ÖLÜMÜNÜ GÖZLƏYƏN TƏBİB - ŞAİR

ÖLÜMÜNÜ GÖZLƏYƏN TƏBİB - ŞAİR TƏBİB ÖMRÜ, ŞAİR HƏYATI

Ariflər kimi dünyanın şələsi olmaqdansa, həyatın Lələsi olmağı üstün tutan, Aqillər kimi keçib gəldiyi ömür yollarına çevrilib baxanda “ay gidi dünya” - deyib gah yamanlayan, gah da əzizləyən, Aşıqlər kimi göylərdən yerə bəxş edilmiş söz işığında iman, ürfan elçisi olduğunu sübuta yetirmək üçün el-obaya, insanlara sevgi, ədəb-ərkan, nizam-intizam, ləyaqət və mərifət toxumları səpməyə çalışan, ayları-illəri bir-birinə calayıb mənasız yüz, yüz əlli il yaşamağı hünər saymayan, hünəri mənalı ömürdə, gələcək nəsillərə faydalı irs qoymaqda, adı şərəflə əbədi yaşatmaqda görən insanlardan, yazıb-yaradan ədiblərdən biri də həmyerlimiz, hər yerdə Borçalını layiqincə təmsil edən, Faxralı şair Nəbinin sənət dünyasından bəhrələnən,poeziya bulağından dadan Eldar (Təbib) Qoca oğlu Piriyevdir.

O, Qırxıncı otağın Ahıllıq taxtında əyləşib Tanrının verdiyi xeyirxah və şəfalı HƏKİM ömrünü istedadlı ŞAİR ömrü ilə davam etdirə-etdirə bu otaqda bir-birindən gözəl və maraqlı altı sanballı kitabına nəfəs və can verərək işıqlı dünyaya gətirib. “Sazın sözü” (2005), “Min bir kəlam”(2007), “İlqarnamə”(2011), “Qayğılarım, duyğularım”(2013), “Kəlam mücrüsü”(2013)“Qalan dünya”(2015) kitabları həyati gerçəklikləri, məna çalarlıqlarını açıqlayır, milli-mənəvi və insani dəyərləri önə çəkir.

Əslən Borçalının Faxralı elindən olan milis starşinası Qoca Piri oğlu ilə Eminə Şamxal qızının ailəsində - 1945-ci ildə dünyaya gələn, böyüyüb ərsəyə çatan Eldar Piriyev (Təbib) 1962-ci ildə Bolnisi Azərbaycan orta məktəbini “Qızıl medal”la bitirdi. Halal zəhməti və biliyilə əldə etdiyi bu əvəzolunmaz mükafat “ciddi yoxlama” və “komissiyalardan” sonra verildi. Məhz qərəzli çək-çevirlərdən sonra bu qələbə rayonda Novruz bayramı kimi möhtəşəm, təmtəraqlı formada keçirildi.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) “Müalicə-profilaktika” fakültəsinə qəbul olunan “Qızıl medal”lı məzun Eldar Təbib mədəni davranışı, təşkilatçılıq qabiliyyəti və hərtərəfli inkişafı ilə digər tələbələrdən fərqlənməklə yanaşı, 1968-ci ildə aldığı “Fərqlənmə diplomu” ilə də fərqləndi. İki il ordu sıralarında həkim işləyən Eldar Təbib 1970-ci ildə təxris olunduqdan sonra yüksək bilik-bacarığına, istedad və qabiliyyətinə, elmi və siyasi potensialına görə rektorluq onu “Məhkəmə-təbabət” kafedrasına müəllim götürdü və doqquz il bu elm ocağında əmək fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıqla da məşğul olur. Eyni zamanda “Azərbaycan Məhkəmə-Tibb Ekspertləri” cəmiyyətinin məsul katibi vəzifəsini yerinə yetirir, Azərbaycan Xarici Dillər İnstitutunda 3 il “İnfeksion xəstəliklər” üzrə imtahanlı kurslar aparırdı.

Namus və vicdanla işləyən Eldar Təbibin 1976-cı ildə namizədlik dissertasiyası müdafiəyə hazır olanda “yerlibazlıq” prinsipinə “sadiq” qalan kafedra müdiri “nə qədər mən burada rəhbərəm, sən dissertasiya etməyəcəksən” “ultimatumunu” verdi. Kişi inadından dönməyən aspirant Eldar Təbib bundan sonra institutda işləməyin əbəs olduğunu görür və 1979-cu ildə doğma Bolnisiyə köçür və 1991-ci ilədək Bolnisi Mərkəzi rayon xəstəxanasında “Dəri-zöhrəvi” həkimi işləyir. Rayon xəstəxanasının o zamankı baş həkimi, milliyətcə svan olan, mərhum Quram Şamşiyeviç Qvidiani onu işə qəbul edir. Eldar Piriyev işgüzarlığı, sənətinin gözəl bilicisi kimi qısa zamanda rəhbərliyin və iş yoldaşlarının hörmət və etimadını qazanır. Baş həkim xəstəxananın əsas işlərinin dəqiq, vaxtında və savadlı yerinə yetirilməsini yalnız Eldar Təbibə həvalə edirdi. Baş həkim Qvidiani Q.Ş. işinin öhdəsindən bacarıqla gələn Eldar Təbibin adını “Səhiyyə əlaçısı” fəxri fərmanını almaq üçün nazirliyə təqdim etsə də, təəssüflər olsun ki, bölgədə baş verən 1989-cu il hadisəsi onun bu adı almasına mane olur.
1991-ci ildə bölgədə milli zəmində baş verən münaqişə nəticəsində Bolnisidən deportasiya olunan Eldar Təbib ailəsi ilə birlikdə Bakı şəhərinə köçür və həmin ildən şəhərin Qaraçuxur qəsəbəsindəki 10 saylı TSH-də və Mərdəkan qəsəbəsindəki 26 saylı BŞX dəri-zöhrəvi həkimi vəzifəsində çalışır. Əmək veteranı və təqaüdçüdür. 2008-ci ildən “Ziyalılar Birliyi”nin, 2009- cu ildən “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür. Altı sanballı kitabı nəşr olunub.

Bütün uğur və nailiyyətləri 45 illik həkimlik fəaliyyətində bir dəfə də olsun müalicə etdiyi xəstələrdə ağırlaşma olmayıb. Xəstəni ya tam sağaldıb, ya da vəziyyətini kifayət qədər yaxşılaşdırıb. O, imkansız, kasıb xəstələri pulsuz müayinə və müalicə edir, yeri gələndə iynə-dərmanlarını öz xərci ilə alır.
“Olduğu kimi görünən, göründüyü kimi olan”, “dünya nemətində gözü olmayan” Eldar Təbib doğru-dürüstlüyünə, halal və xeyirxahlığına, məmurlara yaltaqlanmadığına, əli sinəsində təzimə durmadığına, rəhbərin pencəyinə düşənləri irişə-irişə almadığına görə işdən xaric edilib təqaüdə göndərilir (?). Bu alçaqlıq və ədalətsizliyə görə qürur və mənliyinə sığışdırıb heç kimə “ağız açmır”. Bir çox sahələrdə insanlara gərək olan, şəfalı əlləri ilə çoxlarını öz vəsaiti hesabına müalicə edib həyata qaytaran bacarıqlı həkimi rüşvətxor, tərif üçün “sinoy gedən” eqoist və təkəbbürlü “məmurlar” Eldar Təbibi həyatın “artıq adamına” çevirməkdə məqsədləri nə idi?

Vaxtilə insanların sağlamlığı keşiyində duran, xəstələrə şəfa verən, könüllərə sevinc bəxş edən bir HƏKİMİN, indi yalnız təqaüddən təqaüdə “cibi pul tanıyır”, əsəb xəstəliyinə düçar olan həkimin müalicəyə böyük ehtiyacı var. Əməyinin bu cür “qiymətləndirilməsinə”, “qayğı göstərilməsinə” təəssüflənən şair Eldar Piriyev təbabətlə məşğul olmağa son qoyur (?).

