ƏZİZƏ CƏFƏRZADƏNİN “ALƏMDƏ SƏSİM VAR MƏNİM” ROMANINDA ETNOQRAFİK MƏRASİMLƏR

ƏZİZƏ CƏFƏRZADƏNİN “ALƏMDƏ SƏSİM VAR MƏNİM” ROMANINDA ETNOQRAFİK MƏRASİMLƏR Vüsal Əli oğlu Şabizadə,
Sumqayıt Dövlət Universiteti,
Filologiya fakültəsi



Tarixi mənbə və materiallar olmadan hər hansı xalqın etnoqrafiyasından söhbət gedə bilməz. Bu materiallar müxtəlifdir. Bunlardan biri də bədii əsərlərdir. Bədii əsərlər yarandığı dövrün etnoqrafiyasını müəyyən dərəcə özündə əks etdirdiyi üçün elm üçün gərəkli mənbə ola bilər.
Müşahidələrə əsaslansaq deyə bilərik ki, yazıçılar yazdığı əsərlərdə xalqın arzu-istəklərini, qayğılarını, adət-ənənələrini, folklorunu, məişətini, bayramlarını, bir sözlə etnoqrafiyasını əks etdirir. Bunlar əsərin sujet xəttindən kənarda qalsa da, sujetə təsir edən amillərdəndir. Ədəbiyyatımızda bir sıra yazıçılar vardır ki, xalq milli etnos gücündən faydalanaraq maraqlı əsərlər yaratmağa müyəssər olmuşlar. Bu sənətkarlardan biri də Əzizə Cəfərzadədir. O, öz xatirələrində belə deyir: “Millətimin mənliyini təsdiq edən, qədimliyini, ululuğunu özündə daşıyan nə varsa saxlanmasını, unudulmamasını istəmişəm. Odur ki, öyrəndiklərimi yeri düşdükcə yazılarımda qoruyuram. Özümüzlə hüç nə aparmamalıyıq. Bildiklərimizin millətin gənc nəslinə qaytarmalıyıq.”[1]

O, ədəbiyyat tariximizdə tarixi romanları ilə tanınır. Tarixi romanlar bədii əsər olduğu kimi, həm də elmi əsərdir. Çünki o, özündə tarixiliyi və elmiliyi də əks etdirir. Prof.Mir Cəlal Paşayev tarixi roman haqqında deyir: “Yaxşı tarixi roman üçün mühüm və çətin şərtlər vacibdir. Öz mahiyyəti etibarilə romanın bu növü ən yüksək mərhələni kəsb edir. Tarixi roman xalq şüurunu öz ötən həyatını anmağa meyl edən dövründə meydana çıxır, həmin bu meyl həm də sırf tarixi tədqiqin inkişafını təsvir edir.”[5]

ƏZİZƏ CƏFƏRZADƏNİN “ALƏMDƏ SƏSİM VAR MƏNİM” ROMANINDA ETNOQRAFİK MƏRASİMLƏRƏzizə Cəfərzadənin tarixi romanlarından biri də “Aləmdə səsim var mənim” romanıdır. Əsərin adı “Məhəbbət günahdırmı?” olsa da, sonradan yazıçı romanın adını yenisi ilə əvəzləmişdir. “Əzizə Cəfərzadə Azərbaycan tarixinə faktlar və sənədlərlə aydınlıq gətirmiş, bir çox məqamlarda keçmişin qaranlıq, öyrənilməmiş səhifələrini canlandırmışdır. Bu baxımdan “Aləmdə səsim var mənim” romanı böyük maraq doğurur”[4]. Əsər XIX əsr ədəbi fikir ideologiyasının öncüllərindən biri olan şair Seyid Əzim Şirvanidən bəhs edir. Burada onun yeniyetməlik illərindən, ömrünün sonlarına qədər olan yaşamı əks edilmişdir. Əsərin adı da S.Ə.Şirvaninin “Mövti-cismani ilə sanma mənim ölməyimi // Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürülmüşdür.

Romanda şairin həyatı ilə bərabər XIX əsr Azərbaycan xalqının həyatı, etnoqrafiyası göz önünə gətirilir. “”Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə, yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir.”[2] Bu barədə xalq şairi Rəsul Rza deyir: “ Əsərin bəyənimli cəhətlərindən biri, bəlkə də ən dəyərlisi, müəllifin qələmə aldığı dövrə, onun insanlarına, xalqın məişətinə, adətlərinə yaxından bələd olmasıdır. Biz bu əsərdə xalqın keçmişinə aid yalnız baş vermiş hadisələr, yeniliklə köhnəliyin mübarizəsindən inandırıcı səhifələr deyil, həm də bir sıra etnoqrafik detallar, adətlərin necəliyi, mühitin havası haqqında maraqlı məlumat alırıq”. Bunu həm də əsərin yazıldığı janrın xüsusiyyətləri gərəkdirir. Yazıçı janr baxımından roman yazsa da, ona tarix donunu geyindirmişdir.

Əsərdə etnoqrafik ünsürlər öz-özlüyündə rəngarəngdir. Romanda rast gəlinən etnoqrafik mərasimlərə çəngi məclisi, toy və yas mərasimləri, tasıldöydü, şeir məclisi- “Beytüs-səfa”, çillə çıxarmaq, orucluq bayramı adətləri, müsəlla, qaravəlli, Novruz-ilaxır çərşənbə adətləri, ümumi ibadət, hələ o dövrdə mövcud olan edam mərasimləri və sairəni misal göstərmək olar. Bu mərasimlər müxtəlif səhnələrdə işlənmişdir.
XIX əsr Azərbaycan məişətini xarakterizə edən məclislərdən biri də “çəngi məclisləri”dir. Lakin bu məclis xalq tərəfindən heç də birmənalı qarşılanmır. Dinin xalq üzərində mütləq hakimiyyəti, musiqini, çalğını qadağan etdiyi üçün Şirvan camaatı da bu cür məclislərdə iştirak etdən insanlara yaxşı münasibət göstərmirdi. Romanda ilk çəngi məclisi Mahmud ağanın evində təsvir olunur. Orada Sona, Nisə, Rəna, Qəndi, Badam, İzzət və başqa qızlar rəqs edir, göbək atır, oxuyur və məclisdəki- ləri əyləndirir. Qızlar ara-sıra mahnının ritminə uyğun olaraq nəğmələr, bayatılar oxuyurlar.

At göbəyim at,
İçində nobat.
Gəlsin gomurnat-
Versin ağ manat.[3]

