QURBAN ƏZİZLİ VƏFAT EDİB

QURBAN ƏZİZLİ VƏFAT EDİB ALLAH RƏHMƏT ELƏSİN

Borçalı elinə, Borçalı maarifinə, Borçalı təhsilinə, eləcə də, Borçalı poeziyasına ağır itgi üz vermişdir.
Gürcüstanda yaşayıb-yaradan dəyərli ziyalımız, sevimli soydaşımız, tanınmış maarif xadimi, təcrübəli təhsil işçisi və istedadlı şair-publisist Qurban Əzizli 2024-cü il dekabrın 24-də vəfat etmişdir.


Qurban Əzizli (Qurban Abbasqulu oğlu Rzayev) - 1942-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Görarxı elinin Əzizkənd kəndində anadan olmuşdur.
7 illik təhsilini Əzizkənd məktəbində aldıqdan sonra 1967-ci ildə Alget kənd orta məktəbini, 1967-ci ildə APİ-ni (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini) bitirmişdir.
Bir müddət doğma kəndində məktəb direktorunun müavini işləmişdir.
Sonra isə uzun müddət Əzizkənd məktəbinin direktoru vəzifsində çalışmışdır.
Qurban müəllim həm də istedadlı şair kimi tanınmışdır.
Müxtəlif dövri mətbuat orqanlarında və bir sıra ədəbi məcmuələrdə müntəzəm olaraq şeirləri çap olunmuşdur.
Qurban Əzizli imzası ilə tanınan şair xalq ruhunda yazıb yaratmış, şifahi xalq ədəbiyyatının əksər növlərinə müraciət etmişdir.
Onun 2002-ci ildə Əbdüləli İbrahimsoyun tərtibatında “Yurd işığı gözə nurdur” şeirlər kitabı işıq üzü görmüşdür.

Biz də bütün redaksiyamız adından, eləcə də, bütün qədirbilən dostları adından, dəyərli ziyalımız, sevimli soydaşımız, tanınmış maarif xadimi, təcrübəli təhsil işçisi və istedadlı şair-publisist Qurban Əzizlinin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, doğmalarına, qohumlarına, yaxınlarına, bir sözlə, bütün Qurbansevərlərə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, Məkanı cənnət, Ruhu olsun! – deyirik və aşağıda Qurban müəllimin yetirmələrindən olan Şarkıcı Habil Cümşüdoğlunun öz sevimli müəlliminin əziz xatirəsinə həsr etdiyi bir şeiri dəyərli oxucularımıza təqdim edirik!..


Müşfiq BORÇALI,
ZiM.Az



QURBAN ƏZİZLİ VƏFAT EDİB KÖÇÜR

Ulu Borçalımızın
tanınmış el ağsaqqalı,
sevimli müəllimim
Qurban Əzizlinin
əziz xatirəsinə


Sədan Borçalıya bir haray saldı,
Dedilər bir mərdin karvanı köçür.
Dəyərli bir müəllim, elin Şairi,
Şeir bağçasının bağbanı köçür.

Nə sözündən doyduq, nə kəlməsindən,
Səsi ayrılmadı haqqın səsindən,
Heç zaman enmədi söz zirvəsindən,
Sənətin təbibi, loğmanı köçür.

Habil tez yetişdi ayrılıq dəmi,
Unutmaq çətindir kədəri, qəmi,
Atamın sirr dostu, könül həmdəmi,
Elin Əzizlisi, Qurbanı köçür.

Məkanın cənnət olsun dəyərli müəllimim.

Şarkıcı Habil Cümşüdoğlu
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: