Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilib Müsabiqə, Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov 3 июня 2025 190 0 1 2 3 4 5 Gürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsində fəaliyyət göstərən azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin Bolnisi rayon turu keçirilib. ZiM.Az Regionpress.ge-yə əsasən xəbər verir ki, 2025-cü ilin mart ayından ictimaiyyətə elan olunan II İnşa yazı müsabiqəsinin ilk turuna qədim Baçkeçid – indiki Dmanisi bələdiyyəsində fəaliyyət göstərən “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin təşkilatçılığı ilə mart ayında start verilib. Bu münasibətlə 2025-ci il mayın 23-də Dmanisi Tədris Mərkəzində təntənəli açılış tədbiri keçirilən 2-ci İnşa müsabiqəsinin Bolnisi rayon turu iyunun 1-də İmirhəsən Gənclər və Təhsil mərkəzində baş tutub. Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Bolnisi Gənclər və Təhsil mərkəzinin rəhbəri Rezo Həsənov açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib. O, ana dilini öyrənməyin bir borc olduğunu, akademik Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıb. Rezo Həsənov bildirib ki, müsabiqədə Bolnisi bələdiyyəsinin Kəpənəkçi (Kvemo-Bolnisi), Darvaz, Faxralı, Güləver, İmirhəsən və başqa kəndlərindəki ictimai məktəblərdən gəlmiş 56 nəfər şagird iştirak edir. Onlar arasından seçilən 20 nəfəri Marneulidə keçiriləcək yekun tura vəsiqə qazanacaqlar.Daha sonra Rezo Həsənov müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb, özünə güvənərək müsabiqədə iştirak edən bütün şagirdlərin elə əvvəlcədən mənəvi olaraq qalib olduqlarını, çünki onlar məhz müqəddəs ana dili uğrunda yarışdıqlarını bildirib.Sonra Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun Bolnisi bölgəsi üzrə nümayəndəliyin rəhbəri, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, “Ümid” qəzetinin Baş redaktoru, görkəmli maarif xadimi, tanınmış şair-jurnalist Əlixan Yəhyaoğlu mərhum akademik Mədəd Çobanovla bağlı unudulmaz xatirələrini danışıb, onun daima məktəblərə və məktəblilərə diqqət və qayğı göstərdiyini xatırladıb, şagirdlər arasında bu cür inşa müsabiqələrinin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb. Daha sonra Darvaz kənd ictimai məktəbinin müəllimi, ali məktəbdə akademik Mədəd Çobanovun tələbəsi olmuş Tahirə Əliyeva sevimli müəllimi ilə bağlı unudulmaz xatirələrini söyləyib, görkəmli türkoloq, tanınmış diliçi-alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş və əsası ötən il qoyulmuş 2 mərhələli İnşa yazı müsabiqənin Bolnisidə keçirilən ilk turunda iştirak edən şagirdlərin ana dilimizlə bağlı “Ana dilimiz – varlığımızdır!..”, “Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri”, “Azərbaycan – Gürcü mədəni əlaqələrinin inkişafında Akademik Mədəd Çobanovun rolu”, “Akademik Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi pedaqoji fəaliyyətinin Tiflis dövrü” və “Akademik Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi” mövzusunda yazdıqları inşalarda ana dilimizin zənginlikləri barədə öz fikirlərini böyük həvəslə və bir-birindən maraqlı tərzdə bölüşdüklərini bildirib.Daha sonra Kəpənəkçi məktəbinin Azərbaycan dili müəllimi, tanınmış ictimai xadim Çingiz Yaqubov, “Gürcüstan” qəzetinin xüsusui müxbirləri, tanınmış jurnalistlər Bəhram Mehdi və Şamil Ziyadəliev çıxış edərək görkəmli dilçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıblar, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər. Tədbirdə Faxralı məktəbinin Azərbaycan dili müəllimi, tanınmış şair və ictimai xadim, “Qızıl qələm” mükafatı laureatı Fatma Əliyeva, İmirhəsən Gənclər və Təhsil mərkəzinin müəllimləri - Şəhla İsmayılova, Fəridə Seyidova, Qeta (Aşağı Güləver) İcma mərkəzinin müəllimi Günel Abdullayeva və başqaları çıxış edərək unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də xüsusi önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar, şagirdlərə uğurlar diləyiblər, eyni zamanda, bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar.Onlar son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqələrdə iştirakının və fəallığının ürəkaçan olduğunu və məhz ana dilimizin inkişafına yönəldiyini vurğulayıblar.Sonda tədbir iştirakçılarına mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar hədiyyə olunub, xatirə foto-şəkillər çəkilib. *** 2-ci İnşa yazı müsabiqəsinin təşəbbüskarı və təşkilatşısı - “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin sədri Kamran Xıdırov ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbirinə müsabibə zamanı bildirib ki, iki il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş və ötən il Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının baş redaktoru, tanınmış maarif xadimi, mərhum Ələddin Qarabağlının təşəbbüsü və Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə əsası qoyulmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin ana dilimizə olan sevgilərini daha da artırmaq, onları Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.Elə buna görə də, müsabiqənin davamlı olacağına və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyinə əminliyini bildirən Kamran müəllim böyük sevinc hissi ilə Dmanisidə ilk dəfə keşirilən müsabiqədə bələdiyyənin müxtəlif məktəblərindən gəlmiş 75 nəfər şagirdin iştirak etdiyini bildirib və onu da diqqətə çatdırıb ki, Yırğançay, Qarabulaq, Hamamlı, Səfərli, Yuxarı Oruzman ictimai məktəblərinin, həmçinin Dmanisi 2 nömrəli məktəbin şagirdləri xüsusilə fəallıq göstəriblər. Məhz onların arasından seçilən 25 nəfərin Marneulidə keçiriləcək yekun mərhələyə vəsiqə aldığını vurğulayıb.*** Biz də Redaksiya Heyətimiz adından Gürcüstanda azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilən və unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunan “Ana dilimiz – varlığımızdır!” mövzusunda İnşa yazı müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış edən və ötən il ilk müsabiqəni yüksək səviyyədə təşkil edən Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın sabiq rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının sabiq baş redaktoru, tanınmış maarif xadimi, mərhum Ələddin Qarabağlının xatirəsini böyük hörmət və ehtiramla yad edirik, onun ruhu qarşısında baş əyir və ona Allahdan rəhmət diləyirik.Eyni zamanda, I İnşa yazı müsabiqəsini yüksək səviyyədə təşkil etdiklərinə görə Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun rəhbərliyinə, “Şərəf” ordenli yazıçı Əli Abbas, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova, Marneulidəki Azərbaycan Evinin rəhbəri Məhəbbət İmanova, Gürcüstanın Əməkdar müəllimi, Dmanisi rayonunun Aşağı Oruzman kəndinin məktəb direktoru İslam Məmmədova, Qaraçöpdən Əməkdar müəllim Qazax Abdullayevə, Qarayazıdan Azərbaycan dili müəllimi Sevda Şahverdiyevaya, Tiflisdən Azərbaycan dili müəllimi Abayat Qurbanovaya, Marneulidən Gürcüstan Azərbaycandilli məktəblər qrupunun rəhbəri Esmira Ələkbərliyə həmçinin II İnşa yazı Müsabiqənin təşkilat komitəsinin sədri, professor Mahmud Kamaloğluna, Gürcüstan Parlamentinin sabiq deputatı, tanınmış maarif xadimi Ruslan Hacıyevə, II İnşa yazı Müsabiqənin təşəbbüskarı və təşkilatçısı - “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin rəhbəri Kamran Xıdırova, Bolnisi Təhsil və Gənclər Mərkəzinin rəhbəri Rezo Həsənova, Azərbaycan dili müəllimləri Fatma Əlievaya, Çingiz Yaqubova, Tahirə Əliyevaya, tanınmış jurnalistlər Əlixan Yəhyaoğluna, Bəhram Mehdiyə, Şamil Ziyadəliyevə, bir sözlə, əməyi keçən hər kəsə təşəkkür edir, onlara və müsabiqədə iştirak edənlərin hamısına yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.