ÖLÜMÜNÜ GÖZLƏYƏN TƏBİB - ŞAİRDünyanın özü qədər suallar, özü boyda dərdi var Eldar Təbibin içində. Bir zamanlar təmənnasız yardımı və xeyirxahlığı ilə insanların könlünü oxşayıb müayinə edən, xəstələrə öz dava-dərmanları hesabına şəfa verən HƏKİM sual və dərdlər məngənəsində “sıxılıb suyu çıxdığından” öz dünyasının bir küncünə çəkilərək “ölümünü gözləyir”.
Bundan sonra o, arxeologiya və etnoqrafiya üzrə tədqiqatlar aparır, qədim dünya türklərinin tarixini araşdırmağa başlayır. O, həmişə “Türk oğlu Türk olması” ilə fəxr edir, qürur duyur. Türk tarixi üzrə uğurlu araşdırma və tədqiqatlarına görə Türkiyə Cümhuriyyəti onun kitablarını “Qalib Sultan” Diplomu ilə təltif edir. Eldar Təbib “Azərbaycan Yazıçıları XX-XXI yüzillikdə” adlı ədəbi ensiklopediyanın193-cü səhifəsinə şair, nasir və publisist kimi düşüb.
Bakı mühitində təbabətlə yanaşı, bədii və elmi yaradıcılıqla, tədqiqat işlərilə də məşğul olan həkim-şair Eldar Təbibin ömür yollarına dönüb baxsaq onun nə qədər kəşməkeşli olduğunu, haqsızlıqlarla üzləşdiyini görəndə insanın daxilində istər-istəməz dövrün totalitar rejiminə, vəzifəsindən sui istifadə edən bəzi məmurlarına və laqeyid rəhbərlərinə qarşı nifrət hissi oyanır.
ŞAİR İSTEDADI, TƏBİB QƏLƏMİ
Şair Eldar Təbib üçün insan həyatını azar-bezardan və xəstəliklərdən qurtarmaq nə qədər vacib və şərəflidirsə, bədii və elmi yaradıcılıq da bir o qədər önəmlidir. Onun divani və qoşmalarından, gəraylı və təcnislərindən, təsnif və pirbəndilərindən, gözəlləmə və müxəmməslərindən aşıq və klassik ədəbi nümunələrin ətri və dadı duyulur. M.Füzulidən üzü bəri heç bir ədib poeziyanın “Pirbəndi” janrında yazmayıb. Həmyerlimiz, Faxralı əsilli folklorşünas alim Elxan Məmmədli bu barədə yazır: “Başqa şairlərdə rast gəlmədiyimiz şeir forması olan “pirbəndilər” sərbəst dördlüklər olub heca hesabı ilə 10 hecalı, vəzncə isə əruz vəzninin “xəfif” bəhrindəndir. Həm aşıq, həm də klassik Azərbaycan poeziyasında “pirbəndilər”lə müqayisə olunacaq başqa sərbəst dördlük yoxdur. Qısqanmadan və çəkinmədən demək olar ki, “pirbəndilər” həm aşıq, həm də klassik Azərbaycan poeziyasında analoqu olmayan yeni şeir formasıdır” (Eldar Təbib, “Sazın sözü”, Bakı 2005, səh.12).

