Akademik Cavad Abdinov ilə MÜSAHİBƏ

Akademik Cavad Abdinov ilə MÜSAHİBƏ Akademik Cavad Abdinov: “Humanitar və təbiət elmlərinin birgə inkişafının təmin edilməsi AMEA-nın daha da güclənməsinə və elmin inkişafına böyük töhfələr verməsinə imkan yaradar”

Görkəmli fizik alim, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının (FRTEB) sədr müavini, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri akademik Cavad Abdinovun 85 yaşı tamam olur. Elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevricilər üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqlarının və mexanizmlərinin müəyyənləşdirilməsi, istehsalata yararlı yüksək effektivli materialların və onların tətbiqi ilə termoelektrik və fotoelektrik çevricilərinin hazırlanması və s. alimin əsas elmi fəaliyyət istiqamətlərini təşkil edir. Görkəmli alim 85 illik yubileyi ərəfəsində Azərbaycan fizika elminin inkişafı, mövcud problemlər və gələcək perspektivlərə dair aktual mövzularda suallarımızı cavablandırıb.

– Hörmətli Cavad müəllim, sizi 85 illik yubileyiniz münasibətilə təbrik edirik, Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Əvvəlcə bu illər ərzində elmi fəaliyyətinizi nəzərdən keçirərək ən yaddaqalan nailiyyət və ya layihələriniz barədə məlumat verməyinizi istərdik.

– Əvvəla onu qeyd edim ki, Azərbaycanda müasir fizikanın, xüsusilə yarımkeçiricilər fizikası və mikroelektronikanın əsasını qoymuş görkəmli fizik alim, akademik Həsən Abdullayev mənim elmi rəhbərim olub. Mən həm namizədlik, həm də doktorluq dissertasiyalarımda və əldə etdiyim bütün elmi uğurlarda onun əvəzsiz rolunu xüsusi vurğulamaq istərdim. O, məni elmə həvəsləndirərək zəhmətkeşlik və məsuliyyət prinsiplərini aşılayıb. Həsən Abdullayevin verdiyi dəyərli töhfələr nəticəsində nəinki mən, bütün Azərbaycan elmi mühüm nailiyyətlər əldə edib.

1966-cı ildə “Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik, 10 il sonra isə “Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyalarımı müdafiə etmişəm. Elmi fəaliyyətimin ən uğurlu dövrü kimi həm başlanğıc illərimi, təxminən 1972-ci ilədək selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi ilə məşğul olduğum dövrü, həm də elektronika sahəsində əldə etdiyim nailiyyətləri qeyd edə bilərəm. Xüsusilə SSRİ Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Fotoelektronika İnstitutundakı fəaliyyətim dövründə əhəmiyyətli elmi nailiyyətlərim olub. 1972-ci ildə yaradılan bu institutun əsas məqsədi atmosferin şəffaflıq zolağında fotoqəbuledicilərin işlənib hazırlanması, onların soyuducu sistemlərinin yaradılması və tətbiqi idi.

Bu sahədə keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda, Elmi-Tədqiqat Fotoelektronika İnstitutunda elektron soyuducularla soyudulan fotoqəbuledicilərin hazırlanmasını həyata keçirdik. Fotoqəbuledicilərin həssaslığı temperaturdan asılıdır və onları soyutmaqı üçün əsasən maye azot istifadə olunurdu. Biz isə bu texnologiyanı təkmilləşdirərək kiçik ölçülü elektron soyuducular hazırladıq və həmin fotoqəbulediciləri bu soyuducular vasitəsilə soyutmağa nail olduq. Elektron soyuducular batareya ilə işləyirdi və bir akkumulyator vasitəsilə illərlə cərəyan təminatı mümkün idi, bu da fotoelementin fasiləsiz soyudulmasına imkan verirdi. Həmin iş, əldə edilən əhəmiyyətli elmi və texnoloji nailiyyətlərə görə SSRİ Dövlət Mükafatına təqdim edilmişdi.

Fotoqəbuledicilərin yaradılması, eksperimental nümunələrinin hazırlanması və daha sonra Müdafiə Sənayesi Nazirliyinin zavodlarında seriya istehsalatına tətbiqi bizim əhəmiyyətli uğurlarımızdan biri idi. Bu fotoqəbuledicilər hava raketlərində, hərbi gəmilərdə, hərbi təyyarələrdə və kosmosdan yerin tədqiqi sahələrində geniş istifadə olunurdu.

Məsələn, həmin fotoqəbuledicilər vasitəsilə ilk dəfə Marsın istilik xəritəsi çəkilmiş, Marsın Fobos peykinin istilik xəritəsi tərtib edilmiş, həmçinin Moskva şəhərinin istilik xəritəsi hazırlanmışdır. Bu tədqiqatlar praktiki əhəmiyyətə malik idi. Məsələn, Moskva ətrafında öz-özünə qızışıb yanma təhlükəsi olan sahələr əvvəlcədən müəyyən edilirdi və bu yolla potensial yanğınların qarşısını almaq olurdu. Bu innovativ yanaşma həm elmi, həm də praktiki baxımdan böyük töhfələr vermişdir.

1992-ci ildə SSRİ dağıldıqdan sonra Elmi-Tədqiqat Fotoelektronika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) tabeliyinə verildi. Daha sonra, 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildən fəaliyyət göstərən Fotoelektronika ETİ və Həsən Abdullayev adına Fizika İnstitutunun bazasında yeni Fizika İnstitutu yaradıldı və hazırda fəaliyyətimizi həmin institutda davam etdiririk. Təəssüf ki, bu prosesdə akademik Həsən Abdullayevin adı institutun adından çıxarıldı. Bu, bizi o zaman çox kədərləndirdi və bu hiss indi də davam edir. Çünki, Azərbaycanda müasir fizikanın və mikroelektronikanın banisi məhz Həsən müəllimdir.

Nailiyyətlərimiz hazırda əsasən xarici impakt faktorlu jurnallarda dərc olunan məqalələrlə ölçülür. Fizika İnstitutunun əməkdaşlarının 2024-cü ildə Web of Science və Scopus bazalarında dərc edilmiş impakt faktorlu məqalələrinin sayı 244-dür. Bu məqalələrə Google Scholar-da 17,993 istinad qeydə alınıb.

Xüsusilə qeyd etməliyəm ki, elmin inkişafı üçün maliyyə dəstəyi olduqca vacibdir. Elmə əsasən qabiliyyətli gənc oğlanların gəlməməsi bir problem olaraq qalır. Bu gənclər daha yaxşı perspektivlər üçün başqa sahələrə üz tuturlar. Ona görə də, elmin inkişafı üçün maddi vəsait və resursların ayrılması, alimlərin fəaliyyətinin düzgün qiymətləndirilməsi və onlara lazımi dəstəyin göstərilməsi müasir dövrün tələbidir.

– Cavad müəllim, Siz həm də ölkəmizdə məhsuldar pedaqoji fəaliyyətlə məşğul olan alimlərimizdənsiniz. Pedaqoji fəaliyyətiniz dövründə tələbələrlə münasibətdə hansı əsas prinsipləri rəhbər tutmusunuz. Gənclərin Azərbaycan fizika elminin inkişafı istiqamətində fəaliyyəti Sizi qane edirmi?


– Müəllimlik böyük məsuliyyət, fədakarlıq və zəhmət tələb edən çətin, eyni zamanda şərəfli bir yoldur. Mən 1969-cu ildən etibarən müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuşam. Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti və uzun müddət Azərbaycan Texniki Universitetində çalışmışam. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fizika kafedrasının yeni dövrdə təşkili prosesində iştirak etmişəm. 1995-2009-cu illərdə UNEC-in Fizika kafedrasına rəhbərlik etmişəm.