Məclisdə Seyid Əzim də iştirak edirdi. Mahmud ağa öz evində təşkil etdiyi qonaqlığa Mütrüf Ədilin “çəngi dəstəsi”ni də dəvət etmişdi. Çəngi məclisi qutardıqdan sonra, qonaqlar yemək yeyir və söz Seyid Əzimə verilir. O bu vaxt çox gənc idi. Bu məclisdə o ilk dəfə şair kimi imtahan verirdi. O çəngilərin içərisində ən gözəli olan Sonanın rəqsinə tamaşa edə-edə yazdığı şeiri səsləndirir və məclisdəkilər də şeiri çox bəyənirlər. Bu qəzəl öz rəqsilə bütün məclisi ələ alan, oradakıları heyran qoyan, adətən bir quş çevikliyi ilə rəqs edən Sonanın rəqsindən alınan ilhamın məhsulu idi:
...Yıxıldım huşdan getdim, tutuldu nitq Musa tək
Təcəlla nurunu çün vadiyi-Sinada gördüm mən...
Müsəlmanzadə idim, döndüm axır, büdpərəst oldum,
Məhəmməd ruhunu çün ol büti-zibada gördüm mən.
O bəzmi bir də, Seyyid, görmək olmaz ağlaram hər gün
Ki, guya ol büsatı, dün gecə, röyadə gördüm mən.[3]
“Beytüs-səfa” ədəbi məclisi S.Ə.Şirvani tərəfindən yaradılmış və dövrünün ən böyük ədəbi məclislərindən sayılırdı. Məclisin adı Seyid Əzimin dostu, gənc şair Məhəmməd Səfanın adı ilə adlandırılırdı. Məclisdə Seyid Əzim və Məhəmməd Səfadan başqa Qafar Rağib, Mollağa Bixud, Ağababa Zühuri, Ələkbər Qafil və digər şair və şeir həvəskarları da iştirak edirdi. Onlar sələflərinin əsərlərindən parçalar oxuyur, təhlil edir, öz şeirlərini oxuyur və yeni yazılmış şeirlərə ədəbi qiymət verirlər. Ara-sıra digər ədəbi-məclislərlə məktublaşır, fikir mübadiləsi aparırlar.
Əsərdə Novruz adətlərinin təqdimatı da xeyli maraqlıdır. Bayram ərəfəsində və ilaxır çərşənbədə Şirvan camaatı da bayramı öz adət-ənənələrinə uyğun formada keçirir. Romanda falabaxma adəti daha maraqlıdır. Onlardan biri də üzük falıdır. Belə ki, ilaxır çərşənbə günü kəndin qızları bir evə yığışıb, üzüklərini xeyriyə (içi su ilə dolu mis qab) atır və sıra ilə bayatı deyərək bir-bir üzükləri xeyridən çıxarırlar. İnanca görə bayatının məzmunu xeyridən üzüyü çıxan qızın gələcəyi ilə bağlı olur.
Bu əsərdə də Subi, Gülnisə, Töhfə, Ziynət, Kəbutər, Zeyvənisə, Gülbikə Qəmzəgilin evində toplaşıb üzük falına baxırlar. Bir-bir bayatı deyib, üzükləri xeyridən çıxarırlar. Birinci bayatını Kəbutər deyir:
Ağac başında Əli,
Altında yaşıl xəli.
Allah muradın versin-
Ya Məhəmməd, ya Əli!..[3]
Bayatı deyildkdən sonra Qəmzə xeyridən Gülbikənin üzüyünü çıxarır. Fal yaxşı çıxdığı üçün hamı sevinir, Gülbikəni təbrik edir. Gülbikədən sonra bayatı demək sırası Gülsümə gəlir. Gülsüm bayatı deyir:
Əzizim əli bağlar,
Döşənib xalı bağlar,
Sidqi dürüst olanın,
Kəmərin Əli bağlar...[3]
Qəmzə yenə xeyridən də üzüklərdən birini çıxarır. Üzük Subinin idi. Qızlar onu təbrik edir, üzükləri sıra ilə xeyridən çıxarırlar. Qəmzənin falı pis çıxır. Bayatı bəd gəlir və Qəmzənin üzüyü üçün deyilən bayatı ürəkaçan olmur:
Şirvanda xan olmuşam,
Çində xaqan olmuşam.
Əlim yerdən üzülüb,
Yernən yeksan olmuşam.[3]
Qəmzə falının pis çıxdığına görə məyus olur və fal düz çıxır. Qəmzə sevdiyi oğlana, əmisioğlu Məhəmmədə qovuşa bilmir. Onlar bir-birinin göbəkkəsdisi idilər və bir-birilərini çox sevirdilər. Qəmzənin atası qızını Məhəmmədə vermir və buna görə də Qəmzə yatağa düşür və bərk xəstələnir. Qəmzənin anası qızını bu bəladan qurtarmaq üçün bütün loğmanlara, təbiblərə müraciət edir, amma çarə tapılmır. Onlara qonşu kənddəki “Haqqey” pirinə getmək tövsiyyə edirlər. Qəmzə anası və qonşuluqdakı Qurd Bikə ilə birlikdə yola düşürlər. Onlar pirdə sağalmaq üçün müxtəlif ayinlərə əməl etməli idilər. Onlar pirə piyada getməli və orada müqəddəs kəlamları söyləməli idilər.
Yerdən illəllah, göydən illəllah,
Ya Pirdirəki, səndən illəllah,
Ya Şıx Eyib, səndən illəllah,
Ya Pirsaat, səndən illəllah!
Ya Dədəgünəş, səndən illəllah![3]
Bütün bunlardan başqa əsərdə bəzi dini mərasimlər də keçirilir. Bunlardan biri də el ağsaqqallarının başçılığı və kəndə əhalisinin kütləvi iştirakı ilə müsəlla mərasimləridir. Allahdan quraq torpaqlara yağış yağması üçün Şirvanda bu cür dini mərasimlər keçirirlər. Ağsaqqallar hər qapıya adam göndərib, hamını mərasimə dəvət edirlər. Əsərdə Mahmud camaatı mərasimə dəvət etmək üçün seçilmişdi. O, bir gün əvvəl aləmə car çəkmişdi “Ay camaat, ey əhli Şirvan, sabah səhər sübh namazından sonra Laləzar altındakı düzə gəlin, Şıxağa müsəllaya çıxacaq...” Adətə görə müsəllada ruhanilər “əlqiyas-əlqiyas”, bəylər, tacirlər, baqqallar isə “əttobə-əttobə” deyə fəryad etməli idilər.
Əsərdə Güllübəyim obrazı da səciyyəvi cizgiləri ilə diqqəti cəlb edir. Güllübəyim savadlı, açıq dünyaörüşlü olan bir qadındır. Amma onun da sonu o qədər də ürəkaçan olmur. Qızlara elm, mərifət, ev işləri, nəğmə öyrətdiyinə görə kənd qadınları tərəfindən təhqir edilir. Hətta qadınlar hamamında Güllübəyimin üstünə şər atıb, “qızlara yazmaq öyrədir ki, oğlanlara namə yazsın”, “nəğmə oxudub başımıza çəngi qayırır” kimi böhtanlarla günahlandırırlar və hamamda su tökmək üçün istifadə edilən qabla- tasıl ilə onu döyüb, kənddə biabır edirlər. Hamamda Güllübəyimin döyülməsinə şərait yaradan həm də onun qonşusu və düşməni olan Narınc ondan əl çəkmir. Güllübəyimi rüsvay edir.
Güllübəyim nazanda,
Aşı bişər qazanda,
Özü yeyər nimçədə,
Ərinə verər çömçədə.[3]