ÖLÜMÜNÜ GÖZLƏYƏN TƏBİB - ŞAİR Başqa aşıq və şairlərin yaradıcılığında rast gəlmədiyimiz “Naqis gəraylı”, “Cığalı gəraylı”, “Güllü gəraylı”, “ Cinaslı gəraylı”, “Cinaslı təsnif”, “Nə bilmək olar” təsnifi” şeir növləri ilə şair Eldar Təbibin çağdaş poeziyamıza, xüsusən də, aşıq şeirinə gətirdiyi yeniliklər mütəxəssisləri daha çox maraqlandırır.
Şairin şeirlərində irəli sürdüyü parlaq fikirləri, saf düşüncələri aydın və qəlbəyatımlıdır:
Kasıbın yanında kalanı öymə,
Həqiqəti danıb, yalanı öymə.
Gedəni qaytarma, qalanı öymə,
Qalan da sağ olsun, qalmayanlar da.
(“Sazın sözü”, səh.56)
Həyat yoldaşı, gözəl xanım, qayğıkeş ana, fədakar pediator Zemfira xanımın vaxtsız dünyasını dəyişməsi hələ də özünə gələ bilməyən şairi çox kədərləndirir. Onların ailə həyatı, bir-birinə olan əsl məhəbbətləri çoxlarına örnək idi. Şair yoldaşı itirməklə, sanki dünyada hər şeyi itirir. Bu itki qəm-qüssə çəkən Eldar Təbibin səhhətinə ağır zərbə vurur. “Torsion distoniya” adlanan əsəb xəstəliyinə düçar olur. Şairin “Gəlmişəm” divanında Zemfira xanıma olan sonsuz məhəbbətini aydın duymaq olur:
Pir demişəm məzarının torpağına, daşına,
Ürək dözmür ayrılığın boranına, qışına.
Xəyalımda gündə min yol dolanıram başına,
Səcdə qılıb, sidqi-dildən ibadətə gəlmişəm.
(“Sazın sözü”, səh.40)
-deyərək sonrakı taleyindən şikayətlənən şair qadını həyatın, insan ömrünün mənası kimi qiymətləndirir.
Ümumiyyətlə, “Sazın sözü” kitabı yaradıcı sənət adamları, saz-söz xiridarları üçün həm maraqlı, həm də böyük əhəmiyyət kəsb edir. Şair ithaflarda tərənnüm etdiyi tanınmış səxsiyyətlərin obrazlarını ustalıqla yaratmış, onların daxili aləmlərini məharətlə açıb göstərmişdir.
Eldar Təbib oğlu İlqara həsr etdiyi “İlqarnamə” dastan-poemasındakı ibrətamiz fikir və tövsiyələri, dəlil-nəsihətləri Azərbaycan gənclərinə ünvanlayır. Əruz vəzninin “xəfif” bəhrinin məsnəvi formasında yazılmış 4500 misralı bu əsər, əsasən beş məclisdən və “kitabın yazılma səbəbi”ndən, “oğluma xitab”dan, “xatimə”dən, “minacat”dan, “lüğət”dən(alınma və dialekt sözlərin izahı) və “izahlar”dan (tarixi şəxsiyyətlər haqqında məlumat) ibarətdir.
“Min bir kəlam” və “Kəlam mücrüsü” kitablarında tədqiqatçı və şair Eldar Təbibin həyatımızın bütün sahələrini əhatə edən müdrik fikirlərin, dəlil-nəsihətlərin, məsləhət və tövsiyələrin toplusudur. Bu sanballı əsərlərin qayəsi bütövlükdə dünya tarazılığının yenidən bərqərar olunmasına xidmət etməkdir.
Şair Eldar Təbibin yaradıcılıq diapozonu olduqca geniş və rəngarəngdir. Onun “Qayğılarım, duyğularım” və “”Qalan dünya” şeirlər kitablarının hər ikisi üç hissədən ibarət olduğundan hissələri aşağıdakı kimi qruplaşdırmaq olar: “Aşıq poeziyası formasında yazdığı şeirlər”, “Klassik poeziya formasında yazdığı şeirlər” və “Sərbəst formada yazdığı şeirlər”.
Şair Eldar Təbib daxili aləmi möcüzələrlə dolu olan, özünün təbirincə desək “müəmmalı” xarakterə, fəlsəfi düşüncə və təfəkkürə malik bir İNSANDIR. Onun işıq üzü görmüş kitabları, bir-birindən maraqlı əsərləri təkcə yad nəfəsi, əli dəyməyən halal nemət, gözyaşı kimi dumduru, saf bulaq, oxuduqca könül oxşayan, qəlbə rahatlıq gətirən poetik duyğu və hisslər deyil, həm də Həkim Eldar Piriyev, şair Eldar Təbib günlərinə, aylarına və illərinə qayıtmaq, baş çəkməkdir.
Və mən də Borçalının bu qeyrətli və iradəli Oğlunun, mərd və yenilməz Kişisinin, vətənpərvər və yurdsevər İnsanın, sevən və sevilən Aşiqin, şəfalı və qayğıkeş Həkimin, əbədi və ölməz Şairin, əqidə və amal DOSTUMUN bizli-bizsiz keçirdiyi və yaşadığı anları qələmə alıb “ölümünü gözləməkdən” çəkindirəm. Və istəyirəm ki, şair Eldar Təbib Ahıl ömrünün mənasını, Aqil həyatının sirlərini, Aşiq dövrünün ölməzliyini fidan balaların, məsum körpələin Ruhuna, Qanına hopdurmaqla, Vətənə, Xalqa gərəkli nəsil yetişdirməkdə Qoca əminin ona qoyub getdiyi ƏMANƏT estafetini davam etdirsin.
P.S.
“Ənəlhəq” (düzünü deyən) şair və həkimin qocalması, xəstələnməsi və son günlərini yaşaması inanılmazdır. Sağlam və əqidəli yazıb-yaradan insanlar kimi Sizin də əlinizdən qələm, qənşərinizdən vərəqə əksik olmur. Hey yazıb yaratmağınızla qəlblərdə yaşaya-yaşaya ölməzliyə qovuşursunuz. Bu mənada Siz də qələm əhli kimi Allahın ən sevimli bəndələrindənsiniz. Növbəti kitablarınızın işıq üzü görməsini səbirsizliklə gözləyənlər var, ölməz Şair dostum.

Əlixan YƏHYAOĞLU

"ÜMİD" qəzeti, N: 07-08, 15.01.2016.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
ELDAR NƏBİYEV (1948-2009)

ELDAR NƏBİYEV (1948-2009)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
TƏBİƏT DƏ, TƏBABƏT DƏ POEZİYADIR...

TƏBİƏT DƏ, TƏBABƏT DƏ POEZİYADIR...

Səhiyyə, Bolus
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
ELDAR KİMİ YAŞADIM...

ELDAR KİMİ YAŞADIM...

Regionlar, Qərbi Azərbaycan
Eldar İSMAYIL:  AZƏRBAYCAN MƏMLƏKƏTİM

Eldar İSMAYIL: AZƏRBAYCAN MƏMLƏKƏTİM

Poeziya, Qərbi Azərbaycan
Eldar Sultanova  general-mayor rütbəsi verilib

Eldar Sultanova general-mayor rütbəsi verilib

Borçalı, Hüquq, Təbriklər
Eldar İSMAYIL: Duman tutub söz zirvəmi...

Eldar İSMAYIL: Duman tutub söz zirvəmi...

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
Eldar QULUOĞLU (1961)

Eldar QULUOĞLU (1961)

Müsabiqə, Bolus
Milli Qəhrəmanımız ELDAR AĞAYEV

Milli Qəhrəmanımız ELDAR AĞAYEV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Tiflis, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
TƏBİBİN POETİK ETÜDLƏRİ

TƏBİBİN POETİK ETÜDLƏRİ

Ədəbi tənqid
QOY AĞZINDA DİLƏ DÖNÜM...

QOY AĞZINDA DİLƏ DÖNÜM...

Regionlar, Ədəbi tənqid, Qərbi Azərbaycan

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Qərbi Azərbaycan
“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

Yeni nəşrlər

"Dədə Şəmşir! Sazın, sözün nəsillərə ərmağandır!"

QHT
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
Rəy yazın: