NƏRİMAN MƏHƏMMƏD OĞLU SÜLEYMANOV (1936-2024)

NƏRİMAN MƏHƏMMƏD OĞLU  SÜLEYMANOV (1936-2024) O, bir şəhid övladı idi…

Süleymanov Nəriman Məhəmməd oğlu - 1936-cı il oktyabrın 27-də qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın indiki Dmanisi rayonundakı Səfərli kəndində anadan olmuşdur.
Atası Məhəmməd kişi 1941-1945-ci illər Sovet-Alman müharibəsinin Şəhid Qəhrəmanı olduğu üçün böyük oğlu Nərimanın uşaqlıq həyatı olduqca ağır və çətin keçmişdir. Kiçik yaşlarından ailə qayğıları ilə yüklənmişdir.
Anası Əsli nənəyə dayaq, qardaşları Telman və Mahala atalıq etmişdir.
Kənd həyatının ağırlığı və o zamanın çətinlikləri gənc Nərimanı vaxtından əvvəl böyütmüş və daha zəhmətkeş etmişdir. Ailəsində ailə canlı, prinsipial, Qaraödəkli nəslində sözü keçən, kənddə sayılan, hörmətli kişilərdən biri olmuşdur.
Oxumağa böyük həvəsi olan Nəriman Məhəmməd oğlu maddi imkanının az olmasına baxmayaraq Bakı şəhərinə gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indikin ADPU-nun) kitabxanaçılıq fakultəsinə qəbul olunmuşdur. Oranı bitirdikdən sonra qədir bilən insanlar tərəfindən Səfərli orta məktəbinin zəngin kitabxanasının müdiri vəzifəsinə təyin edilmişdir. Ömrü boyu bu gözəl peşənin vurğunu olmuşdur.
Sovet hökuməti dağılana qədər Səfərli kəndinin yeniyetmələrinin hamısında kitaba böyük həvəs oyatmışdır. Bu gözəl və həm də böyük bir xidmət idi. Bu gənclərin mədəniyyət aləminə daxil olması demək idi. Demək olar ki, onun dövründə nəinki məktəbin bütün şagirdlərini, hətta, kəndin bütün gənclərini Azərbaycan ədəbiyyatının daimi oxucusu edə bilmişdi.
1988-ci ildə Borçalıda baş vermis məlum milli-münasibətlərin kəskin şəkildə ağırlaşdığı üçün kənd sakinləri elliklə minik avtomobillərini satdı, təkcə Nəriman Süleymanovdan başqa. O, şəxsi avtomobilini kəndin "Təcili yardım"ına çevirmişdi… Darıxanların... xəstələrin hayına, hoyuna yetirdi… Milli qorxuların yaşanıldığı bir dövrdə uzaqlara gedənləri aparardı. Uzaqlardan gələnləri qarşılayardı… El arasında deyildiyi kimi, "öz tükünün üstündə dolanan adam idi".
Nəriman dayı Səfərli kəndinin ilk professoru İsa Ömərovun bacısı Şəfiqə xanımla evlənmişdi. Beş övlad atası idi: Afayat Nəriman qızı - hüquqşünas, Marvil Nəriman qızı - Bakı Dövlət Universitetinin məzunu, Nairə Nəriman qızı - tibb bacısı, Maya Nəriman qızı və Marina Nəriman qızı - evdar xanımlardı.
Nəriman Məhəmməd oğlu Süleymanov - 2024-cü il dekabrın 12-də vəfat etmiş və dogma Səfərli kəndindəki qəbirstanlıqda dəfn olunmuşdur. Allah rəhmət eləsin...

Sevgül SƏFƏRLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: