FAXRALI KƏNDİ - 4 "XXI əsrin Ziyalıları", Bolus 19 декабря 2015 FAXRALININ ALİMLƏRİ:ELMLƏR NAMİZƏDLƏR:VƏLİ SULTANOVVəli Daryax oğlu Sultanov 1928-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi Faxralı kəndində bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisasına yiyələnmişdir. Bir müddət neft buruqlarında işləmiş, 1958-ci ildə "ÜİTTETİ-də" (ümumittifaq Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu) çalışmışdır.1968-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən etibarən AzPİ-nin (indiki ATU-nun) əmək mühafizəsi və təhlükəsizlik texnikası kafedrasında dosent vəzifəsində işləmişdir. Vəli Sultanovun elmi və pedaqoji fəaliyyəti 20-dən çox elmi əsərdə öz əksini tapmışdır. O cümlədən iki kitabın müəllifi, 4 kitaba isə həmmüəllif olmuşdur. Vəli Sultanov 15-ə qədər ittifaq və respublika səviyyəli konfranslarda mə’ruzələr etmiş və elmi materiallar çap etdirmişdir. Vəli Daryax oğlu Sultanov 1998-ci il iyun ayında Bakıda vəfat etmişdir.ŞAMİL ORUCOVŞamil Oruc oğlu Orucov 1929-cu ildə Borçalının Faxralı kəndində anadan olmuşdur. 1937-1948-ci illərdə Faxralı kənd orta məktəbini bitirmişdir. 1954 - 1957-ci illərdə Faxralı kənd kitabxanasında müdir vəzifəsində işləmişdir. 1954 - 1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun "Avtomobil nəqliyyatı" fakültəsini bitirmişdir. O, həmçinin institutda oxuduğu müddətdə paralel olaraq Azərbaycan Dəmir yol İdarəsinin ambarında təchizatçı işləmişdir. 1959-cu ildən isə həmin müəssisənin təchizat və nəqliyyat şöbəsində böyük mühəndis, 1961-ci ildə texniki şöbənin mühəndisi işləmişdir. Şamil Orucov 1962-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin maddi texniki bazasında nəqliyyat şöbəsinin rəisi vəzifəsini icra etmişdir. 1964-cü ildə Azərbaycan SSR EA-nın İqtisadiyyat institutunun aspirantı olmuşdur. 1967-ci ildə EA-nın İqtisadiyyat İnstitutununda kiçik elmi işçi işləmişdir.1967-ci ildə dissertasiya müdafiə etmişdir. 1968-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna keçmiş və burada böyük mühəndis-iqtisadçı vəzifəsində işləmişdir. 1968-ci ilin sonunda Xalq Təsərrüfatı sahələrinin yerləşdirilməsi sektoruna müdir vəzifəsinə irəli çəkilmişdir. Həmin ildən də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadi planlaşdırma kafedrasına müqavilə yolu ilə müəllim düzəlmişdir. 1971-ci ildən 1997-ci ilə qədər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent vəzifəsində işləmişdir. 1983-cü ildə iqtisadiyyatın təşkili və planlaşdırılması kafedrasına müdir təyin olunmuşdur. Şamil Orucovun elmi və pedaqoji fəaliyyəti 35 elmi məqalədə və 3 kitabda, 17 tezis-məruzələrdə öz əksini tapmışdır. Bunlardan başqa 10 kitabı redaktə etmiş və bir neçə aspiranta elmi rəhbər olmuşdur. Şamil Orucov 1997-ci ildə vəfat etmişdir.POLAD POLADOVPolad Məhəmməd oğlu Poladov 1930-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Faxralı kəndində anadan olmuşdur. 1947-ci ildə Faxralı orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) kimya-biologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə institutu bitirdikdən sonra Faxralı orta məktəbində əmək fəaliyyətinə başlamışdır. Elmə olan marağı onu 1962-ci ildə Bakıya qaytarmışdır. Əvvəlcə Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) kimya kafedrasında baş laborant kimi fəaliyyət göstərən Polad Poladov sonralar assistent, baş müəllim olmuş, 1972-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra baş müəllim, 1977-ci ildən dosent və 1991-ci ildən isə professor kimi fəaliyyət göstərmişdir. Polad Poladovun 50 elmi əsəri, 7 kitabı və bir neçə dərs vəsaiti çap olunmuşdur. O, 10-a yaxın elmi konfranslarda, kimya və biologiyanın xalq təsərrüfatına tətbiqi və s. problemlər üzpə məruzələr etmiş, materiallar çap etdirmişdir. Polad Poladovun elmi-pedaqoji fəaliyyəti 1981-ci ildə XII Mendeleyev qurultayının 2 medalı, "Gənc kimyaçılar" ümumittifaq olimpiadasının qalibi diplomu, "Sosializm yarışının qalibi" döş nişanı və 1988-ci ildə "Əmək veteranı" medalı ilə qiymətləndirilmişdir. MƏMMƏD MƏMMƏDOV Məmməd İsrafil oğlu Məmmədov - 1930-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1947-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1954-cü ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla "Sovet kəndi" qəzeti redaksiyasına göndərilmişdir. Uzun müddət həmin qəzetdə rəhbər vəzifədə işləmişdir. Fəal təbliğatçılıq fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Elmi-tədqiqat işi ilə məşğul olmuş, 1972-ci ildə "Azərbaycan kolxozçusu" qəzeti Azərbaycan kəndinin yenidən qurulması uğrunda mübarizədə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1978-ci ildən Texniki Universitetdə tarix kafedrasında müəllim işləmiş, BDU-nun mətbuat tarixi kafedrasında diplom rəhbəri kimi müntəzəm fəaliyyət göstərmişdir. Respublika mətbuatında elmi-publisistik yazılarla çıxış etmişdir. Çoxsaylı elmi-publisistik yazıların müəllifidir. Məmməd Məmmədovun elmi və pedaqoji fəaliyyəti 2 monoqrafiya və 20-ə yaxın elmi məqalədə əks olunmuşdur. 1994-cü ildə Bakıda vəfat etmişdir.NADİR QURBANOVNadir İsa oğlu Qurbanov 1940-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə hərbi hissədən tərxis olunduqdan sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin fakültəni bitirmişdir. 1974-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. 1983-cü ildə Moskva şəhərində "Azərbaycanda Qazkimillərin ekologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun 8 elmi əsəri çap olunmuşdur. 1969-1971-ci illərdə Xaçmaz rayonunun Aşağı-Zeid kəndində müəllim işləmişdir. 1971-ci ildə Qabaqcıl Maarif xadimi adına layiq görülmüşdür. 1971-ci ildə Azərbaycan respublikası müəllimləri təkmilləşdirmə institutunda metodist vəzifəsində işləmişdir. O, 1995-ci ildən Səbail Rayon Təhsil şöbəsində metodist vəzifəsinədək yüksəlmişdir.XƏLƏDDİN ƏHMƏDOVXələddin Əmir oğlu Əhmədov 1941-ci il fevralın 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1947-1951-ci illərdə Cəfərli ibtidai məktəbini, sonra Qoçulu kənd 8 illik məktəbini bitirmişdir. 1955 -1958-ci illərdə Bolnisi rayonunun Arıxlı orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. Həmin il göndərişlə Bakının leytenant Şmidt adına (indiki Səttarxan adına) neft maşınqayırma zavodunda mühəndis-konstruktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Elmə və texnikaya olan həvəsi 1966-cı ildə onu vaxtilə təhsil aldığı Azərbaycan Politexnik İnstitutunun maşınqayırma texnologiyası kafedrasına gətirmişdir. Burada o, pedaqoji fəaliyyətlə yanaşı elmi işlə də məşğul olmuşdur. 1971-ci ildə keçmiş SSRİ-nin ən qabaqcıl texniki ali təhsil ocağı olan N.E. Bauman adına Moskva Ali Texniki məktəbində əyani aspiranturanı bitirmiş, namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Ələddin Əhmədov Azərbaycanda maşın detallarının emalı zamanı yaranan daxili gərginlikləri ətraflı tədqiqat edən ilk mütəxəssisdir. Elmi-texniki jurnallarda çap olunmuş 10-dan çox elmi məqalənin və tədris metodik vəsaitinin müəllifidir. Xələddin Əhmədov 1988-ci ildə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetin nəzdində 10 aylıq xüsusi xarici dillər kurslarının fransız dili şö’bəsini müvəffəqiyyətlə bitirmiş, 1989-1992-ci illərdə Əcəzair Xalq Demokratik Respublikasının Beşar Texniki Universitetində müəllim işləmişdir. O, Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinin metalkəsən dəzgahlar və alətlər kafedrasının dosenti vəzifəsinədək yüksəlmişdir.SABİR XƏLİLOVSabir Ayvaz oğlu Xəlilov 1941-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958-ci ildə Faxralı orta məktəbini və 1963-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. 1965-ci ildən Azərbaycan Texniki Universitetində işə başlamışdır. 1974-cü ildə "İkiforsunkalı yanacaq sistemi vasitəsilə dizel mühərrikinin işinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmlər namizədi elmi dərəcəsi almışdır. 1976-cı ildə "Daxili yanma mühərrikləri" kafedrasının dosenti olmuşdur. 1981-1985-ci illərdə Əlcazair respublikasının Yüngül Sənaye İnstitutunda işləmişdir. 1996-cı ildən Türkiyə Respublikasının Erciyəz Universitetində çalışır. Daxili yanma mühərrikləri üzrə 30-dan artıq elmi əsərin müəllifidir. SABİR İSGƏNDƏROVSabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı orta məktəbini bitirmiş və 1960 - 1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunun aspiranturasına qəbul olunmuş və sonra Moskva Hidromeliorasiya İnstitutuna göndərilmişdir. Aspiranturada oxuduğu zaman Moskva xalq universitetinin texnika və iqtisadiyyat kursunu bitirmişdir. 1973-cü ildə Moskva Hidromeliorasiya institutunda "Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunda su ehtiyatlarının kompleks istifadəsi laboratriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. O, Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasında dosent vəzifəsinədək yüksəlmişdir. 1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq hidrologiya kursunu bitirmişdir. 1995-ci ildən Lənkəran Dövlət universitetində və Bakı Ali Hərbi Dəniz məktəbində də işləmişdir. Fakültə "Bilik" cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışmışdır. Sabir İsgəndərov 100-ə yxın elmi məqalənin, elmi hesabatın və bir sıra dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri respublikamızda, Orta Asiyada və Şimali Qafqazda həyata keçirilən bir sıra su təsərrüfatı tədbirlərinin aparılmasında istifadə olunur.YUSİF MUSAYEVYusif Əli oğlu Musayev 1942-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1948 - 1958-ci illərdə Faxralı orta məktəbini bitirib, Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu bitirmiş, təyinat üzrə "Bakelektroştamp" zavodunda mühəndis-texnoloq işləmişdir. 1965-1968-ci illər ərzində Azərbaycan Politexnik institutunun "Maşın detalları və yükqaldıran-nəqlədici maşınlar" kafedrasında assistent işləmişdir. 1968-1971-ci illərdə Moskvada SSRİ EA-nın "Maşınşünaslıq" elmi tədqiqat institutunda aspirant olmuş, orada texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etdikdən sonra Azərbaycan Politexnik İnstitutunun "Maşın detalları və YQNM" kafedrasında assistent, baş müəllim və dosent vəzifəsində işləmişdir. 1975-1976-cı illər və 1998-ci ildə Almaniya Federativ Respublikasının Münxen Texniki Universitetində elmi e’zamiyyətdə olmuşdur. 1981-1982-ci illərdə Moskvada Moris Torez adına Xarici Dillər İnstitutunda ingilis dili öyrənmiş və 1983-1987-ci illər ərzində Efiopiyada Bahr-Dar Politexnik institutunda müəllim işləmişdir. O, maşın və mexanizmlərdə "Sürtünmə, yeyilmə və yağlama" problemləri ilə məşğul olmuşdur. 50-dən çox elmi məqalənin, 10-a qədər müəlliflik şəhadətnaməsinin müəllifidir. 9 dərs vəsaiti çap etdirmişdir (onlardan 4-ü ingilis dilində Efiopiyada çap olunmuşdur). Digər müəlliflərlə birlikdə rusça-azəricə-türkcə-ingiliscə "Makina elemanları sözlüyü" (325 s) Türkiyədə çap olunmuşdur (1997). Elmi məqalələri əsasən Rusiya, Almaniya, Türkiyə, Yuqoslaviya və s. dövlətlərdə çap olunmuşdur.BAHƏDDİN NƏBİYEVBahəddin Alı oğlu Nəbiyev 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 - 1966-cı illərdə Faxralı orta məktəbini bitirmişdir. Bahəddin Nəbiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bahəddin Nəbiyev bir il Əli Bayramlı şəhərində 5 saylı orta məktəbdə kimya müəllimi işləmişdir. O, 1972-ci ildə Azərbaycan Respublikası EA Qeyri Üzvi və Fiziki Kimya İnstitutunda aspiranturaya daxil olmuş və keçmiş SSRİ-nin N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna (Moskva şəhəri) elmi e’zamiyyətə göndərilmişdir. Bahəddin Nəbiyev 1976-cı ildə həmin İnstitutda namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Bahəddin Nəbiyev 1976-1978-ci illərdə Azərbaycan Respublikası EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1978-ci ildən indiki Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının kimya kafedrasında dosent vəzifəsində işləyir. Bahəddin Nəbiyev 50-dən çox elmi və elmi metodik məqalələrin və dərs vəsaitinin müəllifidir. Ali məktəblərə daxil olanlar üçün çox faydalı olan "Kimya" dərsliyini nəşr etdirmişdir. Bahədddin Nəbiyev 10-dan çox ittifaq və respublika səviyyəli konfranslarda çıxış edib materiallar çap etdirmişdir.MƏMMƏD İBRAHİMOVMəmməd Məmmədəli oğlu İbrahimov 1948-ci il aprel ayının 15-də Faxralı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə Marneuli şəhər interant məktəbində almış və 1966-cı ildə orta məktəbi bitirmişdir. 1967-ci ildən Sumqayıtda Boru yayma zavodunda çilingər işləmiş, 1971-1973-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən zavodun göndərişi ilə Dnepropetrovsk şəhərində Metallurgiya institutunda oxumuş və 1980-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il aspiranturaya daxil olmuş və 1986-cı ildə "Metalların təzyiq altında e’malı" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin iyun ayından zavoda qayıtmışdır. Boru yayma zavodunun (indi "Azərboru" SC) texniki şö’bəsinin rəisi - baş mühəndisin müavini vəzifəsində çalışır. Məmməd İbrahimov 8 ixtira və 30-dan çox elmi məqalənin müəllifidir. Dəfələrlə diplom müdafiəsi komissiyasının sədri olmuşdur. 4 nəfər dissertanta rəhbərlik etmişdir. Məmməd İbrahimovun elmi və praktiki fəaliyyəti 15 elmi-praktiki əsərdə öz əksini tapmışdır. O, 10 ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, materiallar çap etdirmişdir.ETİMAD AYVAZOVEtimad Bayram oğlu Ayvazov 1951-ci il martın 14-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958 - 1968-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) mexanika fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunun Xüsusi Layihə Konstruktor Texnoloji bürosunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən Politexnik İnstitutunda tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. 1978-ci ildən isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda materiallar müqaviməti fənnindən dərs deməklə yanaşı həm də həmin institutda əyani aspiranturaya daxil olmuşdur. 1983-cü ildə isə aspiranturanı bitirərək müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. O, həmin Universitetin nəzəri mexanika kafedrasına təyinatla göndərilərək müəllim kimi fəaliyyət göstərmişdir. İlk dəfə olaraq Etimad Ayvazov tərəfindən latın qrafikalı şriftlə ali məktəblər üçün "Nəzəri mexanika" fənni üzrə yüksək tirajlı dərslik yazılmışdır. Etimad Ayvazov 100-ə qədər elmi məqalənin, o cümlədən ali məktəb tələbələri və aspirantlar üçün 6 elmi metodik əsərin müəllifidir. Etimad Ayvazov İnşaat Mühəndisləri Universitetinin nəzəri mexanika kafedrasında dosent, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyində şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. MİNAYƏ NƏBİYEVA Minayə Yolçu qızı Nəbiyeva 1953-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1960 - 1970-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun) sanitariya-gigiyena fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vurduqdan sonra 1976-1980-ci illərdə tə’yinatla Xanlar rayon Sanitar Epidemioloji Stansiyasında həkim-epidemioloq kimi fəaliyyət göstərmişdir. 1980-cı ildə o, müsabiqədən keçərək ATİ-nun (indiki ADTU-nun) əmək gigiyenası və peşə xəstəlikləri kafedrasına assistent vəzifəsinə seçilmişdir. 1994-cü ildə "İri sənaye şəhərinin atmosfer çirklənməsinin məktəbəqədər yaşlı uşaqların sağlamlığı vəziyyətinə və immunoloji göstəricilərinə tə’siri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Minayə Nəbiyevanın elmi fəaliyyəti 25 elmi məqalədə və 2 elmi metodik tövsiyədə öz əksini tapmışdır. O, uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedrasında baş müəllim vəzifəsinədək yüksəlmişdir. VAQİF NƏBİYEVVaqif Nəbi oğlu Nəbiyev 1953-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1970-ci ildə Faxralı orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun) müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 1976-cı ildə institutu müvəffəqiyyətlə bitirmiş, bir il Kirovabad (Gəncə) şəhər təcili yardım xəstəxanasında internatura keçmişdir. 1978-1981-ci illərdə təyinatla Xanlar rayonu mərkəzi xəstəxanasında həkim-onkoloq işləmişdir. 1983-cü ildə şəhər onkoloji dispanserində endoskopiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun səyi nəticəsində endoskopiya şöbəsinin bazasında şəhər endoskopiya mərkəzi yaradılmışdır. Vaqif Nəbiyev həmin mərkəzə başçılıq etmişdir. Vaqif Nəbiyev 1990-cı ildə Leninqrad (indiki S.Peterburq) şəhərində SSRİ Səhiyyə Nazirliyinin S.M.Kirov adına Həkimləri təkmilləşdirmə İnstitutunun endoskopiya kafedrasının müdiri professor L.N.İnşakovun rəhbərliyi altında "Yemək borusu xərçənginin erkən diaqnostikasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 15 elmi məqalənin müəllifidir. Onkologiya və endoskopiya üzrə tibbi kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur. ATU-da, 2 saylı tibb məktəbində, orta tibb işçilərinin ixtisasartırma kursunda dərs demişdir. Bakı şəhərinin baş endoskopisti,. Daxili qoşunlar hospitalının məsləhətçisi və endoskopisti olmuşdur. SƏRDAR QASIMOVSərdar Yusif oğlu Qasımov 1955-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini bitirərək ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-ci ildə oranı bitirmiş və Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır. 1983-cü ildə Kibernetika institutunda hesablama riyaziyyatı ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. 1992-ci ildə Kibernetika İnstitutunda dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat kafedrasının dosenti və Azərbaycan EA Kibernetika İnstitutunda baş elmi işçi vəzifəsinədək yüksəlmişdir. 20-yə yaxın elmi məqalənin müəllifidir. O, bir sıra ittifaq və respublika konfranslarının iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir. SABİR ÖMƏROVSabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-1980-cı illərdə Azərbaycan EA Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasının əyani aspirantı olmuşdur. 1984-cü ildə "Təsadüfi proseslərin və meydanların interpolyasiyası haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Azərbaycan EA AİS şöbəsində çalışmışdır. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında dosent vəzifəsinədək yüksəlmişdir. Sabir Ömərov 4 dərs vəsaitinin, bir neçə metodiki tövsiyənin və 18 elmi məqalənin müəllifidir. "Korrelyasiya və reqressiya təhlili", "Statistik fərziyyələrin yoxlanılması" adlı vəsaitləri nəşr edilmişdir.