Cəmiyyət kurikulumu niyə bəyənmir? Məktəblər, Köşə yazılar 4 октября 2024 478 100 1 2 3 4 5 MÜƏLLİMİN TRİBUNASI Kurikulum, yeni təhsil sistemi adı ilə dərslər keçirilir anlayışı ilə ənənəvi dərs metodlarından istifadə edib, yalnız summativlərlə baş qatan müəllimlərin oyunları valideynləri haqlı narazılığa gətirib çıxarıb.Əslində kurikulum nə çətin, nə dolaşıq, nə də təhsilin geriləməsinə şərait yaradan, əngəllər törədən təhsil sistemi deyil. Ancaq bir neçə pilot məktəblərdən başqa ölkənin heç bir məktəbində kurikulumla dərs keçirilmir. Bilirsiniz niyə?..Kurikulum müəllimdən ciddi hazırlıq tələb edir. Hansı müəllim dərsdən sonra 5-6 saatını sabahkı dərsin hazırlığına sərf edir?Hər gün keçiriləcək dərsin motivasiyası qurulmalı, suallar (yeni kitablarda verilən mövzular əsasında) hazırlanmalı, test kartoçkaları tətbiq edilməlidir. Düşünün, bir müəllimin 1 gündə 4 saat dərsi var. Hər mövzu üzərində şagirdi düşündürəcək və onu tədqiqata aparacaq səviyyədə işləməsi üçün nə qədər vaxt sərf etməlidir. Əlavə olaraq bu gün yazdırdığı summativin qiymətləndirilməsi üzərində iş icra olunmalıdır. Çünki summativləndirmə aparılmadan sonra şagird növbəti dərsdə balını öyrənməli, səhvlərini üzə çıxarmalı, səhvlər üzərində is aparılaraq biliklər möhkəmləndirilməlidir. Movcud vəziyyət isə belədir. Summativlərin qiymətləndirilməsi bir həftə, on gün, hətta bəzi müəllimlər tərəfindən bir ay ləngidilir.Kurikulumu niyə qəbul etmək istəmirsiniz?Şagirdlər qrup şəklində oturulur. Motivasiya verildikdən sonra şagirdlər hansı mövzunu öyrənəcəklərini məntiqi cəhətdən axtarıb müəyyənləşdirirlər. Bütün uşaqların beyninə həkk olunur ki, bu gün hansı mövzunu öyrənirik. Müəllim qruplara suallar təqdim edir. Qrup üzvləri bir nəfər kimi suallara cavab tapıb təqdimatını hazırlayır. Hər qrup öz təqdimatını açıqlayır. Beləliklə, sinifdəki bütün uşaqların diqqəti öyrənməyə yönəlir, hər bir şagird çalışmaq məcburiyyətində qalır. Qruplar qiymətləndirilir. Bununla da güclü rəqabət, daha səylə çalışmaq, mükəmməl cavablar vermək istəyi yaranır. Qruplara test təqdim edildikdən sonra mövzu möhkəmləndirilir. Bir dərsdə həm qrup şəklində bütün uşaqlar qiymətləndirilir, həm də fərdi şəkildə qiymətləndirilmələr qeyd olunur. Bütün bunlar gələn dərs üçün fəallığın artmasına, qalibiyyət uğrunda mübarizəyə, evdə axtarış aparmağa maraq oyadır. Belə dərs prosesində müəllim hansısa şagirdə düz otur, danışma, mane olma demir, çünki rəqabət, birincilik qazanmaq üçün şagirdlər özləri bir-birini formalaşdırır. Dərsin mövzusuna uyğun söylənilən musiqi, şeir parçaları, rəsmlərin dəyərləndirilməsi kollektiv işin nailiyyətlərindən sonra şagirdlərin sevinc hisslərini, hansı təəssüratlarla dərsi başa vurduqlarını görsəniz onda bilərsiniz ki, kurikulum sizin övladlarınız üçün nə bəxş edir. Elm, mədəniyyət, qarşılıqlı hörmət, dinləmə qabiliyyəti, əməksevərlik,çalışqanlıq, içərisində boğub üzə çıxara bilmədiklərini təqdim etmə qabiliyyəti, yəni bacarığı aşılayır. Budur yeni təhsilin qarşıya qoyduğu məqsəd. Təəssüflər olsun ki, kurikulum şüarı eşidilir, amma bunlara əməl olunmur. Odur ki, siz də narazı olursunuz. Narazılığınız haqlıdır, çünki qanunu qarşıya atıb dərsliklər çap edirlər, amma icrasına dırnaqarası baxırlar.İLHAMƏ SABİRQIZI,Azərbaycan dili və ədəbiyyat müəllimi,EYUDER müəllimlər dərnəyinin üzvü,ZiM.Az-ın redaktoru.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.