Camal Mustafayev: İnsanlığın və alimliyin uca zirvəsində

Camal Mustafayev: İnsanlığın və alimliyin uca zirvəsində Camal Mustafayev 1928-ci il aprelin 15-də Gürcüstanın Qardabani rayonunun (Qarayazı) Kosalı kəndində Firuddinli nəslindən varlı təsərrüfatçı Vəli bəy Mustafa oğlunun ailəsində anadan olmuşdur. Uşaq ikən 1931-ci ildə atasına “xalq düşməni” adı vermişlər. Ailəliklə – Orta Asiyaya Amu-Dəryanın qumlu sahillərinə sürgün olunmuşlar. 1933-cü ildə isə sürgündən qayıtmışlar.

1934-cü ildə 6 yaşında Camal Mustafayev Kosalıda o vaxtlar “yarımıncı sinif” deyilən hazırlıq sinfinə daxil olur. Güclü hafizəyə malik olmuşdur. Eşitdiklərini tez qavrayırdı. Onun məktəb yoldaşlarından olan Əmrah Alı oğlunun dedikləri: “Camal nəinki sinifmizdə, hətta bütün məktəbdə ən güclü hafizəsi olan şagird idi. Çox vaxt dərsə kitab gətirməzdi. Dolu bədənli, sağlam, gözəl bir yeniyetmə idi. Müəllimin sinifdə dedikləri yaddaşına dərhal həkk olunardı. Növbəti dərs vaxtı Camal çıxıb dərsi bülbül kimi ötərdi”.
Çoxlu şeir bilərdi.
1937-ci ildə atası Vəli bəyi “xalq düşməni” kimi güllələdilər.
1941-ci ildən məktəblər müharibə ilə əlaqədar bağlandığından dərslər müvəqqəti kəsilmiş və müharibədən sonra məktəbi bitirmişdir.
1948-ci ildə Bakıdakı yeganə Dövlət Universitetində tarix fakultəsi nəzdindəki fəlsəfə şöbəsində təhsil almış və oradan 1949-cu ildə təhsilin davam etdirmək üçün M.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinə göndərilmişdir.
Fəlsəfəyə meyl salmağının səbəbini Camal müəllim belə izah edirdi. “Mənim gənclik illərimdə marksist fəlsəfə geniş şöhrət qazanmışdı. Kommunist partiyasının nəzəri əsası olan bu sahə yüksək ideya nüfuzuna malik idi. Marksist filosof olmaq partiyanın ideoloqu demək idi. ADU-nun fəlsəfə şöbəsinə bu təsirlə daxil oldum”.
Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsini bitirdi. Sosial mənşəyinə görə aspiranturaya qəbul etmədilər. Gürcüstana qayıtmalı oldu. Əvvəlcə Qaratəpədə, sonra isə Kosalıda müəllim və direktor vəzifələrində çalışdı. O zamanlar raykom katibi işləyən Ksovreli C.Mustafayevi Kommunist partiyası sıralarına daxil olmasına kömək etdi. Bu zaman rayondakı yaşlı adamların rəyini nəzərə aldı.
Xatirələrdən bir yarpaq: “Qarayazı mühiti” özünəməxsus əxlaqi kodeksi əks etdirir. Qarayazının indiki şöhrətinin əsasını da o zamankı ziyalılar və nüfuzlu aqsaqqallar qoyub. Eldə mənəvi bütövlük vardı, çünki təbəqələşmə yoxuydu. Öz mənayefinə qapılma meyli azıydı. Qonaqpərvərlik, qayğıkeşlik halı üçün etik normaya çevrilmişdi. Elim sevinci də, kədərli də hamı üçün bir idi.
Məktəbdə işləyərkən ağsaqqallara ehtiramla yanaşırdım. Direktor olmağıma baxmayaraq Cəlil müəllim otağa girərkən ayağa qalxırdım. Məsim Şərifov mənim yaxın köməkçim idi. Tanrıverdi Sadıqov, Nəsrəddin İgidov, Nəriman Sadıqov, Tapdıq Eyyubov və b. qabiliyyətli müəllimlərlə işləmək çox xoş idi. Məktəbdə ziyalı mühiti, qarşılıqlı hörmət, ləyaqət, məsuliyyət hissi formalaşmışdı”.
