VƏTƏNƏ, XALQA ŞÖHRƏT OLAN ZİYALI - Saleh Nağıyev BDU, Borçalı, Başkeçid 16 мая 2022 Tanınmış coğrafiyaçı alim Saleh Qasım oğlu Nağıyevin dünyaya gəlişinə alqış çələngiMəşhur dövlət xadimi Mustafa Kamal Atatürkün sözləridir: "Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir". Bu isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur kəlamıdır: "Mən dünyada müəllimdən yüksək ad tanımıram... Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır". Müəllim şəxsiyyəti elmi fəaliyyətlə qoşalaşdıqda onun nüfuzu, cəmiyyətdəki rolu, sosial mahiyyəti daha böyük məna kəsb edir... Bu baxımdan uzun illərdən bəri zəngin pedaqoji və elmi fəaliyyəti ilə böyük nüfuz qazanmış Saleh Nağıyevin həyat yolu ibrətamizdir, gənc nəslə örnəkdir...Saleh Qasım oğlunun ulu Borçalımızdan – Yuxarı Saral kəndindən başlayan ömür yolu ağrılı-acılı, qəmli-kədərli, sevincli-fərəhli, barlı-bəhərli keşməkeşlərdən adlayıb... Ən başlıcası budur ki, o, səmimi, qayğıkeş, qeyrətli, qüdrətli bir dost, qardaş, sirdaş, vətəndaş, kimi sonsuz hörmət qazanan əvəzsiz ziyalılarımızdandır.Ayağı sayalı, ağzı dualı, qədəmi düşərli olduğundan uşaqlığın, yeniyetməliyin, gəncliyin boynuna biçdiyi “biri vardı, biri yoxdu” nisgilini zaman-zaman uğura çevirməyi, yaşıdları arasında fərqlənməyi, yoxluğu varlığa çevirməyi bacarıb... Sovet dövründəki orta məktəb illəri, ayrı-ayrı ali məktəblərdəki tələbəlik və aspirantlıq həyatı, hərbi xidmət, məsuliyyətli partiya karyerası, tədris-pedaqoji fəaliyyəti onu əsl vətəndaş kimi yetkinləşdirib, hörmət və izzət sahibi kimi tanıdıb... İstər Gürcüstanda, istər Azərbaycanda, istərsə də Rusiyada əsl şəxsiyyət, ziyalı, vətənpərvər olaraq özünü yüksək səviyyədə təsdiqləyə bilib, doğma xalqını ən uca kürsülərdə şərəfləndirib, hər yerdə özünə sadiq dostlar qazanıb... Saleh müəllim yüksək mədəniyyətə, mənəvi zənginliyə, vətəndaş mövqeyinə malik olan bir insandır. Özünə qarşı tələbkarlığı, prinsipiallığı, məsuliyyəti sayəsində Bakı Dövlət Universitetində xüsusi nüfuz qazanıb.Bir cəhəti də məxsusi vurğulamalyam ki, Saleh Qasım oğlunun rus dilini mükəmməl bilməyi, bu dildə öz fikirlərini və elmi mülahizələrini yüksək səıviyyədə ifadə etməyi hətta tanınmış rus alim və mütəxəssisləri belə sözün həqiqi mənasında hər zaman heyran qoyub...Saleh Nağıyev bu gün Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri kimi Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin və universitet rəhbərliyinin etimadını ali səviyyədə doğruldur... Ömürlüyündən səhifələrSaleh Qasım oğlu Nağıyev 1950-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. 1959-1969-cu illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində oxuyub. 1969-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoli İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoli Universitetində) təhsil alıb.1973-1974-cü illərdə Zaqafqaziya Hərbi Dairəsində hərbi xidmətdə olub. 1973-1976-cı illərdə Gəncə şəhərində orta məktəbdə müəllim işləyib.1976-1981-ci illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində müəllim və direktor müavini işləyib. 1980-1984-cü illərdə A.Gertsen adına Leninqrad Dövlət Pedoqoji İnstitutunun aspirantura şöbəsində təhsilini davam etdirib.1987-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetində "Gürcüstan Respublikasının cənub-şərqində əhalinin kəndlərdə məskunlaşmasının inkişaf yolları (Marneuli rayonunun timsalında)"; "Пути развития сельского расселения населения юго-востокa Грузинской Республики (на примере Марнеульского района)" mövzusunda dissertasiya işini uğurla müdafiyə edib, coğrafiya elmləri namizədi alimlik dərəcəsi alıb.1989-cu ildə N.Voznesenski adına Leninqrad Dövlət Maliyyə-İqtisad İnstitutuna daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1985-1990-cı illərdə Marneuli rayonunun partiya komitəsində təlimatçı, şöbə müdiri, 1990-1998-ci illərdə Marneuli rayonunun Qullar Upravasının sədri vəzifələrində çalışıb.1998-2002-ci illərdə Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında müəllim, 2002-2004-cü illər baş müəllim işləyib. 2004-2007-ci illərdə həmin kafedrada dosent əvəzi, 2007-ci ildən Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti kimi fəaliyyət göstərib.2019-cu ilin iyul ayında Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə seçilib... Elm yollarındaSaleh Nağıyev sosial-iqtisadi və siyasi coğrafiya sahəsində tanınmış alimdir. Onun elmi tədqiqatlarının əsas istiqaməti əhali coğrafiyası, geourbanistika, urbanizasiyanın inkişaf qanunauyğunluqları, Azərbaycanın iqtisadi və sosial coğrafiyasının müasir vəziyyəti, potensial imkanları və proqnozlaşdırılması problemləri ilə bağlıdır. O, səriştəli pedaqoq kimi bakalavriat və magistratura səviyyələrində "Əhali coğrafiyası", "Azərbaycanın iqtisadi və sosial coğrafiyası", "Geourbanistika" və digər ixtisas fənlərindən əsl gənclik enerjisi ilə müsair tələblər səviyyəsində mühazirələr oxuyur. Alim 200-dən çox elmi məqalənin, 30-dan artıq fənn proqramının, 2 monoqrafiyanın, 10-a yaxın dərsliyin və dərs vəsaitinin müəllifidir. Onun ölkəmizdə ilk dəfə Azərbaycan və rus dillərində yazılan "Əhali coğrafiyası" (rus dilində: "География населения" (2005); Azərbaycan dilində: "Əhali coğrafiyası" (2006), "Azərbaycanın iqtisadi və sosial coğrafiyası" (2010), "Geourbanistika" (2016) adlı dərslikləri, "Особенности городского и сельского расселения" (2011), "Интеграция потенциала города и села Азербайджанской Республики на современном этапе" (2012) və s. monoqrafiyaları, Azərbaycan və rus dillərində "Əhali coğrafiyası" praktikumu öz elmi məzmununa və dəyərinə görə tələbələrlə yanaşı müəllimlərin də masaüstü kitablarına çevrilib. Tanınmış mütəxəssisin yaxın və uzaq xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc olunan sanballı araşdırmalarının nəticələri əcnəbi tədqiqatçıların diqqətini özünə cəlb edib, ona rəğbət qazandırıb. Saleh Nağıyev beynəlxalq və respublika elmi seminar, simpozium və konfranslarında fəal iştirak edən alimlərimizdəndir. O, həmin elmi məclislərdə qlobal iqtisadi şərait və Azərbaycanın iqtisadi-coğrafi mövqeyi, Azərbaycan Respublikasında demografik inkişafı, əhali məskunlaşmasının perspektivləri və regional problemləri, Azərbaycan regionlarının coğrafi problemləri, regionların innovativ sosial-iqtisadi inkişafının reallıqları və perespektivləri və başqa aktual mövzulardakı çıxışları ilə nüfuzlu aalim və mütəxəssislərin dərin rəğbətini qazanmağa nail olub. Coğrafiyaçı alim Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və digər respublikalarda təşkil olunmuş sanballı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil edib, sertifikatlara və digər mükafatlara layiq görülüb.Alimin "Azərbaycanın əhalisinin iqtisadi-coğrafi problemləri" mövzusunda yazdığı doktorluq işi müdafiəyə hazırdır.Azərbaycan coğrafiyasının elmi inkişaf istiqamətləri Yeri gəlmişkən, ötən illər ərzində dosent Saleh Nağıyev səriştəli müdir kimi kafedranın tədris, elmi-metodik və elmi-tədqiqat işlərini müasir dövrün tələbləri səviyyəsinə uyğun şəkildə planlaşdırmağı və təşkil etməyi layiqincə bacarıb. Alim kafedrada bakalavriat və magistratura səviyyələrində əyani və qiyabi şöbələrdə tədris olunan fənlərin məzmununun günün tələblərinə uyğunlaşdırılmasına səy göstərib və onların keyfiyyətli şəkildə tədrisinə nəzarəti bacarıqla həyata keçirib. Kafedra bakalavriatura səviyyəsində coğrafiya və coğrafiya müəllimliyi ixtisasları, magistratura səviyyəsində Azərbaycanın fiziki coğrafiyası, Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası, coğrafiyanın tədrisi metodikası və metodologiyası ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayır.Onu da qeyd edək ki, kafedranın əsas elmi istiqaməti müasir dövrdə Azərbaycanın kiçik və orta şəhərlərində yaranmış problemlərin inkişaf xüsusiyyətləri və tənzimlənməsi yollarıdır. Burada əhali məskunlaşması və miqrasiya problemləri, torpaqların mənşəyi və coğrafi yayılması, xidmət sahələrinin coğrafiyası, Azərbaycanın şəhərlərinin iqtisadi-coğrafi problemləri, əhali məskunlaşması problemi sahəsində tədqiqatlar aparılır.Xüsusi vurğulamalıyıq ki, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının əsas elmi istiqaməti respublikamızda urbanizasiya prosesinin tənzimlənməsi yollarının məqsədli şəkildə tədqiqıni təşkil etməkdən ibarətdir. Ona görə də kafedrada əhali məskunlaşması və miqrasiya problemləri, torpaqların mənşəyi və coğrafi yayılması, coğrafiyanın tədrisi metodikası, xidmət sahələrinin coğrafiyası, narkomaniyanın coğrafiyası və onun iqtisadi-coğrafi problemləri, əhali məskunlaşması problemi sahəsində tədqiqatların səmərəli şəkldə aparılmasına kömək göstərmək mühüm vəzifələrdən hesab olunur. Eyni zamanda kafedrada Azərbaycanın fiziki coğrafiyası, Azərbaycan və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiyası ixtisaslaşmaları üzrə magistr, doktorant və dissertantların hazırlığının səviyyəsini gücləndirmək də diqqətdə saxlanılır. Bəllidir ki, ölkə Prezidenti İlham Əliyev 7 iyul 2021-ci ildə "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmana əsasən, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Fərmanda vurğulandığı kimi, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.Təbii ki, bütün bu aktual məsələlər həm BDU-nun Coğrafiya fakültəsinin, həm də konkret olaraq Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının alimlərinin qarşısında da ciddi vəzifələr qoyur. Ona görə də hazırda bütün yaradıcı fəaliyyətini torpaqlarımızın erməni işğalından azad edilməsi fonunda milli-mənəvi dəyərlərimizin qorunmasına, coğrafiyamızın məntiqi əsaslara araşdırılmasına və təbliğ edilməsinə yönəltmiş kafedra müdiri Saleh Nağıyevin rəhbərliyi ilə müəyyənləşdirilən mühüm elmi istiqamətlər üzrə təxirəsalınmaz işlər görülməkdə, yeni tədris vəsaitləri hazırlanmaqdadır. Kafedra əməkdaşlarının respublika və xarici elmi məcmuələrdə bir sıra monoqrafiyaları, metodik vəsaitləri, çoxsaylı elmi məqalə və tezisləri çap edilib.Son illərdə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Baltika Federal Universiteti, Rumıniyanın Konstansiya Universiteti, Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının bir sıra ali məktəbləri və elmi mərkəzləri ilə ənənəvi əlaqələr yaradaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və s. istiqamətlərdə birgə iş aparır.Şərəfli həyatın rəngarəng cizgiləriSaleh Qasım oğlu ömrün müdriklik çağında keçmişi yada salanda kövrələn, olub-keçənləri xatırlayanda doluxsunan, kollektivin və özünün qazandığı uğurlara könül dolusu şadlanan, gələcəyə boylananda nikbinləşən insanlardandır. Mən ara-sıra müəyyən tədbirlərlə əlaqədar olaraq özümə doğma bildiyim Coğrafiya fakültəsinə baş çəkməli oluram. Hər gəlişimdə istər fakültənin dekanı dəyərli Şəkər xanım Məmmədova, istər digər kafedraların müdirləri, istər fakültənin, o cümlədən Saleh müəllimin başçılıq etdiyi kafedranın əməkdaşları onun haqqında ürəkdolsu söhbət açırlar. Ondan söz düşən kimi simalar nurlanır, üzlər gülür, gözlər işıqlanır!.. "Saleh müəllim sadə, təvazökar, qayğıkeş, vətənpərvər, təşəbbüskar, elcanlı, yurdsevər, əvəzsiz insandır", - deyirlər!.. "Saleh Nağıyev təkcə respublikamızda deyil, həm də xarici ölkələrdə Azərbaycan coğrafiya elmini layiqincə təmsil etməyi bacaran sanballı alimlərimizdəndir" - söyləyirlər. "Bizim Saleh müəllim!" ifadəsi isə qəlbimi iftixarla doldurur!..Saleh Qasım oğlu eyni zamana dost-yoldaş, bacı-qardaş, tanış-biliş üçün şam kimi yanmağı bacaran, ona qucaq açan insanların ürəyinə işıq salan, yolları nurlandıran istiqanlı, qayğıkeş, ünsiyyətcil ziyalıdır...Saleh Qasım oğlunun şifahi xalq incilərinin təəssübkeşi, ədəbiyyat vurğunu, poeziya xiridarı, musiqi bilicisi, xüsusilə aşıq sənətənin təbliğatçısı, sinədəftər olmağı isə başqa bir söhbətin mövzusudur. Onun sinəsində onlarla şairimizin müqəddəs Vətənlə, o taylı-bu taylı Azərbaycanla bağlı poetik örnəkləri, eləcə də təbiət, məhəbbət, dostluq, sədaqət ünvanlı çoxlu şeirləri yaşayır. Ağır elli, şirin dilli Borçalı dəyərli ziyalımızın xəyalında, ürəyində, danışığında, arzularında misilsiz bir zirvədədir. Elə bir dost məclisi olmur ki, Saleh müəllimin asta-asta, usta-usta söylədiyi zərif misraların ahənginə bələnməsin... Onun ömür boyunca görkəmli dövlət xadimləri ilə, aşıqlarla, alimlərlə, şairlərlə, yazıçılarla və başqa sənətkarlarla görüşlərinin zəngin təəssüratları isə qalın bir kitaba sığışmaz... Saleh Qasım oğlu ömür-gün yoldaşı Gültəkin xanımla birlikdə iki dəyərli oğul böyüdüb boya-başa çatdırıb. Zaurla Elvin bu gün həyatın ən qayğılı çağlarını yaşayırlar. Onlar ata-analarını işdə qazandıqları uğurlarla sevindirdikləri kimi, onların çox yaxın zamanda toy çırağı yandırıb, gəlin gətirəcəyi günü səbrsizliklə gözlədiklərini də gözəl bilirlər... Qədim filosoflardan birinin kəlamıdır: "Adam biliyə üç yolla qovuşa bilər: fikirləşib-düşünmək yolu ilə – bu, ən faydalı yoldur; təqlidçilik yolu ilə – bu, ən asan yoldur; təcrübə yolu ilə – bu, ən acı və ağır yoldur”. Bu anlamda Azərbaycan coğrafiya elmində öz dəsti-xətti olan dosent Saleh Nağıyev elmi axtarışları, səviyyəli nailiyyətləri ilə sayılıb-seçilən alim kimi özünü çoxdan təsdiqləyib.Dəyərli alim qardaşımız, qədirbilən ziyalımız Saleh Nağıyevin ən mənalı, ən yaddaqalan, ən əlamətdar gününə alqış söyləyir, hər zaman canının sağ, damağının çağ, üzünün ağ olmasını diləyirik!..Vətən unudarmı bir iz salanı,Ucalıq dünyanın məhək daşıdır...Elinə, yurduna şöhrət olanıZaman alqışlayır, tarix yaşadır!..Knyaz AslanBakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.