Telman Axıncı: "Bir "çingilti" gələr qulağa sarı..."

Telman Axıncı: "Bir "çingilti" gələr qulağa sarı..." İstər qəmdən ağla, istər sevincdən,
Yaş düşər kiprikdən yanağa sarı.
Baxışlar toqquşar, gözlər danışar,
Söz qəlbdən süzülər dodağa sarı.

İlk bahar nazlanar təzə gəlintək,
Baxçalar gül açar, yamaclar çiçək,
Başında kəlağay, çiynində səhnəg,
Gözəllər yollanar bulağa sarı.

Min duyğu boylanar qəlbdə, ürəkdə,
Neçə ümid bitər arzu, diləkdə.
Səhərin sübh çağı açan çiçəkdə,
Şəbnəmlər boylanar yarpağa sarı.

Yay gəldi, əriyər dağların qarı,
Çoşdurar, kükrədər dəli çayları.
Ard-arda düzülər köç karvanları,
El-oba üz tutar yaylağa sarı.

Görənlər həsrətlə baxar yollara,
Daralan hövsələn çəkilər dara.
Deyirsən Axıncı üz tutum hara?
Bir "çingilti" gələr qulağa sarı.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: