BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib BDU, Müşfiq Borçalı 9 декабря 2025 22 0 1 2 3 4 5 Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış ədəbiyyatşünas alim və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sənət və sənətkar” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə BDU rektoru Elçin Babayev açıb. O, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadə yalnız böyük şair və ictimai xadim kimi deyil, həm də uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib: “O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinə qəbul olub və ali təhsilini burada başa vurub. Təhsil illərində də poeziya ilə məşğul olub. Sonralar öz elmi-pedaqoji fəaliyyətini Universitetlə bağlayıb, BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent, professor kimi çalışıb. Uzun illər ərzində Azərbaycan poeziyası, Ədəbiyyat tarixi, Poetika, Müasir ədəbiyyat fənlərini tədris edib. Bəxtiyar Vahabzadə elmi-pedaqoji fəaliyyətində tələbələrə sadəcə nəzəri bilik verməklə kifayətlənməyib, həm də onlara milli düşüncə, ana dili və ədəbiyyata sevgi aşılayıb. Çox sayda filoloq, müəllim, şair və tədqiqatçı məhz onun elmi-ədəbi mühitdə yaratdığı məktəbin davamçıları olub. İnanıram ki, konfransda milli ədəbiyyatımızın zənginliyi, ana dilimizin saflığının qorunması istiqamətində, ümumiyyətlə milli kimliyimiz, milli ideologiyamızın, azərbaycançılıq ideyasının müxtəlif aspektlərinə işıq tutan maraqlı məruzələr ediləcək”. Atatürk Mərkəzinin rəhbəri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov "Miilətin şairi" adlı geniş məruzə edib. Bildirib ki, onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib. Daha sonra Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, şair Qəşəm Nəcəfzadə və b. çıxış ediblər. Onlar Bəxtiyar Vahabzadənin XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yeri olduğunu vurğulayıblar. BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyev Bakı Dövlət Universitetinin (BDU) Filologiya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri haqqqında məlumat verib. Bildirib ki, Müsabiqə komissiyasının qərarına əsasən, BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova I yerə, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samirə Məmmədli II yerə, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov isə təşəkkürnaməyə layiq görülüb. Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Konfransla bağlı statistik məlumatları diqqətə çatdırıb, bildirib ki, konfransa respublikamızın 20-dən artıq ali məktəbindən 100-ə yaxın məruzə təqdim olunub. Konfrans plenar iclasdan sonra öz işini 5 bölmədə davam etdirəcək. Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı (Verdiyev) “Bəxtiyar Vahabzadə yaradıcılığının metaforik qatları: mətn, oxucu, araşdırıcı müstəvisində”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadə: zaman, şəxsiyyət və milli yaddaş” mövzularında məruzələr ediblər. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. ***Konfransda BDU-nun professoru, filologiya elmləri doktoru, professor Zemfira Şahbazova "B.Vahabzadənin yaradıcılığında sulal cümlələrinin linqvopoetik xüsusiyyətləri", BDU-nun dosent, filologiya üzrə fəlsəfə doktoru Rahilə Quliyeva "Bəxtiyar Vahabzadənin məktəb şeirləri kontekstində maarifçilik görüşləri", Azərbaycan Texniki Universitetinin əməkdaşı, "Ziya" qəzetinin, "Zİm.Az", "Ziya.İnfo.Az" və "Elm.İnfo.Az" saytlarının Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalı (Çobanov) "B.Vahabzadənin yaradıcılığında Gürcüstan konsepti", H.Əliyev adına Hərbi İnstitutun dosenti, filologiya üzrə fəlsəfə doktoru Hüsniyyə Çobanova "B.Vahabzadə yaradıcılığında toponimlərin işlənmə tezliyi", BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru İradə Rəhmanova "Bəxtiyar Vahabzadə yaradıcılığında muğam poetik model kimi", BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nigar Seyidova "Bəxtiyar Vahabzadə yaradıcılığında məna daralması və genişlənməsi" və b. mövzularda bir-birindən maraqlı məruzələr ediblər. * * *Qeyd edək ki, konfransda iştirak edən hörmətli həmkarımız, Azərbaycan Texniki Universitetinin əməkdaşı, "Ziya" qəzetinin, "Zİm.Az", "Ziya.İnfo.Az" və "Elm.İnfo.Az" saytlarının Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalı (Çobanov)un konfransın "B.Vahabzadə-100" adlı Birinci bölməsində "B.Vahabzadənin yaradıcılığında Gürcüstan konsepti" mövzusunda etdiyi məruzə böyük maraqla qarşılanıb.FİRƏNGİZ İBADOVA,"Borçalı" nəşriyyatının redaktoru,Elm.İnfo.Az saytının şöbə müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.