Təbiətində vəzifəyə meyli olmayan C.Mustafayev alim olmaq arzusundaydı. O dövrdə isə bu arzunu gerçəkləşdirmək o qədər də asan məsələ deyildi. Tərcümeyi-halı siyasi cəhətdən etibarsız hesab edilirdi – atası “xalq düşməni” idi. Belə bir vaxtda böyük S.Vurğun C.Mustafayevə kömək etdi. Bu barədə O, tədqiqatçı-jurnalist Şəmistan Nəzirliyə yazdığı məktubda ətraflı bəhs etmişdir:
“Hörmətli Şəmistan müəllim!
Siz illərdən bəridir Səməd Vurğun haqqında xatirələri toplayıb, qələmə alırsınız. Sizə ilk jurnalist şöhrəti qazandıran bu mövzuya daim sədaqətlə bağlılığınız təqdirə layiqdir. Başlıca niyyətiniz Vurğunun comərd təbiətini, insana hədsiz qayğısını dolğun şəkildə təsəvvürlərdə canlandırmaqdır.
Vurğun yaxşılığı neçə-neçə talelərdə, o cümlədən mənim taleyimdə müsbət rol oynayıb. Bu xüsusda mən yeri gələndə dərin minnətdarlıqla danışıram. Sizinlə birgə olduğumuz sazlı-sözlü bir məclisdə yenə bu mövzuda söhbət açmışdım. Bunu Siz “Vurğun məclisi” oçerknizdə gözəl təsvir edibsiniz. İndi isə Sizi mənim Səməd vurğuna yazdığım məktub, onun motivləri ayrıca maraqlandırır. Bununla bağlı həmin oçerkdə ən mühüm n.qtəyə toxunulub. Bu söhbəti təzələmək üçün bə’zi həqiqətləri xatırlamaq lazımdır.
Mən o məktubu 1954-cü ilin aprel ayında yazmışdım. O zaman mən Gürcüstanın Qardabani (köhnə Qarayazı) rayonunun Kosalı kəndində müəllimlik edirdim. Moskva universitetinin fəlsəfə fakultəsini ikinci il idi bitirmişdim. Fikrim-zikrim yenidən Moskvaya gedib, aspiranturada oxumaq idi. Ancaq buna mənim anketim – “sosial mənşəyim” əngəl törədirdi. Atam bəy olmuşdu. “Xalq düşməni” kimi tutulub, güllələnmişdi. Belə tərcümeyi-halla marksizm-leninizm fəlsəfəsi sahəsində aspiranturaya daxil olmaq mümkün deyildi. Bu iddiada olanlar neçə partiya mərhələsində ciddi yoxlanılırdı. Doğrudur, Kommunist partiyasına qəbul edilmişdim; onun fəlsəfəsinə, ideallarında humanizm ruhuna etiqadlı idim. Bununla bərabər sosial mənşəyə xüsusi olaraq diqqət edilirdi. Bütün bunları yaxşı bilirdim, amma fikrimdən dönmək istəmirdim.
Nəhayət, Azərbaycan Elmlər Akademiyasının prezident müavini Səməd Vurğuna məktub yazmaq qərarına gəldim. Məktubu işdən sonra axşam evimizdə lampa işığında yazdım (kəndimizə elektrik xətti çəkilməmişdi). həyacan keçirirdim, ona görə mətləbə keçməyə çətinlik çəkirdim. Əvvəlcə Qarayazıda elin əhvalından bir şey demək istədim. Nədənsə yerli-yersiz tənqiddən başladım; ümumi tərəqqi fonunda geri qalmağımızdan şikayət etdim. Aspiranturaya arzumu, Səməd Vurğunun estetik görüşlərini namizədlik dissertasiyası seçmək niyyətində olduğumu bildirdim. Əqidə saflığına nişanə olaraq məktubumu “kommunist salamlarıyla” bitirdim. Ertəsi gün onu məktəbimizin fililoqu Allahverdiyev Allahverdi müəllimə göstərdim, bəyəndi, sonra Bakıya yolladım.
