EMİN MAHMUDOV: yazıçı, vətəndaş və jurnalist ömrü Humanitar elmlər, "XXI əsrin Ziyalıları", Başkeçid 14 января 2025 72 100 1 2 3 4 5 Emin Mahmudovun yaxınlaşan yubileyini mənə xatırladanda istər-istəməz xatirələr baş qaldırdı; o xatirələr ki, səni keçmişə aparır, sənin yol ayrıcında olduğun dönəmləri xatırladır. Xatirələrin çox qəribə xüsusiyyəti var; elə ki, hər hansı bir şəxsiyyəti, hadisə, həyatının bir anı yadına düşdü, bir daha yaddan çıxmır, sənə rahatlıq vermir, ta ki, sən onu qələmə alıb yazmayınca. Xatirələrin bir ucu da var; hər kəs onu kim necə xatırladığını bilmir, yalnız sən onu dilə gətirdikdən sonra xatırlanan şəxsiyyətin, hadisənin qiyməti sənin tərəfindən ortaya qoyulur. Emin dayı elə şəxsiyyətlərdəndir; yəqin ki, onu tanıyanların hər birində bir Emin Mahmudov xatirəsi var, hərənin yadadşında bir cür qalıb. Ona görə Emin Mahmudov yazıram ki (Elsevər təxəllüsünü sonralar götürdü və bu ad da ona çox yaraşır, hətta xarakterini, həyatının məzmununu tamamilə qapsayır), mən onu o cür tanıyırdım, yazıları da qəzet səhifələrində o cür gedirdi, radio dalğalarında o cür səsləndirilirdi. Emin Mahmudovun da rolu mənim həyatımda bu cür olmuşdur. Kənddən kənarda Gürcüstanın paytaxtında yaşayan, orada işləyən, ədəbiyyat, söz adamı məni öz həyatı, yaradıcılığı ilə ədəbiyyata həvəsləndirmişdi. Radioada da səsini eşidir, lap qapıya gələn “Sovet Gürcüstanı”, “Trialeti” qəzetlərində yazılarını oxuyurduq. Bəlkə də elə bu təsirlə Başkeçidin “Trialeti” qəzetinə kənd kitabxanasından alıb oxuduğum şairlərin təsirilə yazdığım bir şeirimi göndərmişdim. Mən hardan biləydim ki, orada Emin Mahmudovun yaxın dostu, sonralar onun da xətrini çox istədiyim, hörmətini əziz tutduğum şair Mədəd Coşğun işləyir və bu şeir barədə mənim dayıma məlumat vermişdi. Əlbəttə, o şeir çap olunmadı, yaxşı ki, çap olunmadı, çünki ilk qələm təcrübəsi idi, təsirlə və zəif yazılmışdı. Əslində bu cür şeirlər redaksiyalara göndərilməməli, şəxsin arxivində qalmalıdır; bunu mən peşəkar tənqidçi, ədəbiyyatşünas olanda anladım. O şeir çap olunmasa da, məndə müəyyən özgüvən yaratdı, bir müddət redaksiyaya şeir göndərməyin havası ilə yaşadım. Görüşlərin birində Emin dayımın o şeiri xatırlatması da mənə böyük bir stimul oldu. Sonralar tələbə adını qazandım; hər dəfə görüşəndə Emin dayıdan təhsilimlə bağlı təqdiredici sözlər eşitdim, böyük dəstək aldım. Yadımdadır, 80-ci illərin ortalarında bir dəfə təsadüfən Bakıda şəhərin mərkəzində görüşdük; dediyinə görə “Yazıçı” nəşriyyatında kitabı çıxacaqdı, ona görə gəlmişdi, yaddaşım aldatmırsa nəşriyyatın işçiləri ilə bir yerdə idi. Bəlkə də kitabın çıxacağının qonaqlığını verirdi. Mən buna çox sevinmişdim, çünki buna haqqı var idi; onun bir çox hekayələrini oxumuşdum, çox sadə, həyati hekayələr idi. Doğrudur, o zaman “Yazıçı” nəşriyyatında Emin Mahmudovun “Yadigar şəkil” adlı hekayələr kitabı nəşr edilmədi. Burası Azərbaycandır, burada o zaman kitabın nəşr edilməsi çox çətin məsələ idi... Ancaq bu gün həmin kitab əlimdədir, o hekayələri oxuyuram, bütün varlığımla görürəm ki, Emin Mahmudovun bu kitabında toplanmış hekayələr çap olunmağa layiq hekayələr idi. Bu hekayələri çap etməmək üçün nə qədər subyektiv olmalıydın...Bakıda Baş Arxiv İdarəsində işləyərkən Emin dayı ilə mümkün olduğu qədər tez-tez əlaqə saxlayırdım; bu, bəzən yaradıcılıqla bağlı olurdu, bəzən isə adi hal-əhval tutma. Müdafiə etsəm də Baş Arxiv idarəsindəki işimdən aldığım maaş o qədər də yetərli deyildi. Yeni ailə qurduğumdan əlavə pul qazanmaq lazım idi, “Bilik” cəmiyyətinin xətti ilə mühazirələr oxuyurdum, bir neçə dəfə Azərbaycan radiosunda kiçik miniatür-hekayələrim getmişdi. Elə bu məqsədlə Emin dayıya bir neçə hekayə göndərdim, orada səsləndirdi, hətta qonarar da göndərdi. Lap bu yaxınlarda görüşəndə həmin hekayələrdən birini xatırladı; dedi ki, o yazını səsləndirəndən sonra kimsə hekayədəki obrazı özünün prototipi hesab etmiş, Emin dayıdan şikayətçi olmuşdu. Kiçik satirik hekayə yol polisinin rüşvət alması barədə idi. Hekayədəki obrazda məhz onu nəzərdə tutduğunu iddia edərək Emin dayıdan şikayət etmiş, əslində, necə deyərlər, özünü ələ vermişdi. Xatirələrin bir xüsusiyyəti də səni bu mövzuya odaqlamaqdır. Bu günlərdə arxivimi araşdırarkən Emin dayıya yazdığım bir məktub əlimə keçdi. Məktub makinada yazılıb, yəqin ki, bir nüsxəsini poçtla göndərmişəm, bu isə arxivimdə qalıb. Yadımdadır ki, yazı makinam olanda bu cür məktublar yazırdım, bir müddət davam etdi, sonra isə məktublaşma yaddan çıxdı. Hər halda bu məktub və burada yazılanlar tamam yaddan çıxmışdı. Məktubu oxuduqda hər şey çözələndi. Düşündüm ki, nə yaxşı ki, məktublaşma var idi. Nə yaxşı ki, bu məktub arxivimdə qalıb. Görəsən indiki onlayn məktublar gələcəyə güvənli şəkildə gedəcəkmi? Yoxsa, hər şey unudulacaq? Məktubun məzmunu mənə çox şeyləri xatırlatdı...90-cı illərdə Emin dayının indiyədək bilmədiyim keyfiyyətləri ilə rastlaşdım; onu bir jurnalist, yazıçı kimi tanıyırdımsa, bu hadisələrdə vətənini, xalqını sevən böyük bir vətəndaş olduğunu gördüm. Çətin zamanlar idi, Gürcüstanda da, Azərbaycanda da azadlıq uğrunda mübarizə gedirdi. Bu mübarizədə Emin dayını mən ön cəbhədə görürdüm. O, yaxşı bir ideoloq idi, fikirlərini hüquqi, mənəvi dəqiqliklə ifadə edirdi. Tez-tez görüşməsək də, Gürcüstanın azadlığı, müstəqilliyi üçün əlindən gələni etdiyini eşidirdim. Sonra vəziyyət dəyişdi, Gürcüstan azərbaycanlılarının ağır günləri başladı. Azərbaycan-gürcü qardaşlığını pozmağa çalışdılar, yerli-gəlmə söhbəti saldılar. Emin dayı ilə bir söhbətimzi yaxşı xatırlayıram: o, məsələlərə çox düzgün yanaşır, hadisələri soyuq ağılla, müdrikcəsinə dəyərləndirirdi. Bu hadisələrdə Emin dayının ictimai-siyasi hadisələri nə qədər doğru qiymətləndirdiyi və düzgün qərarlar verdiyini gördüm. Ancaq onu da deyim ki, ordakı hadisələrin inkişafı, borçalıların çətin durumu onu çox emosional etmişdi, bu barədə çox fikirləşirdi və təcili tədbirlər görülməsini istəyirdi. Həmişə olduğu kimi, bu düşüncəsində də haqlı idi. Mənimlə söhbətlərindəki həyəcanını olduğu kimi burada çatdıra bilmirəm. Çox böyük həyəcan təbili çalırdı, qarşıdan gələn təhlükələr barədə xəbərdarlıq edirdi. Uzun müddət bu həyəcanlı görüş mənim yadımdan çıxmadı, o barədə buradakı bəzi adamlarla danışdım. Nə yaxşı ki, hər şey yaxşı qurtardı. Ancaq Emin dayının göstərdiyi vətənpərvərliyi, vətəndaşlıq hərəkətini hardasa qiymətləndirmək tariximiz üçün vacibdir. Bu günlərdə təsadüfən E.Mahmudovun bir yazısına rast gəldim. Bu yazı mənimlə etdiyi söhbətlərin çox qısa bir özəti kimi göründü və həmin görüşün Emin Mahmudov xarakterini bundan yaxşı heç nə aça bilməz: “Vətən məhəbbəti! Mənim üçün ən böyük ülvi məhəbbət Vətən məhəbbətidir. Xalqımı, millətimi sonsuz dərəcədə sevir və hər hansı bir anda xalqımın rifahı üçün başımdan keçməyə belə hazır olduğumu bildirirəm”. Bəlkə də bu sətirləri oxuyanlar onun 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli düşüncənin ictimai-siyasi hadisələr kontekstində yüksəlməsi zamanı yazıldığını güman edə bilər. Elə mən də belə düşündüm... Lakin müəllif açıq mətnlə bunun 1963-cü ildə yazıldığını bildirir. Bu, çox maraqlı məsələdir; ona görə ki, cəmi 23 yaşında bu düşüncədə olmaq, irəlidə qalan ömrünü xalqına həsr etmək fikri hər adamda formalaşa bilməzdi. Bu zaman fərdlə xalqın arasında böyük bir uçurum vardı, fərd xalqı düşünməkdənsə, özünün yaşayışını düşünürdü. Yəni sovet dövründə guya xalqı düşünən yalnız dövlət idi, fərd isə yalnız özünü və ailəsini düşünməli idi. Emin Mahmudovun Tiflisdə Pedaqoji İnstitutu bitirdikdən dərhal sonra “Vətən məhəbbəti”ni dilə gətirməsini ancaq onun çox az adamlarda formalaşan ictimai-siyasi təfəkkürünə bağlamaq olar. Bu düşüncə heç Bakı ədəbi, ictimai mühitində belə formalaşmamışdı. Tiflisdə isə ictimai-siyasi proseslər hər zaman Bakını qabaqlayırdı. Düşünürəm ki, gürcü gəncləri ilə sıx əlaqədə olan Emin Mahmudovun bu düşüncəsi onların vətənin gələcəyi ilə bağlı hansısa ictimai dərnəklər təşkil etməsindən doğa bilərdi. Eyni hissləri Emin Mahmudov öz xalqı, milləti üçün keçirib və özünün gələcək həyat yolu üçün bir proqram tutub. Biz bu proqramın sonrakı gedişini 80-ci illərin sonlarında Cənubi Qafqazda baş verən proseslərdə gördük...Bu illər Emin Mahmudovun ən enerjili vaxtlarıydı, yazıb yarada bilərdi, çoxlu hekayələr, roman və povestlər yazar, bir neçə il əvvəl götürdüyü dissertasiya mövzusunu tamamlaya bilərdi, rahat həyat sürə bilərdi. Üstəlik, Tiflisdə vəzifəsini bir az da artıra bilərdi. Ya da çoxları kimi hər şeyi atıb gəlib Bakıda rahat yaşaya bilərdi. Lakin o, sonadək mücadilə etdi, orada, onların içərisində yaşadı, mübarizəsini apardı. Emin Mahmudov xalq yolunu seçdi, xalqı ilə bir yerdə oldu, narahat günləri, ayları çox olsa da, bundan yorulmadı, usanmadı, sonadək mübarizə apardı və nəticəsini də gördü. Emin Mahmudov zəngin bir ömür yaşayır; bu ömürlüyün mən yalnız özümlə bağlı çox az səhifələrini vərəqlədim. Bu ömür zəngin olduğu kimi, ibrətamizdir, həyat doludur. Bu həyatdan dərs çıxarmaq, onun yolu ilə getmək, onun kimi İnsan, Vətəndaş olmaq hər bir kəsin arzusu və məqsədidir. Ola bilsin bu səhifələr dar bir mühitdə, bizim olduğumuz qədər xatırlansın, yada salınsın. Ancaq Emin Mahmudovun ömürlüyünün elə səhifələri var ki, bu səhifələr böyük oxucu kütləsini etkiləyəcək, onlara bədii zövq verəcək. Söhbət Emin Mahmudovun bədii yaradıcılığından gedir... .......Azərbaycan ədəbiyyatının formalaşmasında və inkişafında həmişə Gürcüstan türklərinin yaradıcılığı aktiv rol oynayıb. Nəriman Nərimanov, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Tahir Hüseynov, İsa İsmayılzadə, Abbas Abdulla, Eyvaz Borçalı, Arif Mustafayev və başqa yazıçı və şairlərin yaradıcılığı ədəbiyyat tariximizin ən yaxşı səhifələrini təşkil edir. Çağdaş Azərbaycan bədii düşüncəsinin formalaşmasında da Gürcüstanın türk əsilli bədii düşüncəsi bu ənənəni davam etdirir. Nəriman Əbdülrəhmanlı, Nurafiz, Rafik Hümmət, Hamlet İsaxanlı, İsaxan İsaxanlı, Rəşid Faxralı, Əsəd Təhləli, İbrahimxəlil kimi şair və yazıçılar milli ədəbiyyatın formalaşması üçün çalışırlar. Onlardan biri də Emin Elsevərdir (Mahmudov). Onun imzası təkcə gürcüstanda deyil, Azərbaycanda da tanınır və oxunur. Hələ sovetlər dönəmində oçerk, hekayə və tərcümələri həm Gürcüstan, həm də Azərbaycan mətbuatında çap olunurdu. “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Kommunist”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Azərbaycan” jurnalında və “Dan ulduzu”, “Çənlibel” məcmuələrində, eləcə də “Trialeti” (Dmanisi), “Qələbə bayrağı” (Bolnisi) qəzetlərində hekayələrilə çıxış edib. Yalnız hekayələri ilə çıxış etməyib, həm də Gürcüstanda milli ədəbi mühitin formalaşmasında böyük rol oynayıb. Tiflisdə Azərbaycan ədəbi mühiti iki yüz ildir ki, mövcuddur; buna səbəb azərbaycanlıların köklü olaraq burada yaşaması və bu proseslərdə yaxından iştirak etməsidir. Tiflis həm də uzun müddət azərbaycanlıların milli mədəni mərkəz rolu oynamışdır. Emin Mahmudov isə yazdığı hekayə və oçerklərlə, ədəbi prosesdəki nüfuzu və işilə ədəbi prosesə yön verən şəxsiyyətlərdən olub. Onun sonralar Bakıda jurnalistika təhsili alması və bura ilə ədəbi əlaqələri milli ədəbi prosesi yaxından izləməsini şərtləndirib, necə deyərlər, buradan apardığı ideyalarla Tiflis ədəbi prosesinə yeni qan dövranına səbəb olub. Gürcü yazıçılarından etdiyi tərcümələri də onu bir yazıçı, tərcüməçi kimi formalaşdırıb. Emin Mahmudovun hekayələri sadə həyat hadisələri üzərində qurulub; süjet xətti dı sadə və həyatidir. Bir yazıçının ilk hekayələrindən yeni üslubunu formalaşdırması və hadisələri sadə dillə nəql etməsi yazıçının uğurlarından sayıla bilər. Bəzi hekayələrində satirik dil və intonasiyanın şahidi oluruq ki, bu da yazıçının monoton təsvir üslubundan istifadə etmədiyini göstərir. “Bağda ərik var idi...”, “Elə də olur, belə də” hekayələrində təhkiyənin alt qatında satirik psixologizm elemenləri hadisəni və obrazı dərk etməyə imkan verir. Lakin bu təsvirlər zamanı heç vaxt oxucunu yönləndirməyə çalışmır, hər şey təbii baş verir. Yazıçı bir çox hekayələrində hadisələrin təsvirində olduqca dəqiqdir, hətta deyərdim ki, rəssam kimi təbiətin şəklini çəkir. Təbiətlə cəmiyyət hadisələrinin birgə təsviri hadisələrin mahiyyətini anlamağa imkan verir. “Sevinc yaşı” hekayəsində yaz çağının təsvirində orijinal bədii təsvir və ifadə vasitələrindən istifadə edir: “O il bahar necə də tez gəlmişdi. Aprelin ortalarında qədim şəhər tamam yaşıllığa bürünmüş, rəssam təbiət toxuduğu xalıya min bir naxış vurmuşdu. Sənan dağının yamacları boyu əkilmiş şam, küknar ağacları, bəzək kolları yaşıllaşmış, qocaman Tiflisin gözəlliyi üstünə bir füsunkarlıq da əlavə olunmuşdu. İstilər tez düşdüyündən evdə, həyət-bacada oturmaq olmurdu, təbiət insanı özünə tərəf çəkirdi. Zərifə də evlərin yaxınlığındakı yaşıllıa çıxmış, özünə münasib bir yer taparaq semestr imtahanlarına hazırlaşmağa başlamışdı. Başı mütaliəyə qarışdığındanvaxtın necə keçdiyindən xəbəri olmamışdı”. Yazıçı təbiətlə cəmiyyətin ahəngini tutmağa çalışmış, onların qarşılıqlı münasibətini ortaya çıxarmış və nəticədə onların obrazını yarada bilmişdir. Hadisələrin sonrakı inkişafı Zərifənin və təbiətin bir parçasının qoşa obrazının nahaqdan yaradılmamasını göstərir. “Qatarda” hekayəsi isə sadə bir hadisə üzərində qurulub; hekayənin süjet xəttində gürcü-azərbaycanlı münasibətləri təsvur olunur. Əsrlərdir bir yerdə yaşayan bu xalqların ortaq xüsusiyyətləri çoxdur; daim bir-birinin mədəniyyətinə, tarixinə hörmət ediblər. Hekayənin süjet xətti məhz belə bir həyati hadisə üzərində qurulub; səhər müşavirəsində onu (təhkiyəçini) radio komistəsi sədrinin yanına müşavirəyə çağırırlar. Redaktor Zaur Axvlediani onu və bir çəkiliş komandasını Telavi rayonunda keçirilən dostluq görüşünü işıqlandırmağa göndərir. Vaxta çox az qalıb, tələsik bilet alıb qatarla Telaviyə getməlidirlər. Dörd nəfər redaksiyadan bərabər çıxaraq Tbilisi-Telavi qatarına oturur. Sərnişinlərin əksəriyyəti gənclər idi. Artıq Sənan dağı da arxada qalmışdı. Gənclərdən birinin “Badri, əzizim, o tranzistoru bir işə sal görək. İndi tatarların konserti başlayacaq”, -sözləri onun diqqətini çəkir. Düşünür ki, gənclər indi Kazandan verilən hər hansı bir konserti dinləmək istəyirlər. Gəncin “İndi tatarların konserti başlayacaq”,-deməsi də buna işarə ola bilərdi. O, düşünür ki, gənclər Kazan tatarlarının musiqisinə maraq göstərirlər. Lakin hadisələrin inkişafı başqa istiqamətə gedir; məlum olur ki, tatar dedikdə Kazandan yox, Bakıdan musuqini dinləmək istəyirlər. Diktorun “Danışır Bakı, əziz dinləyicilər, el havalarından ibarət konsertimizə başlayırıq” sözləri onun qəlbindən bir gizilti keçirir. Doğma səs və musiqini dinləməsinə rəğmən, narahatlığı da açıq-aydın üzündən oxunurdu. Onun narahatlığı başadüşüləndir. Gürcü gəncləri tatar dedikdə Azərbaycan musiqisini nəzərdə tuturdular. Gürcüstanda yaşayan türklər “tatar” adını özlərinə təhqir hesab edirlər, onlar özlərini türk hesab edirlər. Bir müddət rus siyasətinin Qafqaz türklərini tatar adlandırmaları da bu işdə böyük rol oynamışdı. Əslində isə bu söz monqol-tatarların orta əsrlərdə Qafqaza hücumu zamanından qalmışdı. Volqa boyunda yaşayan türk tayfalarından olan tatarlar da vardır. Bu sözün Azərbaycan türklərinə qarşı işlənməsi həm də tatar adlandırdıqları türklərin buraya gəlmə olduqlarını, işğal zamanı gəldiklərinə işarədir. Göründüyü kimi, hekayənin süjet xətti iki xalq arasındakı münasibətlərin tarixinə gedir. Yazıçı da məhz bu ictimai münasibətləri bədii yolla həll etmək istəyir. Musiqi bitdikdən sonra təhkiyəçini özündən çıxaran ikinci bir hadisə baş verir. Gənclər musiqini diqqətlə dinləyirlər. Ancaq gənclərdən birinin “Bu andır tatarların çox yaxşı musiqisi var, adam dinləməklə doymur”,-deməsi onu narahat edir və gənclərə “tatar” və “andır tatar” ifadələrinə görə iradını bildirir, bunu mədəniyyətsizlik adlandırır. Gənclər onun gürcü dilində onlara bu qədər kəskin cavab verəcəyini gözləməyərək yenə də onu gürcü hesab edərək “tatara tatar deyərlər dəə. Bir də sənə nə düşüb ki, tatarların belə təəsüübünü çəkirsən?”,-deyə cavab verirlər. Bu zaman onun iş yoldaşı Giya İoseliani sarışın gəncə cavab verir: “Bəli, tatara tatar deyərlər, azərbaycanlıya isə azərbaycanlı. Sənin gürcü zənn etdiyin bu oğlan azərbaycanlıdır. Özünün də tbilisidə yaşadığı bir neçə ildir, ancaq dilimizi səndən, məndən yaxşı öyrənib. Sən isə hələ də tatarla azərbaycanlını bir-birindən ayıra bilmirsən”. Bu söhbət Azərbaycan musuqisinin sədaları altında baş verir. Musiqi bitdikdən sonra gənclər onlara yaxınlaşıb üzr istəməyə məcbur olurlar. Məlum olur ki, əslində bu gənclər azərbaycanlıları çox sevirlər, hər birinin məhəllədə azərbaycanlı dostları, məktəb yoldaşları var. Bu isə hər iki xalqın dostluğundan, bir yerdə birgə yaşamasından xəbər verir. Sadəcə olaraq tarixdən gələn yanlış bir informasiya ucbatından gənclər bu vəziyyətə düşürlər. Yazıçı kiçik bir hekayədə elə gürcü obrazların dili ilə tarixin bu səhvini düzəltməyə çalışır. Təsadüfi deyil ki, çəkiliş heyəti də dostluq görüşünün işıqlandırılması üçün Telaviyə gedirdi. Onun narahat olduğu bu durumdan iş yoldaşları gürcülər də narahat olur və gənclərə həqiqəti başa salırlar.“Ləzgi qızı” hekayəsinin mövzusu yüz il əvvəlki dövrü təsvir edir; Nikolay hökumətinin yıxılması və Kerenski hökumətinin iş başına keçməsi dövründə qədim Tiflisdə yoxsul və varlı ailələr arasındakı münasibətlər, toqquşmalar son dərəcə reallıqla təsvir edilir. Xançyanaın tütün fabrikində fəhlə işləyən ləzgi Əhmədin ailəsi fonunda baş verir hadisələr. Ləzgi Əhməd kasıb olmaqla yanaşı, həm də həmişə sərxoş olur, ailəni düşünmür və arvadı Aişə və qızı Fatimənin qayğısına qalmırdı. O, arvadını döyür, ondan içmək üçün pul istəyirdi. Arvadı isə onun-bunun ev-eşiyini təmizləyərək bir parça çörəyini qazanırdı. Bu təsvirlər ötən yüzilliyin əvvəllərindəki mənzərəni reallıqla canlandırır. Əhməd bu kasıblığını, bu vəziyyətə düşməyini yeganə qızı Fatimənin uğursuluğu ilə əlaqələndirirdi. Əhməd bir gün kefli olduqda kiçik qızını Aişənin əlindən alıb divara çırpaq istəyir və onu mütləq bir gün öldürəcəyi ilə hədələyir. Ana özünü onun üstünə ataraq imkan vermir. Ancaq Əhməd yatdıqda Aişənin ağlına gəlir ki, vaxtilə ona qızını satmağı təklif etmişdilər. Beləliklə, Fatimənin taleyi bundan sonra sonsuz bir həkim ailəsində davam edir. Əhmədin ölümü, Aişənin Tiflisdən Mahaçqalaya köçməsindən illər sonra Aişə heç zaman yadından çıxmayan qızına qovuşur. Onun adı dəyişərək Darecan olmuşdu. Darecan həkim kimi II Dünya savaşında Marux aşırımındakı vuruşmalarda yaralanan əsgərləri Maxaçqala yaxınlığındakı xəstəxanada müalicə edirdi. Aişə isə artıq 50-55 yaşlarında idi və burada tibb bacısı işləyirdi. Yazıçı ananın öz qızını tapmasını və onun anası olduğunu təsirli şəkildə təsvir edir. Aişə onu izləyərək evlərinə gəlib çıxır. Ancaq fikirləşir ki, onun bu ailənin rahatlığını pozmağa haqqı yoxdur, aradan neçə illər keçib. Ona görə də buradan uzaqlaşmağa çalışır. Darecan onu saxlayan anasından soruşur ki, bu qadın deyir ki, anamdır. Qadın Aişəni tanıyır və təsdiq edir. Darecan dərhal Aişənin dalınca gedir. Darecan ona çatmağa çalışırdı: “Ona çata bilməyəcəyini, tinlərin birində itirəcəyini hiss edən Darecan ayaq saxlayıb çılğın bir səslə:-Ana, ana!-deyə bağırdı.Uzun illərdən bəri həsrətində olduğu “ana” kəlməsi Aişəyə çatan kimi yerində donub qaldı, dizləri əsməyə düşdü, ürəyi şiddətlə döyünməyə başladı. Bu szöü eşitməyi ömründə nə qədər arzulamışdı, neçə illər idi ki, onun arzusuyla yaşamışdı. İndi budur, öz doğma balası onu nəhayət ki, “ana” deyə çağırdı”. 25 illik ayrılıqdan sonra ana öz balasına qovuşur. Darecan uzun müddət bu qadının ondan nə istədiyini anlaya bilməsə də, hadisələrin təbii inkişafı onun dalınca gedib “Ana” səslənməsinə səbəb olur. Bu təbii “Ana” sözündən Aişənin də analıq duyğuları yenidən oyanır və ana-bala bir-birinə qovuşur. Yazıçının “Sevinc yaşı”, “Yadlar kimi”, “Buğda çörəyi”, “Sürünən kölgə”, “Nəcabət”, “Yadigar şəkil”, “Zolaqlı çemodan”, “Dünya xali deyil” və s. onlarla hekayələri süjet xəttinin orijinallığı, obraz yeniliyi, canlılığı, təsvirin obrazlılığı ilə seçilir. İnamaq olmur ki, bu hekayələr sosialist realizmi kontekstində yazılıb. Elə hekayələrin həyat materialı da yenidir, həyatidir. Məsələ mövzunun həyatdan götürülməsində deyil, müəllifin hadisələrin bədii inkişaf xəttini necə davam etdirməsində, təsvir yeniliyindədir. Bu hekayələrin bir neçəsi məni uşaqlıq illərimə qaytardı. Ona görə ki, burada təsvir olunan obrazlar mənim də həyatımdan keçib, xatirimdə böyük izlər buraxıb. Bu hekayələrdən “Buğda çörəyi” və “Sürünən kölgə” hekayələri həyat realizmi ilə yazılıb. Birinci hekayə “Atam Abdullanın əziz xatirəsinə” epiqrafı ilə açılır. Yazıçı atası-mənim dayım Abdullanın 40-cı illərdə öz uşaqlarını dolandırmaq üçün çəkdiyi çətinlikləri təsvir edir. Müharibədən çox hekayələr, romanlar yazılıb. Bu hekayədə isə yazıçı buğda çörəyinə həsrət qalan uşağın keçirdiyi əzab əziyyətə dözə bilməyən atanın fədakarlığını təsvir edir: “Dəhşətli müharibənin ağır illəri idi. Köhnə ehtiyat qurtarmış, təzə məhsul hələ çıxmamışdı. Atam şəhərə gedəndə ev-eşik ehtiyacları üçün gətirdiyini nəzərə almasaq, yanvardan bu yana buğda çörəyi yeməmişdik. Qarğıdalı çörəyi yeməkdən damaqlarımız yara olmuşdu, arpa çörəyi isə boğazımızdan keçmirdi. Buğda çörəyinə həsrət idik”. Bu bədii giriş süjet xəttinin hansı məcrada davam edəcəyini bəlirləyir. Əmizadəsinin uşağı anasının təndirdə bişirdiyi buğda çörəyini yedikdə istər-istəməz o da istəyir. Lakin əmizadəsinin arvadı ona çörək verməməsi bir yana, başına da bir qapaz vurur. Bunu görən anası qadını danlayır və oğlunun əlindən tutub evə aparır. Ata o gecə səhərədək yata bilməmiş, səhər tezdən durub getmişdi. O, axşamadək atasını gözləsə də ata gəlməmişdi. Yalnız səhər gözlərini açanda anasını və buğda çörəyini yanında görmüşdü. Buğda çörəyinin ətri onu məst etmişdi: “Bundan sonra evdə durmaqmı olardı. Çörəyi anamın əlindən qapan kimi bayıra qaçdım. Qonşu uşaqlara göstərmək istəyirdim ki, mən də buğda çörəyi yeyirəm.Ən çox da başıma qapaz vurmuş qonşu arvadın yumuqgözlü oğluna acıq vermək istəyirdim”. Uşağa yanıq, acıq vermək onun uşaqlıq instiktindən irəli gəlir. Ancaq o, həm də mərhəmətlidir. Dərhal buğda çörəyinin bir hissəsini qırıb atası müharibədə həlak olmuş arıq qarayanız Şəhlaya verir. Yumuqgöz tez evə cumub əlində buğda çörəyi ilə bayıra çıxsa da, indi ona həsəd aparan yox idi, çünki onun, qardaşı Əhmədin, qonşu qızı Şəhlanın hər birinin əlində buğda çörəyi var idi. Əlbəttə kiçik uşaq bu çörəyin necə, hansı çətinliklə gəldiyini bilmirdi. Elə yazıçı da bunu bizə ətraflı anlatmır. Yalnız atanın xəstələnməsi bizə əsl həqiqəti deyir. Ata əmizadə arvadının bu əhvalatından sonra qonşu kəndə getmiş, dəyirmançı dostu Gikoldan buğda unu alaraq, onu belində daşımış və yalnız səhərə yaxın kəndə çatmışdı: “Geri qayıdanda atamı qlaxıb çarpayıda oturmuş gördüm. Anam onun alt köynəyini aldırıb yükün ağırlığından açılıb yulaf-yalaf olmuş çiyinlərinə yaxı qoyurdu. Qeyri-xtiyari irəli gəlib onun çiyinlərini qucaqladım, qıpqırmızı qızarmış çatı yerindən öpdüm. Atamın mehriban barmaqları saçlarımı sığalladı, başımı sinəsinə sıxdı”.Yazıçı kiçik bir hekayədə həyati bir detalla atalıq yükünün nə qədər ağır olduğunu və övladı üçün necə çətinliklərə qatlaşdığını anladır. “Sürünən kölgə” hekayəsini isə müəllifin əmisi, mənim isə dayım hər iki ayağını müharibədə itirmiş İbrahimin xatirəsinə həsr edib. Hekayə İbrahimin müharibə ağrılarından deyil, müharibədə düşmənə işləmiş birinin İslam Məcidov adı ilə məktəb direktoru kimi işləməsindən bəhs edir. Müharibə veteranının oğlu, kollektivlə də yaxşı davranmayan İslam Məcidov müharibə veteranı Hüseyndə şübhə yaradır. Oğluna onu məktəbə aparmağı, onunla görüşdürməyi istəyir. Ötən il bu məktəbə direktor təyin ediləndən kollektivi bir-birinə vuran bu direktora heç nə ilə təsir etmək mümkün olmurdu. İslam Məcidov adının araxasında gozlənərək haqsızlıqlar edir, şagirdləri belə təhhqir etməkdən çəkinmirdi. Döyüş xidmətlərini nəzərə alaraq onun bu xasiyyətinin üstündən keçirdilər. Oğlu Vahid onu məktəbə aparmasa da, bir gün qəzetdə direktorun şəklini görür və dərhal da “Ah, alçaq! Sən hələ sağsan?”,-deyə təəccüblənir. Məlum olur ki, İslam Məcidov adı altında özünü təqdim edən bu direktor əslində müharibə dövründə almanlara əsir düşərək bizə qarşı vuruşan vətən xaini Namaz imiş. Hüseyn Zöhrabov vaxtilə onunla cəbhədə üz-üzə gələndə onu ölmüş bilirdi... Haqq öz yerini tutur, cəbhədə qəhrəmanlıq göstərən birinin adı altında gizlənən, yaşayan adam ifşa olunur. Bu da haqqın, ədalətin cəmiyyətdəki bədii ifadəsidir. Emin Elsevərin ikinci “Mən Borçalı balasıyam”(2020) kitabında da yeni hekayələri və digər formalı əsəsrləri toplanıb. Lakin əvvəlki “Yadigar şəkil” kitabı kimi, bunu da gecikmiş nəşr hesab etmək olar. Ona görə ki, bu əsərlərin çox 20-30 il əvvəlin məhsuludur. Ancaq maraqlı burasındadır ki, hər hansı bir əsərin yazılmasının üzərindən müəyyən zaman keçdikdən sonra o əsər mövzu və ideyasına görə müəyyən mənada itirir. E.Elsevərin yaradıcılığında isə belə itkinin şahidi olmadım. “Millətin mənəvi atası”, “Qapı zəngi”, “Mən Borçalı balasıyam”, “Fərqlənmə diplomu”, “Əlvida, dağlar”, “Kərəm bulağı”, “Mənə də Leya deyərlər” və s. hekayələrindəki obrazlar dövrümüzü və bu dövrdə baş verən hadisələrin mahiyyətini realistcəsinə əks etdirir. “Kərəm bulağı” hekayəsi həm məzmunu, həm də hadisələrin baş verdiyi yer baxımından məni təsirləndirdi. Yazıçı bu hekayəni İkinci cahan savaşında itkin düşmüş əmi-dayılarının əziz xatirələrinə ithaf etmişdir. Hekayədə təsvir olunan yer, yurdlarda uşaqlığımda gəzdiyumdən bir daha oralara səyahət etməli oldum. Deyim ki, Emin Mahmudov təsvirlərində bu yerlərə böyük sevgi yaradır, etnoqrafik, tarixi təhlilləri xalqın etnogenezisini, tarixi düşüncəsini bütün varlığı ilə ortaya çıxarır. Hekayə təhkiyəçinin dilindən danışılır. O, yay məzuniyyətini kənddə keçirməyə qərar verir və ailəsini də götürüb kəndə gedir. Müharibədən artıq təxminən otuz ilə qədər vaxt keçmişdi. Əmisi ondan xahiş edir ki, onu yaylağa aparsın. Yaylaq dedikdə isə yayda Nazikqılınc deyilən yerlər nəzərdə tutulurdu. Səhər yuxudan oyananda əmisinin çoxdan yuxudan durduğunu görür. Həm də hiss edir ki, əmisi heç düz-əməlli yuxu yatmayıb. Görünür ki, həyəcanlıdı. Nədən həyəcanlı olduğunu bilmir, onun əlində uzun kəndir gördükdə isə fikirləşir ki, kəndir yaylaqda əmisinin nəyinə lazımdır. Yaylağa çatıb yerləşdikdən sonra əmisi onu Arxa Xram deyilən yerə “Kərəm bulağı”na aparır. Bu bulağı Kərəm dayısı düzəltdirdiyi üçün belə adlanırdı. Ora çatanda əmisi onun belinə kəndir bağlayır və aşağıdakı mağaraya enməsini xahiş edir: “Cavan vaxtı mən özüm çox enmişəm, çox da dərin deyil, 8-10 metr olar. Çatandan sonra sağ tərəfə doğru 15 metr get, orada sağ divardakı sal qayada bir kiçik ovuq görəcəksən. Əlini sal və orada bir beşaçılan gülləsi var, onu götür və qalx yuxarı”.O, əmisinin dediyini edir, mağaraya enərək həmin vəznəni gətirir. Vəznəni görəndə əmisi qardaşı oğluna təşəkkür edir və üçüncü dəfə yenidən həyata qayıtdığını bildirir. Vəznənin içindəki kağızda Xramçaylıların savaşa gedən gənclərinin adları yazılmışdı. Cəmi 100 nəfərə yaxın gəncin adı var idi. O zaman onlar bu adları yazaraq mağarada gizlətmişlər və söz vermişlər ki, kim sağ qayıtsa, bu siyahını götürsün, o zaman onların ruhu şad olar: “Əmim dedi ki, xətt Kərəm dayının xəttidir. Aramızda ən savadlısı o idi. Biz özümüzü Xramçaylılar kimi təqdim edirdik. Gözəl planlarımız vardı. Müharibə başlandı və hamımız bilirdik ki, günün birində hər birimizə çağırış vərəqəsi gələ bilər”. Elə də olur; indi əmisi dostlarının sözünü yerinə yetirib həmin siyahını üzə çıxarır və onların ruhuna dualar oxutdururdu. Yazıçı son dərəcə orijinal bədii detalla müharibə və onun gətirdiyi fəlakəti təsvir edir. Kiçik bir kənddən yezdən çox gəncin həyatına son qoyan savaşdan iki ayğaını itirən əmisinin sözləri yoldaşlarına verdiyi sözü tutduğunu göstərir. Emin Mahmudovun yalnız nəsr yaradıcılığı üzərində geniş dayandıq; ancaq onun yaradıcılığı çoxşaxəlidir. Bir tərcüməçi kimi gürcü nəsrinin bir çox görkəmli yazıçılarının əsərlərini tərcümə edib. Onun tərcüməsində Camua Amirecibinin “Data Tutaşxia” (2010) romanı böyük ədəbi hadisə hesab etmək olar. “Gürcü hekayələri” (2013), “Gürcü nəsri antologiyası” (2019) kitabları gürcü-azərbaycan ədəbi əlaəqlərinin yeniu mərhələsində ən mühüm ədəbi hadisədir. E.Mahmudovun həm tərcüməçi, həm də bir esseist, jurnalist, şair kimi yazdıqları başqa bir araşdırma mövzusudur. Bu yaradıcılıq forma və məzmun baxımından zəngin, çoxşeşidlidir. Emin Mahmudov (Elsevər) həyat dolu zəngin bir ömür yaşayır. Bu ömürdə bir neçə ömür sığışır-nasir, tərcüməçi, esseist, jurnalist və ən əsası Vətəndaş ömrü. Mən də Ona geridə qalan ömründə can sağlığı və yeni yaradıcılıq uğurları diləyirəm!..Bədirxan Əhmədli,AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunun şöbə müdiri,filologiya elmləri doktoru, professorZiM.AzREDAKSİYADAN:Biz də çox hörmətli alimimiz professor Bədirxan Əhmədovun bu səmimi təbrikinə və xoş arzularına qoşuluruq, çox hörmətli ağsaqqalımız Emin müəllimi - tanınmış jurnalist, istedadlı yazıçı və təcrübəli tərcüməçi Emin Elsevəri anadan olmasının 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirik!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.