İBRAHİM ƏLİZADƏİbrahim İlyas oğlu Əlizadə 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuş, 1973-cü ildə Faxralı kənd orta məktəbini, 1978-ci ildə isə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Ağsu rayonunun İlxıçı kənd orta məktəbində bir il müəllim işlədikdən sonra, 1980-cı ildə "Azon" zavodunun xüsusi konstruktor bürosuna mühəndis-konstruktor vəzifəsinə işə düzəlmişdir. 1982-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fizika kafedrasında baş laborant vəzifəsində işə başlamış və 1983-cü ildə "Bərk cisimlər fizikası" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1984-cü ildən aspiranturadakı təhsilini Moskva Fizika Mühəndisləri İnstitutunda (MFMİ) məqsədli aspirant kimi davam etdirmişdir. 1986-cı ildə MFMİ-də fəaliyyət göstərən ixtisaslaşdırılmış elmi şurada vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildən AzİMU-nun fizika kafedrasında baş elmi işçi vəzifəsində işləmişdir. İbrahim Əlizadənin aldığı elmi nəticələr respublikamızın və ABŞ, İtaliya, Türkiyə kimi ölkələrin elmi jurnal və toplularında çap olunmuşdur. İbrahim Əlizadə 1987-ci ildən AzİMU-nun "Fizika" kafedrasında əvvəlcə baş laborant, sonradan isə assistent işləmişdir. O, "Fizika" fənnindən laboratoriya dərslərində tədris-metodiki vəsaitinin müəlliflərindən biridir. 1991-ci ildə "Fizika", "Abituriyentlər üçün vəsait" kitabını çap etdirmişdir. 1996-cı ildə "Fizika, Ali məktəblərə daxil olmaq istəyənlər üçün testlər" kitabçasını çap etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə Əcnəbi vətəndaşların hazırlıq fakültələri üçün "Fizika" fənni proqramının müəllifidir. 1993-1997-ci illərdə AzİMU-nun "Ümumi texniki fənlər" (sonralar "Ümumi hazırlıq fənləri") kafedrasının müdiri vəzifəsində işləmiş, 1995-ci ildən dosentdir. 1996-1999-cu illərdə eyni zamanda AzİMU-nun nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat təmayüllü litseyin direktor müavini vəzifəsində çalışmışdır. O, fizika kafedrasında dosent, kafedra müdirinin müavini vəzifələrinədək yüksəlmişdir. İbrahim Əlizadə 50-yə qədər elmi məqalənin, dərs vəsaitinin və metodik göstərişin müəllifidir. RƏŞAD QASIMOVRəşad Mehralı oğlu Qasımov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır. BDU-nun "Ali riyaziyyat" kafedrasının dissertantı olmuş və 1996-cı ildə Azərbaycan EA Mexanika və Riyaziyyat institutunda "Qeyri-xətti hiperbolik tənlik üçün qeyri-requlyar qarışıq məsələnin həllinin apraksimasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 12-yə qədər elmi məqalənin müəllifidir.VAQİF GÜLMƏMMƏDOVVaqif Yasin oğlu Gülməmmədov 01.01.1958-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralı kəndində anadan olmuşdur. V.Y.Gülməmmədov 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsini bitirmişdir. 1980-83-cü illərdə Zaqatala rayonu Suvagil kənd 8-illik məktəbində müəllim, 1983-cü ildə Azərbaycan SSR Tədarük Nazirliyinin İnformasiya-hesablama mərkəzində mühəndis-proqramlaşdırıcı, 1983-1991-ci illərdə Azərbaycan SSR EA. M. Qubkin adına Geologiya İnstitutu Xüsusi geofizika cihazlar konstruktor bürosunda mühəndis, böyük mühəndis, 2-ci dərəcəli mühəndis vəzifələrində işləmiş, 1991-ci ildən 2008-ci ilə qədər isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışmışdır.V.Y.Gülməmmədov 1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 2004-cü ildə ”fizika-riyaziyyat” elmləri namizədi alimlik dərəcəsi almışdır.V.Y. Gülməmmədov 25-illik pedaqoji staja malik olmuşdur. Universitetdə çalışdığı müddətdə tədris planına uyğun onun müxtəlif mövzularda açıq dərsləri təşkil edilmiş və müzakirə zamanı yüksək qiymətləndirilmişdir. Müxtəlif elmi seminarlarda, elmi mövzülarda müvəffəqiyyətlə çıxışlar etmişdir. 2006-cı ildən başlayaraq V. Y. Gülməmmədov elmi-texniki tərəqqinin yeniliklərindən istifadə edərək dərsləri Boloniya təhsil sisteminin tələblərinə uyğun olaraq kompyuterdən istifadə etməklə diaproyektor vasitəsilə aparırdı və bununla novator müəllim olduğunu təsdiq etmişdir.V. Y. Gülməmmədov 15-ə yaxın kitabın, 20-yə yaxın elmi-metodiki məqalənin müəllifidir. 1989 və 2006-cı illərdə yazdığı “Abituriyenlər üçün riyaziyyat” kitabı dərin və geniş məzmunlu bir dərs vəsaiti kimi abituriyentlər və orta məktəb müəllimləri tərəfindən sevilərək, geniş surətdə istifadə olunur. Həmcinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 333 saylı,11.05.2006-cı iltarixli əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş 2 hissəli (azərbaycan və rus dillərində) “İqtisadçılar üçün Ali riyazziyat kursu” kitabının müəllifidir. Hal-hazırda dərs vəsaiti kimi İqtisad Universitetində və başqa təhsil müəsisələrində istifadə edilir. Onun elmi məqalələri müxtəlif səviyyəli konfranslarda mütəxəssislərin diqqətini cəlb etmişdir. Həmçinin, Çankaya Universitetinin “Journal of Arts and Sciences”-da müxtəlif elmi məqalələri ingilis dilində nəşr edilmişdir.V. Y. Gülməmmədov işlədiyi müddətdə tələbə və professor-müəllim heyyətinin yüksək hörmətini qazanmışdır. Gözəl insan, istedadlı alim və unudulmaz müəllim Vaqif Gülməmmədovun əziz xatirəsi onu tanıyanların və Faxralı xalqının qəlbində əbədi yaşayacaqdır!!MƏHƏMMƏDƏLİ BABAŞOVMəhəmmədəli Allahverdi oğlu Babaşov 1959-cu il avqustun 6-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə Faxralı kənd orta məktəbində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuşdur. 1980-ci ildə IV kursdan sonra Yəmən Xalq Demokratik Respublikasına ərəb dili tərcüməçisi kimi ezam olunmuşdur. 1980-1983-cü illərdə Yəmənin paytaxtı Ədən şəhərində tərcüməçi işləmişdir. 1983-cü ildə Yəməndən geri döndükdən sonra yenidən Universitetin V kursunda təhsilini davam etdirmişdir. 1984-cü ildə Universiteti bitirmiş və keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin xəttilə hərbi xidmət keçmək məqsədilə hərbi tərcüməçi olaraq Əlcəzairə göndərilmişdir. 1984-1986-cı illər ərzində Batna Ali Ümumqoşun hərbi məktəbində tərcüməçi və Biskra hərbi desant qüvvələri məktəbində baş tərcüməçi vəzifəsində xidmət etmişdir. 1987-ci ilin yanvar ayında baş leytenant rütbəsində ordudan tərxis olunmuşdur. 1987-ci ildə Azərbaycana dönərək "Bizim həyat" qəzetində tərcüməçi-müxbir vəzifəsində çalışmışdır. 1989-cu ildə SSRİ Jurnalistlər birliyinin üzvlüyünə qəbul olunmuşdur. 1989-cu ilin noyabr ayından e’tibarən Azərbaycan Respublikası Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1994-cü ilin oktyabr ayına qədər həmin institutun "Ərəbdilli yazılı abidələr" şö’bəsində kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin sentyabr ayından 1995-ci ilin mart ayına qədər Türkiyənin xeyriyyəçi-maarifpərvər "Çağ" öyrətim işlətmələri şirkətinin Azərbaycan təmsilçisi olaraq fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabr ayından "Qafqaz" Universitetinin xarici əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir. Həmin dövrdən e’tibarən Universitetin dosenti, ilahiyyət fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hal-hazırda həmin universitetin Dil tədrisi mərkəzinin müdiri və elm, tədris və xarici əlaqələr üzrə rektorun müşaviri vəzifəsində çalışmaqdadır. 1993-cü ildə Azərbaycan Respublikası EA Əlyazmaları İnstitutun dissertantı kimi başladığı "Şafii məzhəbi tərixində Yusif Ərdəbili və onun "əl-Ənvar li-’əməlil-əbrar" əsəri adlı tədqiqat işini tamamlamış və 20 iyun 1997-ci ildə ilahiyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. İslamşünaslığa dair 2 kitabın tərcüməçisi, 16 elmi əsərin müəllifi və 2 kitabın elmi redaktoru olmuşdur.SÜLEYMAN QASIMOVSüleyman Mehralı oğlu Qasımov 1961-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəliyyətinə başlamışdır. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə Xəzərdənizneftqaz İstehsalat Birliyində, 1992-ci ildə Azərneft neft və qazçıxarma baş idarəsində və 1994-cü ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışmışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "Muhasibat uçotu və audit" kafedrasının dissertantı qəbul olunmuş, 2001-ci ildə "Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə "Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Süleyman Qasımovun elmi fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. Bu müddət ərzində bir neçə elmi və elmi-praktik konfrans və simpoziumlarda çıxış edib, materiallar çap etdirmişdir.RƏHİLƏ RAMAZANOVARəhilə İlyas qızı Ramazanova 1969-cu il mayın 4-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1985-ci ildə Faxralı orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya institutunun Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültədə təhsilini "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Elmlər Akademiyası Geologiya institutunda əyani aspiranturaya daxil olmuşdur. 1994-cü ildən həmin institutda "Litologiya" ixtisası üzrə elmi işçi vəzifəsində işləmişdir. "Orta Kür çökəkliyinin təbaşir yaşlı süxurlarının postsedimentasion dəyişilməsi və onların kollektor xassələrinə tə’siri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1995-ci ildən Azərbaycan Neft və Kimya Elmi-Tədqiqat institutunda baş laborant vəzifəsində çalışmış, bir neçə məqalənin müəllifi olmuşdur. 1998-ci ildə ABŞ-nın (Texas ştatında) Hyüston şəhərində yerləşən Texas universitetinin geologiya fakültəsinə daxil olmuş, 1999-cu ildə fakültəni bitirmişdir. Həmin ildən Texas universitetinin geologiya fakültəsi üzrə magistratura şöbəsində təhsil almış və dissertasiya müdafiə edib elmi dərəcə almışdır.RÖVŞƏN XƏLİLZADƏRövşən Sabir oğlu Xəlilzadə 1972-ci il martın 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1979-cu ildə Faxralı 8 illik məktəbini, 1989-cu ildə isə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin nerocərrahiyyə kafedrasının klinik ordinatoru olmuşdur. 1997-2000-ci illərdə aspiranturada oxumuşdur. 2000-ci ildə "Hemorrogik institutlarda cərrahi müalicənin proqnozları" mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Rövşən Xəlilzadənin elmi və pedaqoji fəaliyyəti 7 elmi məqalədə öz əksini tapmışdır. Rövşən Xəlilzadə gənc mütəxəssis kimi 1 il xarici dövlətdə elmi ezamiyyətdə olmuşdur. Rövşən Xəlilzadə bu müddət ərzində bir neçə elmi-praktiki konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.NİZAMİ POLADOVNizami Qədim oğlu Poladov 1982-ci il may ayının 22-də Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1988-1996-cı illərdə Faxralı orta məktəbində təhsil almış və 1999-cu ildə Bakı şəhəri 99 No-li məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Texniki Universitetinin (ATU) (keçmiş Azərbaycan Politexnik Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş, “Qara və əlvan metalların tökmə istehsalı“ ixtisasına yiyələnmiş, 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə ATU-nun aspiranturasına daxil olmuşdur. 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 11 elmi əsərin müəllifidir. Məqalələri Azərbaycan, Sankt-Peterbruq, Donetskdə nəşr olunmuşdur. 2003-2008-ci illərdə “Baku Steel Company” şirkətində növbə rəisi vəzifəsinədək yüksəlmişdir. 2008-ci ildən “EMBAWOOD” MMC-də şöbə rəisi vəzifəsində çalışır.Mənbə: faxralı.com. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.