Mən bu məktubuma səbirsizliklə cavab gözlədim, ancaq almadım. Düşündüm: bəlkə Vurğun onu almayıb, bəlkə cavab yazmağa vaxtı yoxdur, ya bəyənməyib. Nəticədə dərs ilinin sonunda özüm Bakıya gəlməli oldum. Gəlişimin məqsədini ilk əvvəl dostum Cəfərov Şəmsəddinə danışdım. Onunla Moskva universitetində eyni fakultədə oxuyanda dost olmuşduq. Çətin günlər görmüşdü; atasını kollektivləşməyə düşmən çıxarıb, güllələmişdilər. Vətən müharibəsində özünü 17 yaşında cəbhəyə göndərmişdilər. Təbiətən təvazökar, sadə xasiyyəti çoxlarını ona dost etmişdi. Məndən iki il əvvəl universiteti bitirəndə, aspiranturada saxlanılmışdı. Müharibə iştirakçısı olduğundan “sosial mənşəyi” ona maneə olmamışdı. 1953-cü ilin axırlarında namizədliyi müdafiə edib, Bakıya qayıtmışdı. Səməd Vurğunun yardımilə universitetimizə fəlsəfə müəllimi təyin edilmişdi. Burda fəaliyyətə başladığı az vaxt içərisində hörmət qazanmışdı. Mənim işim üçün onunla Akademiyanın Tarix İnstitutuna getdik. O illərdə fəlsəfə şöbəsi bu institutun nəzdində idi. Hazırladığım lazımi sənədlərlə direktora – Əlövsət Quliyevə müraciət etdim. Məni xoş qarşıladı, amma bioqrafiyamın “namünasib” cəhətindən ehtiyat etdi; rədd cavabı verdi. Direktorun otağından çıxanda kefimin pozulduğunu Şəmsəddin üzümdən oxumuşdu. Vəziyyətimi belə görüb dedi: gedək Səməd Vurğunun yanına. Yayın yandırıb-yaxan havasında Kommunist küçəsinə (indiki İstiqlal küçəsi) doğru addımladıq. Akademiyanın binasında, şairin iş otağının qapısının ağzında bizə dedilər: qəbul vaxtı deyil. Qapı yarı açıq idi, Gürcüstandan gəldiyimi bildirəndə: “Kimdir, buraxın” – dedi.
Biz otağa keçəndə Səməd Vurğunun yanında olan qardaşı Mehdixan müəllim xudahafizləşib getdi. Şair bizə yaxınlaşıb, əlimizi sıxdı, oturmağımızı təklif etdi. Şəmsəddini tanıdı, o isə universitetdə işlərinin yaxşı getdiyini böyük minnətdarlıqla məlumat verdi. Mən gürcüstandan, Qarayazı mahalından gəldiyimi deyəndə, Vurğun mənə diqqətlə baxıb, xəyala daldı. Ola bilsin, əzəldən bağlı olduğu yerləri göz önünə gətirirdi; məhşur sətirləri var:
“...Kür qırağı, Qarayazı, göy çəmən,
Qoşa palıd...Tüstülənən od-ocaq!
Saç ağardı, unutmadım sizi mən,
Hansı şair sizi bir də yazacaq?
Ancaq mən onun bu xəyala dalmağından bir şeyi duyurdum: mənim məktubumu alıb. Hər ikimizə üzünü tutub soruşdu: “Görünür, həmsinif olubsunuz?” Mənə elə gəldi, bizim sinfi mənsubiyyətimizə işarə edir (O arada bu fikrin ağlıma gəlməsi təbii idi!). Ancaq şair bizim tələbə yoldaşı olmağımızı nəzərdə tuturmuş. Mən vəziyyətimi danışdım: atamın taleyindən, bu səbəbdən üzləşdiyim maneələrdən onu xəbərdar etdim. Bir az həyəcanlı olduğum səsimin titrəyişindən açıq duyulurdu. Vurğun məni dinləyib, birdən ayağa qalxdı, əlini çiynimə qoydu: “Ürəyini sıxma” – dedi. Dərhal Moskvaya aspiranturaya göndərilmək məsələmi həll etməyə girişdi. Bəzi müqavimətə rast gəldi, amma istəyimi yerinə yetirdi.
Moskvada Fəlsəfə İnstitutunda isə Vurğundan yazmaq istəyimlə razılaşmadılar. Nizaminin fəlsəfəsini dissertasiya mövzusu olaraq seçməyimi lazım bildilər. Bundan sonra elmi işimi Nizami yaradıcılığına həsr etdim. Bu sahədə araşdırmalarım geniş yayıldı, mənə elmi nüfuz, yüksək elmi adlar qazandırdı. Bunun üçün daima Səməd Vurğuna minnətdaram, onun ulu şəxsiyyətinə, ölməz ruhuna borcluyam.”