Qadam sənin ac ağzuva,
Əppəyə möhtac ağzuva,
Əppək tapıb xoruldayır,
Eşşək kimi zırıldayır. [3]
Güllübəyim bütün kənddə rüsvay olduğu üçün çölə-bayıra çıxmır, onun işlərini məhəllənin suçusu Sərçə Bağı görürdü. Bir dəfə Sərçə Bağı Güllübəyimə su verəndə, Narınc suyu istəyir. Suyu bölmək təklif ediləndə isə Narınc qışqırıb bütün qonşuları məhəlləyə toplayır. Və tasıldöymə mərasimi başlayır. Tasıllar bir-birinə dəydikcə cingiltili, həm də qorxulu səs bütün məhəlləyə yayılır. Məhəllə qadınları tasılları Güllübəyimi qorumaq üçün onu gizlədən Sərçə Bağıya da çırpırlar. Qəzəblənən qadınlar var qüvvələri ilə tasılları Sərçə Bağının başına çırpırdılar. Tasıllardan biri suçunu öldürür. Onun öldüyünü görən qəzəbli qadınlar elə aradan çıxırlar ki, yerdə qan içində uzanan Sərçə Bağının meyitinin yanında Güllübəyim və Bağının kiçik qızından başqa heç kəs görünmür. Buradan belə bir nəticəyə gəlmək olar ki, heç də həmişə xalq adət-ənənəsi xalqın hikmətinin göstəricisi deyil.
Əsərin fabulasında toy və yas mərasimlərinə rast gəlmək olar. Bu mərasimlərlə həmin dövrdə Şirvanda toy və yas adətlətini haqqında məlumat almaq olar. Seyid Əzimin toyunu, Məhəmmədin, onun sevgilisi Qəmzənin, Cavadın hamının gözünün qabağında edamını bunlara aid etmək olar.
Anasının xahişi ilə Seyid Əzim Ceyran adlı bir qızla ailə qurur. El adət-ənənsi ilə Seyidin anası Kiçginə xanım öz oğluna toy edir və Yaqsaydakı atasını, bütün qohum və qonşularını toya dəvət edir. Seyidin yaxın dostları Qafar sağdiş, Bixud isə soldiş olur. Toya tədarük görülür, qoyunlar kəsilir, qazanlar asılır, musiqi sədaları kəndə yayılır, xanəndə şairlərin, o cümlədən Seyidin öz şeirlərindən muğam oxuyur. Bəy hamamdan qayıdanda qonaqlar Seyid Əzimin boynuna al qırmızı parçalar, xələtlər salıb onu təbrik edirlər.

Toy məclisləri ilə bərabər əsərdə həm də yas mərasimlərinə rast gəlmək olar. Buna doğma qardaşı tərəfindən öldürülən Məhəmmədin, öz canına qıyan Qəmzənin ölüm səhnələri nümunədir. Məhəmmədin qardaşı İsmayıl cəmiyyət içində yayılan söz-söhbətlərə, haqsız şayiələrə aldanaraq qardaşını öldürməyi qərara alır və onu meşədə bıçaqla öldürür. Onun anasının fəryadı, ah-naləsi əsərdə çox təbii şəkildə təsvir edilmişdir. Məhəmmədin göbəkkəsdisi, əmisiqızı Qəmzə də bu xəbəri eşidib çox pis vəziyyətə düşür. Və o, kəndin yuxarısından axan çayda özünü boğur. Bu iki hadisənin səbəbi bir-biri ilə sıx bağlıdır. Məhəmmədin qardaşı və Qəmzənin atası-hər ikisi də cəmiyyətin eybəcər qanunlarına boyun əymiş və sonda bu cür iş tutmuşlar. Qəmzənin atası qızını heç vaxt Məhəmmədə verməyəciyini deyərək qızını bədbəxt edir. İsmayıl da qardaş qatili kimi ömrünün axırına qədər vicdan əzabı çəkir.
Seyid Əzim artıq şəhərin seçilmiş ziyalılarından biri idi. Çox əzab-əziyyətdən sonra o, kənddə məktəb açmaq arzusuna nail olmuşdu. Bir dəfə dərs vaxtı, çöldə carçı Mahmudun səsi eşidilir:“Ay camaat.....aa....aat...t, heey, Gomurnat hamını Qapan meydanına dəvət eləyir... sarvan qıran Cəbi oğlu Cavad, padşahın əmrilə boğazdan asılacaq... Gəlin..ha..gəl-in-in..”[3].

Məcburiyyət qarşısında Seyid öz şagirlərini də götürüb Qapan meydanına gəlir. Uşaqlar da bu ağılasığmaz hadisəni izləməli idilər ki, bu cür iş tutan insanların sonunun belə olacağını başa düşsünlər. Cavad meydana gətirildi. Övladını sonuncu dəfə görəcək olan ananın səsi, fəryadı belə onu ölümdən xilas edə bilmir. Onu dar ağacında asıb öldürürlər. Ən dəhşətlisi isə bunun bütün kənd camaatı, xüsusən də uşaqların gözünün qarşısında baş verməsi idi.
Romanda “çillə çıxartmaq” adəti də çox maraq kəsb edir. Bu adətə biz Sonanın qulluqçu verildiyi evdə rast gəlirik. Qış aylarında icra edilən bu mərasim bəzi dini inanclarla bağlıdır. Bu mərasimdə kişilər iştirak etmir və evin xanımı bütün qonşuları evinə çağırıb bu adətə əməl edir. Bu dəfə bu mərasim Şahbikə xanımgildə baş tutur. Qonşular öz evlərində müxtəlif yemək və şirniyyat növləri bişirib Şahbikəgilə gəlmişdilər. Şahbikə də öz növbəsində evin bütün nökər və quluqçularına qonaqlığa tədarük görmələrini tapşırmışdı. Qadınlar yavaş-yavaş evi doldururlar və məclis başlayır. Onlar yemək yedikdən sonra, şırıqqa çalıb oynuyurlar və beləliklə mərasimi başa vururlar. Yenə bu mərasimdə daha maraqlı məqam da vardır ki, bu da “çillə çıxarma”da iştirak edən xanımlardan birinin yatmasıdır. Adətə görə əgər bu məclisdə yatan adam olarsa, ona bir cəza verilməli imiş. Məclisdəki Fatma xanım mahnının avazı ilə mürgüləyib yatmışdı. Adətə görə yatan adamı oturduğu xalıya tikmək lazım imiş. Nökərlər tez iynə, sap gətirdilır və Şahbikə Fatma xanımı xalıya tikib sonra “Aaz, Fatma xanım,növbə sənindi; dur oyna! Yatma, xanım, dur oyna” deyib xanımı yuxudan oyadır. Nə olduğunu bilmədən tez yerindən qalxmağa cəhd edən Fatma xanım, özü ilə birlikdə xalça , mütəkkə , döşəkçəni də qaldırdı. Ətrafdakılar Fatma xanımım düşdüyü vəziyyətə qəhqəhə çəkib gülürlər.
Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanı həm üslub, həm də mövzu baxımından ədəbiyyatmızda xüsusi çəkiyə malik bir əsərdir. Roman hər şeydən əvvəl XIX əsr Azərbaycan xalqının güzəranı, etnoqrafiyasını, milli məişətini və Seyid Əzim Şirvaninin həyatının müxtəlif mərhələlərini canlandıran bir əsər kimi ayrıca tədqiqat obyekti ola bilər.

Ədəbiyyat:
1.Aləmdə səsim var mənim romanını yazan Əzizə xanım, Azadlıq qəzeti, 9 Aprel, 2011,18 s.
2. Aləmdə səsi var, Ədəbiyyat qəzeti, 24 İyul, 2009, 16 s.
3. Cəfərzadə Ə. Aləmdə səsim var mənim, “Şərq-Qərb”, Bakı,2006, 429 s.
4. Əzizə Cəfərzadə, Respublika qəzeti, 28 Yanvar, 2015, 18 s.
5.Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. Maarif, Bakı, 1988, 279 s.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"ALƏMDƏ SƏSİM VAR, MƏNİM"

Köşə yazılar
TƏNHALIQ MƏNİM DOSTUMDUR

TƏNHALIQ MƏNİM DOSTUMDUR

Sumqayıt
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
YAZIÇI ƏZİZƏ CƏFƏRZADƏNİN AZƏRBAYCAN SEVGİSİ

YAZIÇI ƏZİZƏ CƏFƏRZADƏNİN AZƏRBAYCAN SEVGİSİ

Elmi Məqalələr, "Elm və Təhsil"
ƏLİ  RZAZADƏnin

ƏLİ RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi tənqid
Əli Rzazadənin əsərlərinə bir baxış

Əli Rzazadənin əsərlərinə bir baxış

Sumqayıt, Ədəbi tənqid
S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

Köşə yazılar
Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Ədəbiyyatşunaslıq
AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

Ədəbiyyatşunaslıq, "Ümid"
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "S.C.PİŞƏVƏRİNİN “NADİRƏ” ROMANININ JANR XÜSUSİYYƏTİ, PRO ...

Humanitar elmlər, Elmi Məqalələr, Cənubi Azərbaycan
Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Borçalı
İmadəddin Nəsimi “Son səfər”də

İmadəddin Nəsimi “Son səfər”də

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi tənqid
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
SEXƏLİFƏ OCAĞI

SEXƏLİFƏ OCAĞI

Regionlar, Tarix
İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

Əsas xəbər, Azərbaycan
Gənc istedad: Aysu Arpaçaylı

Gənc istedad: Aysu Arpaçaylı

Nəsr
XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri -

XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri - "ƏQAİD v ...

Elmi Məqalələr, Köşə yazılar
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr

"Aşıq Pəri" məclisi, Narınc Xatun...

Folklor
Rəy yazın: