"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM" Mədəniyyət, "Elm və Təhsil" 4 октября 2021 Deyirlər əsl istedad insanda anadan olanda onunla birlikdə doğulur. Bu cür insanlar hər zaman xalqın sevimlisi olublar. Çünki istedadları ilə özlərini xalqa, tamaşaçıya sevdirməyi bacarıblar. İsmayılov Şahin Mehbalı oğlu da özünü dinləyicisinə sevdirməyi bacaran istedadlı müğənnilərdəndir. Şahinin gələcəkdə müğənni olacağı bəlkə də ailədə heç kimin ağlına gəlməzdi. “Ailənizdə sizdən başqa müğənni varmı?- sualına “ailəmizdə mən yeganə müğənniyəm” cavabını verən Şahin müəllim bu həvəsinin ona rəhmətlik anansından keçdiyini qeyd etməyi də unutmadı. Hələ kiçik yaşlarından musiqiyə böyük marağı olan Şahinin ilk müəllimi anası olub desək yanılmarıq. Bunu bir qədər sonra izah edəcəyik. Bir çox dahilər olmuşdur ki, musiqi haqqında gözəl sözlər söyləmiş, hətta musiqini insanın tanrı ilə arasında yaranmış olduğu ünsiyyət vasitəsi də adlandırmışdırlar. Təbii ki, söhbət əsl müsiqidən və onu hiss edərək dinləyiciyə çatdıra bilən müğənnilərdən gedir. Professor Səlahəddin Xəlilov (Əbu Turxan) çox haqlı olaraq sənət haqqındakı aforizmlərində qeyd etmişdir: “Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edirlər”. Doğrudan da sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranır. Şahin İsmayılov da məhz belə sənət incisi yaradanlardandır. O qəlbi ilə musiqini həm başa düşür, həm də hiss edir. Bu istedad isə hər müğənniyə nəsib olmur. Oxucularımıza istedadlı müğənni Şahin İsmayılovu daha yaxından tanıdaq. İsmayılov Şahin Mehbalı oğlu 1964-cü ilin isti yay günlərinin birində, yəni səkkiz avqust tarixində Goranboy rayonunun Xoylu kəndində çoxuşaqalı, böyük bir ailədə dünyaya gəlmişdir. 1971-1981-ci illərdə Xoylu kənd orta məktəbini bitirmiş bu istedadlı gənc, elə məktəb illərində öz istedadını göstərməyi bacara bilmişdir. Belə ki, məktəb illərində beş il ardıcıl olaraq, Goranboy rayonunda musiqi üzrə musiqi festivallarında iştirak etmiş və hər dəfə də münsifləri təəccübləndirməyi bacarmışdır. Sonra isə Şahin İsmayılov 1982-ci ildə peşə məktəbləri arasında respublika üzrə festival-müsabiqədə birinci yerə layiq görülür. İstedadlı müğənni öz təhsilini musiqi üzrə davam etdirməyi, Azərbaycan mədəniyyətinə layiqli töhfələrini verməyi düşünürdü. O vaxt Mədəniyyət və İncəsənət Universitetinin rektoru olmuş, məşhur “Lalələr” mahnısının müəllifi Aslan Aslanov Şahin İsmayılovun səsini, istedadını bəyənərək onu bu universitetə daxil olmağa həvəsləndirir. Bu həvəslə də o, 1982-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirir.Şahin İsmayılov, 1988-ci ildə Azərbaycan Respublikası üzrə indiki Heydər Əliyev adına sarayda keçirilən “İstedadlar axtarırıq-88” müsabiqəsinin laueratı seçilir. Ən çox retro mahnılarına üstünlük verən müğənninin hal-hazırda Dövlət radiosunun Qızıl Fondunda 40-a yaxın mahnıları qorunub saxlanılmaqdadır. Müğənni Azərbaycan bəstəkarlarından başqa xarici bəstəkarların mahnılarına müraciət etsə də ən çox Azərbaycan xalq mahnılarını, romansları sevdiyini söyləyir. Bu da təbidir, çünki Azərbaycanda doğularaq, boya-başa çatmış müğənninin eşitdiyi ən çox ana dilimizdə olan mahnılar olmuşdur. Müğənni:“bu mahnıları hələ mən kiçik olarkən anamın evdə iş görərək zümzümə etdiyi mahnılardan eşitmiş, mənimsəmiş və anamın laylası ilə birlikdə canıma, qanıma köçürmüşəm” deyir.Dəfələrlə dövlət tədbirlərinə dəvət alan müğənni, maraqlı, yaddaqalan çıxışlarından da söz açır. O, 2007-ci ildə Azərbaycanın tanınmış dövlət xadimi Əziz Əliyevin 110-illik yubileyi münasibəti ilə M.F.Axundov adına “Opera və Balet” teatrında çıxış etməsini də nəzərimizə çatdırdı. Şahin İsmayılov, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İlhamla İrəli” seçki marafonunda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin xətti ilə Göyçay, Ağdam, Ağcabədi, Zaqatala və başqa rayonlarda təşkil olunmuş konsertlərdə iştirak etmişdir. Mədəniyyət Nazirliyinin demək olar ki, bütün tədbirlərinə dəvət alan Şahin İsmayılov yüksək, tenor səsə malik müğənnidir. Bu yaxınlarda tədbirlərin birində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ilə görüşən müğənni, hörmətli millət vəkilinin onun səsinə, əməyinə dəyər verdiyini dedi. Şahin müəllim onu da qeyd etdi ki, Qənirə xanım bu görüşdə gözəl ürək sözləri ilə onun oxuduğu mahnıları, səsini dəyərləndirərək, müğənniyə Qarabağ motivi olan xatirə hədiyyəsi təqdim etmişdir. Dinləyicilər tərəfindən sevilən müğənninin hələ fəxri adı olmasa da onu sevənlərin çoxluğu müğənniyə qürurverici hisslər yaşadır. Şahin İsmayılov əsl sənətdən, yaradıcılığıqdan danışmağa haqqı olan müğənnilərdəndir. O təkcə səsi ilə deyil, eyni zamanda mədəniyyəti, qabiliyyəti, səmimiyyəti, ciddiyyəti ilə də tamaşaçı və dinləyici rəğbətini qazana bilmişdir. Onu möhtəşəm səsli müğənni də adlandırırlar. Musiqiçilər arasında bəzən ona bala Rəşid və yaxud Enriko Karuzo deyənlər də olur. Şahin müəllim isə öz növbəsində əsl sənətə qiymət verməyi bacaranlara zövqlü dinləyiçilər deyir. Həqiqətən yüksək səs tempri olan müğənni həm də çox vətənpərvərdir. Onun repertuarına nəzər saldıqda xalq mahnıları ilə yanaşı çoxlu sayda vətən haqqında mahnılar oxuduğunu da görmək olur. Milli dəyərlərimizə bu qədər məhəbbəti olan müğənni öz sevgisini, ruhunu bu mahnılarda tapımış olur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasətini dəstəkləyən müğənni, tez-tez döyüş bölgələrində olur, hərbi hissələrdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə təşkil edilmiş konsert proqramlarında əsgər və zabitlər qarşısında çıxışlar edir. Bu iş bu gün də davam etməkdədir. Əsgər və zabitlər qarşısında çıxış edən müğənni bundan xüsusi zövq aldığını söyləyir. Yorulmaq bilmədən çalışan Şahin İsmayılova biz də öz adımızdan yaradıcılıq uğurları arzulayırıq. Yəqin ki, tezliklə Mədəniyyət Nazirliyi müğənninin layiq olduğu qiymətini verəcək və onu respublikanın fəxri adı ilə mükafatlandıracaqdır. Biz də Azərbaycan oxucusu və tamaşaçısı olaraq bu sevinc xəbərini səbirsizliklə gözləyirik. PƏRİXANIM MİKAYILQIZI,“Elm və Təhsil” qəzetinin Baş redaktoru, AJB-nin üzvü, şair-publisist, F.b.Köçərlinin araşdırmaçısı, “Xarı Bülbül” və bir çox mükafatlar laueratı ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.