QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ: "ÖLÜM SON DEYİL" ADPU, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 9 ноября 2025 26 100 1 2 3 4 5 Görkəmli türkoloq, məşhur dilçi-alim və tanınmış ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "Ölüm son deyil" poeması, tanınmış yazıçı-şair İsaxan İlyazoğlunun sözlə yaratdığı əsər - olduqca qiymətli bir ədəbi-bədii abidədir.Yüksək insani keyfiyyətlərə malik olan Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətini, ictimai-siyasi həyatdakı rolunu, Azərbaycan dilinə və elminə verdiyi töhfələri ümumiləşdirən müəllif, bədii dilin imkanlarından istifadə edərək ideal insan obrazı yaradıb.Əsərin başlanğıcında səlis və axıcı dillə Uca Yaradana, "Ey Uca Yaradan, ey Pirlər Piri", - deyə müraciət etməsi, yazılacaq yazının nə qədər məsuliyyətli olduğuna işarədir.Poemada cəmiyyət və fərdlər arasında yüksək nüfuza malik bir müəllim obrazı ilə paralel bir alim, bir ustad, bir ilahi varlığın bədii portreti yaradılıb.Poemada: "Alimlər içində Mədəd adında Peyğəmbər misallı alim yaratdın!" - deyimi ilə müəllimini Peyğəmbərlərin məqam dərəcəsinə qaldırır. Bu da, İslam dininin fəlsəfi baxışlarına tam uyğundur. Əsərdə bir alim ömrünün mənalı yaşam hekayəsi məharətlə qələmə alınıb.Əsərin baş qəhrəmanı şairin sevimli müəllimi olsa da, sujetin alt qatında bir neçə müqəddəs üçlüyün vəhdətini görürük. Birinci üçlükdə Müəllimin ömrü, zirvəsi qarlı uca dağa, nurlu çırağa, əriyən muma bəzədilir. Tələbələrini öz ziyası və nuru ətrafında cəm etməyi bacaran ustad müəllimini Xoca simasında görür, onun El ağsaqqalı olduğunu təsdiqləyir və eyni zamanda Onu müasir dövrün Dədə Qorqudu adlandırır."Bir insan tanıdım ömrü mənalı, Fikri, düşüncəsi, zəkası dərin.O Qorqud misallı el ağsaqqalı Başında olardı, xeyrin-şərin".İkinci müqəddəs üçlükdə isə Peyğəmbər, Dədə Qorqud və Xoca simasını özündə cəmləyən ideal insan obrazı görürük.Gənc nəsillərə El-oba sevgisi, Vətən məhəbbəti daşıyan Türkoloq alimin daha bir özəlliyi şairin diqqət mərkəzindədir. Belə ki, şair, bu günün aktual məsələsi olan Turançıllq ideyasını hələ keçən əsrin 80-ci illərində sevimi müəlliminin necə də böyük məhəbbət və sonsuz sevgi ilə təbliğ etdiyini diqqətə çatdırır:"Bizə həyat dərsi keçdi o insan, İlk sözü Vətəndi, son sözü Turan!.." - deməsi müəlliminin dərin ideya və məfkurə sahibi olduğunu bir daha təsdiqləyir.Üçüncü müqəddəs üçlükdə, Olum, Ölüm və Əbədi həyat görürük. Hər şeyin Uca və Yaradanın əmri ilə müəyyən zaman və məkan arasında baş verdiyinə şahid oluruq.Üç iyun 2023-cü il... Vida günü... Haqqın əmri ilə akademik Mədəd Çobanov Əbədiyyətə qovuşduğu günü müəllif çox kədərli və duyğusal hislərlə qələmə alıb. Vida gününün ağırlığı altında tabutun ağırlığını hiss edən şair: "Görəsən, nə varmış tabutdan ağır?!" – deyə özü-özünə sual edir.Bu sətir müəllimlə tələbə arasında ruhu bağlılığın olduğunu təsdiqləyir. Həyatda Haq, Səbəb və Yaradılan olan yerdə təsadüf deyə bir şey yoxdu...Dədə Qorqud misallı alimin də Bakının Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılması haqqın əmri deyilmi?..Əsərin sonunda, o ağır günün ikinci ildönümü, Müəllim məzarının ziyarət olunması səhnəsi böyük ustalıqla təsvir olunur.Əvvəlcə qəbiristanlığa, məzara və başdaşına böyük ehtiramla Salam verən şair, sonra ruh halına keçərək yazır:“Bura lal məkandı, qulağı sağır,Səcdəyə göylərdən mələklər endi.Burda hər nəsnənin zəhmi çox ağır,Kədərdən ürəklər bölünür indi.Məzar gül-çiçəkdi, göydən nur yağır,Kimin kim olduğu bılinir indi!..”Burada məkanın lal və kar olduğunu, nur yağışı yağdığını, hətta mələklərin də səcdə üçün göylərdən yerə endiyini şairin görməsi və oxuculara göstərməsi heyrətamizdir!..Əsərdəki sonuncu müqəddəs üçlük olan Yaradan, Zaman və Məkan anlayışları ümumbəşəri fəlsəfi mahiyyət daşıyır.Şair Ölümün son olmadığını, Həyatın isə Əbədi olduğunu sözlə təsdiqləyir. Mənalı ömrün Nura çevrilərək Əbədiyaşar olduğuna inanan şair, oxucusunu da buna inandırmağı bacarır. Bir sözlə, bu əsər - tanınmış yazıçı-şair İsaxan İlyazoğlunun "ÖLÜM SON DEYİL!.." adlı poeması - tələbənin sevimli və unudulmaz müəllimi - mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə sözlə yaratdığı qiymətli ədəbi-bədii abidədir.ZAKİR İSMAYILOVTDPU-nun məzunu,filoloqZiM.Az* * *İsaxan İlyazoğlunun"ÖLÜM SON DEYİL" poemasındaakademik Mədəd Çobanovun bədii portetivə yaxudSÖZÜN MƏQAMINDA QÜDRƏTİ:akademik Mədəd Çobanovun ömür yoluna və elmi irsinə həsr olunmuş poema haqqında elmi-publisistik düşüncələrAzərbaycan ədəbiyyatında böyük şəxsiyyətlərin, alim və ziyalıların ömür yoluna həsr edilmiş poetik əsərlər xüsusi yer tutur. Bu cür poemalar yalnız bir insanın xatirəsini deyil, bütöv bir mənəvi dəyərlər sistemini əks etdirir. Tanınmış şair-yazıçıİsaxan İlyazoğlunun görkəmli türkoloq, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor, mərhum akademik Mədəd Namaz oğlu Çobanovun (1937–2023) əziz xatirəsinə həsr etdiyi "ÖLÜM SON DEYİL" poeması sadəcə bir anma mətni deyil, həm də elm və ziyalılığa xidmət etmiş mənalı bir ömrün dərin ictimai-fəlsəfi təhlilini təqdim edən, eyni zamanda, mənəviyyat, elmi fədakarlıq və millət sevgisi üzərində qurulmuş monumental bir abidədir.Bu əsərdə müəllif – keşmiş tələbə öz müəlliminə - ustadına olan dərin ehtiramını təsvir edərək, tanınmış alim - Mədəd Çobanovun şəxsiyyətini ilahi, mənəvi və milli dəyərlər kontekstində əbədiləşdirir. O, öz müəlliminə qarşı olan şəxsi ehtiramdan kənara çıxaraq, poemada həm də Azərbaycan ziyalısının ideal obrazını yaradır, alim şəxsiyyətini yalnız bioloji varlıq kimi deyil, mənəvi əbədiyyətin daşıyıcısı kimi təqdim etməklə, Vətənə və millətə bağlılığının, eyni zamanda, elmi fədakarlığın təcəssümünü ehtiva edir.Poema dərin teoloji və fəlsəfi məzmun daşıyır. Əsərin başlanğıcında yaradılış ideyasına müraciət olunur:“Ey uca Yaradan, ey Pirlər Piri,Bircə Ol sözünə xəlq oldu cahan.Bizə rəhbər etdin Peyğəmbəri,Sənin hökmün ilə quruldu mizan.”Bu misralarda ilahi “Ol” əmri kainatın başlanğıcı kimi təqdim edilir və müəllif həmin yaradıcı qüvvənin bir parçası olan alimi – Mədəd Çobanovu – bu “söz” enerjisinin daşıyıcısı kimi görür.Poemada alimin dilçi olaraq sözə, onun qüdrətinə verdiyi dəyər məhz bu kontekstdə təqdim olunur:“Sözlə bir yarandı sözün qiyməti,Qılıncdan itidir sözün kəsəri.Haqdan mayalandı sözün qüdrəti,Sözlə qərar tutdu yerin məhvəri.”Bu misralar Mədəd Çobanovun biliyin və sözün əsl sərrafı, sözün "qılıncdan iti kəsəri"ni dərk edən bir fərd olduğunu təsdiqləyir. Burada söz elm dilidir, tarixdir, kimliyin şifrəsidir. Milli kimliyin və ərazi varlığının sübutu ilə bağlı olan türkologiya, dialektologiya, həmçinin xüsusi adları öyrənən onomastika, o cümlədən, şəxs adlarını öyrənən antroponomika, yer adlarını öyrənən toponimika, çay, göl, dəniz və okean adlarının öyrənən hidronimika və s. elm sahələri Mədəd Çobanovun fəaliyyətinin bilavasitə əsas elmi istiqamətlərindən biri olmuşdur. Onun dilçilik irsi – xüsusilə “Borçalı şivələri”, “Borçalı toponimləri” və s. kimi əsərləri – Azərbaycan dilinin və mədəniyyətinin Borçalıda və digər tarixi ərazilərdə kök saldığının elmi əsasını təşkil edir.Poemanın ilk bəndlərində Mədəd müəllimin şəxsiyyəti ilahi qüdrətlə, bəşəri məqamlarla əlaqələndirilir. Şair poemaya Yaratma və Mizanla başlayaraq, Mədəd Çobanovun simasını bəşəri miqyasda qəbul etdirir. Onu Allaha yaxın, "Peyğəmbər misalı alim" adlandırmaq, dünyəvi bir alimdən daha çox, hikmətlə mayalanmış, Yaradanın bəxş etdiyi biliklə xəlq olunmuş bir şəxsiyyət olduğunu göstərir.Çox haqlı olaraq deyirlər ki, “Alimlər - Peyğəmbərlərin varisləridirlər”. Şübhəsiz, alimlər də, peyğəmbərlər kimi, miras olaraq, nə dinar, nə də dirhəm qoymurlar. Onlar özlərindən sonra gələcək nəsillərə miras olaraq sadəcə öz elmlərini yadigar qoyurlar.Hikmətlər cəm oldu sənin zatında,Bircə Ol sözünə aləm yaratdın.Alimlər içində Mədəd adında,Peyğəmbər misalı alim yaratdın.Şairin onu “Peyğəmbər misallı alim” adlandırması, həm də alimin elmi fəaliyyətinə və mənəvi ucalığına verilən ən yüksək qiymətdir. İslam fəlsəfəsinə görə, peyğəmbərlikdən sonra ən uca məqam elm və müdriklikdir. Bu müqayisə Mədəd Çobanovun təkcə akademik biliklər daşıyıcısı deyil, həm də mənəvi rəhbər, hikmət qaynağı funksiyasını daşıdığını diqqətə çatdırır. Yəni, müəllif alimin elmi fəaliyyətinin təkcə elmlə deyil, həm də Haqqın dərgahından gələn bir missiya ilə bağlı olduğunu vurğulayır.“Bir müəllim tanıdım mülayim, həlim,Doğma övlad sayar bizi sevərdi.Alimlər içində seçilən alim,Haqqı, ədaləti, düzü sevərdi.Poemada Mədəd Çobanov alim, müəllim, vətənsevər, mənəviyyat daşıyıcısı obrazında canlandırılır. Burada müəllim obrazı həm mənəvi ata, həm millət yolçusu, həm də elm fədaisi kimi təqdim olunur. Müəllif onun şəxsiyyətini el ağsaqqalı, Qorqud misallı sima kimi dəyərləndirir. Bu paralel Mədəd Çobanovun milli düşüncə sistemindəki yerini simvolizə edir. Şeir Mədəd Çobanovun bir müəllim olaraq necə yadda qaldığını da ustalıqla təsvir edir. O, sadəcə dərs keçən deyil, həm də həyat dərsi verən, tələbələrini "doğma övlad" sayan bir atadır. Mədəd Çobanovun onilliklərlə Tbilisidə və Bakıda pedaqoji fəaliyyəti poemada tələbələrin gözü ilə yüksək qiymətləndirilir. O, tələbələrini doğma övlad bilən, həlim, mülayim, amma bilik və intizamda tələbkar bir ustad kimi təsvir olunur. Tələbənin dil dərsindən kəsir alması ilə bağlı detal (“O il dil dərsindən kəsirim oldu”) müəllimin prinsipiallığını, dərsin ciddiliyini göstərir. Onun kəsir verən (imtahandan kəsən) bir müəllim kimi xatırlanması belə, tələbədə inciklik deyil, sevgi və isti bir xatirə doğurur.Onu çox sevirdim, bilmirəm nədən,Beş il güman yerim, sirr yerim oldu.Hər gün dil dərsinə gecikdiyimdən,O il dil dərsindən kəsirim oldu.Poemada alim həm də "Xoca siması", "Qorqud misallı, el ağsaqqalı" kimi təqdim olunur. Bu adlandırmalar onun şəxsiyyətinin iki əsas dayaq nöqtəsini göstərir: 1. Xocalıq və Ustadlıq. Yəni, onun pedaqoji fəaliyyətinin dərinliyini və öz biliyini gələcək nəsillərə böyük bir məharətlə ötürən bir ustad müəllim olduğunu; 2. Dədə Qorqud siması: Türk mənəviyyatının, el ağsaqqallığının, xeyir və şərin başında duran müdrik bir şəxsiyyət olduğunu diqqətə çatdırır: Bir Xoca tanıdım qırx il öncə,Bizə həyat dərsi keçdi o insan.Zəkası dərindi, qəlbi çox incə,İlk sözü Vətəndi, son sözü Turan.Göründüyü kimi, poemanın ən təsirli və ictimai-siyasi çəkiyə malik hissəsi Mədəd müəllimin milli məfkurəsinin tərənnümüdür. Şair Mədəd Çobanovu sadəcə dilçi-alim kimi deyil, həm də onun şəxsiyyətini adi alim hüdudlarından çıxararaq bütöv Azərbaycan idealının, böyük türk dünyası idealının, Turançılıq məfkurəsinin fədakar daşıyıcısı kimi təqdim edir. Göstərir ki, onun dərdi şəxsi yox, milli, ərazi bütövlüyü və milli birlik dərdi idi. İlk sözünün Vətən, son sözünün isə Turan olması, alimin həyat fəlsəfəsinin ən mərkəzi tezisini ifadə edir, onun qəlbinin nə qədər geniş və milli ideyalarla dolu olduğunu göstərir.Bir qoca dağ gördüm tələbə vaxtı,Zaman zirvəsinə qar ələyirdi.Yanan çıraq gördüm tələbə vaxtı,Zülmət qaranlığa nur çiləyirdi.Bu metafora alimin əzəmətini, bilikdəki ucalığını və zamanın üstündən gələn müdrikliyini təcəssüm etdirir.Bu fədakarlıq obrazı yanan çıraq və mum metaforaları ilə də dərinləşdirilir:“Elmdir, bilikdi zəri-zinnəti,Ömrünü bu yolda mum eyləmişdi.Mərifət, qanacaq, hörmət-izzəti,Yığmışdı özündə cəm eyləmişdi.Bunlar müəllimin şəxsi həyatını elm yolunda əritməsi, biliyi yaymaq üçün özünü qurban verməsi fəlsəfəsini əks etdirən güclü simvollardır.O, dilçi alimdi, söz sərrafıydı,Sözlərin içində söz axtarırdı.Müdrik düşüncəli, göz zərrafıydı,Əyrilər içində düz axtarırdı.Görürdüm həmişə üzündə kədər,Məfkurə sahibi, dahi insanı.Sevdi millətini dünyalar qədər,Candan əziz tutdu Azərbaycanı.Poemanın kulminasiya nöqtələrindən biri Mədəd müəllimin dərdi ilə bağlı hissədir:“Bir gün qəmli gördüm, görüşdük yenə,O, gözəl insanın dərdini sordum.Kədərli baxışla baxaraq mənə,Dedi ki, Dərbənddi, Təbrizdi dərdim..”Alimin kədərinin səbəbi kimi "Dərbənddi, Təbrizdi dərdim" deməsi, onun bütün tarixi Azərbaycan torpaqları üçün duyduğu mənəvi ağrını və vətənpərvərlik yanğısını ifadə edir. Bu, alimin ruhunun coğrafi sərhədləri aşan bir sevgi ilə dopdolu olduğunu sübut edən ən güclü misralardandır.Poemanın əsas ideyası “ölüm son deyil” fəlsəfəsinə söykənir. Əsərdə ölüm maddi yoxluq deyil, ruhi varlığın yeni mərhələsi kimi dəyərləndirilir. Bu baxımdan poema həm sufi dünyagörüşünə, həm də İslam mədəniyyətinin ölüm anlayışına yaxındır.Əsərdə alimin elmi fəaliyyəti “söz sərrafı” obrazı ilə ümumiləşdirilir. “Söz” motivi əsərin bədii sistemində aparıcı xəttdir. Bu, həm Mədəd Çobanovun dilçilik sahəsindəki xidmətlərinə, həm də onun mənəvi elm anlayışına bir işarədir.Poema klassik epik-lirik üslubda yazılmışdır. Şeirin vəzni sərbəstdir, lakin ritm və intonasiya strukturunda nəzm qaydaları qorunmuşdur. Müəllif xalq şeirinin ritmik tərzindən və ilahi poetik intonasiyadan bəhrələnmişdir. “Ölüm son deyil” poeması yalnız bir şəxsiyyətin xatirəsinə deyil, bütövlükdə alimlik, müəllimlik və insanlıq idealına həsr olunmuş mənəvi abidədir. Əsərdə Mədəd Çobanovun obrazı xalqın yaddaşında el ağsaqqalı, elm çırağı, millət sevdalısı kimi əbədiləşdirilir.Müəllifin dili saf, emosional və dərin fəlsəfi məna daşıyır. Əsərin sonunda səslənən fikir - bütün insanlıq üçün ümid, inam və əbədiyyət fəlsəfəsinin bədii simvoluna çevrilir.Bu yas el yasıdı, bu qəm el qəmi,Kədərli gözlərdən qəm-qüssə yağır.İnsanlar axışır, gəlir sel kimi,Görəsən nə varmış tabutdan ağır.Bu, alimin elm və xatirələrdə yaşamaqla ölümsüzləşməsi ideyasıdır. Dəfn günü “tabutdan ağır” olan yük – alimin mənəvi irsi, cəmiyyətə verdiyi töhfələr, tələbələrinin sevgisi və milli idealı daşıyan bir şəxsiyyətin ağırlığıdır. Qəbirüstü ziyarət isə təkcə bir məzar ziyarəti deyil, "Pir yerimiz var" deyərək elmə, müdrikliyə və ustadın irsinə ehtiram səcdəsi kimi təqdim olunur.. O dəfn günündən iki il keçir,Yığışdıq iki min iyirmi beşdə.....Ziyarət etməyə bir yerimiz var,Burdadı doğma da, dost da, qardaş da.Müəllim məzarı var, Pir yerimiz var.Poemanın əsas fəlsəfəsi insanın ruhani əbədiyyəti ideyası üzərində qurulub. Poema alimin vəfatı ilə bağlı kədərli notlarla davam edir. Təntənəli vida mərasimindən sonra Ustad son mənzilə yola salınır:Son mənzil günüdü, o gün son vida,Böyük alim gedir çiyinlər üstə.Bir insan bizimlə edir əlvida,Sanki aləm gedir çiyinlər üstə.Lakin müəllif üçün ölüm - yoxluq deyil, “Haqqın qatında yaşamaq” mərhələsidir. Elə buna görə də müəllif poemanın sonunda qənaətə gəldiyi fikirlərini belə bir güclü mesajla oxucuya ötürür: “Bir alim Nur oldu Tanrı çatında,Heç kim bu insanı unudan deyil.“Bir alim yaşayır Haqqın qatında,Həyat əbədidir, ölüm son deyil.” Burada ölüm - Nurla birləşmə, Tanrıya qovuşma kimi dəyərləndirilir. Bu, həm də müəllifin öz ustadı akademik Mədəd Çobanovun elmi irsinə əbədi yaşarlıq vermək istəyindən doğur.Bu, yalnız Mədəd Çobanovun elmi irsinin və xatirəsinin davam etməsi demək deyil, həm də ruhun Haqqın qatında nur olması inamını ifadə edir. Poema müəllimin qəbrini Pir yeri adlandıraraq, ziyarətgaha çevirir. Bu, alimin xatirəsinin sadəcə bir itki deyil, gələcək nəsillər üçün bir Mənəvi İrs Məşəli olduğunu göstərir. Poema fəlsəfi bir yüksəlişlə tamamlanır. “Ölüm son deyil” adı ilə də tanınan bu əsər, son hissədə fiziki ölümə qarşı mənəvi əbədiliyi qoyur:Fikrim sonsuzluqda, çatmayır sona,Sözə son verirəm mən aram-aram.O böyük alimə, dahi insana,Sevgiylə, sayğıyla dərin ehtiram..”Bir sözlə, tanınmış şair-yazıçı İsaxan İlyazoğlunun "ÖLÜM SON DEYİL" poeması görkəmli türkoloq, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə ithaf olunmuş əsərlər arasında xüsusilə diqqəti cəlb edir. İsaxan İlyazoğlunun akademik Mədəd Çobanovun çoxşaxəli şəxsiyyətinə, türkologiya və dilçilik elminə verdiyi töhfələrə, eləcə də, milli ideyalara sədaqətinə həsr olunmuş bu əsəri Azərbaycan ədəbiyyatında son illərdə yazılmış ən yaxşı ədəbi-bədii nümunələrdən biri olmaqla yanaşı, həm də, akademik həyatın, milli məfkurənin və ustad-tələbə münasibətlərinin dərin qatlarını açan, ziyalının cəmiyyətdəki tarixi və mənəvi rolunu təsdiq edən qiymətli bir sənəd, ədəbi-fəlsəfi, ən əsası, ən səmimi və ən dəyərli ədəbi və əbədi abidələrdən biridir. Elə bir abidə ki, Mədəd Çobanovun şəxsiyyətini akademik dairələrin hüdudlarından çıxararaq, onu bütün Türk dünyasının müdrik və əbədiyaşar el ağsaqqalı məqamına ucaldır. MƏLAHƏT BABAYEVA,“TURAN” İnformasiya Mərkəzinin – Turan.info.az saytının redaktoru,AYB-nin və AJB-nin üzvü,filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun Ədəbiyyat kafedrasının dosentiElm.İnfo.AzTuran.İnfo.AzÖLÜM SON DEYİL(Poema)Mən bu yazını əziz və hörmətli müəllimim,görkəmli türkoloq, tanınmış dilçi-alim,mərhum akademik Mədəd Çobanovunruhuna bağışladım.Ey uca Yaradan, ey Pirlər Piri,Bircə Ol sözünə xəlq oldu cahan.Bizə rəhbər etdin Peyğəmbəri,Sənin hökmün ilə quruldu mizan.Hikmətlər cəm oldu sənin zatında,Bircə Ol sözünə aləm yaratdın.Alimlər içində Mədəd adında,Peyğəmbər misalı alim yaratdın.Sözlə bir yarandı sözün qiyməti,Qılıncdan itidir sözün kəsəri.Haqdan mayalandı sözün qüdrəti,Sözlə qərar tutdu yerin məhvəri.Enəndə göylərdən haqqın sədası,Biz zaman yaşadıq zaman içində.Bir ada yaratdın Mədəd adası,Dəryalar qoynunda, ümman içində.Bir Xoca tanıdım qırx il öncə,Bizə həyat dərsi keçdi o insan.Zəkası dərindi, qəlbi çox incə,İlk sözü Vətəndi, son sözü Turan.Bir müəllim tanıdım mülayim, həlim,Doğma övlad sayar bizi sevərdi.Alimlər içində seçilən alim,Haqqı, ədaləti, düzü sevərdi.Bir qoca dağ gördüm tələbə vaxtı,Zaman zirvəsinə qar ələyirdi.Yanan çıraq gördüm tələbə vaxtı,Zülmət qaranlığa nur çiləyirdi.O, dilçi alimdi, söz sərrafıydı,Sözlərin içində söz axtarırdı.Müdrik düşüncəli, göz zərrafıydı,Əyrilər içində düz axtarırdı.Bizə öyüd verər, deyərdi; - Bala,Hər sözün öz vaxtı, öz məkanı var.Acı dil başlara bəladır, bəla,Hər kəsin ağzında bir düşməni var.Elmdir, bilikdi zəri-zinnəti,Ömrünü bu yolda mum eyləmişdi.Mərifət, qanacaq, hörmət-izzəti,Yığmışdı özündə cəm eyləmişdi.Bir insan tanıdım ömrü mənalı,Fikri, düşüncəsi, zəkası dərin.O, Qorqud misallı, el ağsaqqalı,Başında olardı xeyirin, şərin.Görürdüm həmişə üzündə kədər,Məfkurə sahibi, dahi insanı.Sevdi millətini dünyalar qədər,Candan əziz tutdu Azərbaycanı.Bir gün qəmli gördüm, görüşdük yenə,O, gözəl insanın dərdini sordum.Kədərli baxışla baxaraq mənə,Dedi ki, Dərbənddi, Təbrizdi dərdim.Onu çox sevirdim, bilmirəm nədən,Beş il güman yerim, sirr yerim oldu.Hər gün dil dərsinə gecikdiyimdən,O il dil dərsindən kəsirim oldu.Hamımız sevirdik Mədəd müəllimi,Qoca da, cavan da, uşaq da sevdi.Ana övladlarını sevdiyi kimi,Aldı əlimizdən torpaq da sevdi.Üç iyun, iki min iyirmi üçdə,Bir xəbər yayıldı, xəbər çox acı.El yasa büründü, el yas içində,Əzəldən ölümün yoxmuş əlacı.Bir alim əbədi yumdu gözünü,Belə ağır gündə söz demək olmur.Əcəl vaxtsız gəldi, dedi sözünü,Oğluna, qızına, qohumlarına,Allah səbr versin, döz demək olmur.Son mənzil günüdü, o gün son vida,Böyük alim gedir çiyinlər üstə.Bir insan bizimlə edir əlvida,Sanki aləm gedir çiyinlər üstə.Bu yas el yasıdı, bu qəm el qəmi,Kədərli gözlərdən qəm-qüssə yağır.İnsanlar axışır, gəlir sel kimi,Görəsən nə varmış tabutdan ağır.Bölünməz dediyin bölünür ancaq,Vəfasız dünyadı, qəribə həyat.Şahların yatdığı ey qara torpaq,Sənə bir dahini verdik əmanət.Haqqın dərgahında görün nələr var,Zamanla məkanın öz arasında.Torpağın altında dəfinlələr var,Ölüm var qaş ilə göz arasında.O dəfn günündən iki il keçir,Yığışdıq iki min iyirmi beşdə.Ziyarət etməyə bir yerimiz var,Burdadı doğma da, dost da, qardaş da.Müəllim məzarı var, Pir yerimiz var.Dostlar, asta gəlin, bu məzar üstə,Burda bir şəxsiyyət, bir insan yatır.Dərd qalaq-qalaqdı, qəm dəstə-dəstə,Burda Mədəd adlı bir sultan yatır.Salam, qəbristanlıq, salam, başdaşı,Salam, qəm odası, salam, dörd divar.Siz alim ömrünün tarix yaddaşı,Salam, qara torpaq, ey Ulu Məzar.Bura lal məkandı, qulağı sağır,Səcdəyə göylərdən mələklər endi.Burda hər nəsnənin zəhmi çox ağır,Kədərdən ürəklər bölünür indi.Məzar gül-çiçəkdi, göydən nur yağır,Kimin kim olduğu bilinir indi.Burda da müəllimin önündəyik biz,Lal sükut içində vaxt-zaman gedir.Bura son məkandı, dururuq səssiz,Burda sorğu-sual, imtahan gedir.Həyat imtahandı, keçə bilmirik,Çoxdu günahımız, çox sirimiz var.O biri dünyaya köçə bilmirik,Çünki, bu dünyada kəsirimiz var.Əzəldən belədir hökmü zamanın,Həyatın qəribə qanunu varmış.Haqqın rızasıyla gələn insanın,Demək ki, ömrünün bir sonu varmış.Bir alim Nur oldu Tanrı çatında,Heç kim bu insanı unudan deyil.Bir alim yaşayır Haqqın qatında,Həyat əbədidir, ölüm son deyil.Fikrim sonsuzluqda, çatmayır sona,Sözə son verirəm mən aram-aram.O böyük alimə, dahi insana,Sevgiylə, sayğıyla dərin ehtiram. İsaxan İLYAZOĞLU,"Abdulla Şaiq","Qızıl qələm" və"Zirvə" mükafatları laureatı,03.06.2025ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.