Tələbələrin sevimli məkanı –Tədris tele-radio studiyasında Təhsil » BDU 20 декабря 2019 Jurnalistika fakültəsinə daxil olan tələbələrin bir çoxu özünü gah studiyada, gah da həyatın qaynar nöqtələrində təsəvvür edir. İlk efir gününün təəssüratını xəyalında canlandıranlar da az deyil. Çoxuna adi görünən diktofon, səs yazma studiyası, dizayn, montaj proqramları bu gənclər üçün hələ kəşf olunmamış sirli bir texnika dünyasıdır. Bəzilərinin isə jurnalistikaya olan marağı «Xəbərlər»in studiyasında kəsişir. Çoxu elə bilir ki, jurnalistika studiyada xəbəri oxumaqla, ya da ki, hansısa tədbirdə mikrafonu qarşı tərəfə uzadıb, ona sual verib, cavab almaqla məhdudlaşır. Əslində isə bu çoxlarına hələ tanış olmayan bir peşənin uzaqdan görünən mənzərəsidir. Bircə dəfə əlinə qələm alıb, yazı hazırlamağın və həmin yazının işıq üzü gördüyü nəfis mətbuat nəşrinin qoxusunu hiss etmək yetər ki, sən sonralar bu peşənin sehrinə düşüb, ona mehrini, ülfətini bağlayasan. Bəli, məhz bundan sonra sən jurnalistikanı deyil, jurnalistika səni idarə edər. Bir də gözünü açıb, özünü informasiya arxasınca ucqar dağ kəndlərindən birində görərsən. Harada bir haqsızlıq görsən, mütləq daxilində bir tufan qopar və səni sakit, səssiz dayanmağa qoymaz. Jurnalistika çoxunun asan bildiyi peşə olsa da, əslində çox məsuliyyətli və dəqiqlik tələb edən sahədir. Bu sənətin sahibi gərək ilk növbədə sözünün ağası olmağı bacarsın, verdiyi vədə vaxtında əməl etsin. Ona tapşırılan işin öhdəsindən layiqincə və şərəflə gəlsin. Bu peşə sahibləri, cəldliyə, operativliyə, obyektivliyə can atırlar. Məhz elə buna görə də jurnalistlər heç də hamı tərəfindən sevilib, arzu olunmurlar.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi fəaliyyət göstərdiyi 50 ildə Azərbaycan jurnalistikasına görkəmli şəxsiyyətlər bəxş edib. Sevindirici haldır ki, fakültənin bu gün aparıcı mətbuat orqanlarında çalışan minlərlə yetirməsi vardır. Fakültədə qəzet və elmi tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Tələbələrin sevə-sevə gəldikləri məkanlardan biri də Tədris tele-radio studiyasıdır. Bu studiyanı ölkəmizdə fəaliyyət göstərən tele-kanalların təcrübə məktəbi də adlandırmaq olar. Fakültədə təhsil alan tələbələr burada nəzəriyyədə öyrəndiklərini tətbiq edirlər. Jurnailistika fakültəsinin Tədris tele-radio studiyası 1983-cü ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə üç dəfə əsaslı təmir edilib, yeni avadanlıqlarla təchiz olunub. Yarandığı ilk vaxtlarda Tədris tele-radio studiyasının sahəsi 50-60 kv.m olub. Hazırda isə studiyanın sahəsi genişləndirilib, 250 kv.m. çatdırılıb. Burada auditoriyalar, çəkiliş pavilyonları, radio-studiya, səs montaj otağı, televiziya montaj otağı tələbələrin istifadəsinə verilib. Son illərdə isə həm universitetin, həm də TİKA-nın dəstəyi ilə Tədris tele-radio studiyasına böyük məbləğdə vəsait xərclənib. Tədris tele-radio studiyası adından da göründüyü kimi tələbələrin tədris prosesində istifadə etdiyi labarotoriya otağıdır ki, burada onlar müəllimlərin verdiyi mövzuları əyani şəkildə tətbiq etməklə mənimsəyirlər. Bəzən müəllimlər əyani vəsatlərdən istifadə məqsədilə mövzuların tədrisini studiyada təşkil edirlər. Beləliklə, tələbələr, burada həm öyrənir, həm də təcrübə qazanırlar. Bundan başqa tələbələr studiyaya fərdi şəkildə özləri də müraciət edərək müxtəlif peşə vərdişlərinə yiyələnirlər. Tələbələr burada səs operatoru, səs və video montaj bacarıqlarını mənimsəyirlər. Studiyada beş stat var: Studiya rəhbəri, redaktor, prodüsser, efir rejissoru, operator, montaj. Efir rejissoru tələbələrə çəkiliş pavilyonunda keçidləri etməyi, kameralardan gələn görüntüləri və titrlərin verilməsini, son olaraq studiyadan çıxan məhsulun hansı komputerdə yazılmasını, sonrakı mərhələdə isə ondan necə istifadə etməyi öyrədir. Prodüsser əməkdaşlığın sirlərini, video operatoru isə bu sahə ilə bağlı incəlikləri başa salır. Video montajçı eyni zamanda video-montaj işi zamanı da tələbələrə köməklik göstərir. Redaktorun işi isə redaksiyaya daxil olan xəbər mətnləri, ssenariləri, tələbələrin müsahibə üçün yazdığı sualları redaktə etməkdir. Studiyanın hər bir üzvü tələbələrin düzgün istiqamətlənməsində əlindən gələn köməyi əsirgəmir. Tələbələrin intellektual inkişafını təmin etmək məqsədilə studiyada təlimlər də təşkil edilir. Təlimdə tədris studiyasının əməkdaşları və o cümlədən respublikada radio sahəsində tanınmış mütəxəssislər tələbələrə dərslər keçir. Burada tədrisi maraqlı edən məqamlardan biri də layihələrin hazırlanmasıdır. Tələbələr öz arzuladıqları verilişlərin layihəsini hazırlayıb, studiyaya təqdim edir, çəkilişlər üçün razılıq əldə edirlər. Biz layihəyə baxıb, müvafiq məsləhətlərimizi verdikdən sonra onlar bunu hazırlanmağa başlayırlar. 2016-cı ildə studiyada təmirdən sonra yotube kanalında BDU TV və BDU-radio fəaliyyət göstərir. Tələbələrin hazırladıqları verilişlər bu kanalda yayımlanır, geniş dinləyici və izləyici auditoriyasına təqdim edilir. Burada tələbələrin təqdimatı ilə üç dildə «Xəbərlər» auditoriyaya yayımlanır. Bu prosesdə radiotexnika kafedrasının müəllimləri Tədris tele-radio studiyasına yaxından köməklik göstərirlər. Hər qrupun öz müəllimi var. Aparıcılar həmin qruplardan seçilir. Bu zaman tələbələrin nitqi yoxlanır, vizual görünüşünə baxılır. Burada tələbələr «xəbər» proqramları üçün süjetlər, reportajlar hazırlamağı öyrənirlər. Son vaxtlar isə studiyada yeni layihələrə – «Mədəniyyət xəbərləri», «Texno-info» adlı televiziya verilişlərinin, «Təhsil və biz» adlı radio verilişinin yayımına başlanılıb.«Təhsil və biz» layihəsinin ilk verilişini yayıma hazırlayarkən bir neçə gün ardıcıl montaj otağında oldum. Bu otaq Tədris tele-radio studiyasının ən qaynar otaqlarından biridir. Montaj otagı bircə saat da olsa, boş qalmır. Tələbələrdən kimi çəkdiyi video franqmentlərə baxır, kimi də verilişini dizayn edir. Müəllimlərin də tez-tez üz tutduğu bu otaqda tədris saatlarında kompyuterlər onların xidmətindədir. Tələbələr çəkiliş pavilyonunda veriliş aparmağın sirlərini öyrənirlər. Kameralarla əhatə olunmuş otaq, jurnalistikaya həvəsi olan hər bir tələbə də bu sahəyə böyük maraq oyadır. Radio isə bir sehirli aləmdir. Səslərin və musiqilərin harmoniyası insanı dərin düşüncələrə qərq edir. Efir dalğalarında bəzən keçmişi xatırlayır, bəzən də gələcəyə boylanırsan. Tədris tele-radio studiyası müxtəlif müsabiqələrdə iştirak edir. Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar jurnalistika fakültəsinin magistr tələbəsi Aynurə Vəliyeva ilə studiyanın birgə hazırladığı layihə Türk Film Festivalına göndərilib. Tədris tele-radio studiyası Gürcüstanda keçirilən film festivalında da uğurla Bakı Dövlət Universitetini təmsil edib. Bundan başqa studiya müxtəlif sənədli filmlərlə müsabiqələrə qatılaraq neçə-neçə uğura imza atmışdır.Sevindirici haldır ki, onlarla tele-jurnalist repartyorluq və aparıcılıq fəaliyyətinə ilk addımını məhz bu studiyadan atıb. İndi onların səsi-sorağı müxtəlif tele-kanallardan gəlir. İnsan həyatının ilkləri hər zaman unuldulmaz olur. İlk təhsil, ilk müəllim, ilk universitet, ilk reportaj və ilk efir günü uzun müddət xatirələrdə yad olunan tarixdir. İllər ötsə də Tədris tele-radio studiyasındakı çıxışlar, veriliş öncəsi həyacanlar da yada düşəndə onları sevə-sevə dilə gətirirsən.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi hələ neçə-neçə məzununu uğurla yola salacaq. Fakültənin Tədris tele-radio studiyası tələbə nəfəsi ilə isinən pavilyonları isə unudulmaz xatirələrin içində özünəməxsusluğu ilə xatırlanacaqdır.Dilşad Xaqaniqızı,BDU jurnalistika fakültəsinintələbəsiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.