MUSİQİYLƏ YAŞANAN ÖMÜR MEDİA » "Elm və Təhsil" 19 мая 2020 Dahilərdən kimsə demişdir: “Musiqi insan həyatının qidasıdır”. Doğrudan da musiqinin insan həyatında müəyyən rolu vardır. Qəlbimizin dərinliklərinə işləyən hər hansı mahnı, illər keçsə də unudulmur, yaddan çıxmır. Çünki, xoş bir musiqi insanın hansısa xatirələrini yada salır, insanı bəzən sevindirir, bəzən də kədərləndirir. Bəlkə də elə ona görə illərlə musiqi ilə məşğul olan sənət fədailəri “musiqisiz həyatımızı təssəvvür etmirik” sözlərini heç də sözgəlişi deməyiblər.Azərbaycan xalqının musiqi mədəniyyətinin uzun bir tarixi yolu olduğunu bilirik. Məlumdur ki, mədəniyyətin əsas qollarından hesab edilən musiqimiz çoxəsrlik inkişaf yolu keçərək bu günümüzə gəlib çatmışdır.Ümummilli lider Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.Azərbaycan musiqisi təkcə incəsənət əsəri deyildir. O həm də Azərbaycan mədəniyyətinin ən çox inkişaf etmiş, ayrılmaz hissəsidir. Bu musiqilər Azərbaycan milli folklorunu təmsil edən xalq tərəfindən və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır.Azərbaycanın dahi bəstəkarı, dünyaşöhrətli Üzeyir Hacıbəyovun anadan olduğu 18 sentyabr gününü “Milli Musiqi Günü” kimi qeyd olunması üçün ümummilli lider Heydər Əliyev tərəfindən fərman imzalamış, həmin tarixdən etibarən sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd edilir. Əvəzolunmaz Üzeyir bəyin Azərbaycan mədəniyyəti üçün verdiyi töhfələr ölçüyəgəlməzdir. Bu fərmanın imzalanması bir daha Üzeyir bəyin simasında Azərbaycan xalqının musiqiyə olan məhəbbətini göstərdi.Bu gün haqqında söhbət açacağımız şəxs bütün həyatını musiqiyə bağlayan, gözəl tar ifaçısı, onlarla yetirməsi olan, Ü.Hacıbəyov musiqisindən bəhrələnən, muğamlarımızın, aşıq havalarımızın sədaları altında ömrünü musiqiyə bağlayan, bir çox mahnıların müəllifi Elçin Atayevdir. Elçin Atayevin keçdiyi həyat yoluna nəzər salaq:Elçin Soltan oğlu Atayev Tərtərdə rayonunda doğulub, 1977-ci ildə orta məktəbin birinci sinfinə gedib və 1980-ci ildə isə musiqi məktəbinin tar ixtisası üzrə birinci sinfinə qəbul edilib. O, 1985-ci ildə orta ixtisas musiqi təhsilini Ağdam şəhərindəki Üzeyir Hacıbəyov adına musiqi texnikumunda(indi kollec adlanır)almışdır. Daha sonra isə, yəni 1989-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali musiqi ixtisasına yiyələnmşdir. Elçin Atayev, konservatoriyanı bitirən vaxt musiqi ocağı artıq akademiya statusunu almışdır, Elçin Atayevin də diplomu məhz Milli Musiqi Akademiyası diplomu ilə təsdiqlənmişdi.Bütün bunları yazmaqda məqsədim Elçin müəllimin musiqiyə olan həvəsinin, musiqi təhsili almasının, musiqiyə bağlılığından irəli gəldiyini nəzərinizə çatdırmaqdır.Azərbaycan musiqi alətləri içərisində tar aləti istər görünüş cəhətdən, istərsə də səs cəhətdən xüsusi çəkiyə malik olan musiqi alətidir. Bu musiqi alətini dinləyərkən, sanki simlər insanla danışır, onun xəyalını çəkib sirli bir dünyaya aparır. Mən tarı