GÜLZAR ŞƏRİFOVANIN POETİK YARADICILIĞININ PROBLEMATİKASI, JANR XÜSUSİYYƏTLƏRİ, BƏDİİ DİLİ VƏ OBRAZLARI Humanitar elmlər, Elmi Məqalələr, Tiflis, Zalqa 2 апреля 2026 72 100 1 2 3 4 5 GirişGülzar Şərifovanın bədii yaradıcılığa orta məktəb illərində, yəni səkkizinci sinifdə oxuyarkən başlamasını Gürcüstan ədəbi mühitində azərbaycanlıların yeganə mətbu orqanı olan “Sovet Gürcüstanı” qəzetində nəşr edilmiş şeirləri təsdiq edir. Dövründə ədəbi dairələrin diqqətini cəlb etməsi mətbuatda xüsusi vurğulanmışdır. Məsələn, Azərbaycanın Xalq yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Mirzə İbrahimovun Gülzar Şərifovanın bədii yaradıcılığına maraq göstərməsi “Sovet Gürcüstanı” qəzetinin 8 oktyabr 1966-cı il tarixli 121 (4689) saylı qəzetinin səhifələrində yer alır. Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli və digər Azərbaycanın tanınmış şair və yazıçılarının Tbilisi şəhərində iştirak etdikləri tədbirdə gənc şairlərin şeirlərini səsləndirmələri və Xalq yazıçısı Mirzə İbrahimovun Gülzar Şərifovanın “İnsana sualım var” şeirinin surətini götürməsi xəbəri qəzetin səhifələrində əksini tapır.Gülzar Şərifova 8-ci sinifdə oxuyandan “Sovet Gürcüstanı” qəzetinin nəzdindəki ədəbiyyat dərnəyinin məşğələlərində müntəzəm iştirak edir. Məsələn, qəzetin 6 fevral 1965-ci il tarixli qəzetinin səhifələrində yer alan “Ədəbiyyat dərnəyində” adlı başlıqlı yazıda belə bir məlumat qeyd edilir ki, “dərnəkdə oxunan əsərlərin müzakirəsi keçirildi. ...G.Şərifovanın “Doğma Trialeti”, “İnsan”, “Ürək düşünür”... şeirləri bəyənildi”. Sonrakı dövrlərdə adları qeyd edilən şeirlərin “Sovet Gürcüstanı” qəzetinin səhifələrində geniş yer almasının da şahidi olmaq mümkündür. Şairin “Doğma Trialeti” adlı şeiri 4 noyabr 1965-ci il, “İnsan” adlı şeiri 23 noyabr 1965-ci il tarixlərində nəşr edilmişdir. “Ürək düşünür” adlı şeirinin isə 5 aprel 1969-cu il tarixində “Ürək olanda” adı ilə nəşr edildiyini iddia edirik.Gülzar Şərifova mətbuatda Ş.Gülzar, Gülzar Şərifova, G.Şərifova, Gülzar Nəsrəddin qızı Şərifova, G.N.Şərifova imzaları ilə çap olunmuşdur.Gülzar Şərifovanın bədii yaradıcılığının problematikasıGülzar Şərifovanın bədii yaradıcılığının problematikası cəmiyyətimizi, həmçinin də hər bir fərdi düşündürən müxtəlif mövzu və problemləri əhatə edir. Məsələn, şairin “Bacılar ağlamasın” adlı poetik nümunəsinin problematikasında hər bir qadının keçirdiyi və ya keçirə biləcəyi iztirablar yer alır. İnsan üçün doğmasının itkisini ürək ağrısı ilə qələmə alan şairin bu şeirində ana dilimizdə işlənilən “Bacı ana əvəzidir” deyimini yada salaraq, bacıların keçirdiyi sarsıntıların poetik dillə təqdimini görürük:Göylər qara boyanarBacılar ağlayanda Zaman donar, dayanar,Bacılar ağlayanda.Gülzar Şərifova bu poetik nümunəsində məhz insan iztirablarını, ağrısını bədii dillə ifadə etməsinə rəğmən, “bacılar ağlamasın” deyə öz istəyini də səsləndirir:Bacılar - zərif çiçəkGörməsin soyuq küləkBelə istəyir ürəkHeç qara bağlamasın,Bacılar ağlamasın.Gülzar Şərifovanın yaradıcılığında “Bacı dərdi” adlı şeirinin problematikası bizə mövzu baxımından “Bacılar ağlamasın” şeirini xatırladır. Şairin bu poetik nümunəsinin problematikasında da doğma insan itkisinin acısının çəkilməz bir dərd olmasının şahidi oluruq:Əzizim acı dərdiSağalmaz acı dərdiQardaşsız bacı dərdiYazdırın baş daşıma.Gülzar Şərifova ağı və ya edilərinin problematikasında da bacıların doğma qardaşları üçün keçirdikləri hiss və həyəcanları, doğma insanlarının itkisi ilə barışa bilməmələrini sənətkarlıqla təqdim edir:Sənsiz nə gündü qardaş,Qəmdi, hüzündü qardaş.Sənsiz dünyam boşaldı,Günəşim söndü, qardaş.Şairin şeirlərində bir qadının doğmaları üçün həsrət yanğısı, əzizini itirmiş insanın dərdi lirik-fəlsəfi düşüncə tərzində poetik dillə əksini tapır. Bundan başqa şair adamların mənfur xüsusiyyətlərə malik olmasını şeirlərinin problematikasında qabardır. Məsələn, “Acıdil” adlı şeirdə şairin insanlarda özünü göstərən mənfur xüsusiyyətləri açıqlamasının şahidi oluruq:Sancar əfi ilantək,Rəhm eyləməz acıdil.Şair burada “acıdil”li insanların əfi ilantək ətrafındakı insanları sancmasını məcazi mənada açıqlayaraq tənqid edir.Vətən məhəbbəti, doğma el-obasına bağlılıq Gülzar Şərifovanın yaradıcılığının əsas qayəsini təşkil edir. Şairin müxtəlif illərdə qələmə aldığı “Doğma Trialeti”, “Vətəni sevək”, “Doqquzbulaq”, “Dağlar”, “Dünya” və s. şeirlərində doğma məkanlarının əsrarəngiz təbiəti, bu doğma el-obaya sevgi və s. tərənnüm edilir. Akademik Mirzə İbrahimovun vurğuladığı kimi “Vətən eşqi böyük, əzəmətli, müqəddəs duyğudur”. Şairin “Doğma Trialeti” adlı şeirinə diqqət yetirdikdə bunun şahidi oluruq:Ürəyimdən axıbdırSuyu “Doqquzbulağ”ınŞeir qədər əzizdirMənə gülün, yarpağın,Köksündən əsən mehlərOxşayıb ürəyimi.Gülzar Şərifovanın şeirlərində bəşər övladlarına birlik, sülh, əmin-əmanlıq arzuları yer almaqdadır. Şairin “Günəşdən nur tökülür”, “Bəşərin addımları”, “Afrika”, “Azad körpələrimiz”, “Beynəlmiləl təranəsi” və s. şeirlərində şairin xalqa, dünyaya olan sevgisi ümumbəşəri məzmun kəsb edə bilir. “Bəşərin addımları” adlı şeirinə diqqət yetirsək bunu aydın şəkildə müşahidə edirik:Qanadlanır min ilhamlaSaf arzular, düşüncələrGələcəyə -xoş sabahaAddım atır indi bəşər.Şair “Afrika” adlı şeirində isə gələcəyə inamını itirməyərək, haqq-ədalətin dünyada yer tutacağına inamını qətiyyətlə səsləndirir:Qoy eşitsin cənablarMilyonların səsini,Qandallar boğa bilməzBəşərin nəğməsini!Azərbaycan poeziyasının simalarından olan Gülzar Şərifovanın özünəməxsus yaradıcılığının problematikasının zənginliyi ilə seçilməsi təqdirəlayiqdir. Şairin uşaqlıq dövründə üzləşdiyi anasızlığın çətinlikləri, zamanın bütün ağırlığı, ictimai-siyasi məsələlərə münasibəti, Vətənə olan sevgisi, təbiətə vurğunluğu və s. qələmə aldığı şeirlərində poetik dillə qabardılır.Gülzar Şərifovanın poetik nümunələrinin janr xüsusiyyətləriGülzar Şərifovanın şeirlərinin janr xüsusiyyəti zənginliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir. G.Şərifovanın şeirləri həm yazılı ədəbiyyatımıza, həm də ümumxalq təfəkkürünün məhsulu olan şifahi xalq ədəbiyyatımıza xas olan nəzmin janrlarında qələmə alınması ilə maraq kəsb edir.Gülzar Şərifovanın hələ 1963-cü ildə “Sovet Gürcüstanı” qəzetinin səhifələrində nəşr edilmiş “Sabahı düşünürəm” adlı şeirinin forması diqqətdən yayınmır. 14-lük heca bölgüsündə qələmə alınmış bu şeir 7-7 şəklindədir. Maraqlı məqam isə bu 14-lük hecanın misralarının məsnəvi şəklində qələmə alınmasıdır. Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalarından biri olan, iki qoşa misrası cüt-cüt bir-biri ilə qafiyələnib tam, müstəqil fikir ifadə edən məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir. “İkilik” mənasını ifadə edən məsnəvinin misraları bir -biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, dd ...:Qarşımda hər misrası min qüssə, min ahu-zar, // aMüqəddəs bir ananın gündəlik dəftəri var. // aOxuyuram bir vərəq mən onun dəftərindən, // bAnanın taleyini düşünürəm dərindən.... // bBoğur məni göz yaşı, ürəyim alovlanır, // cOnun qəmli siması göz önündə canlanır... // cŞairin “Sabahı düşünürəm” adlı şeirini mütaliə etdikdə isə misraların məhz məsnəvi şəklində təqdim edilməsinin şahidi oluruq. Bu ənənə ədəbiyyatımızda mövcuddur. Məsələn, Ş.İ.Xətainin məsnəvi formasında qələmə alınmış bahariyyələrin ən kamil nümunələrindən olan “Dəhnamə”si:Qış getdi, yenə bahar gəldi,Gül bitdivü laləzar gəldi.Quşlar qamusu fəğanə düşdü,Eşq odu yenə bu canə düşdü.Qeyd etmək lazımdır ki, istənilən uzunluqlu misra üzərində qurulan məsnəvi, həm heca, həm də əruz vəznində qələmə alınır.Gülzar Şərifovanın qələminə məxsus bayatıların bu janrda qələmə alınması maraq doğurur. Yeddi hecalı, dörd misra və bir bənddən ibarət lirik xalq şeiri janrı olan bayatının zəngin ənənələrə malik olaraq ədəbiyyatımızda xüsusi yer tutması bəlli faktdır. Gülzar Şərifovanın da xalq ədəbiyyatı ənənələrini bədii yaradıcılığında yaşatması onun milli köklərə dərindən bağlı olmasını əks etdirir. Şairin müəllifi olduğu bayatıların da aaba şəklində, yəni üçüncü misrasının sərbəst, qalan misralarının - birinci, ikinci və dördüncü misralarının qafiyələnməsini müşahidə edirik. Bayatılara xas olan qafiyələnmə şairin bayatılarında da aaba şəklindədir:Əzizinəm qəmim çox, // aKədərim çox, qəmim çox. // aSəni səslərəm qardaş, // bMənə səs verənim yox. // aBayatının birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəstdir. Gülzar Şərifovanın bayatıda çatdırmaq istədiyi əsas fikir məhz üçüncü və dördüncü misralarda əksini tapır. Birinci və ikinci misralar şairin giriş xarakteri daşıyaraq hazırlıq məqsədi güdməsini əks etdirir. Qeyd etmək lazımdır ki, həm şifahi ədəbiyyatımızda, həm də yazılı ədəbiyyatımızda bayatı nümunələrinin bir qismi “Əziziyəm”, “Əzizinəm”, “Mən aşiq”, “Aşiqəm”, “Əzizim”, “Eləmi” və s. ifadələri ilə başlayır. Gülzar Şərifova da bayatılarının çox qismini “Əzizinəm”, “Əziziyəm” kimi ifadələri ilə başlayır:Əzizim, elim dağlarQurbanın olum dağlar.Görüşünə ümid az,Uzaqdır yolum, dağlar.Yazılı ədəbiyyatımızda bayatı janrında Şah İsmayıl Xətainin, Məhəmməd Əmaninin, Qasım bəy Zakirin, Molla Vəli Vidadinin, Sarı Aşığın və digər söz xiridarlarının qələmə aldıqları bayatılar bu gün də maraqla qarşılanmaqdadır.Gülzar Şərifovanın poetik nümunələri içərisində ağı və ya edilərin də yer tutmasının şahidi oluruq. Ağı və ya edilər də bayatı formasında yaradılan, ancaq bayatılardan fərqli olan bu bədii nümunələr əsasən kədər və hüzn ifadə edir. Ağı və ya edilər də dörd misralı, yeddi hecalı olur. Birinci, ikinci və dördüncü misralar həmqafiyə olub, üçüncü misra sərbəst buraxılır:Qardaş deyib ağlaramÜrəyimi dağlaramMəşhərəcən yaşasamYenə qara bağlaram.Gülzar Şərifova müəllifi olduğu ağı və ya edilərdə məhz ölümlə, əbədi ayrılıqla bağlı olaraq, qəm, kədər, qüssə, fəlakət, matəm motivlərinə üstünlük verərək hisslərini ifadə edir. Şairin ayrılıqdan doğan kədəri əks etdirən bu hüznlü lirik nümunələrində şairin üzləşdiyi faciəyə aydınlıq gətirilir. Böyük itki verməsini poetik dillə təqdim edir.Ağı və ya edilərin şairin yaradıcılığında məhz ölüm və fəlakətlə bağlı olan lirik-dramatik improvizasiya olmasının da şahidi oluruq.Poetik