Səksən yaşlı müqtədir alim – Qəzənfər Paşayevin yeni monoqrafiyası... Yeni nəşrlər, Humanitar elmlər 13 февраля 2017 Məqaləmi bu başlıqla başlamaqda istəyim budur, bildirəm ki, 80 yaşının qənşərində olan müqtədir alim, adi oxucudan tutmuş, elitar oxucuya qədər hamının sevimlisi olan, yeddidən yetmişə (80-nə) hamının tanıdığı görkəmli alim, filologiya elmlər doktoru, professor, yazıçı-publisist, tərcüməçi, dilçi, folklorşünas, şərqşünas, mətnşünas, ictimaiyyatşünas, Respublika Ağsaqqallar Şurasının üzvü Qəzənfər Paşayev oxucuları ilə görüşə yeni kitabı ilə - “Hüseyn Kürdoğlunun poetik dünyası” (Bakı: “Sabah”, 2017, 288 səh.) monoqrafiyası ilə gəlmişdir. Yuxarıda sadaladığım elmi, ədəbi və ictimai rəsmi titulların daşıyıcıları çox ola bilər və hətta daha yüksək titullar daşıyan ziyalılarımız var, min şükür!.. Lakin elə bir titul da var ki, Azərbaycan ziyalıları və alimləri sırasında XX əsrdən bu günümüzə - XXI əsrə qədər yeganə olaraq onun halal-hümmət daşıyıcısı yalnız Qəzənfər Paşayevdir. Bu rəsmi təsis edilmiş titul deyildir! Bu ədəbi mühitin, elin-obanın, ictimaiyyətin qeyri-formal elan etdiyi bir tituldur – “MESSANAT ZİYALI-ALİM” titulu!.. Çox şərəfli, böyük ürək və səxavət kanı istəyən, hər kəsə nəsib olmayan, şəriətimizin və Müqəddəs Kitabımızın da, irəli sürdüyü, təbliğ etdiyi tituldur : “Əldən tutmaq İmami Əlidən qalıb!” – deyimi də, buradan yaranıbdır... Bu kitabı da, Qəzənfər müəllim özü qələmə alıb və öz hesabına da, nəfis şəkildə çap etdiribdir... Kitabın elmi redaktoru mərhum şair Hüseyn Kürdoğlunun qardaşı, filologiya elmlər doktoru, professor Şirindil Alışanlıdır. Kitaba AMEA-nın vitse- prezidenti, filologiya elmlər doktoru, professor, Millət vəkili, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıqda faydalı örnək” başlıqlı, çox mənalı ön söz yazmışdır. Kitabın nəşriyyat təqdimatında oxuyuruq: “Professor Q. Paşayevin bu monoqrafiyası ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş görkəmli şair, alim və tədqiqatçı Hüseyn Kürdoğlunun yaradıcılığı, onun ədəbi-bədii dünyagörüşünü formalaşdıran mühiti tarixi ədəbi proses fonunda tədqiq olunur, bu poeziyanın sənət sirləri poetik ifadənin bütün qatları, formaları zəminində təhlil olunur.” Doğrudanmı belədir?! Bu maraqla da monoqrafiyanı diqqətlə oxuduq və qənaətimizi sizlərlə bölüşmək istərdim... Qəzənfər Paşayevin yüzlərlə məqaləsi, səksəndən çox kitabı, kərpic-kərpic yeddicildliyə sığmayan yeddi cilddən ibarət “ Seçilmiş əsərləri” mövcuddur. Onun qələmə aldığı bütün əsərlər həmişə ədəbi, elmi siferanın diqqətini cəlb etmiş, maraqla qarşılanmışdır. Bu da təbiidir... Çünki Qəzənfər müəllim müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən alınır, təkrarsız bir hadisəyə çevrilir. Lakin bütün bunlara rəğmən, onun yaradıcılığının Everest zirvəsi “Altı il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist, elmi-memuar üslubunda qələmə aldığı, qızların cehizinə, oğlanların qüdrət daşına çevrilmiş əsəridir... “Milyonlar oxudu tayı-bərabəri olmayan bu əsəri. Qəzənfər Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürası, Bülbülün "Sənsiz"i, Səməd Vurğunun "Azərbaycan"ı, Tahir Salahovun "Qara Qarayev" portreti, Səttar Bəhlulzadənin "Təbiət mənzərələri", Məmməd Arazın "Dünya sənin, dünya mənim"i, Sabir Rustəmxanlının "Ömür kitabı" əsərləri kimi.” (prof. Vüqar Əhməd) Məqaləmin qəhrəmanının həyatı və yaradıcılığı barədə qısa ensiklopedik arayış:Qəzənfər Məhəmməd oğlu Paşayev —Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Filologiya elmləri doktoru (1993). Professor (1995). 