Fəaliyyətim dövründə tələbələrimə öz ixtisaslarını dərindən mənimsəməyin vacibliyini vurğulamışam. Onlara izah etmişəm ki, sahəsini yaxşı bilən insanlara hər zaman hörmət edilir, hətta maddi baxımdan çətinlik çəkənlər belə bilikləri sayəsində yüksək qiymətləndirilirlər. Eyni zamanda, tədris etdiyim fənni tələbələrə sevdirərək onlara sahəyə dair baza bilikləri qazandırmağa çalışmışam.

Fikrimcə, əsl müəllim ilk növbədə elmi biliklərin ötürülməsi prosesində doğru yolu göstərməlidir. Müəllim təkcə dərs deyən şəxs deyil, həm də tələbələrin gələcək həyatlarına, seçəcəkləri yola istiqamət verən bələdçidir. Tədris prosesində pedaqoji yanaşma ilə yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq tələbələrə praktik biliklərin verilməsi, onları həyata hazırlamaq müəllimin əsas vəzifələrindən biridir.

– AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini kimi Bölmənin hazırkı fəaliyyəti haqqında məlumat verə bilərsinizmi? FRTEB-in institut və təşkilatlarında həyata keçirilən layihələr Azərbaycanın elmi potensialının gücləndirilməsində hansı rola malikdir?

– Qürurla qeyd etməliyəm ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin tabeliyindəki institutlar ölkədə elmi sahəsində ön sıralarda yer alan və xüsusi çəkiyə malik olan müəssisələrdir. Son hesabatdan da göründüyü kimi, bu institutlar əhəmiyyətli nailiyyətlər əldə edib. Təqdim olunan nəticələr arasında 700-dən çox məqalənin impakt faktorlu jurnallarda dərc edilməsi xüsusi vurğulanmalıdır.

Məsələn, ötən il akademik Nazim Məmmədovun kondensə olunmuş hal fizikasına dair məqaləsi Çində beynəlxalq müsabiqədə dünya üzrə birinci yerə layiq görülmüşdü. Qeyd edim ki, kondensə olunmuş hal fizikası yalnız bir sahəni deyil, bərk cisimlər və yarımkeçiricilər də daxil olmaqla geniş bir sahəni əhatə edir. Bu, Fizika İnstitutunun beynəlxalq səviyyədə tanınan mühüm nailiyyətlərindən biridir.

Bundan əlavə, ötən il fizika-riyaziyyat elmləri doktorları Elçin Cəfərov və Şakir Nağıyev tərəfindən həyata keçirilmiş iki tədqiqat işində təqdim olunan elektron-nüvə çəpərinin modeli nüfuzlu xarici elmi jurnallarda “Cəfərov-Nağıyev modeli” olaraq adlandırıldı. Bu uğur Azərbaycan elminin beynəlxalq nüfuzunun artdığını göstərən mühüm göstəricidir. Bu kimi nailiyyətlər yalnız institutlarımızın elmi potensialını deyil, həm də ölkəmizin elmi irsinin qlobal miqyasda tanınmasını təmin edir.

– Cavad müəllim, siz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin AMEA-da ziyalılarla görüşündə iştirak edən alimlərimizdənsiniz. Həmin görüşdə Heydər Əliyevin Azərbaycan ziyalılarına münasibəti və onun bu sahədəki siyasəti haqqında nə deyə bilərsiz? Ulu Öndərin dedikləri, elmi inkişafın önəmi və Elmlər Akademiyasının rolu barədəki fikirləri Azərbaycan elminə necə təsir etdi?

