QARDABANİdə TƏHSİL və İNTEQRASİYA MƏRKƏZİnin FƏALİYYƏTİ və GƏLƏCƏK PLANLARI MÜZAKİRƏ OLUNUB Qarayazı, Təbriklər 16 марта 2026 61 0 1 2 3 4 5 Qardabani Təhsil və İnteqrasiya Mərkəzində mərkəzin fəaliyyəti və gələcək planlarına həsr olunmuş geniş tərkibli görüş keçirilib. Görüşdə müəllimlər, valideynlər, şagirdlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Çiçək Hüseynova çıxış edərək Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin fəaliyyət istiqamətləri, həyata keçirilən təhsil layihələri və gənclərin inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib. O, bildirib ki, mərkəzin əsas məqsədi Qardabani bölgəsində yaşayan gənclərin təhsil imkanlarını genişləndirmək, onların dil biliklərini və intellektual potensialını inkişaf etdirmək, eyni zamanda Azərbaycan və Gürcüstan arasında mədəni və təhsil əlaqələrinin güclənməsinə töhfə verməkdir. Direktor çıxışında mərkəzin fəaliyyətinə göstərilən maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib və bu dəstəyin mərkəzin layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov komitə sədri Fuad Muradovun salamlarını iştirakçılara çatdırıb. O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasında, ana dilinin təbliğində və gənclərin maarifləndirilməsində belə mərkəzlərin fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Sabit Məmmədov, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasətinin Azərbaycan dilinin qorunmasına və gələcək nəsillərə saf və zəngin şəkildə ötürülməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dili təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında milli həmrəyliyin və birliyin əsas rəmzlərindən biridir. Çıxışı zamanı Sabit Məmmədov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinə də toxunub. Qeyd edib ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzi bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin Azərbaycan dili müəllimi Sevda Şahverdiyevaya Azərbaycan dilinin təbliğində aktiv fəaliyyətinə və təhsil sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adından TƏŞƏKKÜRNAMƏ təqdim edib. Sonda Sabit Məmmədov Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və bu bayramın Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yer tutduğunu vurğulayıb. O, gənclərin Azərbaycanın tarixi və adət-ənənələri barədə məlumatlandırılmasının, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Sevda Şahverdiyeva onun əməyini yüksək qiymətləndirdiklərinə, həmçinin, bölgə gəncləri üçün böyük əhəmiyyət daşıyan Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin kollektivinə göstərdikləri diqqət və qayğıya görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Təşəkkürnaməni təqdim edən Komitəsinin nümayəndəsi Sabit Məmmədova və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Çiçək Hüseynovaya öz dərin təşəkkürünü və minnətdarılığını bildirib.Tədbirdə çıxış edən Nəsib Nəsibov və digər iştirakçılar da Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin gənc soydaşlarımızın təlim-tərbiyəsində böyük rol oynadığını və bu cür təhsil və maarifləndirici təşəbbüslərin gənclərin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və cəmiyyətin maariflənməsində mühüm rol oynadığını vurğulayıblar. Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, mərkəzin gələcək fəaliyyəti və yeni layihələr barədə təkliflər səsləndirilib. Görüş iştirakçılar, xüsusilə də valideynlər tərəfindən yüksək qiymətləndirilib. Tədbirə Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova yekun vurub.Sonra xatirə üşün foto-şəkillər çəkdirilib. REDAKSİYADAN: Onu da qeyd edək ki, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "Ziya" İnformasiya Mərkəzi "Zim.az" saytı və "Elm və təhsil" qəzetinin redaksiyası ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən, Qardabani şəhərindəki 3 nömrəli Azərbaycan orta məktəbinin və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin Baş müəllimi, eyni zamanda, istedadlı şair və ictimai xadim kimi tanınan sevimli qələm dostumuz, "QIZIL QƏLƏM" mükafatı laureatı, çox hörmətli SEVDA XANIM ŞAHVERDİYEVA son illərdə göstərdiyi səmərəli pedaqoji və ictimai fəaliyyətinə, eləcə də, mətbuatda dərc olunmuş əsərlərində maarifçilik ideyalarını yüksək səviyyədə təbliğ etdiyinə görə "ABDULLA ŞAİQ" Mükafatına layiq görülüb və FƏXRİ DİPLOMla təltif olunub. Biz də fürsətdən istifadə edərək, Redaksiya Heyətimiz adından, xalqımızın dəyərli ziyalısı, elimizin-obamızın qeyrətli qızı, tanınmış təhsil işçisi, təcrübəli pedaqoq, maarifpərvər, vətənpərvər və yurdsevər soydaşımız, qayğıkeş və xeyirxah insan, çox hörmətli SEVDA XANIM ŞAHVERDİYEVAnı həm Yubileyi, həm də yeni nailiyyətləri münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bədii yaradıcılığında, şərəfli pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.