Hacı Seyfəddin Mənsim oğlunun NAXIŞLARA DÖNƏN SƏNƏTKAR ÖMRÜ Mədəniyyət 1 декабря 2024 105 0 1 2 3 4 5 Tanınmış sənətkar, ağac üzərində xəttoyma ustası Hacı Seyfəddin Mənsim oğlunun həyat yoldaşının hüzr məclisində iştirak etdim. Mənəvi borcumu yerinə yetirdim. Hacı ilə görüşdüm, başsağlığı verdim. Bir anlığa elə bildim kənddə orta məktəb şagirdiyəm, Seyfəddin müəllim bizə rəsm dərsini keçir... Nitqi, davranışı, təmkini mənə o illəri xatırlatdı... Seyfəddin müəllim sonralar rəssamlığını ağac üzərində xəttoyma sənəti ilə birləşdirib, bu sənətin də yaradıcısı, ilk yolçusu olub. Xanımı-Firəngiz xanım mehriban, sayğılı,qayğıkeş, səbirli bir xanım kim tanınıb. Kəndimizdən-Böyük Mərcanlı kəndindən gələn qonaqlar Seyfəddin müəllimin evini döğma evləri biliblər.Bu ev bundan yana qonaq-qaralı olub. Kəndimizin adamları o evin qapısını hər vaxt sıxılmadan, çəkinmədən açıblar. Mehribanlıqla qarşılanıb, qayğılarını Seyfəddin müəllimlə bölüşüblər... -Həyat yoldaşıma əvvəldən demişdim bacılarım bacın, qardaşlarım qardaşın olacaq. Elə də olduq, elə də yaşadıq... Beləcə, uzun bir ömür yaşayıblar... Ailənin ağır, dərdli günləri də az olmayıb. Səbrlə, dözümlə qatlaşıblar ağrılara, acılara...İlləröncə: Mənsimoğlu, bir bayatı ömürlüdü ömrün-günün, yazmışam... Tarixlərdən keçib gələn dəyərləri yaşadır deyə... Kədər də, nisgil də, sevgi də var, bir xalq nəfəsi, xalq ruhundan qopub gələn nələrsə var bu ömürdə... Mənsimoğlu, bir bayatı ömürlüdü ömrün-günün,Ay İsmayıl, deynən Musa öyünməsin ta nəzm ilə!..Söhbətin bir məqamında bu misraları Seyfəddin müəllimin yadına salmağa çalışıram:-Bayatılar xalqımızın yaradıcılığıdır, uzun ömürlüdür, nə qədər xalq var, bayatılarımız da yaşayacaq... Xalqın həsrəti,nisgili, sevgisi, xalqın tarixi yaşayacaq bayatılarda. Seyfəddin müəllim bu fikrə əlavələr edir: -İndi ayrı-ayrı adamlar da bayatı yazır, onların da bəziləri yaxşıdı, yadda qalandı, bəziləri zəif alınır... Əlbəttə, xalq yaradıcılığı başqadır...Əl işlərindən söz düşəndə: -Ərəblər gəlib baxırlar, deyillər ki, bu hərflər bizimdi, ancaq bizdə belə incəlikdə,gözəllikdə əl işləri yoxdu.- Qədim miniatür sənətindən gəlir bu incəlik... O da ta qədimdən uyğur, oğuz ellərində yayılmış sənətdi, mən elə bilirəm... Siz də o yoldasınız.İş yoldaşlarından, akademik İsa Həbibbəylidən, daha kimlərdən gördüyü diqqətə, sayğıya görə, minnətdarlığını dilə gətirir...İlləröncə baxmışam, kitablarda da var, Nizami, Füzuli, Xaqani, Nəsimi ilə bağlı əl işləri insanı heyrətləndirir. Dədə Qorquda, Məhsəti xanıma, dahi miniatürçü Sultan Məhəmmədə həsr edilmiş əl işləri zərif ,incə mənalarla zəngindi...Ustadın 60-dan yuxarı belə əl işləri var. Sərgilərlə, əl işləri ilə bacardığı qədər tariximizi, ədəbiyyatımızı, ulu dəyərlərimizi ölkələrə yayır, tanıdır... O, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. -Gedəndə sənə kitab verəcəyəm,- deyir. Bir az keçmiş “Ulduz” jurnalının bədii redaktoru, rəssam Ədalət Həsən öz yaxınları ilə məclisə gəlir. Seyfəddin müəllimlə gənclik illərindən dost olublar. Ədalətlə də, Məmməd Aslanla da, Fərman Kərimzadə ilə də gənclik illərindən dost olduğunu bilirəm...Məclisdə, yazılarını maraqla izlədiyim, tanınmış alim, Seyfəddin müəllimin bacısı oğlu Fərzəli Həsənov da iştirak edirdi, söhbətini dinlədim, atasını- rəhmətlik Həsən müəllimi xatırladım... Gedəndə oğlu Firudinə Hacının vədini deyirəm, məni evə dəvət edirlər. Bəli, bu evdə mən də tələbə vaxtı bir dəfə olmuşam. İndi bir otaqda divar boyu kitablar, Seyfəddin müəllimin əl işlərindən yığcam bir sərgi də var... Evə gələndə Seyfəddin müəllimin verdiyi kitabı açıram. Seyfəddin müəllimin “Deyimlərim... Duyumlarım... Düyünlərim...” kitabında elə kitabın adına uyğun zənginlik var, məna- məzmun, həyatdan gələn qənaətlər var. Dəyərli bədii hekayələr var. Mənim ona yazdığım təbrik məktubum, ona həsr etdiyim “Ömrün-günün bir bayatı ömürlüdür” şeirim kitaba daxil edilib.Həmin kitabdan:-Mən əllərimi gecə-gündüz Allah dərgahına tutaraq yalvarıram ki, insanlar dünyaya gələndə riyadan, xəbislikdən, kin-küdurətdən, ikiüzlülükdən, yaltaqlıqdan, insafsızlıqdan uzaq olsunlar. Bəzən elələrinə rast gəlirəm ki, düşünürəm, yəqin bunlar mənim Allaha yalvarışımdan qabaq doğulublar.*** Mən təbiətin yaratdığı canlı bir simiyəm. O mənimlə ancaq qəm havası çalır.***Mənə öz gəncliyimi, uzaqdan çalınan musiqi xatırladır...***Dünyanın sənət adamları payız haqqında dəyərli sözlər deyiblər. Mən isə payız fəslini nurani, ömrünün qürub çağına doğru addımlayan, özü ilə insani keyfiyyətləri aparan bir qocaya bənzədirəm. Bu yerdə mənim ürəyimdən keçən sözlər olur:Seyfəddin müəllim, Siz o insani keyfiyyətləri paylaşan, bu günə, gələcəyə çatdırmağa çalışan bir el ağsaqqalı, böyük sənətkarsınız... Allah sizi qorusun...***Yoxuş yordun, cığır açdın yenilməyən həvəsinlə;Quru taxta cana gəldi, həyat tapdı nəfəsinlə...Məna yoxsa, ömür solur,naxış itir, bu həyata Bir solmazlıq arzuladın o xətlərlə, əl izinlə...Fikrin Coban bulağından saflıq tapıb, o da var ki,Duruluğa, aydınlığa bağlı idin sən əslinlə...Dərin köklər səni palıd gücdə etdi, əyilmədin,Kövrək qəlbin titrəsə də, çırpınsa da bir əsimlə... Şagird idik, rəsm dərsin bizi saldı heyrətlərə,Möcüzələr yaradırdın bir eskizlə, bir rəsm ilə...Ağac belə yada saldı kökdən gələn dəyərləri,Ömür verdin insanlığa, aliliyə bu əzm ilə!..Ululara söylədinmi, səsim belə naxışlardı, Nə yaxşı ki sizinləyəm bu duyğumla, bu səsimlə...Mənsimoğlu, bir bayatı ömürlüdü ömrün-günün,Ay İsmayıl, deynən Musa öyünməsin ta nəzm ilə!..Rəhmətlik İsmayıl müəllim Hacının qardaşı, mənim iş yoldaşım olub... Ağrısı-acısı, sevinci-fərəhi az olmayan həyatda ustad sənətkarımız Hacı Seyfəddin Mənsimoğluna can sağlığı arzulayıram... Umrunda olduğu günlər yazılsın qismətinə... MUSA ASLANXANLIZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.