"SƏNƏT OKEANI”NA BİR ANLIQ SƏYAHƏT Köşə yazılar 1 октября 2023 2757 100 1 2 3 4 5 Zəngin yaradıcılığı bir çoxuna nümunə olan Məlahət Quliyevanın ad gününə“Bilik məhdud, yaradıcılıq isə sonsuzdur”. Bu sözləri vaxtilə məşhur alman alimi Albert Eynşteyn demişdi. Çox nadir insanlar olur ki, onların yaradıcılıq qabiliyyəti sərhəd tanımır. Belə insanlardan biri də Məlahət Sahib qızı Quliyevadır (Məmmədquliyeva). Məlahət xanımı yazıçı, jurnalist, şair, poliqrafçı, nəğməkar insan kimi təqdim edim, bax bu məsələdə bir az tərəddüd edirəm. Deyəsən şairliyinin üzərində daha çox dayanacağam.Mən də bu xanım haqqında yazmaq istəyirəm. Daha doğrusu, yazı beynimdə çoxdan hazır idi. Qalmışdı vərəqə köçürmək. Amma cürət eləmirdim. Heç vaxt bu cür cəsarətsiz olmamışdım. Heç vaxt bir yazıya başlayanda bu qədər uzun-uzadı götür-qoy eləməmişdim.Bu günlərdə onun iş yoldaşı çox hörmət etdiyim İlyas Əfəndinin dilindən eşitdim ki, oktyabrın 1-də özü də, yaradıcılığı da işıqlı olan Məlahət xanımın ad günüdür. Ötən dəfə iş yoldaşı Pərixanım Muradovanın yazısında onun yaşını göstərmədiyim kimi, bu xoşməramlı yazıda da M.Quliyevanın yaşını qeyd etməyəcəyəm. Bəli, bu informasiya məni yazmazdan qabaq düşünüb-daşınmağa, daha məsuliyyətli addım atmağa məcbur elədi. Qərara gəldim ki, elə etməliyəm bu yazı da Məlahət xanımın adına layiq, həm də ürəyincə olsun. İlyas müəllimlə söhbətləşəndə otaqda astadan bildirdi ki, Daşdəmir müəllimin yazıları olduqca maraqlı, düşündürücü olur, o, şirin, oxucunun başa düşdüyü dildə yazır. O səbəbdən də bu məsuliyyəti dərindən dərk edərək bəzi əlavələrlə “Sənət okeanı”na bir anlıq səyahət” adlı yazını oxucularımızın ixtiyarına verməyi qərarlaşdırdım. Bu cür yazıları mən sənətə vəsiqə kimi qiymətləndirirəm.Ona görə də özlüyümdə çox düşündüm. Deməli, Məlahət Quliyeva haqqında yazımı yazıb, yayıram saytlara (ilk ağlıma gələn də dəyərli dostumuz, şair-jurnalist Cəmil Dadaşovun “Turaz.TV.az” saytı oldu). O da oxuyur və… birdən xoşuna gəlmir. Dərindən köks ötürür, ah çəkir və “təriflədim, zibili çıxdı” deyir.Yox. İnanmıram ki, Məlahət xanım bu yazını oxuyanda elə fikirləşər. Çünki yaradıcı insan digər yaradıcını daha aydın başa düşür, dərk edir, onun mənəvi əziyyətini görüb layiqincə dəyərləndirir. Məlahət Quliyeva yaradıcı insan əzmkarlığının böyük simasıdır. O, fədakar, sənətə bağlı, insanları sevən, yaşından, kimliyindən asılı olmayaraq hər kəsə yüksək hörmətlə yanaşan, hamını öz dilində danışdırmağı bacaran yaradıcı xanımdır. Az və yaxud çox qabiliyyətli insanlar yaradıcılığın zirvəsinə qalxa bilər, amma hərtərəfli yaradıcı insan səviyyəsinə qalxmaq hər kəsə nəsib olmur. M.Quliyeva məhz belələrindəndir. Şairin titanik yaradıcılığında bir sərnişin olub, onun "sənət okeanı”na bir anlıq səyahət edəndə bu sözləri deməmək mümkün deyil. Yaradıcılıq düşüncəsinin bəhrəsi olan əsərləri hər kəsi öz dilində dindirir, danışdırır. Uşaq olsun, ya böyük - onun yaratdıqlarının qarşısında heyranlığını gizlədə bilmir. Duyduqlarını ifadə etmək üçün sözlər adiləşdiyindən sadəcə susursan. Ən əsası da insan səbrinin, əzmkarlığının, fədakarlığının, sevgisinin ən yüksək məqamını Məlahət xanımın yaradıcılığında müşahidə edirsən. Onun yaradıcı əməyinin hansı səviyyədə qiymətləndirildiyini bilmirəm. Mənə məlum olan budur ki, onu tanıyanlar, yaradıcılığına bələd olanlar onu çox sevir, sənət nümunələrini həsrətlə, səbirlə gözləyirlər…Şairin insanlığı, sənəti kimi, həyat hekayəsi də olduqca maraqlıdır. O, Ağcabədi rayonunun Boyad kəndində anadan olub. 1979-2013-cü illərdə respublika Daxili İşlər Nazirliyinin Yanğınsöndürmə Mühafizə idarəsində (indiki Fövqəladə Hallar Nazirliyində) çalışıb. Hazırda təqaüddədir. Kərbəlayi xanımdır. 