1968-ci illərdə C. Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmiişçi və baş elmi işçi vəzifələrində işləmişdir.
1961-ci ildə “Nizaminin etik görşləri” mövzusunda namizədlik, 1968-ci ildə isə Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi vəmüasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləmişdir.
1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olmuşdur. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdirivəzifəsində çalışmışdır.
Professor Camal Mustafayev 1999-cu ildən 2017-ci ilədək Xəzər Universiteti Tərcümə AraşdırmalarMərkəzinin direktoru vəzifəsində çalışıb.
Camal Mustafayev Azərbaycan və Şərq fəlsəfisinə dair çoxlu elmi əsərlərin müəllifidir, çoxlu elmlər namizədi doktorunun yetişməsində onun mühüm xidmətləri olmuşdur.
O, Azərbaycan ictimai fikir tarixinin yazılmasında fəal iştirak edib, 40 ildən ali təhsil sistemində etika və estetika tədrisi sahəsində fəal xidmət göstərmişdir. Onun yüksək səviyyədə söylədiyi mühazirələr orijiqnallığı ilə seçilirdi. Bu mühazirələrin hər biri əsil elmi yaradıcılıq nümunələri idi. Camal müəllim birinci mühazirədə dediklərini ikinci dəfə təkrar etmirdi. Hər dəfə auditoriyaya daxil olarkən eyni bir mövzu haqqında yeni-yeni fikirlər söyləyirdi. Camal müəllimin bu mühazirələrinin toplanıb kitab şəklində çap olunması Azərbaycan fəlsəfə elmi üçün böyük bir töhfə ola bilərdi. 1962-ci ildə çapdan çıxmış “Nizaminin fəlsəfi və etik görüşləri” monoqrafiyasında Camal Mustafayev Nizaminin humanizmlə yoğrulmuş fəlsəfəsini və etik baxışlarını açıb göstərmişdir. Nizaminin humanist ideyalarını tədqiq edən təbiətən xeyirxah olan Camal müəllim özü də humanist bir şəxsiyyət və filosof kimi formalaşmışdır.
Bu monoqrafiyada XII əsrdə Azərbaycanda ictimai fikrin vəziyyəti. Nizaminin insan ruhu haqqında baxışları, onun qədim Hind və Yunan fəlsəfəsindən bəhrələnməsini, müdriklik, xeirxahlıq, ağıl, xoşbəxtlik, əməksevərlik, məhəbbət haqqındakı etik görüşlərini bir peşəkar filosof kimi ətraflı təhlil etmişdir.
Camal Mustafayev Mərkəzi Asiya, Moskva, Sankt-Peterburq, Gürcüstan, bəzi Yaxın Şərq ölkələrinin alimləri ilə sıx əlaqə saxlayırdı. Onlarla qarşılıqlı əməkdaşlıq edirdi.
Yaxın Şərqdə və Mərkəzi Asiyada onu islam mədəniyyətinin araşdırıcısı kimi tanıyırlar. Dəfələrlə Pribaltika, Moskvada, Peterburqda, Gürcüstanda təşkil olunmuş elmi simpoziumlarda çıxış etmişdir. Alimlər tərəfindən yaxşı qarşılanmışdır. Camal Mustafayevin öz dünyası, öz aləmi vardı. Onda elmə, biliklərə, klassik filosofların əsərlərinə elə aludəçilik vardı ki, bəzən özünü, öz səhhətini belə unudurdu.
Camal Mustafayev ömür boyu xeyirxahlıq edib imkansızlara xeyirxahlıqla əl uzadıb, köməklik göstəribdir. Maaş alan kimi onun yarıdan çoxunu səxavətlə paylayar, nə qalsa evə aparardı. Bir haşiyə: bir dəfə elə olur ki, Camal müəllim özü Bakıda olmur. İnstitut rəhbərliyi onun maaşını evə göndərməli olur. Həyat yoldaşı Nənni xanım pulun “çox” olduğunu gördükdə təəcüblənir. Çünki Camal müəllim heç vaxt evə bu “çoxluqda” pul gətirmirdi.
Aşıq poeziyasının aşıq sənətinin vurğunu idi. Qarayazıdan, Borçalıdan olan aşıqların dəfələrlə konsertini təşkil elətdirib.
Neçələrini təmənnasız işə düzəldib. Əlini çörəyə çatdırıb. Neçə-neçə şairlərin ilk şeir kitablarını çap etdirib, onlara öz dəyərli məsləhətlərilə sənət yollarında yüksəlməyə şərait yaradıb.
İndi səsi televiziya ekranlarından, şeir məclislərindən gur-gur eşidilən şairlər; neçə-neçə alimlik diplomu gəzdirənlər onun sayəsində irəli getmişlər. Yenicə elm aləminə qədəm qoyanlar da, yazıçılar da, professorlar da, akademiklər də, onun dəyərli məsləhətlərindən faydalanmağa çalışırdılar.
Camal müəllim “ən varlı” adam idi: tələbə də, alim də, qoca da, cavan da – bütün təbəqədən olan damlar ona dərin hörmət bəsləyirdilər.
Qarayazıya dərin tellərlə bağlı idi uşaqlarla uşaq kimi, böyüklə böyük kimi rəftar edirdi. Qarayazıda işlədiyi illəri ömrünün ən yaxşı çağları hesab edirdi. Qarayazının ağır – ağaları, bəyləri, el ağsaqqalları, ağbirçəkləri, el şairləri, el sənətkarları, gözəl toy adətləri, ənənələri, gözəl müdrik kənd müəllimləri, sadə insanlar haqqında məhəbbətlə söhbət açırdı. Ora ilə sıx təmasda idi.
C. Mustafayevin düşüncələr aləmində bir fikir onu daim narahat edirdi: Bəs biz nələri yaşatmalı, gələcək nəsillərə nələri ötürməliyik?
Onun bu barədə öz mülahizələri bar idi: “Tarixi keçmişimizi öyrənməklə bu günümüzü dərk etmək və gələcəyi düşünməyi xüsusi qeyd etməklə yanaşı yaşanmışları, olub-keçənləri gözlərimiz önünə gətirməklə, xatırlamaqla, yaddaşlarımızda canlandırmaqla bərabər onun müqəddəs həyati qabiliyytli cəhətlərini sabah olanlarla, gələcəyə qovuşdurmalıyıq. Bəs biz bu cəhətləri nə ilə yaşatmalıyıq? Bundan ötrü yeganə vasitə – mənəvi-əxlaqi birliyi, sağlam ünsiyyəti qoruyub yaşatmaqdan ibarətdir. Burada əsas meyar əxlaqi-mənəvi nüfuz olmalıdır. Bir-birindən maddi-üstünlüyə görə yarışa üstünlük verildikdə elin birliyi zəifləyir, el parçalanır, təbəqələşmə artır. “El” anlamı mənəm-mənəmliklə barışmır. El ləyaqətinin alçaldılmasına dözmür, yəni insan öz ləyaqətinə hörmət etməklə yanaşı, elin ləyaqətini də gözləməlidir. Başqa cür tarix bizə ibrət dərsi verə bilməz. Ləyaqət ölçüsü zəhmətə, qabiliyyətə görə mövqe tutmaqla bağlıdır. Qarayazıdakı bəzi təsərrüfatçılar təsərrüfatçılıq – təşkilatçılıq qabiliyyətinə malik olmaqla bərabər elin də mə’rifətini gözləyir, qeyrətini çəkirdilər.
Ən böyük problem əməkdə mənəvi varisliyi, nəsillərin bağlılığını yaşatmaqdır. Yeni nəsil, gənclik kökündən, soyundan aralanır, elindən-obasından, Qarayazı mühitindən, adət-ənənəsindən uzaqlaşır, elə yovuşmur, yadlaşır, formalaşmış adətlərə yenidən uyğunlaşmaq olduqca çətin məsələdir. Bu eldə gənclərin immiqrasiyasını gücləndirir. Gənc nəslin eldə-obada sabitliyini qorumaq, yaşlı nəslə bağlılığını gözləmək hava- su kimi lazımdır.
Bəzi adətlərimizi müqayisə etsək xeyli dəyişikliklərin şahidi olarıq. Vaxtilə toylarımızda meydan aşıqlara verilərdi. Saz da, söz də günlərlə məclislərə, ağır yığnaqlara hakim kəsilərdi.El öz sənətkarlarına, müəllimə, ziyalıya hədsiz hörmət bəslərdi. Çünki, ziyalı da elə başbilənlik, ağsaqqallıq edərdi. Elə xor baxanları el heç vaxt bağışlamır. Eldən çıxan bir fərdin hansı mövqe tutmasından asılı olmayaraq elə xor bağmağı onun əsl faciəsidir.El mənəviyyatı zəngindir. Hörmət kökdən, soydan, eldən gələrsə daha təbii, daha dərin olar. El gözü tərəzidir. Ona görə də harada yaşamasından asılı olmayaraq daim nə isə bir hərəkət etdikdə, bir addım atanda hər kəs özündən soruşmalıdır: “Belə etsəm, görəsən eldə mənə nə deyərlər?”.
Elin əxlaq məktəbindən tərbiyə almaq böyük şərəfdir, eldən halallıq almaq, el hörməti qazanmaq əsil xoşbəxtlikdir. Ən böyük sınaq elin imtahanından üzü ağ çıxmaqdır”.
Qədim Şərq, yunan və Avropa mədəniyyətinə, tarixinə və fəlsəfəsinədərindən yiyələnən Camal müəllim özlüyündə geniş elmi düşüncəyə,təfəkkürə malik olan bir fəlsəfə məktəbi idi. Onun 1999-cu ildə XəzərUniversitetinin nəşriyyatı tərəfindən işıq üzü görən “İdrakın şeiriyyəti” və 2013-cü ildə “Vətən” nəşriyyatında yayımlanan “Fəlsəfi-tarixi araşdırmalar” kitabları və yüzdən cox elmi məqalələri, tezizləri böyük bir erudusiyaya, təfəkkürə malik olan ağılın, düşüncənin və bənzərsiz bir idrdkın məhsuludur. Camal müəllimin, xüsusilə, Zərdüştlük fəlsəfəsi ilə bağlı qələmə aldığı “Zərdüştlük Avropa fəlsəfəsində”, “Zərdüştçü yunan filosofu Heraklit”, “Zərdüştlüyün Demokritə təsiri”, “Hegelin əsərlərində zərdüştlük”, “Herderin zərdüştlüyə baxışları”, Volterin Zərdüşt haqqında qeydləri”, “Tarixin fəlsəfəsi”ndə zərdüştlüyün şərhi” … və s.kimi ciddi fəlsəfi araşdırmaları qədim və zəngin ənənələri olan Azərbaycan fəlsəfəi fikir tarixində müsbət bir haldır. Yaxud da, tədqiqatçı filosofun çağdaş ədəbi proseslə bağlı vaxtaşırı qələmə aldığı bir sıra dəyərli məqalələri də ədəbi, elmi fikrin inkişafına əvəzsiz bir töhfədir.
Camal Mustafayevin son illərdə tamamladığı araşdırmalardan “Fəzlullah Nəiminin izilə”, “Nəsiminin açılmamış sirləri” “Xəzər-xəbər” jurnalında nəşr edilib, maraqla qarşılanıb. Müəllif orta əsrlərin nadir türk qaynaqları əsasında Nəiminin, Nəsiminin fəaliyyəti, taleyi haqqında tarixi həqiqətləri ilk dəfə üzə çıxarıb. Bundan başqa,Nəsiminin şeirlərində sirli nöqtələri daşıdığı mənalara müvafiq olaraq sistemli açıb.
Müəllif digər bir tədqiqatında “Aşıq Ələsgər irsində sufilik”mövzusunu incələyib. İlk dəfə yazılan bu araşdırma Aşıq Ələsgərin dünyagörüşü haqqında təsəvyürləri dəyişir, zənginləşdirir.
“Qalib gələcəkmi cahanda kamal?” mövzusunda Səməd Vurğunun “İnsan” dramında filosof Şahbazın məşhur fəlsəfi sualı araşdırılır. Bu sual idraka inam, sülhə, əmin-amanlığa çağırış mənasında açıqlanır.
2017-ci il dekabrın 2-də vəfat etmiş Camal müəllimin cənazəsi Gürcüstanayola salınmazdan öncə Heydər məscidində vida mərasimi keçirildi.Dəfn mərasimi 2017-ci il dekabrın 5-də, saat 12:00-da Qardabani rayonunun Kosalı kəndində oldu.
O, xalq arasında daha çox Dədə Camal təxəllüsü ilə tanınırdı.

Camal Mustafayev: İnsanlığın və alimliyin uca zirvəsində Camal Mustafayev Kosalı qəbiristanlığını bir növ “Fəxri Xyabana” çevirddi. Onun qəbri üstündə bu sözlər yazilmişdir:
“MƏNİM TƏMİZ ADIM, PAK VİCDANIM- MƏNİM TÜKƏN-MƏZ SƏRVƏTİMDİR”


Camal müəllim mənim də idealım olub. İndi də idealımdır. Mən də digər həmyaşıdlarım kimi ona oxşamağı, onun müdrikliyinin işığında böyüməyi, oxumağı arzulamışam; Camal müəllim bir elin qürur, ehtiram ünvanı idi…
Əmim Əmrahla tay-tuş olublar, eyni məktəbdə eyni dövrdə təhsil alıblar. Camal müəllimdən söhbət düşəndə əmimin gözlərinin işığı artır elə bil. Yeniyetməliyinin, gəncliyinin el ağsaqqalı, elm fədaisi, insanlıq etalonu kimi tanınan insanla bir yerdə keçməsindən qürurlanır…
Əlixan Yəhyaoğlunun “Ağsaqqal ləyaqəti, ziyalı siması” məqaləsini xatırlayıram: “Ağsaqqal heç vaxt səsə qoyulub seçilməyib, möhürlü kağızla təsdiqlənərək təyin edilməyib. Ağsaqqalı ağsaqqal eləyən özünün davranışı, “ağır oturub batman gəlməsi”, faydalı və xeyirxah məsləhətləri, dünyagörüşü və bacarığı, sadəliyi, insansevərliyi və s. kimi xarakteridir. Ağsaqqal el-obanın ehtiramını qazanır, özündə yüksək insani keyfiyyətləri cəmləşdirir, həssas qəlbli olur, milli hisslərlə yaşayır…”. Müəllifin sadaladıqları və sadalamadıqları amillərin hamısı birmənalı şəkildə Camal müəllimdə var. Mənə elə gəlir ki, Əlixan Yəhyaoğlu ağsaqqallığın nə olduğunu, ağsaqqallığın fəlsəfəsini məhz Camal müəllimin xarakterinin timsalında vermək istəyib.
Camal müəllim ləyaqətli ağsaqqal idi. Onun necə alim, filosof olduğunu əli qələm tutanların hamısı yaxşı bilir. Ziyalilar da, alimlər də Camal Mustafayevin elmi fenomenini birmənalı şəkildə təqdir edir.
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. O vaxta kimi Camal müəllimi kənddə bir-iki dəfə uzaqdan-uzağa görmüşdüm. Yaxınlaşmağa, tanış olmağa, əlini sıxmağa cürət eləməmişdim. Mənə belə gəlirdi ki, belə insanın, belə ziyalının, belə alimin əlini sıxmaq üçün mütləq həyatda müəyyən bir mövqe tutmalısan.
Camal müəllim universitetin etika-estetika kafedrasının müdiri idi. Onunla görüşmək, onu yaxından görmək, tanış olmaq istədim. Üzağlığıyla kafedraya getdim. Məni olduqca səmimi qarşıladı. Hələ kimliyimi, hardan olduğumu deməmişdim, adi bir tələbə bilib mənə mehribanlıq göstərdi. Kim olduğumu, hardan olduğumu biləndə gözlərinin işığı artdı elə bil. Üzünün nuru bir az da çoxaldı. El-obanı soruşdu, qohum-əqrəbanı soruşdu. Məktəbi, müəllimləri soruşdu. Bu il neçə nəfərin qəbul olunduğunu soruşanda həyəcanlandığını sezmək çətin deyildi…
Aldığı cavablar onun ürəyinin döyüntülərini artırırdı.
Arada: - “Xeyli vaxtdı kəndə gedə bilmirəm”, - dedi. Sonralar biləcəkdim ki, bu “xeyli vaxtın” müddəti heç iki ay da deyilmiş…
Təhsil illərində universitetdə keçirilən ədəbi, ədəbi-bədii tədbirlərin hamısında iştirak edirdim və hər tədbirdə Camal müəllimin çıxışının hamı tərəfindən maraqla dinlənildiyinin şahidi olurdum. Qürurlanırdım, fəxr edirdim. Fəxr edirdim ki, belə bir insanın böyüyüb boya-başa çatdığı kənddə boya-başa çatmışam, zamanında onun direktor işlədiyi məktəbin məzunuyam.
