Qan yaddaşımız Xocalı BDU, Köşə yazılar 25 февраля 2024 3045 100 1 2 3 4 5 Tarix boyu Azərbaycan xalqı dəfələrlə ermənilərin bizə qarşı olan etnik təmizləmə, soyqırım siyasətinə məruz qalaraq doğma yurd-yuvalarından didərgin düşmüş, qaçqın-köçkünə çevrilmişdir.Və belə müsibətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi, qətliamı olan Xocalı faciəsi baş vermişdir. Bəşər tarixində insanlığa sığmayan bir qətl gecəsi oldu bu tarixdə. Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhər sakinlərinə olmazın divanı tutuldu. Bu dəhşətli qırğında 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı-qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini, 130 uşaq valideyinlərdən birini itirmişdir. 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralanmışdır. 1275 nəfər əsir götürülmüşdür ki, onlardan da 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın aqibətindən bu gün də bir xəbər yoxdur. Şəhərə üç tərəfdən hücum olduğu üçün əhali Qarqarçay vasitəsilə qarlı-şaxtalı qış gecəsində meşələrə üz tutmağa məcbur qalmışdılar və əlverişsiz hava, kemilməsi çətin olan relyef başıaçıq-ayaqyalın sakinlərin demək olar ki, çoxunun donvurmadan həlak olmasına gətirib çıxarmışdır. Yalnız çox az sayda əhali birtəhər Ağdam şəhərinə çata bilmişdir. Şəhərdə qalan sakinlər isə doğma yurdlarını tərk edərkən Naxçıvanlı və Pircamallı kəndləri yaxınlığında pusquya düşərək erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirilmiş və o cümlədəm əsir götürülmüşdür.Bu dəhşətli faciənin lentə alınaraq işıqlandırılmasında telereportyor, Milli Qəhrəmanımız, şəhid jurnalistimiz Çingiz Mustafayevin rolu, əməyi həqiqətən əvəzsizdir, qiymətsizdir. Çünki, Çingizin tez-tez döyüş bölgələrinə səfər edərək çəkilişlər etməsi bir kənara, onun məhz Xocalı faciəsini lentə alması nəticəsində dünya ermənilərin iç üzünü görə bildi. Bəli, Çingiz Vətən üçün doğulmuşdur, Vətən üçün də şəhid oldu. Cəbhənin ən qaynar yerlərində Çingiz Mustafayev çəkilişlər etmişdir. Deyərdim o təkcə çəkiliş etmirdi, həm də döyüşürdü-savaşırdı. Mütləq deyil hər kəs əlinə silah alıb döyüşsün. Çingizin silahı çiynindəki kamera, gülləsi isə bıçaq kimi kəsərli, iti sözləri idi. Hər halda onun Laçındakı əsgərlərlə emosional, kəskin danışığı hər kəsin xatirindədir. Bütün bunlar bir yana, Xocalı faciəsini çəkərək lentə alarkən Çingizin hönkürtüsü yəqin ki, kimsənin qulaqlarından getməyəcək. Çünki, bu faciə dözüləcək, sakit nəzərlərlə baxılacaq bir hadisə deyildi. Bu faciəyə görə milyonlarlar ağlayıb göz yaşı tökdüsə də kimsə Çingiz kimi ağlaya bilmədi...30 il ərzində Xocalı hadisələri haqqında yazılar yazıldı, verilişlər hazırlandı, sənədli filmlər çəkildi. Xocalı sakinlərindən , o dəhşətli gecədən sağ qalanlardan (əgər buna sağ qalmaq demək mümkünsə) müsahibələr götürülmüşdür. Baxırıq, dinləyirik o zavallıları. Niyə?Nə üçün?Nə səbəbə kimi bir çox suallar keçir beynimizdən. Yəni insanlara belə zülm etmək bu qədərmi asanmı? Və yaxud bir insan bu boyda yerə-göyə sığmayan zülmə necə dözə bilmiş???32 il sonra Xocalıda olan Nigar CəfərovaQarabağın işğal dövründə bütün rayonlarından dinc əhali ev-eşiklərindən didərgin düşərək pərən-pərən oldular. Lakin, heç kimsə Xocalı faciəsini yaşamadı. Kimsə o təsəvvür belə edə bilmədiyimiz zülmə məruz qalmadı.Bu dəhşətli soyqırımı törətməkdə erməni işğalçılarının məqsədi nə idi? Niyə məhz Xocalı?Çünki, hər şeydən əvvəl Xocalı Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı ən vacib strateji mövqe idi, düşmən üçün maneə idi. Və ermənilər nəyin bahasına olur olsun bu şəhəri yerlə-yeksan edib birdəfəlik yer üzündən silmək istəyirdilər.Xocalı faciəsi bizim sağalmaz yaramız, başımıza gələn ən böyük müsibətimizdir. Lakin eyni zamanda da bu faciə bizim əsrlər boyu keçdiyimiz mübarizə yolumuz, qanlı olduğu qədər də şanlı şərəf yolumuzdur. Çünki, biz bu cür ağır dönəmləri adlayaraq azadlığa, müstəqilliyə qovuşmuş bir xalqıq. Tarix boyu keçdiyimiz bütün yollar keşməkeşli, əzablı olub, ancaq heç bir maneə Azərbaycan xalqının iradəsini, məğrurluğunu sındırmayıb və sındırmayacaq.Artıq bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına bütün Qarabağ öz azadlığına və bizlər də bütöv Azərbaycanımıza qovuşa bilmişik. Qarabağa getməyə, oranı görməyə nəinki 30 ildir yurd-yuvasına həsrət qalan əhali, bütün hər kəs can atır. Hər kəs heç olmasa bir dəfə də olsa Şuşaya, Ağdama, Füzuliyə, Hadruta, Suqovuşana və s. yerlərə gedib o füzunkar gözəlliyi görə bilir və yaxud bilər. Amma və lakin...biz Xocalıya da gedə bilərikmi? Biz orda da gəzə bilərikmi?Əyilib çiçək yığa bilərikmi?Orda da gülə-gülə şəkillər çəkdirə bilərikmi? Məncə yox...çünki Xocalıda elə müsibət qopmayıb ki, elə faciə törədilməyib ki, kimsə özündə ürək tapıb ora ayaq basa bilsin. Bunun üçün ya insanda çox böyük ürək olmalı, ya da ümumiyyətlə ürək olmamalıdır.32 ildə ilk dəfə bu gün deyirik Xocalı azaddır. Bəs ordakı ruhlar necə? Görəsən cüzi də olsa sakitləşə bildilərmi??? Gülnarə Baratxan qızı Əhmədova Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki Coğrafiya kafedrasının müəllimi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru,ZiM.Az-ın Redaksiya Heyətinin üzvü,"Zirvə" Mükafatı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.