XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ DƏ FƏRQ VARDIRMI? Publisistika, Köşə yazılar 6 февраля 2024 2015 100 1 2 3 4 5 MİLLİ YAZIÇILARIMIZIN O GÜN ÜÇÜN ƏDƏBİ MÜBARİZƏSİ, GÖRƏSƏN, BU GÜN ÜÇÜN DƏ AKTUALDIRMI?Bildiyiniz kimi, Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsinə qədər Azərbaycanda mədəniyyət, sivilizasiya, ədəbiyyat, mentalitet çox gözəl bir şəkildə inkişaf edirdi, hətta deyərdim ki, xalqın psixologiyası da öz saf intibah dövrünü yaşayırdı.Lakin çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 1501-ci ildə Şah İsmayıl Xətai qılınc gücünə Azərbaycan padşahı olduqdan sonra isə, demək olar ki, bütün hər şey aradan getdi. Çünki, Səfəvilər sülaləsi bu günləri də dərdini çəkdiyimiz, xalqımızın yaxşı-yaxşı bilib dərk etmədən “Adətdir!”-deyə, hayqıraraq icra etdiyi gic-gic mövhumatları, xurafatları, nə milli mədəniyyətimizə və nə də ki, müqəddəs İslam dininə heç bir dəxli və aidiyyatı olmayan əməlləri gətirdilər.XVI əsrdə yaşayan saf Azərbaycan xalqı yeni adətləri icra edə-edə, sanki, özü özünü tərk edərək tamamilə başqası oldu. Səfəvilər sülaləsi Türk mədəniyyətini aradan qaldıraraq Fars mədəniyyətini insanlarımıza həzm etdirdilər. Xalqımız da ki, XIX əsrə qədər – 400 il bu cür qidalandı.XIX əsrin əvvəllərində, ortalarında və axırlarında Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Seyyid Əzim Şirvani, İsmayıl bəy Qutqaşınlı, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli kimi qiymətli insanlar zühur etdi. Onların xalqın xeyirinə qələmə aldıqları hər bir əsər, hər bir şeir və yaxud hər bir məqalə qızıldan da qiymətli idi. Lakin nə yazıq ki, cəhalət içərisində boğulan, mövhumatdan və xurafatdan əl çəkə bilməyən cahil cəmiyyət bu cür mübarək insanları layiqincə qiymətləndirə bilmədi. Əksinə, ya onlara qarşı müxalifət cəbhəsi yaratdılar, ya onlardan qaçdılar və ya da ki, onlara qarşı sui-qəsdlər təşkil edərək onları ya yaraladılar və yaxud da ki, öldürdülər.O vaxtın insanları necə idi?! O vaxtın insanları bir neçə sinifə bölünürdü: 1) Cəhalətpərəstlər; 2) Xaricipərəstlər; 3) Fırıldaqçı ruhanilərin əsirinə çevrilmiş bədbəxt dindarlar; 4) Milyonçular; 5) Fəqir-füqəralar, yəni kasıblar.O dövrü belə xarakterizə etmək olar. Məsələn, cəhalət içərisində çabalayan dəstə savadın, maariflənmənin, oxumağın, xüsusilə gənclərin orta və ya ali təhsil almasına qarşı idilər; elə bir həyat yaşayırdılar ki, onun, ümumiyyətlə, heç bir mənası yox idi. Ruspərəstlər, Fransa pərəstişkarları, İran meyillilər, ingilispərəstlər, osmanlıpərəstlər və s. Bu qrup üçün də millət, vətən, mədəniyyət anlayışı yox idi. Xarici mədəniyyət bunların beyninə, ruhuna o qədər hopmuşdu ki, Azərbaycanda məhz sırf təsiri altına düşdükləri yadelli düşüncəni yaymaq və bununla yaşamaq istəyirdilər.Ruhanilər də ki, həmişəki kimi Allahın, Peyğəmbərin, Qurani-Kərimin və İslam dininin adından danışırdılar, amma ki, gizlində isə şeytani əməllər ilə məşğul olaraq camaatın başına oyun açırdılar. XIX əsr Azərbaycan əmiyyətinin bir çox savadsız nümayəndələrini özlərinin səfeh hərəkətlərinə cəlb edirdilər. Əslində, o vaxtı din yox idi. Sadəcə olaraq, qondarma din yaradıb əllərində alətə çevirmiş və bundan bir növ qazanc, mənfəət əldə edirdilər.Milyonçulardan da ki, çoxu xeyirsiz, simic idi. Deyərdim ki, Mirzə Fətəli Axunzadənin “Hacı Qara” obrazından heç də geri qalmırdılar. Həmin varlıların içərisində iki nəfər var idi ki, onlara, sözün həqiqi mənasında, Allahın rəhməti düşür. Bunlar Hacı Zeynalabudin ilə Murtuza Muxtarov idi. Digər milyonçular isə muzdur və mühafizəçi kimi əllərində quldur qoçular saxlayırdılar, yəni özləri üçün yaşayırdılar. Ağamusa Nağıyev elə bunların ən bariz və ümumiləşmiş bir nümunəsi idi. Əgər o var-dövləti sağlığında xalqın yolunda xərcləmirsənsə, o zaman, həmin var-dövlət heç sən öləndə də dadına və imdadına çatmayacaqdır.Fəqir-füqəralara gəldikdə isə onların da çoxu aclıqdan, kasıbçılıqdan əziyyət çəkirdi. Bəziləri ağa, bəy qapısında nökərçilik edirdi, axırda da söyülə-söyülə, şallaq yeyə-yeyə bir parça çörək alaraq ailəsinə aparırdı. Bəziləri də az məvacib qarşılığında böyük neft mədənlərində fəhlə kimi işləyirdi, ancaq işləyib qazandığından isə nə özü fayda görürdü və nə də ki, ailəsi xeyir görürdü.XIX əsrin ictimai əhvali-ruhiyyəsini xronoloji ardıcıllıqla sadalayarkən, baxıb görürsən ki, XXI əsr də ondan heç geri qalmır. Sanki, həmin abu-havadır. Yenə də insanlarımızın bir çoxu vətənpərvərlikdən uzaqdır, xarici mədəniyyətə, yadelli düşüncəyə üstünlük verirlər. Bunun ən bariz nümunəsi iki cürdür: 1) Vətəndaşların 50%-nin rus dilində danışması və gənclərin ali təhsil almaq üçün qürbətlərə axışması. Burada yenə də farspərəst dindarları, ruspərəst müasirləri, ingilispərəst idealistləri görürük. Cəmiyyət ideoloji, düşüncə, sosial baxımdan neçə-neçə qruplara bölünür. Əgər məntiqlə düşünsək, görərik ki, bu, artıq vətənin parçalanması deməkdir. Yenə də bir çox ruhanilər, mollalar xidmət etdikləri xarici siyasət naminə din adı altında bir çox cahil dindarların başını yeyir, onları vətənə, millətə qarşı düşmən düşüncədə təlim edir. Yəni, bir sözlə, 150 il əvvəlki düşüncə ilə indiki təfəkkür arasında zərrə qədər fərq yoxdur.XIX-XX əsrin milyonçuları ilə XXI əsrin Azərbaycan varlıları arasında da oxşarlıq var. O vaxtkılar da özləri üçün yaşayırdı, indikilər də özləri üçün yaşayır. Bir kasıbın, sıxıntısı olan adamın dərdinə yaramır, yaralarına məlhəm ola bilmirlər. Allaha xatir, kömək etmək istəmirlər. Bilmirlər ki, ölüb torpağın altına girəndən sonra pulları başqalarına qalacaq və o pullar onları Allahın əzabından heç vaxt qurtara bilməyəcək! Həmin varlılardan bir az maddi kömək istəsən, heç vaxt kömək etməzlər. Elə bil ki, canları çıxır. Onlar heç vaxt Hacı Zeynalabudin Tağıyev və Murtuza Muxtarov kimi ola bilməyəcəklər! Çünki, Tağıyev nəzakəti, Muxtarov cəsarəti onlara yoxdur! Tağıyevin və Nağıyevin ruhu onlarda yoxdur və heç vaxt da olmayacaqdır!Mərhumlarımız Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə bu xalqın yolunda fəda oldular. Biri uğrunda əziyyət çəkdiyi xalqın izdihamına düşərək ciyərlərini zədələyərək öldü, digəri isə xiffətə dözməyərək ürəyi partladı. Millətə savadlanmaq, maariflənmək lazımdır. Cəmiyyət milli təfəkkür ilə yaşamalıdır. Bəzən bəyənmədiyimiz yadelliləri tənqid edirik, lakin görürsən ki, onlar necə də öz vətəninə, millətinə, adət-ənənələrinə, mədəniyyətinə, mentalitetinə, bütün milli atributlarına necə də səmimi qəlbdən bağlıdır və onu neçə ildir ki, əcdadlarından irs olaraq götürüb yaşadır. Ancaq çox təəssüflər olsun ki, bizlər əcdadlarımızın qoyub getdiyi müqəddəs milli irsə sahib çıxa bilmirik. Çünki, çoxumuz başqa xəyallar ilə yaşayır, çoxumuz yadelli düşüncəyə üstünlük verir. Mən deyərdim ki, bəlkə də adlarını qeyd etdiyim milli yazıçılarımızın ruhları indi cəmiyyətin köhnə halını görərək bir daha məyus olur, ruhu tar-mar olur. Necə ki, öz dövrlərində tar-mar olurdularsa, elə indi də o cür tar-mar olurlar.Ərtoğrul MehdizadəBakı şəhəri. 7 fevral 2024-cü il, çərşənbə günüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.