SEVDA AYXAN: “KƏLAĞAYI” (Hekayə) Nəsr, Qarayazı 23 августа 2026 87 0 1 2 3 4 5 Bu gün çox düşüncəli idi. Sanki üstündə ağır bir yük var idi. Yük deməzdim illərin ağrısı,acısı yüklənmişdir kürəyinə. Əlləri qoynunda gah evə girir, gah da həyətə çıxırdı. Tez-tez telefona baxır, zəng gözləyən biri kimi əlləri əsirdi. Nərgizi heç kim belə narahat görməmişdir. Həmişə sakit təbiətli qadın, bu gün çox narahat idi. İllərdir ailəsinin sakitliyi,hüzuru üçün dinməyən,etiraz etməyi unudan Nərgiz bu gün tamamilə dəyişmişdir.Övladlarını böyütmüş, həyat yoldaşı ilə çiyin-çiyinə onları oxutmuş, toy edb, əl-ayaqlarını bir yerə yığmışdır. Ailə onun üçün həmişə müqəddəs olmuş,istər ata evində, istərsə də ər evində kimsəyə xəyanət etməmiş, kimsəni incitməmişdir. Yalnız bir insanı incitmiş,yalnız bir insanın hisslərinə xəyanət etmişdir. O da elə özü idi. Bəli, özünü çox incitmişdir.Həyətə çıxıb yollara baxır. Oğlu iki gün idi söz vermişdir ki,gələcək. Uşaqları da gətirəcək. Amma oğlundan səs-səmir yox idi. Neçə il idi ki, nəvələrini görmürdü. Nə qızı gəlir,nə oğlu. Həyat yoldaşı rəhmətə gedəndən elə bu böyük evdə tək yaşayırdı. Qış ayları yazı gözlərdi,yazda yayı. ... “Bəlkə bu yay gəldilər“ - deyib, ümid edərdi. Axşam düşürdü. “Bu gün də gəlmədilər” deyib otağa keçdi. İşıqları yandırmadan evin güncündəki sandığa yaxınlaşdı.Qoynundakı açarı çıxarıb sandığı açdı. Sandıqda buta naxışlı kəlağayını çıxartdı. Yan-yana düzülən butaları oxşamağa başladı. Xalq inancına görə buta naxışı xeyir- bərəkət gətirir,insanı nazardan,pis gözlərdən qoruyur. “Hə butam, sən ismət, hörmət və nəcabət rəmzisən “bunu heç unutmadım ki..." Qaranlıq düşmüşdü. Nərgiz işıqları yandırıb,buta naxışlı kəlağayını çiyinlərinə saldı. İpəyin yumşaq, sərin toxunuşu canına yayıldıqca sanki illərin yorğunluğu, o çiyinlərindəki ağır yük bir anlığa yüngülləşdi. Gəncliyini xatırladı. İlk məhəbbətini,sevdiyi ilə ilk görüşünü. Evdən gizli qaçıb bağda,hasarın yanında sevdiyi ilə görüşdü. Əllərini uzadıb onun əllərindən tutdu. “Qardaşım görər,get“ dedi. Amma dediyinə də peşiman oldu. Yaxşı ki,sevdiyi getmədi. “Nərgiz gülüm,sənə bir hədiyyəm var” deyib qoynundan bükülü bir şey çıxartdı. Nərgiz sevincək əlini uzatdı. Hədiyyəni aldı. Sevincindən əllərini bir-birinə vurdu. - Gedirəm,qayıdanda sənə elçi göndərəcəm -dedi.- Səni gözləyəcəm. Bu nədir?- Kəlağayı, gülüm. Axı, kəlağayı bir qadının tək baş örtüyü deyil,həm də namusu,isməti,həyasıdır. - Mən səni həmişə sevəcəm. Kəlağayını həmişə göz bəbəyim kimi saxlayacam.Nərgiz çox sevinirdi. Axı, kəlağayı yeni qurulan ailəni təmsil edirdi. Hələ qız oğlana kəlağayı bağışlasaydı,bu o demək idi ki,ömürlük ona sadiq qalacağına and içmiş olurdu. Oğlanlar isə qırmızı kəlağayının içində nişan üzüyü göndərərdilər.- Gülüm,bu kəlağay sevgimizin lk nişanəsidr. Mütləq qayıdanda sənə elçi göndərəcəm. Sən başında bu qırmızı kəlağayı ilə gəlin köçəcəksən. - Mən bu hədiyyəni heç vaxt özümdən ayıran deyiləm. Amma indi get. Kimsə səni görməsin... O gündən illər keçib. Sevdiyi getdi,amma qayıda bilmədi. Amansız qəza onu bu həyatdan erkən apardı. Özü getdi,kəlağayı qaldı. Kəlağayı ilə birlikdə onun sevgisi də buta kimi Nərgizin ürəyinə həkk olundu.O gündən butanı sevdi,hər darıxanda kağızlara buta şəkili çəkdi.Güzgünün qarşısına keçib özünə baxdı. Saçlarına dən düşmüş, gözlərinin ətrafına qırışlar qonmuşdu, amma kəlağayı ona hələ də gənc, ümid dolu olduğu o köhnə günləri xatırlatdı. Birdən həyətdən gələn maşın səsi qaranlığın sükutunu pozdu. Fənərlərin işığı pəncərədən süzülüb otağın divarlarını işıqlandırdı. Nərgizin qəlbi sürətlə döyünməyə başladı, əllərinin əsməsi bu dəfə qorxudan yox, sevincdən idi. Sürətli addımlarla pəncərəyə tərəf qaçdı. Darvazadan içəri girən maşının qapıları açıldı, oğlunun uca səsi və ardınca nəvələrinin gülüşləri həyətə yayıldı.Nərgiz gözlərindən süzülən sevinc yaşlarını kəlağayısının ucu ilə silib qapıya tərəf tələsdi. Neçə illik həsrət, o böyük evin soyuq təkliyi bir anda yox olub getdi. Ümidlə gözlədiyi o yay gecəsi, nəhayət, onun evinə bərəkət və hüzur gətirmişdi. Yüyürüb qapını açdı. Nəvələrini bağrına basıb hönkütü ilə ağladı. Oğlu anasının başını qucaqlayıb kövrəldi “bizi bağışla, ana” - dedi. Nərgiz tez çay qoyub, süfrə açdı. O biri otaga keçib güzgü qarşısında kəlağayının butasından öpüb gözlərinin üstünə qoydu. “Sağ ol, sağ ol, mənim butam“, - pıçıldadı. Nərgiz həmin gün anladı ki,bir daha başından bu kəlağayını açmayacaq. Anladı ki, illər keçsə də, illərin acısı onun belini büksə də,ilk məhəbbəti hələ qəlbində yaşayır. Bəli, ilk məhəbbəti qəlbində yaşayır,amma bu ismətli qadın heç kimə heç zaman xəyanət etmədi. Həm kəlağayını verəni sevdi, həm də övladlarının atasını sevdi. Çünki ailə onun üçün ən müqəddəs olandır. Övladları onun həyatının mənası, nəvələri isə kəlağayının üstünə həkk olunmuş buta kimi həyatını gözəlləşdirən varlıqlardır. Nərgiz tək deyil, kəlağayının butası, Nərgizin isə övladları vardı. SEVDA AYXAN (ŞAHVERDİYEVA)Qardabani Təhsil vəİnteqrasiya MərkəzininAzərbaycan dili vəədəbiyyatı müəllimi,ZiM.Az-ın və Yurd.İnfo.Az-ınRedaksiya Heyətinin üzvü,"Abdulla Şaiq","Xanqızı Natəvan","Akademik Mədəd Çobanov","Qızıl qələm", "Zirvə" və "Zəfər"mükafatları laureatıZiM.AzYurd.İnfo.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.