“Şair ola bilməyən şair - Lətif Mustafaoğlu” TDPİ-nin Azərbaycan bölməsi, Ədəbi tənqid, Borçalı 16 мая 2017 Qırx ildən bəri tanıdığım, uzun müddət dostluq elədiyim Lətif Mustafaoğlu haqqında ötən il – 60 yaşı tamam olanda yazmaq fikrindəydim... Amma doğulduğu ay və gün nə mənim yadımda qalmışdı, nə də soraqlaşdığım dostlar dəqiq cavab verə bildilər... Sonra elə ötən yay gözlənilmədən Bakıda peyda oldu, işlədiyim Azərbaycan Tərcümə Mərkəzinə gəldi, başqalarını bilmirəm, Etimad Başkeçidlə məni danladı, başımıza ağıl qoydu, öyüd-nəsihət verdi, düzgün yaşamağın və yaxşı yazmağın yollarını göstərdi, “Kulis.az” saytına müsahibə verib Dostoyevskidən, Tolstoydan, Aşıq Şenlikdən, Murad Köhnəqaladan... danışdı, qəfildən də yoxa çıxdı. Ankaraya qayıtdığından xəbər tutanda artıq gec idi... Lətifin xasiyyətinə bələd olduğumdan o gəlişinə-gedişinə heç təəccüblənmədim... Yaddaşımdakı yazınısa, az qala bir il sonra tamamlamalı oldum... *** Tələbəlik illərimdə təhsil aldığım Bakı Dövlət Universitetində özümə bir köynək yaxın bildiyim həmyerlilərim – gürcüstanlılar arasında mərhum Arif Məmmədov (Əmrahoğlu) və indi İstanbulda yaşayan Arif Acalov (Acaloğlu), o sıradan Marneuli rayonunun Molloğlu kəndində doğulmuş Lətif Ənnağıyev də vardı... Onda Lətif Kamil imzasıyla şeirlər yazırdı, “istedadlı və ümidverən gənc” hesab olunurdu, necə deyərlər, gözləri dünyanı seçmir, başı ala buludda oynayırdı, daim yoldaşlarıyla da, müəllimləriylə də qovğalarda olurdu... Qəfildən də (deyəsən, üçüncü kursdan) çıxıb getdi, neçə illər Lətiflə rastlaşmadıq, ancaq arabir sorağını alırdım... Bir də 1984-cü ildə Tiflisdə - mən təyinat yerindən dönüb əməkdaşlıq elədiyim “Sovet Gürcüstanı” qəzetinin redaksiyasında tapışdıq. Onda Lətif yaşıdları arasında klassik sayılırdı: şeirləri Əkrəm Əylislinin təqdimatıyla “Azərbaycan” jurnalında çap olunmuşdu, üstəlik, Moskva kimi bir şəhərdə nüfuzlu M.Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsində oxuyurdu, təbii kimi bizim – rəhmətlik Əlləzoğlu və mənim – kimi “əyalət qəzetində” (öz üstünlüyünü bildirmək üçün belə deyirdi, amma o qəzetdə işləmək üçün əldən-ayaqdan gedirdi) işləmirdi. Şübhəsiz, o vaxt Lətifin tanış olduğu Bakı və Moskva ədəbi mühitləri hələ bizdən ötrü əlçatmaz idi, o da bundan xüsusi zövq alırdı... Bəzi məsələlərdə də Lətif bizdən şanslıydı. Eyvaz Əlləzoğlunun və mənim çalışqanlığımız, yazı savadımız köməyimizə çatmamışdı, sıravi əməkdaşlıqdan irəli gedə bilməmişdik, Lətifsə qəzetin redaktoru professor Teymuraz Cəfərlinin rəğbəti sayəsində xüsusi müxbir ştatına götürülmüşdü, işə həftədə bir-iki dəfə gəlir, kefi istəyəndə yazır, bizdən artıq qazanırdı. Amma qazancını bir neçə gün ərzində havaya sovurur, növbəti maaşacan, Eyvazın dediyi kimi, “cibimizə təcavüz eləyirdi”. Hərdən Allahverdi Təhləli (sonra o da Ədəbiyyat İnstitutuna daxil oldu), bizi müvəqqəti də olsa, “böhrandan” çıxarırdı, qalan vaxtı Lətifi asıb kəsə-kəsə, qəpiyi qəpiyə calaya-calaya keçirirdik. Eyvaz Əlləzoluyla çox çətinliklə də olsa, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (indiki S.S.Orbeliani adına Pedaqoji Universitet) tələbə şəhərciyində iki nəfərlik otaq almışdıq, gecikəndə orda qalırdıq, təbii ki, Lətif də qeydsiz-şərtsiz bu kiçik imkanımıza şərik çıxmış, daimi yoldaşımıza çevrilmişdi. Şərait əl verəndə mən yaxın tələbə dostların – Rafiq Hümmətin, İlyas Məmmədovun, Murtuz Fərhadoğlunun otağına qonaq gedir, bu xoşbəxtik üz verməyəndə də Eyvazla bir çarpayıda baş-ayaq yatmalı olurdum, çünki Lətif vəzifədə də, ad-sanda da bizdən böyük idi, başqa cür ola bilməzdi. Üstəlik, nəsə almaq, süfrə hazırlamaq kimi “xırda şeyləri” də bizə tapşırmışdı ki, nüfuzuna xələl gəlməsin. Süfrələrisə sevirdi, içki dolu qədəhi əlinə elə götürürdü ki, elə bil, sevgilisinin əlindən tutur, uzun-uzadı sağlıqlar deyirdi, axırda da mütləq mübahisə yaradır, bizi acılayır, ayılanda da heç nə olmamış kimi, davranır, hələ boynunuza minnət də qoyurdu... Lətifin işə gəlmədiyi günlərdə sevinir, arxayın nəfəs alırdıq, amma redaksiyadan çıxıb kafelərdən birinə dönəndə, ya da otağımızda süfrə açanda hiss eləyirdik ki, Lətifdən ötrü darıxırıq, istəsək də, istəməsək də artıq həyatımızın bir parçasına çevrilib... Lətif hər şeydə fərqlənməyə çalışırdı, hər bir məsələyə dair öz dəlil-sübutları olurdu, kimsəyə güzəştə getmir, kimsənin vəzifəsindən-filanından çəkinmirdi. Bu səbəbdən də özünə xeyli düşmən qazanmışdı, amma bunun ondan ötrü heç bir əhəmiyyəti yox idi... Lətif şeirlərində “ruhum bədənimdən min fərsah uzaqdadı”, “itimiz mənimlə it dilində danışdı” deyirdi, hecaçılara gülürdü, poeziyanın, ümumiyyətlə, qafiyəyə sığmadığından (amma özü sonralar irfanı gəraylılar yazmağa başladı) danışırdı. Ona inanırdıq, çünki şeirlərinin havası bizi əfsunlayırdı: Ölüm toxunmayacaq sanaİtin sağdırsa,Ölməyibsə atın,Ayağına dolaşırsaAğrıları torpağın,Ölüm toxunmayacaq sana... Onda qəzetin ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri unudulmaz Arif Mustafazadənin ətrafında bütöv bir ədəbi mühit yaranmışdı: Lətif Kamil, Eyvaz Əlləzoğlu, Allahverdi Təhləli, Məhəmməd Həsənli, Tapdıq Yolçu, Afiq Muxtaroğlu, Rafiq Hümmət... kimi qələm adamlarıyla yanaşı Lətifin şeirləri də Azərbaycan mətbuatında və Tbilisidə nəşr olunan ədəbi toplularda işıq üzü görürdü... Onda mənə elə gəlirdi ki, Lətif Kamil tezliklə ilk şeirlər kitabını çap etdirəcək... Amma o, işdən çıxıb Bakıya üz tutdu, rəhmətlik Aydın Məmmədovun yaratdığı Azərbaycan Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində işləməyə başladı... Ardınca mən işsizlik