dinlədikdə onun simlərinin könül oxşayan səsində incəliklə bərabər, bir hökmranlıq, qətiyyət, çağırış, haray olduğunu duyuram. Bütün bunları düşündükcə Elçin müəllimin niyə məhz tarı sevdiyini hardasa başa düşürəm. Kiçik yaşlarından bu musiqi alətinə marağı olan Elçin müəllimin qəlbində coşub-daşan arzusu nəhayət ki, reallaşdı.Bilirik ki, Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı UNESCO-nun Bəşəriyyətin Qeyri maddi-mədəni irs üzrə Repreztativ siyahısına daxil edilmişdir.Elçin Atayevin musiqi ilə baglı çoxlu xatirələri vardır. Bu xatirələrin çoxu onun lap gənclik illərinə təsadüf edir.Elçin Atayev, mənfur düşmənlərimiz torpaqlarımızı hələ işğal etməzdən əvvəl, yəni, 1985-1989-cu illərdə nəinki, Azərbaycanda, eləcə də ölkəmizdən kənarda ürəkləri fəth edən “Qarabağ bülbülləri” ansamblının üzvü olmuş, elə ilk konserti də “Qarabag bülbülləri” ansamblı ilə olmuşdur. O, musiqi aləminə təsadüfən gəlməyib, demək olar ki, əsl musiqiçi ailəsində böyüyüb. Atası mərhum Soltan Atayev iyirmi beş il Tərtərdə musiqi məktəbinin direktoru olmaqla bərabər, həm də gözəl xanəndə olmuşdur. Ailədə dörd uşaq olsalar da, atasının yolunu yalnız Elçin müəllim davam etdirmişdir. Onun sözlərinə görə atası oğlunu başqa peşə sahibi kimi görmək istəsə də, Elçin müəllim musiqi yolunu seçir. Hətta, dediyinə görə atası onu məktəbə göndərəndə çox vaxt özünü yalandan xəstəliyə vururmuş ki, dərsə getməsin, qiymətləri aşağı düşsün və o atasının məsləhət bildiyi heç bir ali məktəbə qəbul oluna bilməsin. Çünki, elə uşaq vaxtından onun ürəyində musiqiçi olmaq arzusu baş qaldırmışdı. O nə olursa olsun bu yolu getməyi qarşısına məqsəd qoymuşdu. Bir reallıq da var ki, əksər insanlar çox zaman arzuladıqları məqsədlərinə tam olaraq çata bilmirlər. Amma, arzu ilə yaşayan insan üçün qismən də olsa reallaşan məqsədin özü də bir uğurdur. Bu gün demək olar ki, Elçin müəllimin arzusu öz yerini tapıbdır. Elçin müəllim onlarla ürəkləri oxşayan, könülləri duyğulandıran mahnıların, musiqilərin müəllifi kimi tanınır.O, bir müddət Ağdam musiqi texnikumunda müəllim işlədikdən sonra, Tərtər musiqi məktəbində də beş il direktor vəzifəsində çalışıb. Daha sonra isə Bakıya gələrək, 2006-cı ildən ta bu günə qədər Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbində tar ixtisası üzrə müəllim işləyir. Elçin Atayev musiqi məktəbində müəllim işləməklə yanaşı, həm də İncəsənət Universitetində də saat hesabı ilə səkkiz il tar ixtisasından dərs deyibdir. Elçin müəllim ailəlidir. İki oğlu var. Məlumdur ki, əksər hallarda musiqiçi ailəsində böyüyən uşaqlarda musiqiyə meyillilik olur. Elə bu səbəbdən də Elçin müəllimin böyük oğlu Ağarza fizika-riyaziyyata meyilli olsa da, kiçik oğlu Yusif atasının yolunu davam etdirmək arzusundadır. Doğrudur, o da simli musiqi aləti ilə məşğul olmağa başlayıb, lakin atasından fərqli olaraq Avropa musiqi aləti olan skripkaya həvəslidir. Elçin müəllim, Yusifin hətta kiçik musiqilər uydurduğunu da qeyd etdi. Yaşının az olmasına baxmayaraq,Yusifin maraqlı fantaziyaları vardır. Bu bacarığı artıq musiqi müəllimlərinin diqqətini cəlb edir. Yəqin ki, yaxın gələcəkdə biz Yusifin də istedadını görə biləcəyik.Elçin Atayevin bu gün musiqilərimizi, xalq mahnılarımızı istər xanəndə olsun, istər müğənni, istər bəstəkar olsun, istər hər hansı musiqi ifaçısı, bərbad hala salan bəzi dırnaq arası musiqiçilərə öz iradını bildirir. O, improvizə adı altında mahnıları demək olar ki, darmadağın edənlərə qarşı tənqidi fikrini bildirməkdən çəkinməyir.Bu gün internet portalları, onlarla saytlar insanların həyat tərzinə çevrilmişdi. Artıq insanların əksər hissəsi günün çoxunu sosial şəbəkələrdə olmaqla keçirir. Elçin müəllimi artıq sosial şəbəkə istifadəçiləri yuxarıda qeyd olunduğu kimi, musiqimizi korlayanlara qarşı etdiyi çıxışlarından yaxşı tanıyırlar. Bu narazılıq təbii ki, Vətənini sevən, torpağına bağlı olan, onun milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, mədəni irsimisin qorunmasına çalışan vətən oğlunun qəlbinin harayıdır.Məlum hadisədir ki, 2020-ci ilin gəlişi sanki özü ilə dünyaya bir Koronavirus adlanan pandemiya bəlası ilə ayaq açdı. Bir çox ölkələr kimi bu pandemiya Azərbaycandan da yan keçmədi.Cənab Prezident İlham Əliyevin, pandemiya ilə mübarizədə həkimlərimizin gecə-gündüz çəkdikləri gərgin zəhmətini və əziyyətini dəyərləndirilməsi insanlar tərəfindən çox gözəl qarşılandı. Həqiqətən əksər xəstəxana və klinikalarda çalışan həkimlər öz həyatlarını riskə ataraq, pandemiyaya yoluxmuş xəstələrə xidmət göstəriridilər. Onların bu fədakarlıqlarını görən incəsənət adamları da kənarda qala bilməzdilər. Hər kəs özünəməxsus şəkildə onların işini qiymətləndirdi. Şairlər şeirlə, bəstəkarlar musiqi ilə, müğənnilər mahnı ilə həkimlərimizi ruhlandırdılar. Elçin Atayev də bu missiyanı yerinə yetirənlərin sırasında oldu. O, sözləri şair-publisist Pərixanım Mikayılqızına aid olan “Həkimlər” şeirinə gözəl bir musiqi yazaraq, fədakar həkimlərimizə ərməgan etdi. Mahnı həm Elçin müəllimin çalışdığı Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin müəllim kollektivinin, həm də Xocavənd Rayon Tuğ kənd musiqi məktəbinin müəllimlərinin ifasında dinlənilərək, çox sevildi. Həzin, lirik notlar üstündə bəstələnmiş bu musiqi az zaman içərisində insanların ürəyinə yol tapa bildi. Biz, böyük həvəs və səbrlə sevərək musiqi aləmində, ömür yaşayan bəstəkar-müəllim Elçin Atayevə yaradıcılıq ugurları arzulayırıq. Arzumuz budur ki, Elçin müəllimin bəstələrinin sədası daha uzaq ellərdən gəlsin. Daim yazıb, yaradsın. Bu gün isə çox populyarlıq qazanmış “Həkimlər” mahnısının sözlərindən bir hissəni sizlərə təqdim edirik.Şərəfli peşənin sahiblərisiz,Bizim ümidimiz gözəl həkimlər.Hər kəsin ilk andan kömək yerisiz,Ey gözəl həkimlər, gözəl həkimlər.Pərixanım Mikayılqızı,AJB-nin üzvü, şair-publisit, tədqiqatçıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.