Müşfiq Borçalı: «MÜQƏDDƏS MƏKTUB» (Hekayə) Nəsr, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı 10 октября 2024 2812 100 1 2 3 4 5 Axşam üstü idi. Burula-burula uzanan yol ilə hərbi hissəmizdən bir az aralıda, Soyuqbulaq dağının başında yerləşən «poliqona» qalxırdım. Düşünə-düşünə addımlayır, dağı arana aparırdım, aranı dağa… Birdən UAZ-69 maşınının yanımda saxlaması ilə qapının açılması bir oldu:-Yuxarı qalxırsan, yoldaş Məmmədli? - Kapitan Abbas Allahverdi idi.-Bəli, yodaş kapitan!-Əyləşin.-Oldu! - söyləyib maşina oturdum: - Çox sağ olun, təşəkkür edirəm…Maşın «poliqona» çatanda yaman külək əsiridi. Maşından düşüb irəli bir addım belə atmaq mümkün deyildi. Bir təhər «burulğanı yarıb» palatkaya - çadır alaçığa gəlib çatdım. Sıravi əsgər Kəpənəkçi Tengiz Göyüşlüdən növbətçiliyi qəbul edib, bu barədə telefonla komandirə məlumat verdim. Sonra radionu açdım. Bakıdan bir şey yox idi. Təbriz radiosuna çevirdim. Təbriz radiosu da həzin musiqi sədaları altında öz verilişini sona yetirirdi: «- Sağ olun. Sizi Allaha tapşırırıq…»Peçi qalamaq istədim. Külək heç qoyar ki, peç yana? Tüstü bürüdü «palatkanı». Hava isə soyuq idi, «bir növ peçin qalanmasını tələb edirdi». «Nə etməli?» Poçtalyon Xudayberqenovun elə bu gün verdiyi məktubu da oxumamışdım. Və cavab da yazmalıydım…Masanın arxasına keçib, zərfi açdım. Gözlərimi yumdum. Yumdum ki, Vüsaləni görüm…… Elə ilk günlərdən öz gözəlliyi ilə diqqətimi cəlb etmişdi Vüsalə. Amma gecikmişdim. Gec idi. Artıq, necə deyərlər, qatar getmiş - onun barmağına hələ instituta qəbul olunmamışdan əvvəl nişan üzüyü taxılmışdı. Elə buna görə də susmağa, ürəyimdə bəxtimdən şikayətlənməyə məcbur olunmuşdum.Bir gün mühazirədən sonra mərkəzi kitabxanaya gedir¬dim. İnstitutdan həyətə çıxanda Vüsalə ilə rastlaşdım. Yolumuz bir tərəfə idi. (Vüsaləgil kitabxananın yanında yaşayırlar)…Univermağın yanında avtobusdan düşdük. Yolun o biri tərəfinə keçməliydik. Yeraltı keçidə endik. Keçiddə… birdən… Vüsalə qolumdan tutdu: - Xahiş edirəm, Mahir, zəhmət olmazsa, beş dəqiqəliyinə univermağa qalxaq.Qalxdıq univermağa… Düşdük… Qapıdan çıxanda Vüsalə yenidən qolumdan yapışdı: - Mahir, çox xahiş edirəm, sözümü yerə salma…İtirdim özümü. Gözümü yumdum, açdım. Yox, yuxu deyildi!..Gəldiyimiz yollaca geri - instituta doğru addımladıq. Sakitcə. Nə Vüsalə dinirdi, nə də mən. Onu bilmirəm, mənim dilim sanki yapon kilidi ilə kilidlənmişdi…Sükutu Vüsalə pozdu:-«Mziuri» parkına enək.Endik. Özü də Vüsalə çoxdanın sevgililəri kimi qolumdan «yapışmışdı», həm də bərk-bərk... Elə bil əsən külək məni onun əlindən alıb aparacaqdı… Günəş dağlar arxasına ke¬çənə kimi Vüsalə «buraxmadı» məni. Axşam üstü evləri¬nədək ötürdüm onu. Vüsalə üzr istəyib, “sabah görü¬şə¬nədək”, -söylədi… Mən həmin gün yataqxanaya kitabxanaya dəyməmiş