Salidə ŞƏMMƏDQIZI (ŞƏRİFOVA): "BUNU UNUTMA!.." (Hekayə)

Salidə ŞƏMMƏDQIZI (ŞƏRİFOVA): "BUNU UNUTMA!.."  (Hekayə) Salidə ŞƏMMƏDQIZI (ŞƏRİFOVA)
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Abdulla kişi yolun kənarındakı nəhəng, sal boz daşın yanında dayanaraq nəfəsini dərdi, sonra isə fikirli-fikirli ətrafı süzdü. Lap əldən düşdüyündən daşın üzərində əyləşdi. Cibindən tütün qabını çıxardıb əvvəl içindəki tütünə baxdı, sonra da təkrar ətrafını süzdü. Nəvəsinin ona diqqətlə baxdığını görüb gülümsəyərək dedi:
- Çiçək, sən niyə uzaqda durmusan? Yol səni də, nənəni də lap əldən saldı.
Çiçək babasına heç nə deməyib, maraq içində ətrafı seyr etməyində idi. Abdulla kişi nəvəsinin susduğunu görüb əlavə etdi:
- Çiçəyim, bu yerləri yaxşı-yaxşı seyr et. Məhz bu yerləri yaddaşına həkk et. Bu məkanda baş vermiş o hadisələri unutmaq olmaz... O qanlı hadisələrin canlı şahidləri olan bizlər isə bir zamanlar həyatda olmayacağıq...
Çiçək babasının dediklərini tam anlamadığından, çəkinə-çəkinə ətrafdakı göz oxşayan yaşıllığı süzdü. Qəribə heç nə görmədiyindən təəccüblə babasından soruşdu:
- Niyə ki, baba?
Abdulla kişi əlindəki tütünü asta-asta kağıza bükdü, yandırıb bir-iki qullab vurdu. Nəvəsinə cavab verməyib, fikirli-fikirli uzaqlardan görünən dağları təkrar süzdü. Babasının dinmədiyini görən Çiçək təəccüblə nənəsinə baxdı. Nənəsi əli ilə ağzını qapadaraq susmaq işarəsini verdi. Çiçək nənəsinin niyə onun susmaq istəməsini anlamayıb sadəlövhcəsinə çiyinlərini çəkərək soruşdu:
- Niyə, nənə?
Telli arvad nəvəsinin susmayacağını anlayıb, qəti, amma sakitcə dedi:
- Bir dəqiqəlik sus, quzum. Babanın fikirlərini dağıtma...
Çiçək nənəsinin ona qarşı bu cür rəftarından alınsa da, heç nə deməyib susdu. Babasının hələ baxdığı səmti o da diqqətlə süzməyə başladı. Uzaqlarda görünən mənzərə onun diqqətini cəlb etdi. Belə mənzərələri o televiziya verilişlərində çox görmüşdü. İndi bax babası onu belə bir yerə gətirmişdi. Amma həmişə üzü gülən, şən, mehriban olan babası burada tamamilə dəyişmişdi. Qaş-qabaqlı, fikirli idi. Çiçəyin fikrincə, belə gözəl bir yerdə babasının da, nənəsinin də əhvalları yaxşı olmalı idi. Amma belə bir mənzərənin önündə onların qaş-qabağı yer süpürürdü. Çiçək həm babasını, həm də nənəsini anlamağa çalışırdı. O baxımdan, əvvəl babasına, sonra da onun baxdığı yerlərə təkrar baxdı. Gözəl mənzərədən, babasının fikirli, qaşqabaqlı simasından başqa bir şey görmədi. Uzun yol gəldikləri üçün yorulmuşdu. Sakitcə yaşıl otluğun üzərində əyləşdi. Ayağının keyidiyini oturduqdan sonra anladı. Sakitcə ayağındakı idman ayaqqabısını ayağından çıxardıb, rahatlanmaq istədi. Nənəsinin ona baxıb etiraz etmədiyini anlayıb, ayaqqabılarını həvəslə çıxartdı. Ayaqlarının rahatlandığını görüb ətrafdakı mənzərəni diqqətlə süzməsinə davam etdi. Nənəsinin gəlib onu yanında otluqda oturmasını görəndə təlaşla dedi:
- Nənəcan, sənə soyuq olar, bir dəqiqə gözlə... Qoy jaketimi sərim, üzərində əyləş.
Telli arvad Çiçəyin əlindən yapışıb qalxmağa qoymayaraq dedi:
- Narahat olma, torpaq mənə heç nə etməz. Sən isə bir az ayaqyalın torpağın üzərində gəz. Faydalıdır deyirlər... Sağlamlıq üçün çox faydalıdır. Yəqin ki, bilirsən. Bilməmiş olmazsan?
Çiçək nənəsinin nə demək istədiyini anladı. Ona görə tez cavab verdi:
- Bilirəm, nənəcan. Son vaxtlar bütün dünyada yaşıl otun üzərində ayaqyalın gəzmək gündəmə gəlib. Dəb halını alıb. Özü də belə insanlara bilirsən nə deyirlər?
Telli arvad çiyinlərini çəkib gülümsəyərək dedi:
-Bilmirəm, hardan bilim ki...
Çiçək nənəsinin onun sualına cavab vermədiyini görüb, nənəsinə ünvanladığı sualı özü cavablandırdı:
-Belə insanları “barefuter” adlanırlar.
Telli arvad heç nə anlamayıb təəccüblə soruşdu:
-Nə? Necə adlanırlar?
Çiçək gülümsədi, işlətdiyi “barefuter” sözünü hecalarla deyib, mənasını nənəsinə izah etməyə çalışdı:
- Ay nənə, ba re fu ter... Yəni “barefuter”... Bizim dildə ayaqyalın mənasındadır. Deyilənə görə pəncəmizin üzərində əsas orqan və sistemlərimizlə əlaqəli olan bioloji aktiv nöqtələr mövcuddur. Biz də ayaqyalın gəzəndə, məhz həmin nöqtələri bir növ massaj edirik, bu da orqanlarımızın möhkəmlənməsinə, fəalyyətinə müsbət təsir göstərir.
Telli arvad gülümsəyib dedi:
- Sən elmi dildə danışırsan. Amma mənim Fatma nənəm deyərdi ki, otun, torpağın üstündə ayaqyalın gəz ki, bütün pis nəzərlər, bəd əməllər, bütün dərd-bəla bədənindən çıxsın. Sinirlərin sakitləşsin, beynin işləsin. Bədənində, xüsusilə də, ayaqlarında qan yaxşı işləsin.
Çiçək babasının hələ də fikirli-fikirli tütün çəkdiyini görüb nənəsindən soruşdu:
- Nənə, yəqin sən bilirsən, babaya nə olub?
Nənəsinin susduğunu görüb daha da təəccübləndi. Çiçək hiss edirdi ki, nənəsi babasının niyə fikrə getdiyini əla bilir. Ona görə təəccüblə nənəsinə baxdı. Nənəsi Çiçəyin təəccüblə ona baxdığını, cavab gözlədiyini görüb pıçıltı ilə dedi:
- İndi yox, sonra, rahat bir vaxtda, hər şeyi sənə başa salacam.
Abdulla kişi buralarda baş verən o qanlı hadisələri xatırlayırdı. Baş verənləri xatırlamadığı bir gün belə olmamışdı. Elə bir gün olmamışdı ki, o qanlı hadisəni unutmuş olaydı. O qanlı hadisə Abdulla kişinin ruh əkizinə çevrilmişdi. Onunla paralel hərəkət edirdi, onunla yaşlanırdı, onunla sevinirdi, onunla kədərlənirdi. Ballıqaya qətliamı onun yaddaşının bir parçası yox, onunla yaşayan, onun varlığına hakim kəsilmiş bir məfhuma çevrilmişdi. Unutmağa çalışmışdı, cəhd etmişdi ki, xatırlamasın, amma alınmırdı ki, alınmırdı. M.F.Axundazadənin “Molla İbrahimxəlil kimyagər” əsərindəki kimi... “Meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz” ifadəsinin işləndiyi o səhnəni yaşamışdı. Yadından çıxırdı ki, yadına da salmayaydı... Hamıya bəlli olmayan bu acı, ağrı onun həyatının ağrısına, acısına çevrilmişdi. Abdulla kişi xalqının bu qətliamdan bixəbər olmalarını yaxşı bilirdi. Çünki düşmən tərəfindən törədilən Ballıqaya qətliamı haqqında heç nəvəsi Çiçək də bilmirdi. Danışmamışdı. Susmuşdu.
Abdulla kişinin gözləri doldu. Arvadı və nəvəsi görməsin deyə tez dolmuş gözlərini əllərinin arxası ilə silib ayağa durdu. Onlardan yavaş addımlarla uzaqlaşmağa başladı. Qayanın ən qorxulu yerində dayanıb yenə ətrafı seyr etməyə başladı. Ballıqayada, o qanlı gecədə tarixə amansız cinayət kimi həkk olunnan hadisələri xatırlamağa başladı. O qətliam baş verəndə yay idi, isti yay ayı... Avqustun 28-i... Abdulla kişi 1992-ci ilin o avqust gününü unuda bilməmişdir, nə də unuda bilməyəcəkdir. Amma Abdulla kişiyə elə gəlirdi ki, tarix də bu hadisəni unutmaq istəməsə belə, xalqı unutmağa meyillidir. Bu onu qorxudur, çox narahat edirdi. O, əmin idi ki, xalq qan yaddaşını unutmayacaq. Bu baxımdan da, bu hadisə də unudulmayacaq. Buna əmin idi. Amma bir şeyin şahidi olurdu ki, tarix hələ gözləmə mövqeyi tutmuşdu. Abdulla kişi otluqda oturmuş nəvəsinə baxdı. Yox, özündə cürət tapıb düşmənin silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliam haqqında nəvəsinə danışmalı idi. Nəvəsi də bu qətliamı qələmə alıb gələcək nəsillərə ötürməli idi. Gələcək nəsil bu hadisəni bilməli idi.
Abdulla kişi asta addımlarla Telligilin yanına gəldi. Babasının gəldiyini görən Çiçək ayağa qalxanda, Abdulla kişi nəvəsinin çiynindən tutaraq dedi:
- Qalxma...
Sonra aramla Tellinin yanında otun üzərində oturaraq dedi:
- Necə də rahatlıq verir. Elə bil yumşaq yorğan döşəyin içindəsən.
Çiçək gülümsəyərk babasının dediklərini təsdiqləyərək dedi:
- Hə, baba... Nənəm də, mən də ayaqqabılarımızı çıxardıq. Sən də çıxar.
Abdulla kişi əvvəl Telli arvadın, sonra da nəvəsinin yalın ayaqlarına baxaraq gülümsədi. Sonra ayaqqabılarını yavaş-yavaş çıxararaq dedi:
- Niyə də olmasın. Necə deyiblər, “palaza bürün, el ilə sürün”.
Çıxardığı ayaqqabıları arxaya qoyub sözünə davam etdi:
- Doğrudan rahatlanırsanmış... Nə isə... Gözümün nuru, sənə, bu yerlərdə baş verən bir hadisə haqqında danışmaq istəyirəm. Daha doğrusu qətliam haqqında...
Abdulla kişi udqunaraq sözünə davam etdi:
- Hə, elə bir qətliam ki, sizlərə onu məktəbdə keçmirlər. Millətimizin üzləşdiyi qətliamların, faciələrin, soyqırımların hamısını bilmirsiniz. Elə sən də...
Çiçək babasıyla razılaşmayaraq etiraz etdi:
- Niyə ki, baba. Mən tariximizi gözəl bilirəm. Məsələn, Qanlı 20 Yanvar gecəsini, Xocalı faciəsini, daha sonra...
Abdulla kişi nəvəsinin üzünə gülümsəyərək dedi:
- Bilirəm ki, sən çox şey bilirsən. Amma elə hadisələr var ki, bilmirsən. Mən də xalqımın üzləşmiş olduğu faciələrin bir çoxu haqqında məlumatları oxuduğum kitablardan, məqalələrdən əldə etmişəm. Məsələn, Yayçı soyqırımı haqqında heç nə bilmirdim. Yayçı soyqırımı haqqında məhz yazılmış elmi əsərlərdən xəbər tutdum.
Çiçək Yayçı soyqırımı haqqında xəbəri olmadığı üçün təəccüblə soruşdu:
- O harada olub baba? Bakıdamı? Nə vaxt?
Abdulla kişi nəvəsinin təəccüblə ona baxdığını görüb tez-tələsik cavab verdi:
- Yox, yox, Bakıda olmayıb, Naxçıvanda olub. XX əsrin əvvəllərində, daha dəqiqi, 1918-ci illərdə düşmənin Culfa rayonunun Yayçı kəndində törətdikləri soyqırımdır. Onu bil ki, soyqırım etnik, irqi, dini, milli qruplara qarşı düşünülmüş şəkildə məhv edilmə prosesidir. Tarix boyu yalnız xalqımız deyil, müxtəlif xalq və millətlər də soyqırımla qarşılaşıb. Azərbaycan xalqı tarix boyu bir çox soyqırımlarla üzləşib. Məsələn, yenə XX əsrin əvvəllərində, yəni 1918-ci illərdə Şamaxıda, Qubada, Bakıda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, demək olar ki, Azərbaycanın bir çox bölgələrində xalqımıza qarşı soyqırımlar həyata keçirilib. Elə Andronik Ozanyanın 25 minlik ordusuyla Naxçıvan və Zəngəzurda 500 kəndi, hətta Anadoluda 600 köyü yandırıb viran etməsi tarixin reallığıdır, Çiçək. Onun Naxçıvan, Zəngəzur ərazisində 35 mindən çox insanı insanlığa sığmayan vəhşi şəkildə qətlə yetirməsi təəssüf ki, tarixin reallığıdır.
Abdulla kişi susdu, əlində yanıb bitmiş tütünə baxdı. Sonra diqqətlə onu dinləyən nəvəsinə üzünü tutub danışmağına davam etdi:
- Çiçək, mən sənə bu gün özümün şahidi olduğum Ballıqaya qətliamı haqqında danışacam.
Çiçək Ballıqaya qətliamı haqqında heç nə bilmədiyi üçün təəccüblə nənəsinə, sonra da babasına baxdı. Hər ikisinin susduğunu görüb kədərlə ətrafını süzən babasından soruşdu:
- Təəssüf ki, mən Ballıqaya qətliamı haqqında heç nə bilmirəm. Bu tarixi hadisəni neçənci sinifdə keçəcəklər?
Abdulla nəvəsini sualına qulaq asaraq narazı-narazı başını buladı:
- Hələ məktəblərdə keçilmir. Amma ümid edirəm ki, gələcəkdə nə vaxtsa keçəcəklər. Nə vaxt, bax onu bilmirəm...
Dərindən nəfəs dərib, fikirli-fikrili əlləri ilə üzərində əyləşdiyi otları tumarladı. Sonra əlinin altında olan kəklikotunu dərib qoxladı. Otun ətrini dərindən nəfəs alaraq içinə çəkdi. Gülümsəyib Telli arvada dedi:
- Ay Telli arvad, yadındadımı, buralarda kəklikotu yığmağın? Mən də səninlə danışmaq bəhanəsiylə qoşulurdum sizlərə. Nə var, nə var xanım mənə qıyqacı baxıb, bir söz deyəcək, ya da ki, üzümə baxacaq. Yadındadımı o günlər, ay Telli arvad? İllər bir göz qırpımında necə də keçdilər... Heç xəbərimiz də olmadı...
Telli arvad Abdulla kişinin sözlü adama oxşadığını çoxdan anlamışdı. Amma nə deyəcəyini bilmirdi. Ona görə də asta səslə dedi:
- İllər atlı olub, biz bəndələr də piyada... Bu günümüzə də şükür, ay kişi...
Abdulla kişi ilan vurmuş adamlar kimi dik atıldı. Təəccüblə Telliyə baxdı. Telli Abdullanın ona təəccüblə baxmasından özünü itirdi. Abdulla kişi çox susmadı. Sərt səslə Telliyə sual verdi:
- Bu günümüzə də şükür? Nə şükürü? Avqust səhəri nə tez yadından çıxıb? O səhər itirdiyimiz o itkilərimizəmi şükür deyim, ay Telli?
Çiçək babasının heç belə əsəbi görməmişdi. Babasına söz demək istəyirdi, amma susdu. Babası isə əsəbi halda ayağa durdu. Bir az yerində dayandı. Sonra var gəl etməyə başladı. Çiçək təəccüblə babasını süzürdü. Nənəsi isə başını aşağı salmışdı. Asta-asta ağlayırdı. Hərdən başına örtdüyü kəlağayının ucları ilə də gözlərinin yaşlarını silirdi. Babası isə hələ də var-gəl edirdi. Çiçək ayağa durub babasının arxasınca addımladı. Cəld addımlarla yanaşıb astaca dedi:
- Baba, hansı avqustdan bəhs edirsən? Nə olmuşdu ki, o gün?
Abdulla kişi dayandı. Arxası nəvəsinə tərəf idi. Çiçəyin suallarından sonra dönüb başını sığalladı, sonra aramla dedi:
- Mən də səninlə o haqda danışmaq istəyirəm. Sən artıq böyümüsən, danışdıqlarımı anlayacaqsan, istəyin olsa qələmə də alarsan. Qələmə alsan çox adam xəbər tutar, gələcək nəsillərə qalar.
Abdulla kişi nəvəsinin ona diqqətlə baxdığını görüb dedi:
- Gətirdiyimiz o adyalı yerə sər, əyləşək. Ayaqlarımız da yalındır, sonra soyuq olar. Biz danışana qədər də nənən süfrəni hazırlayar. Burada nahar etməyin öz ləzzəti var.
Telli arvad tez ayağa durdu. Gətirdikləri su qabından ovcuna su süzüb gözlərini, üzünü yuyaraq dedi:
- Adam gözüyaşlı çörək yeməz.
Sonra adyalı sərməyə cəhd edən nəvəsinə yardım etdi. Adyalın üzərinə gətirdiyi balaca süfrəni çıxarıb sərərək Çiçəyə dedi:
- Sən babanla söhbətini eylə. Mən isə səbətdəki yeməkləri düzəcəm.
Çiçək nənəsinə etiraz edərək dedi:
- Nənə, qoy kömək edim e...
Telli arvad qəti şəkildə etiraz edərək,
- Yox ay mənim şəkərim. Elə də hər şey hazır şəkildədir, nə yuyulmalıdır, nə doğranmalıdır, nə də ki, bişirilməlidir. Hər şey hazırdı. Özüm yavaş-yavaş süfrəni açacam.
Çiçək nənəsinin üzünə gülümsəyərək sadəcə çiynini çəkdi. Sonra artıq adyalın üzərində rahat əyləşmiş babasının yanında özünə yer edərək soruşdu:
- Babacan, dediyin hadisə çoxdanmı olub?
Abdulla kişi nəvəsini qəmli-qəmli süzərək dedi:
- Yox, yox... 1992-ci ilin 28 avqustunda. Səhər saat 5-də... Ballıqaya kəndində... Goranboyun Ballıqayasında...
Çiçək babasının cümlələri yarımçıq şəklində deməsinə təəccüb etsə də, maraqla onu dinləməyə başladı. Babası çox qəmli idi. Bu onun titrəyən səsindən hiss olunurdu. Çiçək babasının söhbətə davam edəcəyini gözləmək məcburiyyətində olub susdu. Babası yenə uzaqları seyr edirdi. Çiçək də babasının baxdığı səmtə baxıb, göz önündə canlanan gözəllikləri seyr etməyə başladı. Qısa bir zamandan sonra babasının onun başını oxşamasını görüb babasına baxdı. Babası kədərini gizlətmək üçün gülümsəyərək dedi:
- O hadisədən 30 ildən artıq bir zaman keçir. Dediyim kimi, Goranboy rayonunun Ballıqaya kəndində baş verən Ballıqaya qətliamı kimi yad edilən o faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində baş vermişdir. Kəndin sakinləri xüsusi amansızlıqlarla qətlə yetirildilər...
Çiçək dərindən nəfəs dərib çəkinə-çəkinə soruşdu:
- Çoxmu adam qətlə yetirildi, baba? Uşaq da var idimi?
Abdulla kişi udqunub dedi:
- Hə, uşaqlar da var idi. 6 uşaq, o cümlədən 6 aylıq körpə var idi. 12 yaşlı Elçin, 10 yaşlı Bəxtiyar, 8 yaşlı İsmayıl, 6 yaşlı Nəvadi, 4 yaşlı Gülnar, bir də ki, 6 aylıq Canpolad. 93 yaşlı Zeynab nənə, Abdulla baba, Hümbət baba, Qənirə nənə, Gülayə nənə, Minaya nənə olmaqla, Ermənistan ordusunun hərbçiləri tərəfindən 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirildi, 9 nəfər isə ağır yaralandı. Amansızlıqla qətlə yetirilmiş günahsız insanların, yəni uşaqların, qadınların, qocaların bəzilərinin meyitləri isə yandırılmışdır. 3 azyaşlı uşaq isə hər iki valideynini itirdi.
Çiçək yanaqlarından axan göz yaşlarını əlləri ilə silib dedi:
- Baba, bəs onların nə günahı var idi ki, elə amansızlıqla qətlə yetirilmişdilər? Niyə?
Abdulla kişi ağlayan nəvəsinin başını sığallayaraq onu sakitləşdirmək üçün dedi:
- Ağlama, sənin o göz yaşlarına qurban olaram. Əlbəttə səbəbi olmalıdır. İlk növbədə, onlar siyasət oyunlarının qurbanına çevrildilər. Düzgün aparılmayan siyasətin qurbanına...
Çiçək burnunu çəkərək uşaq sadəlövhlüyü ilə soruşdu:
- Adi bir kənd, kənd adamları siyasət oyunun qurbanı necə ola bilərlər?
Abdulla kişi istehzayla gülümsəyərk dedi:
- Çox sadə... Yəni Ballıqaya qətliamı mənfur düşmənlərin silahlı qüvvələrinin də bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biri kimi tarixə səs saldı.
Çiçək babasının dediklərindən bir anlıq özünü itirdi. Cavab verməyib ağzı açıq şəkildə babasını süzdü. Abdulla kişi nəvəsinin təəccüblə onu süzdüyünü görüb, danışmağına davam etdi:
- Qulaq as, Çiçəyim. Belə ki, 1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra dədə-baba torpaqlarından didərgin düşən yerli əhali doğma Azərbaycanımızın müxtəlif yerlərində məskunlaşırlar. Qohumluq münasibətlərində olan, çadırda məskunlaşan 6 ailə də heyvandarlıq üçün əlverişli olan Ballıqayada yerləşmək məcburiyyətində qalır və heyvandarlıq məşğuliyyətlərini davam etdirirlər. Heyvandarlıqla məşğul olan bu mülki şəxslər, çobanlar, onların ailə üzvləri isə 28 avqust tarixində də xüsusi amansızlıqda qətlə yetirilirlər. Səadət, Ayna, Zeynəb və Kəmalə bacıları Telli nənənin həm qohumları, həm də rəfiqələri idilər. Bəyim xalanın, Süraya xalanın, Nübar xalanın, Hürzaman xalanın bişirdikləri dadlı yeməklərin dadı hələ də damağımdadır. Onlar heç zaman yadımızdan çıxmayacaqlar, mənim balam.
Çiçək göz yaşlarını saxlaya bilməyərək hönkürə-hönkürə ağladı. Sonra burnundan axan suyu əlinin arxası ilə silərək dedi:
- Baba, baba... Hamısı da uşaqlar, qocalar, qadınlar olub. Əliyalın, silahsız, məsum insanlar olublar. Onlara silah çəkənlərə adam, insan demək olmaz.
Abdulla kişi nəvəsinin dediklərini təsdiqləyərək dedi:
- Doğrudur, elə canilərə adam, insan demək olmaz. Heyvanlar belə o zaman başqa bir heyvanı öldürür ki, ac olur, yemək üçün. Ancaq insanlar zövq almaq üçün insan canına qıyırlar. O baxımdan, haqlısan. Günahsız insanları, xüsusilə də körpələri, qocaları qətlə yetirmək insanlıqdan uzaqdır.
Telli arvad süfrəni düzəldib bitirən kimi Abdulla kişi ilə Çiçəyə üzünü tutaraq səsləndi:
- Ay Abdulla, ay Çiçək, süfrə hazırdı. Gəlin rahat yeməyinizi yeyin. Özü də deyəsən yağacaq...
Uzaqda görünən buludları əli ilə göstərib dedi:
- Bir onlara baxın, bura tələsirlər. Ən azı bir-iki saata yağarlar.
Abdulla kişi Çiçəyə baxıb gülümsədi, sonra dedi:
- Nənən deyirsə yağacaq, deməli yağacaq. Nənən gəzən canlı hava bürosudur. Dur, yeməyimizi yeyək, bayaq demişdim axı, buralarda yemək yeməyin öz ləzzəti var. Yavan çörək belə olsa...
Abdulla kişi onu diqqətlə dinləyən nəvəsinin başını oxşayaraq dedi:
- Çiçək, amma bir şeyi yadından çıxarma, qulağına sırğa et... Xalqımızın üzləşdiyi qətliamlar heç bir zaman unudulmamalıdır... Həyata keçirilməsinə imkan verilməməlidir. Baş veribsə də, xalqımıza qarşı törətdilmiş kütləvi qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunmalıdır. Bunu unutma!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: