Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil ediblər Digər ali məktəblər, Rusiya 30 апреля 2018 Azərbaycanlı professorlar Asif Hacıyev və Rəhilə Quliyeva Volqoqradda ezamiyyətdə olublar.Azərbaycan Universitetindən ZiM.Az-a bildiriblər ki, səfərin məqsədi Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetinin və Vətəndaş Təhsili Mərkəzinin keçirdiyi iki beynəlxalq tədbirdə - Stalinqrad döyüşündə qələbənin 75 illiyinə həsr olunan “Qızıl ulduz” beynəlxalq forumunda və “Stalinqrad qərənfili” beynəlxalq elmi konfransında iştirak etmək olub.Səfər konfrans iştirakçılarının Stalinqrad döyüşlərinin cərəyan etdiyi və müharibə şəhidlərinin xatirəsinə ucaldılan Mamay kurqanına yürüşü ilə başlayıb. Sonra forum və konfransın bir qrup iştirakçısı universitetin rektoru, professor Aleksandr Korotkovla görüşüb. Prorektor və dekanların iştirak etdikləri görüşdə professor Asif Hacıyev ölkəmizin təhsil sahəsində qazandığı uğurlar və Azərbaycan Universitetinin fəaliyyəti haqqında məlumat verib. Görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin icra olunması, tələbə və müəllim mübadiləsi, tərcümə məsələləri ətrafında müzakirələr aparılıb.Sonra azərbaycanlı alimlər “Qızıl ulduz” beynəlxalq forumun açılış mərasimində çıxış ediblər. Professor Asif Hacıyev xalqlarımız arasında tarixi əlaqələrdən, Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə verdiyi misilsiz töhfələrdən, bu gün ölkəmizdəki multikultural mühitdən, dövlətlərarası əməkdaşlıqdan bəhs edib. O, dövlət başçılarımızın vətənpərvər siyasətinin və şəxsi dostluq münasibətlərinin müasir gənclərimiz üçün örnək olduğunu bildirib.Professor Rəhilə Quliyeva Azərbaycan rusistikasının inkişaf səviyyəsindən, ölkəmizdə rusistika sahəsində aparılan tədqiqatlardan söz açıb.Sonra azərbaycanlı alimlər rus dili və ədəbiyyatı müəllimlərinin “Stalinqrad qərənfili” beynəlxalq konfransının plenar iclasında iştirak ediblər. Plenar iclasda professor Asif Hacıyev “Azərbaycan multikulturalizmi modeli kontekstində rusdilli təhsil” mövzusunda məruzə ilə çıxış edib. A.Hacıyev multikultural dəyərlərin ümummilli lider Heydər Əliyevin ideoloji irsində mühüm yer tutduğunu və Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb, müasir Azərbaycanda bütün xalqların və din mənsublarının hüquqlarının təmin edildiyini bildirib. A.Hacıyev rus dilinin və mədəniyyətinin cəmiyyətimizdə xüsusi yer tutduğunu, respublikamızda bir çox rusdilli məktəbəqədər, orta və ali təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının, mətbuat orqanlarının fəaliyyət göstərdiyini, rus dilində bədii, publisistik, elmi əsərlər yazıldığını qeyd edib. Ölkəmizdə rus dili və ədəbiyyatının tədqiqi və tədrisi sahəsində qazanılmış qabaqcıl təcrübə və metodologiyadan bəhs edilib, müştərək müəllif kollektivlərinin yaradılması və regional xüsusiyyətlərə uyğun rusdilli tədris komplekslərinin yaradılması təklif olunub. A.Hacıyev ölkəmizdə rusdilli təhsil və mədəniyyət müəssisələrinin dövlətimiz tərəfindən maliyyələşdirildiyini, rus və rusdilli vətəndaşlarımızın bir çox ictimai təşkilatlarının fəaliyyət göstərdiyini, bütövlükdə Azərbaycan multikulturalizmi modelinin başqa ölkələr üçün nümunə olduğunu nəzərə çatdırıb.Sonra konfrans bölmələr üzrə işini davam etdirib. “Bədii əsərin dil və üslubunun öyrənilməsi problemləri” bölməsində R.Quliyevanın “A.P.Çexov poetikası Y.İ.Ayxenvaldın dəyərləndirməsində” mövzusunda məruzəsi rusiyalı alimlərin marağına səbəb olub.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.