ucbatından Bakıya üz tutdum... Eyvaz Əlləzoğlusa son məqamacan dözdü, axırda o da Bakıya köçməli oldu... Sonra yollar haçalandı, hərənin yönü bir səmtə düşdü... *** Bakı həyatı Lətifi zərrə qədər də dəyişdirmədi, ruhu da, həyata və insanlara münasibəti də olduğu kimi qaldı...Təkcə imzasını dəyişdi - əvvəlcə Lətif Dəyirmançı, Sonra Lətif Mustafaoğlu oldu... Hə, bir də... qatı türkçü oldu, danışığını da, şeirlərinin havasını da dəyişdi, Osmanlı tərzində konuşub-yazdı, qəfildən də Haqqa tapınıb içki məclislərindən uzaq qaçmağa, qeyblə danışmağa başladı, qələmindən irfani misralar çıxdı: Şala bürün də sürünTuzaqdır sağın solunYarana tuz sür sürünBudur ərkanı yolun Doxsanıncı illərin əvvəllərində ağır günlər keçirəndən sonra Lətif Mustafaoğlunun sorağını Ankaradan aldıq. Bəlkə də elə, özünü nə qədər “Osmannı çocuğu” saysa da, qürbət ağrıları duyulan bu misralarını həmin vaxt yazıb: Bəni bir bilən yokmu – varBilməyən bilməz məniBəni bir qürbət bilirBir də qəriblər bəni Həmişə mənə elə gəlib ki, Lətif qəfəsdə çırpınan, öz səmasına can atan, amma azadlığa çıxanda belə rahatlıq tapmayan bir quşcuğaza oxşayır. Ola bilsin, bu misralar da o halından doğulub: Qulağıma gəler bir səsDanışma sus səsini kəsDünya mənə nədən kafəs –Sana aşkar olmazmola? Amma ruhundakı çalxantılardan çətin ki, xilas ola bilsin. Bunu bacarsaydı, yollar düşməzdi, Tiflisdə, ya da Bakıda duruş gətirib başqaları kimi dünyayla barışar, ölçülü-biçili ömür sürərdi... *** Lətif Mustafaoğlunun öz ömründən və dünyadan istəklərinin nə olduğunu bilmirəm, amma deyir ki, “...mənim istəklərimlə şeir bir araya sığmazdı. Mən şair deyiləm. Şair Əli Kərimdir. Məsələn, Rəsul Rza şair deyildi, amma Səməd Vurğun şair idi. Özü də dumduru. Şair olaraq Səməd Vurğun ən çox sevdiyim şəxsdir. Bir də Cavid əfəndini sevirəm. Hətta Cavid əfəndini Səməd Vurğundan üstün tuturam. Çünki, o, həm də toplum mühəndisi idi. Yeni nəslin yetişməsində rol oynayırdı. Təəssüf ki, Cavid əfəndi bu gün də yetərincə araşdırılmayıb…” O, yaşadığı həyatın müqabilində ümidlərini də, gələcəyə inamını da itirməyib, fikrincə, “…ədəbiyyatın gücü məxsus olduğu dövlətin gücü qədərdir. Dövləti olmayan yazar nə yazır-yazsın, ciddi nəticə əldə edə bilməz. Bu mənada biz gəncik və təcrübəmiz daha azdır. Amma hər şeyin yaxşı olacağına əminəm. Çünki müstəqil dövlətimiz var…” P.S.: Hə, Lətif Mustafaoğlu: ...Unutmamısansa,XatırlayırsansaMəmmədhəsən əmini –Yuxuna girirsəÖzünü öldürənlər,Yorğun-arğın yolçular,Səssizliyin irişən sufatıÖlüm toxunmayacaq sana,Toxunmayacaq... ...Və günlərin birində yenə qəfildən bu düzənli həyatımızda peyda olacaq, çalxantı yaradacaq, gəldiyin kimi də qəfildən sirrə qovuşacaqsan... Nəriman Əbdülrəhmanlı 16 may 2017. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.