GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV MEDİA » "Şərqin səsi" 1 февраля 2016 843 Çox hörmətli müəllimim, tanınmış meşəçi alim,biologiya elmləri doktoru, professor Kərəm Sadıx oğlu Əsədovun fevral ayının 10-da ad günüdür.Kərəm müəllimi Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq! Tanınmış meşəçi alim, Kərəm Sadıx oğlu Əsədov 1932-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atası Sadıx Əsəd oğlu Kərimov əvvəllər yoxsul kəndli olmuş, sonralar kolxozda müxtəlif işlərdə işləmişdir. Anası Kərimova Məsimə İsgəndər qızı da kolxozçu olmuşdur. Onlar ailədə 4 qardaş , 2 bacı olmuşlar. Kərəm Əsədovun qardaşlarının hər üçü də İkinci Dünya müharibəsinə getmiş və onlardan yalnız Kərim geri qayıtmışdır. Qardaşları Müseyib və Əli isə müharibədə həlak olmuşlar. Atası Sadıx kişi1942-ci ildə vəfat etmişdir. Müharibə illəri olduğuna və atası dünyadan erkən köçdüyünə görə K.S.Əsədovun uşaqlıq illəri çox ağır keçmişdir. O hələ kiçik yaşlarından yarıac-yarıtox düzlərdə qoyun-quzu otarmış, anası ilə birlikdə kolxozda işləmişdir. Özünün dediyinə görə, hətta ayağına geyinməyə çarıx (göndən tikilmiş başmaq) belə tapmamışdır. Məhrumiyyətlərə baxmayaraq, Kərəm Əsədov məktəbdən yayınmamış və 1948-ci ildə orta məktəbi yaxşı qiymətlərlə bitirərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə qəbul olmuşdur. K.S.Əsədov 1953-cü ildə institutu bitirmiş və meşə təsərrüfatı mühəndisi ixtisasına yiyələnmişdir. O illərdə təbiəti dəyişdirmək, yeni meşə və meşə zolaqları salınması təşəbbüsü geniş vüsət almışdı.Bu təşəbbüs institutu təzəcə bitirmiş gənc meşəçilərin ürəyindən idi. Onlar bomboz çölləri yaşıl örtüyə bürümək həvəsi ilə yaşayırdılar. Ancaq yaxşı oxuduquna görə Kərəm Əsədova institutda pedaqoji fəaliyyətlə məşğul olmağı tövsiyə edirlər. O, təyinatla Quba Kənd Təsərrüfatı Texnikumunda təzəcə açılmış meşə-meliorasiya şöbəsində işə başlayır. Gənc mütəxəssisi tələbə auditoriyasına təqdim edən texnikumun direktoru, gözəl insan, unudulmaz ziyalı Bəhlul Səmədov üzünü tələbələrə tutub deyir: “Bu yaraşıqlı gənc mütəxəssisi görürsünüz, o, Gədəbəyin qoynunda böyüyüb, dağlar oğludur.Göz açıb dağları, ormanları, buz bulaqları görüb. Gözəlliyin qədrini biləndir. İnanıram ki, o, sizə canlı təbiəti sevməyi, gözəlliyin qədrini bilməyi öyrədəcəkdir”. Kərəm Əsdov Bəhlul müəllimin ümidlərini döğruldur, tələbələrin sevimlisinə çevrilir. Az vaxt ərzində texnikumda “Meşəçi “ dərnəyi yaratmış, əlavə məşğələlər təşkil etmişdir. Rayonda «Qızıl Quba” qəzetində təbiətə, onun sərvətlərinə münasibətlə bağlı maraqlı yazılarla çıxış etmişdir. Quba Kənd Təsərrüfatı Texnikumunun meşəçilik şöbəsi bağlandıqdan sonra Kərəm müəllim 1956-ci ildə Gədəbəy meşə təsərrüfatında meşə mühafizəsi üzrə inspektor vəzifəsinə təyin edilir. O,1964-ci ildə Bərdədə Azərb. ETMTİ-nin elanına əsasən aspiranturaya qəbul olunur və aspirantura hazırlığı keçmək üçün Xarkov şəhərinə ezam edilir. Profes.D.B.Vorobyovun rəhbərliyi altında 1964-cü ildə “ Kicik Qafqazın şimal makroyamacının meşə tipləri ” mövzüsunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün elmi iş üzərində tədqiqat işi aparmağa başlayır. 1966-ci ildə elmi işini başa vurub müvəffəqiyyətlə müdafiyə edir və kənd təsərrüfatı elmləri namizədi adına layiq görülür. Xarkovda aspiranturanı bitirdikdən sonra Bərdəyə, doğma institutuna qayıdır. 1967--1972-ci ilə kimi Azərb.ETMTİ-də dağ meşə meliorasiyası şöbəsində müdir işləyir. İnstitutda işlədiyi müddətdə Şuşada, Şamaxı meşə təsərrüfatında, Ağsu aşrımında terraslar düzəltməklə torpaq eroziyasına qarşı meşələr salınması layihəsini vermiş və işin icrasında bilavasitə iştirak etmişdir.Onun zəhməti bu gün də nəğməkar quşları özünə cəlb edən, əsrarəngiz gözəlliyə malik olan meşələrə çevrilmişdir. Kərəm müəllim 1969--1971-ci illərdə elmi axtarışlardan ayrılmadan Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsində dərs demişdir. 1972-ci ilin fevral ayında Gədəbəy rayonunda Səməd Vurğun adına kolxoza sədr seçilmişdir. 1972-ci ilin oktyabr ayında müsabiqə yolu ilə Azərb.EA Botanika institunun meşəşunaslıq şöbəsində baş elmi işçi vəzifəsini tutmuşdur. 1972--1989-cu illərdə şöbənin mövzu planına uyğun tədqiqat işləri ilə yanaşı, həm də doktorluq dissertasiyası üzərində gərgin axtarışlar aparmışdır. 1989--2000-ci ildə Azərbaycan Meşə Təsərrüfatı Birliyində,2000--2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmişdir. 2007-ci ildən isə AMEA Mərkəzi Nəbatat Bağında aparıcı elmi işçi kimi fəaliyyətə başlamışdır. Kərəm müəllimin 1989-cu ildə dondurulmuş doktorluq işinə yoldaşlarının, xüsusilə bağın direktoru O.V.İbadlının təkidi və köməyi ilə yenidən baxılmış və 2011-ci ilin aprel ayında Kərəm müəllim müdafiə edərək, biologiya elmləri doktoru alimlk dərəcəsinə layiq görülmüşdür. Kərəm müəllim bir çox elmi əsərin və monoqrafyaların müəllifidir.Tanınmış meşəçi alim Kərəm Əsədov hazırda AMEA Mərkəzi Nəbatat Bağında böyük elmi işçi vəzifəsində çalışır, həm də, Bakı Dövlət Universitetində Meşə Ekologiyası fənnindən dərs deyir. Kərəm müəllim haqqında ətraflı məlumat almaq üçün Ə.N.Vəliyevin yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabına müraciət edə bilərsiniz. Əlləz Ormeşənli, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Şərqin səsi“ qəzetinin şöbə müdiri. 01.02. 2016-cı il.REDAKSİYADAN: Təəssüflər olsun ki, bu məqalə yazılandan bir il sonra - 2017-ci il yanvarın 3-də Kərəm Sadiq oğlu Əsədov vəfat etmişdir.Allah rəhmət eləsin...ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.