qayıtdım…Səhəri institutda görüşdük. Mən nə qədər tezdən gəlsəm də, o məndən əvvəl gəlmişdi. Hal-əhval tutduqdan sonra Vüsalə:- Bilirsən, - dedi, gözlərini gözlərimdən çəkdi, sanki uta¬naraq, udquna-udquna əlavə etdi: - dünən biz keçiddən keçəndə «nişanlımı» gördüm. Gözlərimə inanmadım. Həqiqət olduğunu müəyyən edəndə az qaldım dəli olam. Axı, mən onu axşam, yəni srağagün qatarla Bakıya yola salmışdım. Sən demə, səhəri təyyarə ilə geri qayıdıb məni izləmək fikrinə düşə. Mənim isə düzü belə işlərdən xoşum gəlmir. Bir də ki, mən ona həmişə deyirdim: «Sən gəl mənə şübhə ilə baxma. Şübhə çox pis şeydir. İnan mənə. Heç vaxt sənə xəyanət etmərəm…» Cavab verirdi: «Narahat olma. Onsuz da sən mənim gözümdə alçalmaz uca bir dağsan, Sənan dağı…» Elə buna görə, mən də dünən qəsdən, necə deyərlər, onu yoxlamaq məqsədilə sənə… yaxın oldum; dedim, görüm nə edəcək… Axşam evə girəndə gördüm ki, bizdədir. Qaş-qabaqlı oturub. Salam verdim, almadı. Hirsim vurdu təpəmə. Üzüyü barmağımdan çıxarıb qoydum qabağına. «- Mən boyda uca dağ nə tez alçaldı sənin gözündə?» - deyib öz otağıma keçdim. Anam gəldi: - “A bala”, - dedi: - “dəli olmayıbsan…” Belə-elə… Mən susdum. Heç nə deməyi lazım bilmədim… Nə isə, bağışla, dünən səni işindən etdim, sənə əziyyət verdim…- Allah bağışlasın…«Doğrudan da şübhə nə pis şeymiş!...»Və… Birinci kursu bitirib, hərbi komissarlığa ərizə yazdım və könüllü olaraq əsgərliyə gəldim. Gəldim ki, bəlkə bu iki ildə unudum Vüsaləni. Günəşi duman gizlər, deyiblər, dərdi zaman… Amma… belə də deyiblərmiş: Yaşı gözdən silməklə qübarı qəlbdən qovmaq olmaz!..Soyuq və tüstü bürümüş «palatka»da gözü yumulu Vüsaləni bir qədər xatırladıqdan sonra gözlərimi açdım, onun məktubu oxumağa başladım. Gözlərimə inana bilmirdim. Oxu¬yub sona yetdim. Bir də yenidən təkrarən oxumaq istədim. Bir neçə cümlə oxumuşdum ki, işıq söndü. «Eh, tüstü az maneçilik edirdi, işıq da bir yandan…» Ayağa qalxdım, kib¬rit yandırıb keçən həftə evdən gətirdiyim, yanıb gödəlmiş şa¬mı tapdım. Şam da deyəndə bir qız qarışı uzunluğunda nazik şamcıq… O da yanıb qurtardı. Nə etməli? Tüstü də bir yandan məni ağladırdı. Öskürürdüm. «Bəlkə, yıxılıb yatmalı? Yox-yox…» Yanmış şamın əriyib tökülmüş mumunu yığdım, bir köhnə parçın içinə atıb peçin üstünə qoydum. Papağımın iç üzünə sancıb ehtiyat üçün gəzdirdiyim iynənin ucundan ağ sapı açdım. Üç-dörd qat edib, ərimiş şamın donmuş mumunu yenidən əritdiyim parçın içinə atdım. «İslanmış» sapı çıxardıb, sərdim. Ərimiş mumu sap uzunu damcıladıb, dondurmaq üçün pəncərəyə qoydum. Gülməli də olsa, «şam» «istehsal etdim». Neyləyim, dağ başında özgə nə et¬mək olar?..***Düşünürdüm: «On günlük məzuniyyət verələr, Tiflisə gedəsən. Özü də Novruz bayramı ərəfəsində. Vüsaləni isə görüb təbrik etməmiş geri qayıdasan…» Elə bu vaxt palatkaya işıq doldu. Sevindim. Sevincim - sevincə qarışdı. Arzu edirəm ki, Uca Allah həmişə bütün cəmi sevənləri sevindirsin. Mən həmin an yaşadığım sevincimi təsvir etməkdə çox çətinlik çəkirəm…Məktubu bir də təzədən oxumağa başladım:MÜQƏDDƏS MƏKTUB!Vəfalı dostum, əziz və mehriban tələbə yoldaşım, mənim sevimli Mahirim!Əvvəla, qəlbimin ən dərin guşələrində bəslədiyim qı¬zılgül ətirli, qönçə təravətli, bahar nəfəsli, bənövşə qoxulu, atəşin salamlarımı bu gün MƏHZ sənə təqdim etməklə özümü dünyanın ən bəxtəvər qızlarından biri hesab etmək istəyirəm.Salamdın sonra, məlumun olsun ki, bu cansız kağız vasitəsilə sənin vəziyyətinlə tanış olmaq istəyən sabiq tələbə dostun…səni öz canından artıq sevən Vüsalədir.Necəsən? İşin-gücün? Kef-əhvalın? Xidmətin necə keçir? Nə var, nə yox?.. Allahdan arzu edirəm ki, hər şey öz qaydasında, canın-başın da sağ-salamat olsun.Biz də yaxşıyıq. Yeni xəbərlərdən biri odur ki, mən… “Nişan üzüyümü”… geri qaytardım. Bunun da əsas səbəbi, inan, ondan ibarətdir ki, mən onu heç vaxt sevməmişdim. Valideynlərimin xətrinə «nişanlanmışdım». Ancaq bu son günlərdə mən hədsiz pis vəziyyətə düşdüm. Elə bil, zəhəri bal, şərbət əvəzinə içmişdim… Nə isə… axır ki, evdə açıb dedim, mən onu sevməmişəm, sevə də bilmərəm…Tale mənim bəxtimi belə yazıbmış… Sevmədiyim bir adama nişanladılar, bu isə mənim üçün çox çətin idi… Beləliklə də,.. çırpdım… Mənə elə gəlir ki, istər qız, istərsə də oğlan, gələcək ömür-gün yoldaşını özü seçsə daha yax¬şıdır. Yaxşı yox e, özün sevib-seçmək ən böyük xoşbəxtlikdir!..Hə, eşitdim ki, məzuniyyətə gəlibsənmiş, institutda da olubsan… Təəssüflər olsun ki,.. mən görə bilməmişəm. Heç olmazsa, bir də gələndə elə et ki, görüşə bilək. Mütləq gö¬rüşək!.. Düzü, səni görmək üçün burnumun ucu göynəyir…Daha nə yazım? Hələlik bu qədər. Yəqin ki, məni başa düşəcəksən Elə buna görə də, əminəm ki, mənim bu qısa məktubum sonuncu yox, BİRİNCİ, daha doğrusu, İLK məktubum olacaqdır. Əlbəttə, bu… səndən asılıdır, təkcə SƏN-DƏN!..Sağ ol. Sağlıqla qal. Xudahafiz.Sənin Vüsalən, 25 mart, Tiflis.»***… Düşünürdüm: Belə bir müqəddəs məktuba necə cavab yazım? Necə? Hansı sözdən başlayım? «Salam»mı yazım? Salamı deyirlər dillə-ağazla… Bəs, necə başlayım? Bəlkə, Vüsalə kimi sadəcə olaraq - «Müqəddəs məktub»… Bəlkə, səhər tezdən teleqramm vurum… Bəlkə, komandirdən xahiş edim, iki-üç günlüyə qısa müddətli məzuniyyətə buraxalar… Bəlkə… Bəlkə… Nə isə… Nəhayət, bir də gördüm ki, gecə keçib arxada qalıb, artıq dan yeri qızarmağa başlayır. Masanın üstündəki ağ kağıza isə hələlik cəmi bircə cümlə yazılmışdı: «Qələm tutub, məktub yazan barmaqlarına qurban olum, VÜSALƏM!..»Soyuqbulaq, 1989.«Ziya» qəzeti, 26 fevral, 1993."Məhəbbət həyatdır". Bakı, 1996, səh. 77-81ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.