– Bəli, mən 1993-cü ilin sentyabr ayında Ümummilli Lider Heydər Əliyevin AMEA-da çalışan alim və ziyalılarla görüşündə iştirak etmişəm. O dövrdə mən, Elmi-Tədqiqat Fotoelektronika İnstitutunun direktor müavini idim, akademik Eldar Salayev isə həm bu institutun direktoru, həm də AMEA-nın prezidenti vəzifəsini icra edirdi. Eldar Salayev AMEA-nı, mən isə Elmi-Tədqiqat Fotoelektronika İnstitutunu təmsil edirdim. Görüşdə, Heydər Əliyev AMEA haqqında yayılan neqativ mülahizələrə və müzakirələrə son qoyaraq qeyd etmişdir: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını və institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanın əsasını qoyan insanlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə Azərbaycan elmi çox inkişaf etmişdir. Bir daha deyirəm ki, dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir”. Bu tarixi çıxış, Ulu Öndərin elm sahəsinə göstərdiyi diqqəti və dəyəri, elm ocaqlarına olan dəstəyini sübut edir.
Akademiya alimləri ilə keçirdiyi görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.
Ümumiyyətlə, dahi lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elmin və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Çünki, bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Heydər Əliyev hər zaman Azərbaycan Elmlər Akademiyasını milli sərvət olaraq dəyərləndirmiş və onun qorunub saxlanmasının vacibliyini vurğulamışdır. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.

Böyük şəxsiyyət Heydər Əliyev müxtəlif dövrlərdə AMEA haqqında bu fikirləri səsləndirmişdir: “Azərbaycan Elmlər Akademiyasının keçdiyi şərəfli yol, Azərbaycan xalqının tarixində böyük bir səhifədir. Çoxəsrlik tariximizdə böyük elmi nailiyyətlərimiz olub, alimlərimiz yetişib. Lakin Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil, qüvvətli, güclü və çoxşaxəli olmayıbdır. Müstəqil Azərbaycan Elmlər Akademiyası, bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstərib. Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq”.
Ümummilli Lider Heydər Əliyevin elmi irsə verdiyi bu qiymət, ölkənin gələcək elmi inkişafını təmin etmək üçün önəmli bir istiqamət müəyyənləşdirərək, bu sahənin əhəmiyyətini hər zaman gündəmdə saxlamışdır.

Hər kəsə məlumdur ki, Azərbaycan neft akademiyası kimi tanınır, çünki neftin bütün xassələri, tətbiqləri və imkanları ilk dəfə Azərbaycanda alimlər tərəfindən öyrənilmişdir. Əgər yenidən indiki səviyyədəki AMEA yaratmaq istəsək, bu, bəlkə də 50 il ərzində mümkün ola bilər. Bu, elm və tədqiqat sahəsində əldə olunan tarixi nailiyyətləri qorumağın və inkişaf etdirməyin nə qədər vacib olduğunu bir daha göstərir.

Haşiyədən kənara çıxaraq bir nüansı qeyd etmək istərdim. Nobel mükafatı laureatı Aleksandr Proxorov 1996-cı ildə “İzvestiya” qəzetində yazdığı məqalədə elmin taleyi barədə söyləmişdir ki, elmi bərpa etmək istehsalatı bərpa etməkdən daha çətindir. O, misal olaraq 1945-ci ildə Almaniyanın istehsalatının tamamilə dağıldığını, qalan sənaye potensialının isə SSRİ, ABŞ, İngiltərə və Fransaya bölüşdürülməsini vurğulamışdır. Lakin 9 il sonra, 1954-cü ildə Almaniyanın Avropada adambaşına düşən sənaye istehsalı ilə birinci yerə yüksəldiyini qeyd etmişdir. A.Proxorovun fikrincə, Almaniya istehsalatı tezliklə özünü bərpa etsə də, ölkə elmi hələ də XX əsrin 30-cu illəri səviyyəsinə qayıda bilməmişdir. Yəni, demək istəyirəm ki, elmi bərpa etmək çox çətindir. Bunun üçün elmi məktəblər formalaşdırılmalı, gənclər elmə cəlb olunmalı, yüksəkixtisaslı kadrlar yetişdirilməlidir.


– 2025-ci ildə həm də AMEA-nın yaranmasının 80 ili tamam olur və bu elm ocağı yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Maraqlıdır, bu illər ərzində Akademiyanın ölkəmizdə fizika elminin inkişafı istiqamətində rolunu necə xarakterizə edərdiniz?