1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin Düzqırıxlı kəndində doğulub. 1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə İraqda tərcüməçi işləmiş (1962-1966; 1972-1975), burada yaşayan və sayı təqribən 2,5 milyona çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institutun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005),eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların – İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Q. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə. Bəndəroğlunun “Şah əsər”, prof. M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Onun «Kərkük bayatıları» - Rəsul Rza ilə birlikdə (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq Türkmən folkloru» (1982), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), “Altı il Dəclə-Fərat sahillərində” (1985, təkrar nəşr-1987), «Nəsiminin İraq divanı»(1987), “Kərkük folkloru antologiyası” (1987, təkrar nəşr-1990), “İraq-Türkman folkloru” (Bakı, 1992),” İraq-Türkman folkloru” (Bağdad, 1995), “İraq-Türkman folkloru” (İstanbul, 1998), “Kərkük dialektinin fonetikası” (2003), “İraq-Türkman folklorunun janrlar sistemi”-rusca, (2003), “Kərkük folklorunun janrları” (2003), “İraq-Türkman ləhcəsi –ortaqlı” (2004), “Nostrdamusun möcüzəli aləmi” (2007), “Nəsimi haqqında araşdırmalar” (2010), “Borcumuzdur bu ehtiram” (2010), “Dilimiz - varlığımız” (2011),” Seçilmiş əsərləri”, VII cilddə (2012), “Elçin haqqında düşüncələrim” (2013) və başqa kitabları nəşr edilmişdir. A. Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və digər bu qəbildən kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandırdı. Qəzənfər Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbi-nəzəri məcmuə» sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub. Pedaqoji və elmi kadrların hazırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponenti, bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur. Uzun müddət Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuş, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın yarandığı 1997-ci ildən üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir. Onun şəxsiyyəti və yaradıcılığı həmişə ən yüksək səviyyədə qiymətləndirilmişdir. Azərbaycanda akademiklər: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Tofiq Hacıyev, İsa Həbibbəyli, akademiyanın müxbir üzvləri: Yaşar Qarayev, Azad Nəbiyev, Nizami Cəfərov, filologiya elmləri doktorları, professorlar: Məmmədhüseyn Təhmasib, Abbas Zamanov, Qasım Qasımzadə, Vaqif Vəliyev, Musa Adilov, Murtuz Sadıqov, Əzizə Cəfərzadə, Zeydulla Ağayev, Sədnik Paşayev, Gülrux Əlibəyli, Qəzənfər Kazımov, Bəhlul Abdulla və başqaları, o cümlədən də xarici ölkə alimləri: Ə. Tərzibaşı, Ə. Bəndəroğlu, f.e.n. Sinan Səid, M. Xurşid, prof. Mahir Naqib, prof. Sübhi Saatçı, M.T. Qayaçı, E. Hürmüzlü (İraq), prof. Mustafa Arqunşah, prof. Cəlal Ərtuq, prof. İsa Özgan, Kamal Çapraz, İsa Qayacan, dosent dr. T. Abbasxanlı və b. (Türkiyə) Qəzənfər Paşayevin yaradıcılığına sanballı məqalələr həsr etmiş, tədqiqatlarını yüksək qiymətləndirmişlər. Məsələn, Xalq