2 oğlu, 8 nəvəsi var.Aldığım məlumat budur ki, M.Quliyeva bir müddət “Şərqin səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. “Borçalı” nəşriyyat poliqrafiya müəssisəsində çalışır.Məlahət xanım gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. Gözəl müğənni və şair kimi tanınır. Dörd kitab müəllifidir. Bir-birindən gözəl şeirləri müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə, o cümlədən “Zirvə” poeziya antologiyasında, “Vətən”, “Canım Azərbaycanım”, “Buta”, “Turan”, “Poeziya çələngi”, “Ziya”, “Zəfər”, “Nəğməli könüllər” və sair ədəbi məcmuələrdə dərc olunub. AJB-nin və AYB-nin üzvüdür.“Abdulla Şaiq”, “Qızıl qələm”, “Zirvə” mükafatları laureatıdır, "Xurşudbanu Natavan" fəxri diplomu və medalı ilə təltif olunub.Onu da qeyd edim ki, Məlahət xanımın atası Natavan, Mehdiqulu nəslindən, anası Qaçaq Nəbi nəslindəndir. Məlahət Quliyeva daim uğurlar əldə edən şairdir. Bunun əsas səbəbi fədakarlığı, çalışqanlığı, əzmkarlığı, iradəsi, dözümü, tükənməz səbr sahibi olmasıdır. Doğurdan da, onun ümümilikdə yaradıcı fəaliyyətini gözdən keçirəndə bir insanın nə qədər səbirli olmasını sözlə ifadə edə bilmirsən. Elə insanlar var ki, onların yaradıcılıq imkanlarını ifadə etməyə söz yetmir. M.Quliyeva məhz o cür böyük sənətkarlardandır. Onun haqqında ailəsinin, onu tanıyan insanların dilindən ancaq xoş sözlər, ağızdolusu təriflər eşidə bilirsən.Yaradıcı insanların, xüsusən şairlərin dünyaya baxışları fərqli olur. Məlahət xanım həm bir insan kimi, həm də öz işinin böyük ustası kimi dünyaya fərqli baxır. Onnnun üstün cəhətlərindən biri, yaradıcılıq uğuru fantaziyanı reallığa tabe etməsidir. O öz yaradıcılığını məhz klassik şairlərimizin yaratdıqları üzərində inkişaf etdirib. Yaradıcılığını analiz etdikdə görərik ki, onun üçün əsas prinsip bu günümüzün reallığıdır. Dəqiqlik, ədəbi-bədii əsaslar, dünyəvilik, incəlik şairin əsas yaradıcılıq prinsiplərindəndir.Məlahətəm, dözür ürək hər dərdə,Yenə xəyallarım gəzir göylərdə.Acı həsrət məni saldı kəməndə.Mən, sənə bunları deyim-deməyim?Məlahət xanımın istər həyatı, istərsə də yaradıcılığı bütünlükdə, xüsusilə gənc nəslin dünyagörüşünün formalaşmasında tərbiyəvi əhəmiyyətə malikdir. Hər kəs M.Quliyevanın həyat və yaradıcılıq fəaliyyətində əxlaqi dəyərləri, Vətənə, ailəyə, işlədiyi yerə bağlılığı, dostları sevməyi, yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmağın necə olduğunu görə bilər. Sənətkarın zəngin yaradıcılığı bir çoxuna nümunədir, onun öyrənilməsi, öyrədilməsi olduqca mühüm əhəmiyyətə malikdir.Məlahət xanımla yaxından tanış olduqca onun nə qədər dəyərli, savadlı, mədəni, yaradıcı bir insan olduğunun şahidi oldum və ona olan hörmətim daha da artdı. Demək olar ki, mən onun özünün yazdığı nə qədər poeziya nümunəsini həvəslə oxumuşam, qiymətləndirmişəm.Yerin də, göyün də bir sahibi var,Onun əlindədi hər bir ixtiyar.İstərsə bəşərin külün sovurar,Dünyanı dağıdıb, yenidən qurar.Yaradıcı insanı yaşadan xalqdır! Məlahət Quliyeva da xalqının layiqli şairlərindən biridir. Onun qurub, yaratdığı zəngin bədii irsi illər, qərinələr keçməsinə baxmayaraq, daim yaşayacaq və bu yaradıcılıq kolleksiyası sənətdə kövrək addımlarını atan nəsil, poeziyasevərlər üçün bir mayak olacaq.Yuxarıda Məlahət xanımın yaşını göstərmədim, amma aramızda 7-8 yaş fərq var. Sonra bunu ironiya kimi qiymətləndirməsinlər deyə xırdalayım: ikimiz də sovet dövrünün yetirməsiyik, o nəsillərdənik. İkimiz də yazıb-yaradırıq. Mən publisistika ilə çəşğulam, o isə ömrünü poeziyaya həsr edib. İkimiz də yazıb-yaradırıq. Oxuyub, qiymətləndiririk. O da mənim kimi eqoistlikdən, paxıllıqdan uzaqdır. Yaradıcılıq yollarında uğurla addımlayanları qiymətləndirməyi bacarır. Bunu sadəcə demir... yazır və çap elətdirir. Hamıya car çəkir. Çünki gözəl bilir ki, ədəbiyyat sanki böyük bir ağacdır. Aşağı budaqları qalın və şaxəlidir. Yuxarı budaqlara, pöhrələrə də qida, su aşağı budaqlardan keçir. Qidalandırmasalar, məhv ola bilərlər. Nəticədə də ağac boy atmaz, sadəcə eninə verər.Ölübdü insanlıq, ölübdü qiymət,Qalmayıb dünyada hörmət, nə izzət.Yolunu azıbdı, bu bədbəxt millət,Söz deməyə adam çəkir xəcalət.Yaltaqlıq, yalanlıq baş alıb gedir,Var-dövlər üstündə bir-birin didir.Bu gedişlə, dünya haraya gedir,Kasıblar varlıya yaltaqlıq edir.Var deyil insanın ömrün uzadan,Nə də cavan edib, təzdən yaradan.Dünyanı çalxaylb, çıxar aradan,Ay insan var axı, ol Şahı-Mərdan.Məlahət, qatma sən yenə aranı,Töküb, eşələmə ora-buranı.Tərpətmə qaysaqla bağlı yaranı,Düzəldə bilməzsən, yalan dünyanı.(“Yalan dünya”)Tutduğu vəzifəsindən və işinin çoxluğundan asılı olmayaraq ona tapşırılan hər bir işin öhdəsindən yüksək səviyyədə gəlir. Hər zaman tutduğu vəzifənin və bir yaradıcı insan kimi üzərinə düşən mənəvi borcun məsuliyyətini hiss edən Məlahət xanım bir gün də belə olsun qələmdən ayrılmır. O, xeyli vaxtdır ki, ömrünü qələmə bağlayıb. Qələmlə dostluq edib, qələmlə dərdləşib, heç kimə deyə bilmədiyini zamanın sınağından çıxmış uzunmüddətli dostuna, sirdaşına, həmdəminə, könül pıçıltılarını duyan - qələmə söyləyib. M.Quliyeva dostluqda sadiqdir. Onun bu sadiqliyini uzun illərdir ki, bağlandığı, bütün dərdinə-sərinə bələd olduğu, qayğılı-qayğısız günlərinin həmdəmi olan qələm qədər duyub hiss edən kimsə ola bilərmi?!Məlahətin qəlbi dolub, boşalır,Dünyanın dərdləri gözünə dolur.Bu sirli aləmə məəttəl qalır,Ağlamır gözlərim qan-yaşla dolsa.Bu ədəbiyyat cəfakeşi, poeziya fədakarı haqqında çox yaza bilərəm. Bu dəfə onun həyat və yaradıcılığına bir rəssam gözüylə nəzər saldım. Qarşıda isə neçə-neçə illər var. Yubileylər də ki, nə qədər... Sabaha da bir şey saxlamalıyam, ya yox?Demək istədiyim isə budur ki, mənim bu kiçik yazım Sizin ad gününüzə bir dost təbrikidir. Ömür vəfa etsə, sizin yaradıcılığınızı bundan sonra da izləyəcəyəm. Ümid edirəm ki, bu kiçik yazım haqqında yazmaq istədiyim dəyərli dostun, tanınmış şairin, ömrünü sözə-sənətə həsr etmiş yaradıcı xanımın ömür yolundan bəhs edən kitab səhifələrinin birində öz yerini tapacaq. Məlahət xanıma bu çətin və şərəfli işində can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.Əzizimiz Məlahət xanm! Tanrı Sizi bizə, qələmi isə sizə çox görməsin! Ad gününüz mübarək!Daşdəmir ƏJDƏROĞLU,ZiM.AzRedaksiyadan:Biz də bu səmimi təbrikə qoşularaq,dəyərli həmkarımız, istedadlı qələm dostumuz,"Borçalı" nəşriyyatının və eyniadlı qəzetin baş redaktoru,tanınmış şair, jurnalist və publisist, 4 kitab müəllifi,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,“Abdulla Şaiq”, “Qızıl qələm”, “Zirvə”və "Zəfər" mükafatları laureatı, "Xurşudbanu Natavan" fəxri diplomuna və medalına layiq görülmüş,vətənpərvər, yurdsevər, nəcib, mehriban və xeyirxah insan,çox hörmətli Məlahət Sahibqızı Quliyevanı ürəkdən təbrik edir,ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.