ifadə imkanları geniş olan ağı və ya edilər bəzən vəznsiz, zəif qafiyəli və oxşama ruhlu misralardan da ibarət ola bilir, bəzən də heca bölgüsü bayatılardan fərqli ola bilir:Ay xəbərsiz gedən qardaşÖmrü sona yetən qardaşBacısını yazıq edib,Yandırıb kül edən qardaş.Gülzar Şərifovanın da məhz ölümlə, əbədi ayrılıqla bağlı olan bu poetik nümunələri ayrılıqdan doğan kədəri əks etdirməklə yanaşı yaşadığı faciəni bədii dillə açıqlayır. Şair üçün böyük itki kimi təqdim edilir. Çünki, ağı və ya edilərdə doğma insanının itkisinin qohum-əqrəbanın dilindən söylənilməsi bəllidir.Şairin yaradıcılığında cəmi dörd misradan ibarət olan rübailərin olması xüsusi maraq doğurur. Müəllifin rübailərində misralar aaba şəklində, yəni birinci, ikinci və dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst şəkildə qafiyələnir:Qəm qapımı döydü, neylim, // aDərd qəddimi əydi, neylim. // aZalım fələk bir ox atdı, // bGəlib mənə dəydi, neylim. // aGülzar Şərifovanın qələmə aldığı bu rübaisinin əxlaqi-fəlsəfi məzmun daşımasının da şahidi oluruq. Fikri lakоnik və yığcam ifadə edən rübaiyə xas olan bədii ideyanın tam və bitkin olmasını şairin müəllifi olduğu rübaidə də şahid oluruq. Gülzar Şərifova çatdırmaq istədiyi əsas ideya və məzmunu sоnuncu iki misrada ifadə edir. Şairin müəllifi olduğu bu rübaidə həmqafiyə olan sözlərdən sonra “neylim” kimi rədif də işlənilir.Gülzar Şərifova qələmə aldığı rübaidə çatdırmaq istədiyi məzmunu dörd misrada predmetləşdirir:Qəfil gəldi ölüm, neylimSoldu əlvan gülüm, neylimBu dərdinə yandım qardaş,Yandım qaldı külüm, neylim.Rübailərin müstəqil ədəbi janr kimi folklorda formalaşaraq təkmilləşdirilmiş şəkildə yazılı ədəbiyyatda yer alması bir ənənəyə çevrilmişdir. Rudəki, Ömər Xəyyam, Məhsəti Gəncəvi, Camələddin Rumi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi digər ədiblərimizin fəlsəfi-hikmət məzmununa malik olan gözəl rübailəri ədəbiyyatımızın inciləridir.Şairin poetik nümunələrinin bədii diliƏminliklə vurğulamaq lazımdır ki, Gülzar Şərifovanın poetik nümunələrinin bədii dili zəngin və rəngarəngdir. Şairin həyat həqiqətlərinin və bədii təxəyyülün sintezini əks etdirən poetik nümunələrində məhz bədii dilin mühüm tərkib hisssəsi kimi istifadə edilən bədii ifadə və təsvir vasitələrinin məqamında işlənilməsi diqqəti cəlb edir. İstifadə olunan bədii təsvir və ifadə vasitələri şairin poetik nümunələrinin dilinə ağırlıq gətirmir, əksinə şairin şeirlərinin poetikliyini artırır və axıcılıq yaradır.Şairin poetik nümunələrində istifadə etdiyi inversiya, bədii sual, təkrir, bədii təzad, kinayə, mübaliğə, lilota kimi sintaktik fiqurların işlənilmə məqamına nəzər saldıqda, onların sənətkarlıqla istifadə edilməsini müşahidə edirik.Bədii ifadə vasitələrinə müraciət edən Gülzar Şərifovanın poetik nümunələrində istifadə etdiyi yerdəyişmə prosesini həyata keçirməsindəki sənətkarlıq da diqqətdən yayınmır. Şairin poetik nümunələrinin nitqinin bədii təsvir gücünü artırmaq məqsədi ilə sözlərin qrammatik ardıcıllığını məqsədli şəkildə pozması şeirin dilinə ağırlıq gətirmir, əksinə əlvanlıq qatır. Məsələn, “Bacılar ağlayanda” adlı şeirində şairin poetik nümunənin bədii təsirini gücləndirmək üçün yol verdiyi məqsədli pozulmalara diqqət yetirək.Bulanar çaylar, göllərTufan qoparar yellər,Dözməz, ağlayar ellərBacılar ağlayanda.Şeirin bu bəndində şair bulanar, tufan qoparar, dözməz, ağlayar kimi xəbərləri mübtədadan əvvələ keçirməklə, bilərəkdən sözlərin qrammatik ardıcıllığını pozaraq, şeir üçün daha səciyyəvi əlamət olan inversiya yaradır. Şair qələmə aldığı poetik nümunələrinin bədii təsir gücünü gücləndirmək məqsədi ilə şeirlərində tez-tez yerdəyişməyə müraciət edir. Məsələn, şair “Günəşdən nur tökülür” adlı şeirində də xəbərləri mübtəda, digər nitq hissələrindən əvvələ keçirməklə inversiya yaratmağa nail olur:Yenə xoş müjdələrləAçdı gözünü səhər.Günəşin şəfəqinəBoyandı gen küçələr.Gülzar Şərifovanın poetik nümunələrində emosional təsiri artırmaq üçün fikir və ideyalarını sual tərzində ifadə etməsi də sənətkarlıqla yer alır. Şair öz hiss və həyəcanlarını daha emosional şəkildə ifadə etmək üçün bədii sualdan faydalanır. Məsələn, şairin “Yollarında gözüm qaldı” adlı şeirində adi qrammatik sualdan fərqlənən bədii sualın işlənilməsinə diqqət yetirək:Mən itmişəm ilim-ilimDoğranmışam dilim-dilimHarda obam, harda elim,Harda dağım, düzüm qaldı?Şairin “Harda obam, harda elim, Harda dağım, düzüm qaldı?” misrasında məhz emosionallığı artırmaq məqsədi ilə bədii sualdan istifadə etməsinin şahidi oluruq. Şair ünvanladığı suala cavab alıb hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi güdmür. Gülzar Şərifovanın bu poetik nümunəsində istifadə edilən bədii suala şeir boyunca da cavab verilmədiyinin şahidi oluruq.Gülzar Şərifovanın poetik nümunələrində sintaktik fiqurlardan biri olan təkrirdən, onun əsas növləri olan anaforaya, epiforaya və simplokaya müraciəti də diqqətdən yayınmır. Şair eyni sözü, ifadəni və ya söz qrupunu bilərəkdən təkrar şəkildə təqdim etməklə poetik nümunəsinin bədii təsir gücünü artırır. Məsələn, şair “Qəlbimin ağrısı” adlı şeirində şeirin başlığına çıxartdığı “qəlbimin ağrısı” ifadəsini şeirin misralarının başlanğıcında, altbaalt işlədilərək anafora yaradır:Bu ağı, bu acı sığmaz heç yerəAşar dənizləri, dağları aşar.Qəlbimin ağrısı sığmaz göylərə,Qəlbimin ağrısı qəlbimdə yaşar.Şairin bu təkriri qaydalı şəkildə şeirin beytində yer alır. Ancaq sərbəst və ya qaydasız təkrirlərin ədəbiyyatımızda işlənilməsinin də şahidi oluruq. Məsələn, şeirin bir misrasının və ya beytinin müxtəlif yerlərində eyni sözün təkrarlanmasına Qazi Bürhanəddin yaradıcılığında rast gəlinir:Şol dərd qulıyam ki, dəvadur anın qulı,Bən qulıyam bu dərd iləvü bu dəva ilə.Qazi Bürhanəddin təsəvvüfi görüşlərini ifadə edərkən dərd, dəva, qul sözləri vasitəsilə bədii təkririn qaydasız formasına müraciət edir. Gülzar Şərifovanın da bədii yaradıcılığında qaydasız təkrirlərin işlənilməsi ilə rastlaşırıq. Məsələn, şairin “Sinəmə sancılan ox” adlı şeirində qaydasız təkririn işlənilməsinə nəzər salaq:Görür öz işini, soruşmur bizdənSoruşmur göynəyən ürəyimizdən.Gülzar Şərifovanın poetik nümunələrində təkririn növü olan simplokaya da rast gəlinir. Simploka anafora və epiforanın birgə işlənməsidir. Qeyd etmək lazımdır ki, simploka ədiblərin yaradıcılığında tez-tez rast gəlinən təkrir növlərindəndir. Məsələn, Qazi Bürhanəddinin simplokadan istifadə etməsinə nəzər salaq:Necə bir şol cadu gözün qəsdi-canü dil qıla,Necə bir şol incə belün bu tənümi qıl qıla.Gülzar Şərifovanın “İstəmirəm dünyanı” şeirində simplokadan istifadə etməsi məqamına diqqət yetirək:İstərdim yanında olam, olmadıİstərdim dərdini alam, olmadı.Şair duyğu və düşüncələrini gücləndirmək, həmçinin fikrini bariz şəkildə ifadə etmək, ekspressivliyini artırmaq üçün poetik nümunələrində bədii məqsədlə istifadə edilmiş eyni sözlərin təkrarını sənətkarlıqla həyata keçirir.Gülzar Şərifovanın poetik nümunələrində məzmunca bir-birinə zidd anlayış və ya vəziyyətləri qarşılaşdırması ilə də üzləşirik. Şairin bədii təzadları həm antiteza, həm kontrast kimi iki əsas yolla sənətkarlıqla yaratmasını da müşahidə edirik. Məsələn, şairin “Sən vardın” adlı şeirində bədii təzadın istifadə məqamına diqqət yetirək:nə vaxt mənim gecəmdir,nə zaman gündüzümdür.-misrasında şair “gecəmdir”, “gündüzümdür” sözləri ilə təzad yaradır.“Keşlə yolu” adlı şeirində də şair bədii təzaddan istifadə edir:Dünyanın çox yolu varSevinc dolu, qəm doluBu misrada Gülzar Şərifova sevinc, qəm kimi əks mənalı sözləri, yəni antonimləri eyni misra daxilində qarşılaşdırmaqla antitezaya müraciət edir.Şair “Şəmməd adlı oğul vardı” şeirində isə bir-birinə zidd iki vəziyyəti, hadisəni, əhval-ruhiyyəni qarşılaşdırmaq, müəyyən bir fikir və ya hissi daha qabarıq, təsirli şəkildə çatdırmaq məqsədi ilə kontrast yaradır:Kədərini özü çəkər,Sevincini yarı bölər...Şair poetik nümunələrində duyğu və düşüncələrin qarşı-qarşıya qoymaqla, ziddiyyət yaratmaqla, mənaca bir-birinin əksi olan həyat lövhələrini yanaşı işlətməklə təzadlardan yararlana bilir.Gülzar Şərifova qələmə aldığı şeirlərində çatdırmaq istədiyi hiss-həyəcanlarını hiperboladan istifadə edərək çatdırır. Məsələn, şairin “Nə ağırdı qardaş dərdi” adlı şeirində mübaliğə ilə nəzərə çatdırmaq istədiyi hadisəni qabardır:Günü-gündən dərd çoxalıb yüz oldu,Alov düşdü, sinəm yanıb köz oldu.Qəlb sızladı, qan-yaş tökən göz olduBu qisməti Tanrı verdi, ay aman!Nə ağırdı qardaş dərdi, ay aman!Bu poetik nümunəyə diqqət yetirdikdə, şair öz dərdinin böyüklüyünü, faciəsini oxucusuna mübaliğəli şəkildə çatdırır. Şair dərdinin alov kimi onu yandırıb közə çevirməsini poetik dillə, ən əsası isə mübaliğə ilə ifadə edir.Gülzar Şərifova bədii yaradıcılığında sintaktik fiqurlarla yanaşı məcazlardan da sənətkarlıqla istifadə edir. Şairin epitet, təşbeh, metafor, metonimiya, simvol kimi istifadə etdiyi bədii təsvir vasitələri qələmə aldığı bədii nümunələrin bədii dilinin çox mühüm tərkib hissəsi kimi özünü büruzə verir.Şairin “Sönməyən məşəl” adlı şeirində istifadə edilən və şeirin adına çıxarılan “sönməyən məşəl” ifadəsi fikrimizə parlaq nümunədir. G.Şərifova məhz sülhün, əmin amanlığın qoruyucularından biri kimi də ordunun olmasını bədii dillə tərənnüm edərək, ordunun fəaliyyətini sönməyən məşəllə müqayisə edir.Al günəşli səhərəMilyonları yetirənŞanlı Milli OrdumunQüdrəti, hünəridir.O, sülhün, qardaşlığınSönməyən məşəlidir.Şairin poetik nümunəsində istifadə edilən “sönməyən məşəlidir” fikri epitetdir. G.Şərifova bu şeirində metafordan da istifadə edir. Məsələn, şairMərmilər yağış kimiBürüyərkən cahanı-misrasında “mərmilər yağış kimi” ifadəsini işlədir. Bu zaman şair hər hansı bir əşyanın xüsusiyyətini təbiət üzərinə köçürməklə metafor yaradır.Gülzar Şərifova “Keşlə yolu” adlı şeirində də istiarəyə müraciət edir:Göz yaşım selə dönür,Dərdlərim tüğyan edir.-misrasında şairin göz yaşının selə dönməsini əks etdirilməsi fikrində insanın göz yaşı ilə intensiv yağış, buz və mövsümü qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və ya daşlı-palçıqlı axın olan sel arasında birbaşa heç bir bağlılıq yoxdur. Şair insanın axıtdığı göz yaşının ağırlığını diqqətə çatdırmaq üçün bənzədilənin (təbiətin) əlamətini dolayısı yolla bənzəyənin yəni insanın əlamətinə çevirir.Gülzar Şərifovanın poetik nümunələrinin bədii dilində tez-tez olmasa da, bir anlayışın, predmetin əvəzinə əşyanın (predmetin) yerinə onların arasındakı zahiri və yaxud daxili əlaqəyə görə, onunla əlaqədar şüurumuzdakı təsəvvürlə bağlı olan başqa bir sözün, və ya adı əvəz edərək işlətməsi ilə də üzləşmək mümkündür. Şairin “Şeirimizin təntənəsi” adlı şeirində metonimiyaya müraciəti diqqətdən yayınmır:Rustaveli vətənində hər bir zamanSənsən bizim şeirimizin təntənəsi!- misrasında şair “Rustaveli vətənində” deməklə Gürcüstanı, “şeirimizin təntənəsi” deməklə isə Şota Rustavelini nəzərdə tutur, bununla da metonimiya yaratmağa nail olur. Burada şairin əsasən, məkana, mənsubiyyətə görə təyin edilən metonomiyada əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adını çəkməsinin şahidi oluruq.Şairin poetik nümunələrində obrazlar qalereyasıGülzar Şərifovanın poetik nümunələrində obrazlar qalereyası diqqəti cəlb edir. Bu obrazlar içərisində Vətən, ana, insan, təbiət, ordu, doğma el, dağ, körpə, qardaş, bacı, nənə, övlad, nakam insan, dərdli adam və s. yer tutur. Şair obrazlar vasitəsilə yalnız sevgi və ehtiramını deyil, öz hiss və həyəcanlarını da ifadə edir. Məsələn, şair “Azad körpələrimiz” adlı şeirində körpələrə olan sevgisini dilə gətirməklə yanaşı, məsum körpələrin ümumiləşdirilmiş obrazını yaradır:Al günəş şölə saçırNurlu yollarınıza.Gülür min səadətləÖmrünüzün baharı,Xoşbəxtsiniz, ey böyükÖlkəmin övladları.Gülzar Şərifova “Bizim xoşbəxt analar” şeirində isə ana obrazını yaratmağa nail olur:Gülür şən üzünüzəSəadətlə xoş bahar;Nə qədər xoşbəxtsinizBu gün siz, ey analar!Şairin “Qəlbimin ağrısı” adlı şeirində dərdlərlə üz-üzə qalan insanın iztirabları yer tutur:Qəlbimin ağrısı sonsuz bir ümmanƏgər duyan olsa o hər yerdə varBu böyük ağrını tutmaz bir cahanQəlbimin ağrısı qəlbimdə yaşar.Şair bu şeirində dərdlərlə baş-başa qalmış bir insanın simasında mübariz, hər çətinliyə sinə gərməyi bacaran insanın obrazını canlandırır.Gülzar Şərifovanın obrazları içərisində yalnız öz müsbət keyfiyyətləri ilə seçilən obrazlarla deyil, həm də mənfi xüsusiyyətləri özündə əks etdirən obrazlarla üzləşmək mümkündür. Şairin “Böhtan”, “Sözünü bil”, “Acıdil”, “Adam var...” və s. şeirlərində mənfi keyfiyyətlərə malik adamcığazların surətləri ilə üzləşirik. Məsələn, şair “Böhtan” şeirində böhtanı özünə sipər edən mənfur adamların ümumiləşdirilmiş surətini göz önündə canlandırır:Axır anlaya bildimNecə yaşayır bu şərBöhtanı silah edib,Özünə uzun illər.Şairin şeirlərində bacı obrazı xüsusi ilə fərqlənir. Şairin təqdim etdiyi bacı obrazı dogma insanını itirmiş insanın ümumiləşdirilmiş obrazı kimi diqqəti cəlb edir. Şair “Göz yaşlarım” adlı şeirində məhz bir bacının iztirablarını əks etdirməklə bərabər, bacının ümumiləşdirilmiş obrazını yaradır:Bir qardaş həsrətiylə,Alışar göz yaşlarım.Bir hicran yanğısıylaDanışar göz yaşlarım.Dərdləri ilə, göz yaşları ilə baş-başa qalan bir bacının iztirabları fonunda cəfakeş, doğmasının itkisi ilə barışa bilməyən bacının ümumiləşdirilmiş obrazı dolğunluğu ilə şairin “Qardaşlı günlərim”, “Nə ağırdı qardaş dərdi”, “Bacılar ağlamasın”, “Şəmməd adlı oğul vardı…” və s. şeirlərində də yer almaqdadır.Şairin şeirlərində Allaha sığınan, Tanrıya tapınan insan obrazları fonunda Allahın xilaskar, ümid yeri olan obraz kimi təqdimi diqqətdən yayınmır. Bundan başqa şair Allaha sığınan, ondan mərhəmət diləyən insanın obrazını gözümüzdə canlandırır. Məsələn, “Ulu Tanrım” şeirində naçar qalmış insanın son ümidi olan Allaha sığınmasında bunun şahidi oluruq:Ulu Tanrım, yalvarıramRəhimli ol mənə qarşı.Yetər qüssə, bu acı dərd,Bəsdir daha bu göz yaşı.Şairin “Bizi Allah qorusun” adlı şeirində də poetik nümunənin başlığına çıxartdığı “bizi Allah qorusun” çağırışında da bunun şahidi oluruq:Ölümə nə var əgər,Ölsəm düşmən əlindənBizi Allah qorusunBu vulkanın selindən.Azərbaycan ədəbiyyatında Tanrıya, Allaha inam, ümid kimi müraciət edilmə, dua etmək mövzusunda yazılan şeirlər yer almaqdadır. Orta əsrlər Şərq ədəbiyyatında lirik şeir növü olan, qəsidə və məsnəvi formasında yazılan, dini məzmunda olan münacatlarda bunu müşahidə edirik. Gülzar Şərifova poetik nümunələrində məhz Allahın insanların təsəvvüründəki obrazını, qüdrət və ülviyyətini canlandırmaqla yanaşı, ilahi varlığa inamı da tərənnüm edir.İmzası 60-ci illərdə parlayan Gülzar Şərifovanın bədii yaradıcılığı “Xruşov mülayimləşməsi” dövrünun tərkib hissəsidir. Bir tərəfdən, Gülzar Şərifovanın poeziyası Gürcüstanda yaşayan azərbaycanlıların bədii ənənələrini əks etdirir, digər tərəfdən isə, həmin dövrdə Azərbaycanın bədii mühitində baş verən prosesləri əks etdirir. Gülzar Şərifovanın imzasının Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında az rast gəlinməsi təəssüf doğurur. Azərbaycan ədəbiyyatında, xüsusilə də müasir Azərbaycan poeziyasında Azərbaycandan kənar yaşayan azərbaycanlı şair və yazıçılarına, söz adamlarına, həmçinin orada formalaşan milli ədəbi nümunələrə olan biganəlik onların böyük ədəbiyyatdan uzaqlaşmasına səbəb olan amil olması danılmaz faktdır. Bu biganəliyi Gülzar Şərifovanın simasında üzləşməmiz ağır olsa da, acı reallıqdır. Gürcüstan ədəbi mühitində formalaşmış və formalaşmaqda olan azərbaycanlıların bədii ədəbiyyatına bu gün də biganəlik hökm sürməkdədir. Özünəməxsus yaradıcılıq yolu olan Gülzar Şərifovanın janr xüsusiyyəti, bədii dili və problematikası zənginliyi ilə diqqəti cəlb edən poetik nümunələri ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmışdır. Əsil ədəbiyyat isə zaman həddi və sərhəd tanımamalıdır. Zəngin mənəvi dünyaya malik olan Gülzar Şərifovanın da poetik nümunələri Azərbaycan ədəbiyyatının tərkib hissəsidir.ƏdəbiyyatGülzar Nəsrəddin qızı Şərifova. İstərəm torpağa, daşa qarışam. Bakı, 2005, 54 səhifə;İbrahimov Mirzə. Vətən eşqi, vətən həsrəti.“Vətən həsrəti” qəzeti, 22 yanvar 1993-cü il;Şərifova Gülzar. Sabahı düşünürəm // https://turan.info.az/edebiyyat/poeziya/6556-glzar-rifova-sabahi-dnrm.html.Şərifova Gülzar. Sabahı düşünürəm. “Sovet Gürcüstanı” qəzeti, №147 (4253), 14 dekabr 1963-cü il;Şərifova Gülzar. Sönməyən məşəl. “Sovet Gürcüstanı” qəzeti, №23 (4437), 23 fevral 1965-ci il;Şərifova Gülzar. Şeirimizin təntənəsi // https://zim.az/edebiyyat/poeziya/6671-glzar-rfova-er-z-yazilir.html;Şərifova Gülzar. Şeirimizin təntənəsi. “Sovet Gürcüstanı” qəzeti, №115 (4683), 27 sentyabr 1966-cı il;Unudulmaz görüş. “Sovet Gürcüstanı” qəzeti №121 (4689), 8 oktyabr 1966-cı il. Salidə ŞƏRİFOVAfilologiya elmləri doktoru,Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,Azərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutuAzərbaycan Yazıçılar Birliyinin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.