AZƏRBAYCAN RUHUNU YAŞADAN ALİM: MUŞFİQ BORÇALI - 55 (Esse) Humanitar elmlər, Sumqayıt, "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı 20 января 2025 395 0 1 2 3 4 5 Daim Vətəni və xalqını düşünüb parlaq gələcək naminə fədakarlıqla çalışan insanlar aşıb- daşan yurd sevgisini xeyirxah əməlləri ilə başqalarına da ötürür. Arzu və istəklərin ardınca getdiyi dolanbac yollardakı çətinliklər qarşısını kəssə də geri çəkilmir, çünki xoş amallı insanlar sınaqlardan üzüag çıxırlar. İlahi bir qüvvə onları dar cığırla geniş və nurlu yollara qədər aparır. Bu qüvvə özünəinamdır ki, insanı məqsədinə çatdırır. Müşfiq Borçalıda özünəinam daha güclüdür. Onunla ilk tanışlığımdan yüksək insani keyfiyyətlərə malik olduğunu səmimiyyətindən, mehribanlığından duymuşdum. “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin redaksiyasında çalışdığım vaxtlarda öyrəndim ki, Müşfiq müəllim təkcə təsisçi, baş redaktor, naşir, yazıçı-publisist, ssenarist, jurnalist deyil, həm də elm adamıdır. Qəzetdə işlədikcə rəhbərimi daha yaxından tanıdım və redaksiyamıza tez-tez təşrif buyuran ziyalılar arasında tanınmış türkoloq, dilçi-alim, filologiya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının akademiki Mədəd Çobanovun onun atası olduğunu bildim. Atalar düz deyibmiş, ot kökü üstə bitər... Bu gün Müşfiq Borçalı əsl ziyalı ordusunun davamçısı kimi elmin tərəqqisində yeni nailiyyətlərə imza ataraq filologiya elmləri üzrə fəlsəfə doktoru kimi ad-san qazanıb. Elmlər doktorluğu üzrə dissertanturanı müvəffəqiyyətlə bitirib. Ata yolunun davamçısı olmaq, bilgisi və tədqiqatları ilə Azərbaycan elminə saysız-hesabsız töhfələr vermək bu xeyirxah, alicənab insanın ömür payının əsas hissəsini təşkil edir. Müşfiq Borçalı millilik və vətənsevərlik prinsiplərini daim üstün tutaraq dünyaya göz açdığı Borçalı mahalında yaşayan soydaşlarımızın şüurunda Azərbaycan ruhunu yaşadır. Onun damarlarında axan qanla süzülən yurdabağlılığı qəlblərə yol tapıb türkçülüyü, azərbaycançılığı ehtiva edir. Hələ 1990-cı illərin əvvəllərində Borçalı mahalında yaşayan azərbaycanlı ailələrin övladlarının Azərbaycan dilində təhsil alması üçün dərsliklərlə və əlavə ədəbiyyatla təmin olunması məqsədilə kitablar dərc edir, təhsil sahəsində maarifləndirici işlər aparırdı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu istiqamətdə daha geniş üfüqlər açıldı. Zəhmətkeş alimin bugünədək doğma yurdundakı soydaşlarımızın mənəvi ehtiyaclarının ödənilməsində gördüyü işlər ziyalı zəkasının qüdrətini nümayiş etdirir. Ötən ilin may ayında Gürcüstandakı Azərbaycandilli orta məktəblərdə keçirilən “Ana dilimiz - varlığımızdır!” adlı inşa müsabiqəsi məhz Müşfiq müəllimin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdu. Görkəmli türkoloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun əziz xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş yuxarı sinif şagirdlər arasında keçirilmiş müsabiqə əslində şüurlarda Azərbaycan ruhunu yaşatmağa xidmət edir. Belə ki, qonşu ölkədəki yeni azərbaycanlı nəslin ana dilini mükəmməl öyrənib bilməsi ona kimliyini, kökünü tanıtmaqla tarixi və mədəniyyəti barədə dərin biliklər əldə etməyə imkan verir. Hər il keçirilməsi nəzərdə tutulan bu müsabiqə təkcə məktəblilərin deyil, bütün soydaşlarımızın qədim zamanlardan varlığımızı dünyaya bəyan edən türkçülük və azərbaycançılıq ideologiyası haqqında dərin biliklər əldə etməklə onlarda elinə-obasına sevgisini artıracaq və təkcə qanda, canda deyil, həm də şüurlarda Azərbaycan ruhunu yaşadacaq ki, bu da alim-yazıçı-jurnalist Müşfiq Mədəd oğlu Çobanovun əməyinin bəhrəsi kimi yadda qalacaq. Borçalı ədəbiyyatı və mədəniyyətinin tədqiqi ilə hələ tələbəlik illərindən məşğul olması Müşfiq Çobanovu şahrah yolun yolçusu etməklə bu gün Borçalışünas alim, filologiya elmləri üzrə fəlsəfə doktoru kimi tanıdıb. Üzündən nur, sözündən dürr yağan ziyalının işığında nicat yeri tapanlar, ümidlə arzu və istəklərin arxasınca gedənlər bu dəyərli elm adamının bilgisindən hər zaman faydalanırlar. Milli kimliyini təsdiqləyənlər unutqanlıq daşını qayalardan yuvarladaraq soy kökümüzün faktoru olan zəngin ana dilimiz, tariximiz və mədəniyyətimiz haqqında məlumatları onun elmi tədqiqatlarından, araşdırmalarından, dəyərli kitablarından əldə etməklə Azərbaycan ruhunu əsrlər boyu şüurlarda yaşadacaq. Dəyərli ziyalı, səmimi insan, ədəbiyyatşünas alim, istedadlı yazıçı Müşfiq Borçalının beş min illik zəngin tarixə malik olan Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin öyrənilməsində, tədqiqində, tərəqqisində, daha da inkişaf edib zənginləşməsində, eləcə də, anadilli və milli ruhlu mətbuatımızın qonşu ölkədə geniş vüsət almasında misilsiz xidmətləri təqdirəlayiqdir. Onun bir-birindən qiymətli və müxtəlif tarixi hadisələrlə dolu olan 55 illik həyat yolu zəngin, mənalı və şərəflidir. Cəmiyyətdə layiqli övlad, savadlı, bacarıqlı, istedadlı şəxsiyyət və külli miqdarda elmi əsərlərin müəllifi kimi tanınır. İndiyədək çəkdiyi əziyyətlər hədər getməyib, bir sıra dövlət mükafatları, diplom və fəxri fərmanlarla təltif edilib, Prezident təqaüdünə layiq görülüb. Həyatda varlığı ilə nəyə qadir olduğunu sübut etməyi bacaran alim, tanınmış jurnalist və istedadlı yazıçı Müşfiq Borçalını 55 illik yubileyi münasibətilə təbrik edir, ona uğurlar arzulayır və layiqli davamçılarının olmasını diləyirik!.. RƏNA TƏBƏSSÜM,AYB-nin və AJB-niz üzvü,yazıçı-publisist, jurnalist,Mahmud Kaşğari mükafatçısıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.