– Bilirsiniz ki, AMEA 1945-ci ildə müharibənin hələ tamamlanmadığı bir dövrdə yaradılıb. Bu, həmin mürəkkəb dövr üçün böyük şücaət və iradə tələb edirdi. AMEA-nın sonrakı fəaliyyəti isə Azərbaycan elminin, xüsusilə müasir fizika elminin inkişafında mühüm rol oynamışdır. Akademiya, yalnız bu elmi sahəni inkişaf etdirməklə kifayətlənməyib, həm də müasir fizika elminin yetişməsində mühüm rol oynayan alimləri yetişdirmişdir. AMEA, bu alimləri təqdim etməklə Azərbaycanı dünya elmi sferasında tanıdan bir mərkəzə çevrilmişdir. Beləliklə, Akademiya müasir fizika elminin inkişafına böyük töhfələr vermişdir.

Akademik Həsən Abdullayevin AMEA-da kadr hazırlığı sahəsindəki prinsipi çox maraqlı və əhəmiyyətlidir. O dövrün SSRİ məkanının ən qabaqcıl elm və təhsil müəssisələrinə aspirantlar göndərilərək, yüksək səviyyəli alimlər yetişdirilməsinə imkan yaradılmışdır. Belə təhsil sistemi, Azərbaycanda elm sahəsinin inkişafında mühüm rol oynamışdır. Məsələn, həmin dövrdən qayıdan alimlər, hər biri öz sahəsində bir məktəb yaratmış, yeni istiqamətlər formalaşdırmışlar. Bu, kadr potensialının güclü inkişaf etdirilməsinin əsl nümunəsidir və yalnız fizika sahəsi ilə məhdudlaşmamış, kimya, biologiya kimi sahələrdə də genişlənmişdir.

Təbiidir ki, humanitar elmlərin inkişafında da AMEA-nın rolu böyükdür. Lakin AMEA-nın təbiət elmlərinin inkişafına verdiyi töhfə xüsusilə çox qiymətlidir. Akademiya ölkəmizdə fundamental elmlərin inkişafında, müasir səviyyəyə çatmasında əsas mərkəz rolunu oynamışdır.

Qeyd edim ki, 1961-ci ildə BDU-da elmlər doktoru olmaq çox nadir bir hal idi və Fizika İnstitutunda yalnız Həsən Abdullayev kimi böyük bir alim vardı. Lakin bu gün təkcə Fizika İnstitutunda 50-yə yaxın elmlər doktorunun yetişməsi Akademiyanın və onun institutlarının elm sahəsindəki əvəzsiz rolunu nümayiş etdirir. AMEA bu istiqamətdə fəaliyyəti ilə Azərbaycan elminin beynəlxalq aləmə ineqrasiyasını uğurla təmin edir.
Düşünürəm ki, AMEA-nın əvvəlki strukturunun bərpa olunması, humanitar və təbiət elmlərinin birgə inkişafının təmin edilməsi bu qurumun daha da güclənməsinə və elmin inkişafına daha böyük töhfələr verməsinə imkan yaradar. Həmçinin, AMEA-ya əvvəlki diqqət və qayğının göstərilməsi daha mütəşəkkil və güclü bir elmi mühitin formalaşmasına xidmət edər.


– Sizcə, Azərbaycanda fizika elminin hazırkı vəziyyəti necə qiymətləndirilir və bu sahənin beynəlxalq səviyyədə tanıdılması üçün hansı istiqamətlərə üstünlük verilməlidir?

Fizika sahəsində dayanıqlı inkişaf üçün gənc kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Fizika İnstitutunda 50-yə yaxın elmlər doktorunun olması, şübhəsiz ki, böyük bir uğurdur. Lakin bu alimlərin çoxu köhnə kadrlar olduğu üçün, bu potensialın gələcəkdə davamlı inkişafını təmin etmək üçün yeni, gənc alimlərin yetişdirilməsi vacibdir.

Gənc kadrların inkişafı üçün institutun təcrübi bazası, maddi-texniki təminatı və əmək haqqı məsələləri ciddi şəkildə yaxşılaşdırılmalıdır. Yalnız bu şəraitdə gənc alimlər öz potensiallarını daha effektiv şəkildə reallaşdıraraq elmin inkişafına müsbət təsir göstərə bilərlər. Gələcəkdə daha da güclü və müasir bir elmi mühit formalaşdırmaq üçün təcrübəli kadrlarla yanaşı, yeni və yaradıcı fikirləri ilə elmi tərəqqiyə səbəb olacaq gənc alimlərə də daha çox diqqət yetirilməlidir.

– Son olaraq, bərk cisim elektronikası sahəsində aparılan tədqiqatların Azərbaycan sənayesi və texnologiya sektoruna təsiri, eləcə də perspektivləri barədə danışmağınızı istərdik.

– Müasir dövrün bərk cisim elektronikası dövrü olması heç də təsadüfi deyil, çünki bu sahə, gündəlik həyatımızda istifadə etdiyimiz cihazlardan tutmuş, ən yüksək texnologiyalı avadanlıqlara qədər geniş bir tətbiq sahəsinə malikdir. Telefonlardan avtomobillərə qədər hər şey bərk cisim elektronikası prinsipləri əsasında işləyir və bu sahədəki irəliləyişlər elmin inkişafında mühüm rol oynayır. Azərbaycanda bu sahədə müəyyən nailiyyətlər mövcud olub, məsələn, Elmi-Tədqiqat Fotoelektronika İnstitutu bərk cisim elektronikasına aid araşdırmalar aparıb. Hazırda ETN İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Fizika institutlarında da bu istiqamətdə tədqiqatlar davam edir.

Lakin sözügedən sahənin inkişafında ən böyük çətinliklərdən biri sifarişçilərin olmamasıdır. Azərbaycanda bərk cisim elektronikasının cihazları və qurğularının fiziki əsaslarını işləyirik, bu sahənin tətbiqi üçün geniş miqyasda sifarişçilər və bazar isə yoxdur. Bu, istehsal sahələrinin inkişafına mane olan əsas amillərdən biridir. Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir. Müvafiq dövlət dəstəyi və yeni istehsal sahələrinin yaradılması bərk cisim elektronikasının inkişafında böyük rol oynaya bilər.

Azərbaycanda bərk cisim elektronikasının inkişafı iki əsas istiqamətdə həyata keçirilməlidir. Birincisi, onun fiziki elmi əsaslarını işləyən institutların mövcudluğu vacibdir. Bu institutlar mövcuddur, lakin onlara göstərilən diqqət artırılmalıdır. İkinci istiqamət isə, bu tədqiqatların tətbiqi ilə əlaqəli istehsal sahələrinin yaradılmasıdır. Bu sahələrin inkişafına inanırıq və ümid edirik ki, gələcəkdə bu istiqamət daha da güclənəcəkdir. Çünki dünya sistemindən kənarda qalmaq olmaz. Hazırda bütün inkişaf müasir elektronikanın əsasında həyata keçirilir.

Bərk cisim elektronikasının daha güclü inkişafı üçün həm elm, həm də istehsal sahələri tərəfindən ciddi, məqsədyönlü addımlar atılmalıdır. Müvafiq dövlət dəstəyi, xarici investisiyalar və müasir texnoloji infrastrukturların yaradılması bu sahənin gələcək inkişafı üçün son dərəcədə zəruridir.

Akademik Cavad Abdinov ilə MÜSAHİBƏ - Cavad müəllim, suallarımızı ətraflı cavablandırdığınıza görə təşəkkür edirik!

Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Elm
AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsəd ...

AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsəd ...

Biologiya və tibb elmləri
Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

Elm, Digər bölmələr
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

Digər bölmələr
Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

İctimai elmlər
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KON ...

ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KON ...

Elm, Biologiya və tibb elmləri
AMERİKALI PROFESSOR AMEA-nın FİZİKA İNSTİTUTDA

AMERİKALI PROFESSOR AMEA-nın FİZİKA İNSTİTUTDA

Elm
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
Rəy yazın: