NƏNƏXANIM BAYRAMOVA: "UNUDULMAZ MÜƏLLİMİMİZ - AKADEMİK MƏDƏD ÇOBANOV" Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov 20 января 2026 13 0 1 2 3 4 5 Mən A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji Universitetinə qəbul olarkən sevincimin həddi-hüdudu yox idi. Axı, burada adlarını qazetdə oxuduğum böyük alimlər və hörmətli insanlar - Mədəd Çobanov, Adil Mişiyev, Valeh Hacıyev, Alı Musayev və başqaları mənim müəllimlərim olacaqdı. Orta məktəb dövründə “Gürcüstan” qəzetini sevə-sevə oxuyurdum. Ordan bilirdim ki, Tbilisidə belə bir ali məktəb var. Və ədəbiyyata marağım çox idi...Nəhayət, auditoriya qapılarını açdım. Tələbə yoldaşlarımla tanış oldum. Diqqətimi Universitetimizin professoru Mədəd Çobanovun qızı Aygül Çobanova cəlb etdi. Sevindim ki, belə bir böyük alimin qızı ilə oxuyacağam.Günlərin birində isə auditoriyamıza ağsaçlı, nurani sifətli bir müəllim daxil oldu. Özünü təqdim etdikdə isə, məlum oldu ki, bizim yeni müəllimimiz haqqında hələ çox çox əvvəllər çox oxuduğum, çox eşitdiyim professor Mədəd Çobanovdur. Elə ilk mühazirədəncə aydın oldu ki, Mədəd müəllim olduqca zəngin savadlı bir alimdir. Onun, ana dilimizin yaranması, inkişafı, tarixi, fonetikası, orfoepiyası, sintaksisi, linqvistikası, onomastikası, antroponimikası, toponimikası və s. haqqında bizə bilik verməsi, dərs keçməsi heç vaxt yadımdan çıxmır. Gözlərimin önündə hər zaman canlanır. Tələbə, əlbəttə, həmişə zəngin savadlı müəllimindən öyrənər, örnək götürər. Biz də Mədəd müəllimdən öyrənirdik. Elə o vaxtlar artıq Mədəd müəllimin kitabları, hətta dərslikləri və dərs vəsaitləri də nəşr olunmuşdu. Mədəd müəllim həmin kitablardan başqa, bizə əlavə ədəbiyyat siyahısı da yazdırar, onları da oxumağı tövsiyyə edirdi. Biz də, böyük məmnuniyyətlə, sevimli müəllimimizin tövsiyyələrinə əməl edərdik...Mən Mədəd müəllimin kitablarını Bolnisidəki kitab mağazasında görən kimi necə sevinərək aldığım gün heç vaxt yadımdan çıxmır... Bir dəfə necə oldusa, gözəl, şirin bir dərs zamanı nəsə, xəyala dalaraq, sanki özümdən asılı olmayaraq, mən pəncərədən uzaq-lara baxırdım. Xəyalımda da Mirzə Şəfi Vazehin Tbilisinin hansı güşəsində yaşaması gəlib keçirdi... Elə birdən səs gəldi: - Ay qız, hara baxırsan? Fikrin, xəyalın hardadır?..” - dedi Mədəd müəllim. Dərsdən sonra isə məni yanına çağırdı: - “Bala, düzünü de, sən şeir, hekayə və ya nəsə, povest, roman yazırsanmı? - deyə soruşdu. Çiyinlərimi çəkdim... Müəllim hardan bilsin ki, mən poeziya aşiqiyəm, elə bu gün səhər-səhər M.Ş.Vazehin şeirlərini, həyat və yaradıcılığını oxu-muşam, ona görə də Vaxtilə Mirzə Şəfinin gəzdiyi Tbilisi küçələri gözlərim önündə canlanırdı... O da yadımdadır ki, Mədəd müəllim gürcü orta məktəbini bi-tirmiş tələbə yoldaşlarımızın, o cümlədən Nazirə İskəndərovanın (hazırda Amerikada yaşayır) öz ana dilimizi daha yaxşı öyrənməsinə, dərk etməsinə çalışırdı...Mədəd müəllimin oğlu Müşfiq Borçalının da adını çox eşitmişdim. (Axı o, həm də tələbə yoldaşım Aygülün qardaşıdır!..) Onun 1990-cı ildə çap olunmuş “Ağır elli Borçalı” kitabını da alıb oxumuşdum. Kitabda Borçalıda yaşayıb-yaradan şair və yazıçıların Borçalı sevgili əsərləri ictimaiyyətə ilk dəfə təqdim olunurdu. Bir-iki dəfə özünü də uzaqdan görmüşdüm. Fəxr edirdim ki, belə dəyərli insanlarımız var. Aygül ilə münasibətim çox yaxşı idi. Amma ikinci kursdan sonra onlar ailəliklə Bakıya köçdülər...Beləcə, aylar keşdi, illər ötdü... Sonralar sosial şəbəkədən Aygül Çobanovanı və Müşfiq Borçalını tapdım. Çox sevindim. Dostluğumuz davam etdi... Tələbə qızlardan ibarət bir qrupumuz var. Həmişə Mədəd müəllimi yada salırdıq, onun haqqında ürəkdolusu danışırdıq. Söhbət zamanı Mədəd müəllimin yeni-yeni nailiyyətlərini, onun doğma el-obasını unutmadığını, tez-tez yurduna baş çəkməsini, vaxtilə təhsil aldığı Darvaz kənd orta məktəbinə dəstək göstərməsini, məktəblilərə müntəzəm olaraq dərs ləvazimatları hədiyyə etməsini eşitdikcə qəlbim dağa dönürdü... İndi isə onun haqq dünyasına qovuşduğunu eşitdim, çox kədərləndim... Axı, Müşfiq bəylə danışmışdım Bakıya gələndə Mədəd müəllimlə görüşəcəkdim, yeni kitablarını alacaqdım...Allah sizə rəhmət eləsin, Mədəd müəllim!Torpağınız nurla dolsun, yeriniz cənnət olsun.Bizim əziz və unudulmaz müəllimimiz!.. Sizin əziz xatirəniz bizim qəlbimizdə əbədi olaraq yaşayacaq!.. Keçmiş tələbənizNƏNƏXANIM BAYRAMOVAGürcüsran, Bolnisi rayonundakı Qoçulu kənd məktəbinin müəllimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.