şairi Bəxtiyar Vahabzadə onun kitablarını "xəzinə", Bəkir Nəbiyev "Professor Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalılarmızdandır", Vasim Məmmədəliyev "Qəzənfər müəllim öz nəcib fəaliyyəti ilə Azərbaycan və İraq xalqlarının daha da yaxşılanmaşında mühüm rol oynamış, indinin özündə də beləcə davam edir", Teymur Bünyadov "Miqyaslı, şöhrətli alim olan Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malikdir", Yaşar Qarayev "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır", Bəhlul Abdullayev onu “Kərkük pərvanəsi”, Nizami Cəfərov "O, bizim folklormuzun Müşfiqidir" və başqa çox məşhur ziyalıları alimin yaradıcılığına yüksək dəyər veriblər. Ümumiyyətlə, Qəzənfər Paşayevin şəxsiyyəti və yaradıcılığı barədə müasir dövrün əksər tənqidçi və ədəbiyyatşünasları sanballı məqalələr yazmış, şairlər ona poemalar və şeirlər həsr etmişlər. Onları xatırlatmaq bir məqalə imkanından çox uzaqdır. Lakin birini yada salmaq mütləq vacibdir. O da, istedadının və ilhamının miqyası, sözün gerçək anlamında, üfüq genişliyində olan Hüseyn Kürdoğlunun Qəzənfər Paşayevə həsr etdiyi şeirlər və ancaq bayatı formasından istifadə edərək (bunun özü çox böyük istedad və məharət tələb edir və bildiyimə görə bu, ədəbiyyat tarixində yalnız bayatılardan ibarət qələmə alınmış hələlik, ilk və son poemadır) yazdığı “Tovuzum mənim, Oğuzum mənim” (1998) poemasıdır ki, düz 19 il keçdikdən sonra bumeranq effekti ilə Hüseun Kürdoğlunun poemasına qarşılıq olaraq Qəzənfər Paşayevin orjinal bir formatda qələmə aldığı monoqrafiya meydana gəlir... Müəllif “nəticəvari” “Son söz”ündə oxucularına müraciətlə yazır: “Qədirşünaslıq əlaməti olan bu təmənnasız əsərin yazılmasında deməliyəm ki, şairin poeziyasına məhəbbət, dostluq münasibətimiz, mənim haqqımda poema, bir neçə duyğulu şeir yazması ...az rol oynamamışdır.” Q. Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir. 2001-ci ildə “Ocağ”ın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-Türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və Türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür. Q. Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmişdir... Prof. Q. Paşayev “Hüseyn Arif – 80” (2004), “ İsi Məlikzadə – 70” (2004), “Tofiq Bayram – 70” (2005), “Əlibala Hacızadə – 70” (2005), “Fikrət Qoca – 70” (2005), “Bəkir Nəbiyev – 70” (2005) kimi çox maraqlı portret kitabları da öz vəsaiti hesabına çap etdirmişdir. İngiltərənin tarixi, coğrafiyası və mədəniyyətindən bəhs edən “İngiltərə haqqında” (1981, ingilis dilində) adlı kitab, eləcə də ingilis filologiyasına dair onlarca elmi məqalə yazmışdır. ABŞ, İngiltərə, İraq, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə keçirilən elmi simpoziumlarda məruzələr etmiş, elmi məqalələri çap olunmuşdur. “Füzulinin həyat və yaradıcılığı”ndan bəhs edən məqaləsi ABŞ-da çıxan “Reforma” (№ 2, 1996, s.17-25) jurnalında və Bağdadda ərəbcə elmi məcmuədə (1995), “İraq türkmanlarının tarixi, folkloru və ləhcəsi”ndən bəhs edən əsəri ABŞ-da nəşr olunan “Azerbaijan international” jurnalında (1.1.2003, 5.22-25), “Azərbaycanlılar İraqda az tanınan elat” adlı məqalə İraq türkmanlarının İstanbulda çıxan “Qardaşlıq” (№ 22 və № 23, 2004) dərgisində ngiliscə, “İraq-Türkman tarixinə və ədəbiyyatına bir baxış” iki məqalə, “Aleksandr Dümanın Qafqaz səfəri” məqaləsi “Literaturnıy Azerbaydjan” jurnalında (№ 3, 2004) və “Düma Qafqazda” adlı rusca ssenarisi çap olunmuşdur. Onun A. Dümanın “Qafqaz səfəri” (1985, H. Abbasovla birgə) , S. Benetin “Necə yaşayasan, yüzü haqlayasan” (1989) , A. Kristinin “Mavi qatarın sirri” (1995), Prof. İ.Pərsinacın “M.F.Axundovun kritikası” (ABŞ, 1989) orijinaldan dilimizə tərcümələri oxuculara çatdırılmışdır.” Bu zəhmətkeş, Şərqin və Qərbin fikir qovuşuğunda mühüm yer tutan, dünyaca hörmət-izzət qazanan, yaşının və yaradıcılığının müdriklik çağında gənclik ehtirası ilə qələmə sarılan Qəzənfər Paşayevin yuxarıda qeyd etdiyimiz, həm müəllifinin, həm də, tədqiqat obyektinin ruhunu görməyə, nəfəsini duymağa, hənirini hiss etməyə imkan yaradan bu yeni monoqrafiyası qarşımızdadır... Buradaca qeyd edim ki, mənim üçün sözün önəmi, sözün dəyəri o vaxt çox böyük və əhəmiyyətlidir ki, onun kimin söyləməsi əsas şərt olur. Bu, yaradıcılıq psixologiyasında və oxucu-müəllif qarşılığında olduqca mühüm amildir. Bu monoqrafiyada tədqiqatçı şəxsiyyəti də, tədqiqat obyekti də, şəxsiyyət tipi kimi həmahəngdir, tarazdır, qoşaqanaddır... Tərəzinin hər iki gözü pərsəng tələb eləmir... Buna görə də, monoqrafiyanın hər cümləsi, tezisi, nəticəsi, əldə edilən qənaət inandırır, oxucunu razı salır, görürsən ki, tədqiqatçı çox böyük ürək, enerji sərf edib, bütün varlığıyla poetik sözün, dəyərli bir yaradıcılığın yüksək məhəbbət və səmimiyyətlə xidmətində durub... Bu qənaəti akademik İsa Həbibbəyli belə dəyərləndirir: «Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin «Hüseyn Kurdoğlunun poetik dünyası» adlı monoqrafiyası bu orijinal şairin həyat və yaradıcılığının bütün əsas mahiyyət və istiqamətləri ilə geniş oxucu auditoriyasına, ictimaiyyətə təqdim edən qiymətli elmi əsərdir». Bu fikrin özünü də cəmiyyətdə və elm aləmində qazandığı nüfuzu, hörməti ilə tanınan bir alimin, eynilə digər nüfuz sahiblərinə verdiyi yüksək qiymət, dəyər olduğundan fikrimizcə, mühüm əhəmiyyət kəsb eləyir... Professor Qəzənfər Paşayev bu monoqrafiyası ilə böyük şair Hüseyn Kürdoğlunun poetik dünyasına mənalı söz və elm açarı ilə qapılarını taybatay açaraq, bu dünyanın sirli-soraqlı, gizlinlərdə qalan, cazibədar hücrələri ilə müasir, tələbkar, bir az da elitar oxucularını, sözün yaxşı mənasında, məharətli araşdırmaçı səriştəsi ilə təəccübləndirməyə nail olur... Bu olduqca çətin yaradıcılıq, tədqiqatçılıq prosesidir və dediyim kimi, məharət tələb edir... Çün ki, Hüseyn Kürdoğlu öz dövrünün və müasir poeziyamızın sıradan bir nümayəndəsi deyildir. Onun poetik yaradıcılığının həmişə pərəstişkarları olub, var və həmişə də var olacaqdır. Haqqında çox yazılıb, tanınmış, məşhur sənətkarlarımız, alimlərimiz, dilcilərimiz, tənqidçilərimiz, ədəbiyyatşünaslarımız bərcəstə, seçmə məqalələr yazıblar, fikirlər söyləyiblər, şairin həyat və yaradıcılığı barəsində dissertasiya yazılıbdır və s. Belə olduqda orjinal söz demək, orjinal tədqiqat metodu seçmək, fərqli yanaşma-araşdırma üsulu tapmaq “kəşfə” bərabər bir mahiyyətdir ki, Qəzənfər müəllim bunun öhdəsindən ecazla gəlmişdir... Yoxsa, bu monoqrafiyanı isti-isti oxuyaraq haqqında ürək dolu istəklə məqalə yazan, obyektivlikdə və prinsipiallıqda məşhuri-cahan olan şair-publisist Əbülfət Mədətoğlunun boynuna qızıl ilan da salsan belə yazmazdı: “ Bu monoqrafiyadakı hər bir fəsildə müəllif araşdırdığı mövzunun əhəmiyyətini, gərəkliyini oxucuya çatdırmaq üçün bir üslubdan da istifadə edibdi. O da Hüseyn Kürdoğlu ilə bağlı yazılmış, onun yaradıcılığına həsr edilmiş məqalələrin, şeirlərin, ümumiyyətlə, yazı nümunələrinin oxucu diqqətinə təqdim edilməsidi. Bunlar da bir növü professor Qəzənfər Paşayevin fikirlərinə sanki əlavə güc, əlavə işıq qatır. Nəticədə oxucu gözü önündə canlandırdığı Hüseyn Kürdoğlunun hər bir misrasının arxasında onun ürəyinin, şəxsiyyətinin dayandığını görür.” Qəzənfər Paşayev bu monaqrafiyanı qələmə alarkən ağır tədqiqatçılıq, araşdırıcılıq və yaradıcılıq zəhmətinə qatlaşmışdır. Hüseyn Kürdoğlu 50 ildən çox, zəngin və polifonik, çoxşaxəli bir yaradıcılıq yoluna malikdir. Onun sovet dönəmində 13, müstəqillik illərində isə yenə də 13, haqqında isə iki kitab nəşr edilmişdir. Monoqrafiyanın sonunda bunlar barəsində biblioqrafik məlumat verilmişdir. “Səhər nəğmələri” (1963) onun ilk kitabıdır. Bu kitabın ardınca Hüseyn Kürdoğlunun “Yurdumu gəzə-gəzə” (1968), “Qaya çiçəkləri” (1970) , “Doğma diyarım” (1973), “Dördtelli durnam” (1979), "Müasir kürd şairi Abdulla Qoranın poeziyası (1969), "Min bir bayatı”(1992), “Yaralı torpağım, yaralı sevgim”(1997), “Ziyalımız-ziyamız” (1999), “Yurduma qurbandır sözüm”(2005), “Sənə könül bağladım” (2009), “Seçilmiş əsərləri” 2 cilddə (2011) qəbildən dediyim sayda kitabları, haqqında yazılan məqalələr, xatirələr və şeirlərdən ibarət “Bir şeir bulağıydım” (2005) toplusu nəşr edilmişdir. İnsaf naminə qeyd edim ki, Hüseyn Kürdoğlu dünyasını dəyişəndən sonra onun 1999-cu ildən sonra nəşr olunan 6 kitabını professor Şirindil Alışanlı tərtib edərək öz hesabına çap etdirmişdir ki, bu da əsil qədrşünaslığa bariz bir nümunədir. 4755 səhifə həcmində olan bütün bu kitabları, şairin haqqında yazılan onlarla məqalələri, tədqiqatları, dissertasiyaları, bununla da kifayətlənməyərək, zəngin arxiv materiallarını, dövri mətbuatı bu ahıl yaşında diqqətlə nəzərdən keçirən, tədqiqata, təhlil və təşrihə cəlb edən prof. Qəzənfər Paşayev dərin məzmunlu bir elmi əsər yaratmağa nail olmuşdur. Bu çoxlarına örnək olacaq yaradıcılıq nümunəsi və qələm məsuliyyətidir... Monoqrafiyada akademik üslubla, oxunaqlı, anlaşıqlı elmi-publisist üslub qəribə bir tərzdə çulğaşmış, harmoniya halını almışdır. Bu, Qəzənfər müəllimə imkan yaratmışdır ki, Hüseyn Kürdoğlunun zəngin yaradıcılığının bütün spektrlərini, çalarlarını, qövsi-qüzeh rəngarəngliyini müəyyənləşdirib göstərsin... Tədqiqatçı şairin şəxsiyyətinin və yaradıcılığının formalaşmasında heç nədən sərf-nəzər etmir, obyektivini onun bütün nüanslarına tuşlayır, Hüseyn Kürdoğlunun bir sənətkar kimi ideya-estetik qayəsini, məramını, kredosunu aşkarlayır, onun şeirinin poetikasına baş vurur, özünəməxsus şəkildə istifadə etdiyi şeir formalarını – dördlük, bayatı, təcnis, gəraylı, ağı, rübai, təsnif, həcv, ithaf, həmçinin unudulmaqda olan digər şeir janrlarını ayrıca fəsillərdə ilmələyir, çeşniləyir, incə və mətləbli təhlillərlə Hüseyn Kürdoğlunun poetik dünyasını təqdim eləyir. Elə buna görə də, bu əsər “Ədəbiyyatşünaslıqda faydalı örnək” (akademik İsa Həbibbəyli) adlandırılmışdır. Professor Qəzənfər Paşayev haqlı olaraq, faktlarla sübut etmişdir ki, Hüseyn Kürdoğlu “dördlük tarixində era yaradan şairdir”, “zəmanəmizin bayatı ustasıdır”, onun təkrarsız gəraylı, təcnis, təsnif, gəraylı dünyası var... Ümmiyyətlə, Qəzənfər müəllim bu əsərində seçdiyi, misal gətirdiyi poeziya, şeir nümunələrində də, mətnlərdə də yüksək həssaslıq nümayiş etdirmiş, söz sərrafı olduğunu, yüksək poetik zövqə sahibləndiyini göstərmiş, şairin hamıdan fərqli lirizmini, sözü duymaq, hiss etmək bacarığını ortaya qoymuşdur. “Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Qəzənfər müəllim Hüseyn Kürdoğlunun poetik dünyasını dərindən öyrənmişdir. O, tədqiqat obyekti kimi müəyyən etdiyi Hüseyn Kürdoğlunun tərcümeyi-halını, mühitini və taleyini araşdırmış, şairin yaradıcılığı ilə həyat yolu arasındakı bağlılığı müəyyən etmişdir. Bundan başqa, professor Qəzənfər Paşayev Hüseyn Kürdoğlunun yaradıcılıq yolunu Azərbaycan ədəbiyyatının inkişaf prosesləri, şairin mühiti və müasirləri ilə birlikdə izləmiş və qiymətləndirmişdir. Eyni zamanda, bir çox məqamlarda, xüsusən ...yazılı ədəbiyyatda xalq-aşıq şeiri ənənəsinin qüvvətləndirilməsində Hüseyn Kürdoğlunun ədəbiyyat mühitinin fövqündə dayandığını müəyyən etməklə onun ədəbi prosesin inkişafındakı yerini, təsvir gücünü diqqət mərkəzinə çəkmişdir. Qəzənfər müəllim bütün məqamlarda şairin yaradıcılığından, ədəbiyyat materialından çıxış etdiyi üçün Hüseyn Kürdoğlu haqqında inandırıcı obyektiv elmi söz deyə bilmişdir.” (İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik.) Bütün bunlarla yanaşı Qəzənfər müəllimin bu monoqrafiyası informasiya qatının zənginliyi ilə də fərqlənir. Burada həm Hüseyn Kürdoğlunun bir şair və tərcüməçi kimi, həm bir şərqşünas, folklorşünas alim kimi, həm də yaşadığı ictimai və ədəbi mühitlə, xüsusən xalq həyatı ilə sıx əlaqəsi olan bir şəxsiyyət tipi kimi, deyərdim ki, bütün faktlar onun yaradıcılığı ilə sıx əlaqədə öz əksini tapıbdır. Buna görə də, oxucu Hüseyn Kürdoğlunun yaşadığı dövrlə, mühitlə, təmasda olduğu sənət və elm adamları ilə, keçirdiyi adi insani hisslərlə, psixoloji sarsıntılarla yaxından bilgi və məlumat ala bilirlər... Yekun olaraq deyə bilərik ki, tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” adlı bu yeni monoqrafiyası yaxın poeziya tariximizdə orijinal, bənzərsiz, xəlqi, vətənpərvər, virtuoz söz bilicisi olan, lirizmilə labələb şeirləri “Bəyənmir məni” və “Könül bağladım” qəbildən xalq arasında geniş yayılan, görkəmli xanəndələrin, müğənnilərin repertuarından düşməyən mahnı mətnlərinə çevrilən, qoşma, gəraylı və baytıları aşıqların dilindən telli sazda avazlanan, Səməd Vurğun və Aşıq Şəmşir ədəbi məktəbinin ləyaqətli davamçısı olan, tamamilə orjinal, bənzərsiz bir şairin – Hüseyn Kürdoğlunun həyatı və yaradıcılığını bütün əsas mahiyyəti və istiqamətləri ilə geniş oxucu mühitinə, ədəbi-elmi ictimaiyyətə, müstəqillik dövranı sürən Azərbaycan xalqına təqdim edən qiymətli elmi-kütləvi əsərdir. Fürsətdən istifadə edərək, sonda mühüm bir mətləbə də münasibətimi bildirim. 2017-ci il Qəzənfər Paşayevin 80 illik yubiley ilidir. Avqustun 27-də, böyük və müqtədir qələm korifeyinin 80 yaşı tamam olur. Artıq yubiley tədbirlərinə rəsmi qaydada start verilibdir... Onu bəri başdan, bütün səmimiyyətimlə təbrik edir, cavanlıq enerjisi və can sağlığı ilə yaşayıb-yaratmaq arzulayıram... Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas. 07.02. 2017.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.