuş əsərlər mənəvi terror dalğalarından salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra “yaşamaq hüququ” qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğın epidemiyası 1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırmalıyıq ki, əldə etdiyimiz, haqqında məlumat topldığımız bədii əsərlərin hamısı “mart hadiseyi-ələiyyəsi”ndən sonra yazılmış, müəllifləri soyqırımı aksiyasının şahidləri və zərərçəkənləri olmuşdur. Al qana boyanmış bahar günləri 31 Mart soyqırımı Günü ilə əlaqədar şanlı tarix dolu qan yaddaşımızdan qopub gələn bir tarixdir. Biz bu gün sizlərlə dünənimizə, lap yaxın keçmişimizə qayıtmaq istəyirik. O, keçmişimizə ki, ata-analarımız, nənə-babalarımız o anların lap yaxından şahidi olmuşdular. O ağır, qanlı-qadalı günlər ömür səhifəmizdən gəlib keçib. O keçmişimiz ki, tariximizə tarix yazılıb – 31 Mart Soyqırımı Günü. O tarix ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar sübut edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar. Ümumiyyətlə, XIX əsrin sonlarından başlayaraq ermənilərin Azərbaycan xalqına davamlı şəkildə apardığı terror və soyqırım siyasəti bu gün də Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd bölgələrdə həyata keçirilməkdədir. Cənubi Qafqaz bölgəsində sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Respublikası tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara, qarşı soyqırım siyasətindən əl çəkmək istəmir. 1930-cu illərdə azərbaycanlıların bir qismi düşünülmüş repressiyalara məruz qalıb, tarixi torpaqları olan sonralar Ermənistan ərazisinə daxil edilən qədim İrəvan xanlığlarından və digər yerlərdən Orta Asiya ərazisinə sürgün ediliblər. Aprel ayında Quba qəzasına göndərilmiş daşnak dəstəsinin komandiri Hamazasp bildirmişdir: “Mən erməni xalqının qəhrəmanı və müdafiəçisiyəm... Buraya qayda yaratmaq və Sovet hakimiyyətini qorumaq üçün gəlmişəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Arxivlərdə erməni vəhşiliyini təsdiqləyən sənədlər var. Bunları eynilə sizlərə təqdim edirik. General Harvurd Amerika Senatına verdiyi 16 oktyabr 1999-cu il tarixli məlumatında yazırdı: “Qara dənizdən İran ərazisinə qədər gəzdim, amma erməni məlumatını təsdiq edən heç bir şey tapmadım”. Əslində, arxivlərdə dünya dövlətlərinin bir çox görkəmli alimlərinin, səyyahlarının da erməni yalanını, qəddarlığını, hiyləgərliyini ifşa edən yüzlərlə sənəd var. Çox təəssüf ki, ermənilərin arxasında dayanan bəzi dövlətlər arxivlərin açılmasına heç vaxt meyilli olmayıblar. Çalışıblar ki, ermənilərin törətdikləri qanlı cinayətləri ört-basdır etsinlər. Dünya tarixinə nəzər salsaq, bəlkə də, ermənilər qədər vəhşilik törədən ikinci bir millət görmərik. Ötən əsrin bütün dönəmlərində − 1905-1907, 1918-1920, 1946-1948-ci illərdə törədilən cinayətlər də, soydaşlarımıza verilən işgəncələr də bir-birinə bənzər olub. Ermənilər körpələri divara mismarlayıblar. Qadınları lüt-üryan halda saçlarından asıb nişan alıblar. Kimin gülləsi tapşırılan hədəfə dəyərmişsə, ona böyük mükafat verilərmiş. İnsanları qaynar su ilə yandırıb sonra cəsədlərini itlərə atarmışlar. Ən dəhşətlisi də budur ki, qaniçən Stepan Şaumyan Bakıda otura-otura bütün daşnaklara başçılıq edirdi. Onun oğlu isə daşnak liderindən biri kimi pulemyotçuların başında dayanırdı. ... O vaxtdan çox illər ötməsinə baxmayaraq, erməni xisləti dəyişməyib. “Daşnaksütyun” partiyasının qanlı əməlləri davam edir və yenə günahsız azərbaycanlılar ağır işgəncələrə məruz qalırlar. Ermənilərin qaniçən əməlləri sanki bir proqram üzrə icra olunur. Bu gün də Xocalıdan çəkilən lentləri dünyaya yayımlayıb özlərini ölən, qırılan tərəf kimi göstərirlər. Bəlkə də, ən dözülməzi elə budur. Ermənilərin saysız-hesabsız qanlı cinayətləri var, onlar tarix qarşısında cavab verməlidirlər. Təkcə Kəlbəcərin Ağdaban kəndində törətdikləri əməllər bəs edər ki, erməni qaniçənləri beynəlxalq məhkəmə qarşısına çıxarılsın. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndi tamamilə erməni quldurları tərəfindən yandırılmış, 779 nəfər dinc sakinə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetrilmişdir. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Quba Soyqırımı üzərində Memorial Kompleksi açılmamış sirlərdən xəbər verən yerdir. Bu məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir. 2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Kütləvi məzarlığın yerləşdiyi ərazidə xatirə kompleksinin ucaldılması və abadlıq işlərin aparılmasına başlanıldı. Biz problemin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli üçün çalışırıq. Ermənistanı da elementar hüquq normalarına əməl etməyə, reallıq hissini itirməməyə məqbul həll variantları istiqamətində addımlar atmağa çağırırıq. Lakin o da aydın və birmənalı qəbul edilməlidir ki, münaqişənin həllinin təməl prinsipi Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin doğma yaşayış yerlərinə qaytarılması olmalıdır. Biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi təcavüz və soyqırımının dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq. Həm də bu zaman erməni şovinist millətçilərindən fərqli olaraq bundan siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq üçün faydalanmaq istəmirik. Bizim maddi sərvətlərimiz kifayət qədərdir. Odur ki, biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və soyqırımı siyasəti həyata keçirənlərin tanınmasını və ifşa olunmasını istəyirik. Düşünürük ki, indiki zamanda digər xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmək tarixi anaxronizmdir və bu hərəkət həmin xalqın özünə ciddi fəlakət gətirən bir bəladır. İndi ermənilər özlərini məzlum millət kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətinə yanlış məlumat verməkdən usanmırlar. Halbuki tarixi sənədlər, araşdırmalar göründüyü kimi, bunun tam əksini sübut edir. Bizim yolumuz düzgün, amallarımız, məqsədlərimiz saf və təmizdir. Biz xalqımızın tarixini, dünəninin və bu günün həqiqətlərini hamının daha yaxşı bilməsinə və qəbul etməsinə çalışmalıyıq. Bunun üçün Azərbaycan hökuməti, bütün vətəndaşlarımız, xarici ölkədəki azərbaycanlı icmaları səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli tədbirlər görməlidirlər. Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyir, xalqımıza ümummili vəzifələrimizin həlli yolunda uğurlar arzulayırıq. Aynur Turan araşdırmaçı jurnalistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.