Həmsöhbətləri bütün elmi mübahisələrdə Camal müəllimin fikirləri ilə razılaşırdı; onun dönməz məntiqi, aydın izahı, analoqların sintezi hamı tərəfindən qəbul olunurdu. İçimdə özümün də baş açmadığım bir arzu qımıldanırdı. Mən də fəlsəfə ilə məşğul olmaq fikrinə düşmüşdüm, ancaq Camal müəllimə deməyə utanırdım. Mənə belə gəlirdi ki, bu sahə ilə məşğul olanlarda Camal müəllimin xarakterinin müəyyən hissəsi cəmləşməlidir. Özümü buna hazır hesab eləmirdim…
Məni elmi fəaliyyətə Camal müəllim istiqamətləndirib, elmi rəhbərim Ziyəddin Göyüşov vəfat etdikdən sonra ikinci elmi rəhbərim Camal müəllim oldu.
Mən elmi şuranın qərarı ilə “Marksist-leninçi etikada əxlaqi hisslərin mahiyyəti və strukturu” mövzusunda namizədlik dissertasiyası yazmalıydım. Camal müəllim mövzunu bəyənmədi, onun “Əxlaqi ideal və onun Azərbaycan folklorunda təcəssümü” mövzusu ilə əvəzlənməsinə nail oldu. Bəli, Camal müəllim milli maraqlarımızın dönməz mühafizəkarıdır. Milli-xəlqi dəyərlərimizin üzə çıxarılmasının flaqmanlarından biridir, bəlkə də öncüllərindəndir…
Camal müəllim olduqca tələbkar alim idi. Əsaslandırılmayan bu və ya digər tezisi qəbul etmir, o tezislər əsasında yazılmış məqaləni də həmçinin. Dissertasiya işi üzərində işləyəndə məni əməlli-başlı “sıxışdırdı”. Niyə belə elədiyini müdafiədə bildim. Dissertasiya işini müvəffəqiyyətlə müdafiə elədim. Elmi şuranın üzvləri məni də, Camal müəllimi də ürəkdən təbrik elədilər, mənsə Camal müəllimi - fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevi, elimizin ağsaqqalını, elmimizin kəsərli alimini!
Camal müəllim geniş erudisiyalı alim idi; professor Camal Mustafayevdən söhbət düşəndə, niyəsə, nədənsə, qədim dövrün ensiklopedik biliyə malik alimlərini xatırlayıram…
Neçə onillərdən sonra alimlik meyarı kimi xatırlanacaq alimlərdən biridir Camal müəllim…
Camal müəllim filosofdur…
Camal müəllim ədəbiyyatşünasdır…
Camal müəllim folklorşünasdır…
Camal müəllim sənətşünasdır…
Camal müəllim BÖYÜK İNSANdır!…


VAHİD ÖMƏROV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbəsinin
aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası

Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası

Humanitar elmlər, Mədəniyyət
HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV  (1941)

HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV (1941)

Başkeçid
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası

Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası

Borçalı
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Professor Məhəd Sofiyev (1932-2013)

Professor Məhəd Sofiyev (1932-2013)

BDU, Qarayazı
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK!..

TƏBRİK EDİRİK!..

Təbriklər
TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

Təbriklər
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açı ...

= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açı ...

Borçalı, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
ALLAH RƏHMƏT ELƏSİN, NANƏXANIM MUSTAFAYEVA!..

ALLAH RƏHMƏT ELƏSİN, NANƏXANIM MUSTAFAYEVA!..

Qarayazı, Nekroloqlar
“Filosof gözləri” tablosu

“Filosof gözləri” tablosu

Qarayazı, Müsabiqə
MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

Ədəbi tənqid
İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

MEDİA, Ədəbi tənqid
Rəy yazın: