Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ BORÇALI SEVDALI ŞƏRƏFLİ ALİM - PROFESSOR MƏDƏD ÇOBANOV Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 30 декабря 2023 2789 100 1 2 3 4 5 Mən, mərhum Mədəd müəllimi düz əlli il bundan əvvəl, hələ A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda tələbə olan vaxtlarımdan tanıyıram. Onun haqqında xatirələrimi də elə tələbə olan vaxtlarımdan başlamaq istəyirəm.Mədəd müəllim bizə ikinci kursun birinci semestrində dialektologiyadan mühazirə oxumağa başladı. O, həddən artıq çox tələbkar bir müəllim idi. Qoşa saatın (90 dəqiqəlik 45+45) bir dəqiqəsini belə boşa buraxmazdı. Adətən mühazirələr arası fasilədən sonra zəng ona görə çalınırdı ki, tələbələr və müəllimlər auditoriyaya daxil olsun; yəni əvvəlcə tələbələr içəri girir, sonra da mühazirə oxuyan müəllim. O, yeganə müəllim idi ki, zəng çalınanda artıq auditoriyanın qapısının ağzında olardı.Bütün dərs boyu başını qaldırmadan mühazirə yazdırırdı. Bu cür çox mühazirə yazdırmağı bizi yorsa da, semestrin sonunda imtahan vaxtı onun xeyirini çox görürdük. Çünki o, vaxtlar Tiflisdəki kitabxana və kitab mağazalarında ali məktəb dərslikləri və əlavə ədəbiyyat çox çətin tapılırdı.Tələbkarlığı da çox fərqli idi onun; tələbələrin mühazirə dəftərlərinə də baxardı ki, görsün kim nə qədər və necə yazıb. İlk dəfə semestr imtahanı verən tələbələr ondan çox qorxurdular ki, aşağı qiymət alar və ya kəsilə bilərlər. Ancaq bu qədər ciddi və tələbkar olan Mədəd müəllimin ürəyi çox yumşaq idi. O, yaxşı bilirdi ki, kəsilən və ya aşağı qiymət alan tələbəyə təqaüd verilmirdi. Həmin dönəmlərə tələbələrə verilən təqaüd çox böyük önəm daşıyırdı. Bu ali məktəbdə oxuyan çox az sayda tələbənin təxminən 98 faizi kəndlərdən gələn gənclər idi. Onların da hamısı dövlət tərəfindən verilmiş tələbə yataqxanasında ödənişsiz qalırdı. Vaxtı olanda o, tələbə yataqxanasına da gələr, tələbələrlə görüşüb onlarla görüşüb söhbətlər edər, tələbələrin institutu bitirəndən sonra da elmə həvəsləndirərdi. Elə şəxsən mən özümü də Tələbə Elmi Cəmiyyətinə cəlb edən elə Mədəd müəllim oldu. İlk dəfə bu cəmiyyətdə mənə verilən mövzunun elmi rəhbəri də özü oldu. Ali məktəb həyatı başa vurandan sonra Mədəd müəllim dərs dediyi tələbələrin çoxu ilə tez-tez görüşürdü. Ona görə ki, bu institutun məzunlarının çoxu Borçalıdan idi və onların əksəriyyətidə burada qalıb işləyirdi. İstər elmi tədbirlər olsun, istərsə də buradakı məktəblərdə olsun, Mədəd müəllimin onlarla görüşü çox səmimi olurdu. Sanki onlar müəllim - tələbə yox, yaxın dost, yaxın yoldaş, yaxın qohum idilər. O, iyirmi ildən artıq özünün də təhsil aldığı A.S.Puşkin adına TDPİ-də çalışdı. Sovetlər dönəmində Gürcüstandakı bütün ali məktəblərdən yalnız birində TDPİ-də Azərbaycan dilində tək bir fakultə - filologiya (o, da zaman, zaman tarix-filologiya, bəzən ibtidai-təhsil pedaqogikası və metodika kimi fəaliyyət göstərirdi) mövcud idi.Həmin fakultə bu institutda təxminən 50 ilə yaxın fəaliyyət göstərdi. Sovetlər birliyi dağılandan sonra, onun da fəaliyyətini dayandırdılar.Bu fakultəyə bəzi illər 15 (on beş) nəfər, bəzi illərdə 20 nəfər tələbə qəbul olunurdu ki, o, da beş kursda cəmi-cümlətəni 70-80 nəfər təhsil ala bilirdi.Mədəd müəllim çalışdığı illər ərzində tələbələrə mühazirə oxumaqla yanaşı, onlara yaşadıqları bölgənin dialekt və şivələrini topladırdı.Kimlər gələcəkdə elm arxasınca gedirdisə, onlara topladıqları materiallar üzrə, tələbə elmi cəmiyyətinin də mövzular hazırlatdırırdı.Burada dərs deyən professor-müəllim heyətinin çoxu başqa yerlərdən olduğu üçün, Borçalı ilə onları dərsdən başqa heç nə maraqlandırmırdı.Ancaq Mədəd müəllim tam fərqli idi. O, təkcə Borçalının dialekt və şivələri deyil, eyni zamanda, buranın tarixi, etnoqrafiyası, mədəniyyəti, incəsənəti və s. ilə də çox ilgilənir, zaman-zaman dövrü mətbuatda elmi məqalələrlə çıxış edirdi. O, tez -tez Azərbaycanda, Orta Asiya Respublikalarında, Rusiyanın türklər yaşayan vilayətlərində (ən çox da Tatarstan, Başqırdistan və s.) təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak və çıxış edirdi. Onun türkalogiya ilə bağlı iştirak etdiyi həmin beynəlxalq elmi konfransdakı çıxışları (konfransı təşkil edən elm ocağının elmi əsərlərindən (tam mətni) çap olunurdu. Sovetlər dönəmində bəzi xarici ölkələrdə Türkalogiya üzrə keçirilən beynəlxalq konfranslara dəvət olunsa da, ancaq onu həmin konfransda iştirak etməyə icazə vermirdilər. Bu məlum məsələlər Sovetlər birliyi dağılanadək davam etdi.Mədəd müəllim TDPİ-də çalışdığı illərdə fakultənin (Azərbaycan dili və ədəbiyyatı) maraqları (ən çox da milli maraqları) uğrunda ciddi mübarizə aparırdı. Sovetlər birliyinin son illərində (bu fakultənin bağlanması ərəfələrində) institutda çalışan bəzi üzdən iraq millətçi həmkarları ilə tez-tez ciddi mübahisələri olurdu. Bu fədakar elm adamı, vətənpərvər insan heç nədən çəkinmədən, heç kimdən qorxmadan, həqiqəti deməkdən bir an belə geri durmurdu. O, sözünü yerində deməyi, həqiqəti ortaya qoymağı bacaran bir alim idi. Dediklərinin hamısını da lazım gələndə elmi dəlillərlə sübut edir. Qarşısındakını susdura bilirdi.Gecə-gündüz elmi yazılarından bir an belə ayrılmayan Mədəd müəllim, həmin ağır illərdə soydaşlarının üzləşdiyi ciddi problemlərlə ciddi məşğul olur, vaxt tapıb lazımı yerlərə ayaq döyərək haqqı tələb etməyi bacarırdı.Zaman elə gətirdi ki, o, Tiflisdəki yaşadığı məhəlli evini də buraxıb Bakıya getmək məcburiyyətində qaldı. Mədəd Çobanov hələ Gürcüstanda yaşadığı və işlədiyi illərdən Azərbaycan dilçilik elmində çox yaxşı tanınan bir elm adamı, filologiya elmləri doktoru, professor idi. Ona görə də Bakıya köçən kimi işləmək üçün bir neçə ali məktəbdən dəvət aldı. Yəni o, yenə öz pedaqoji fəaliyyətini Bakıda da davam etdirməyə başladı. Əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonra Azərbaycan Elitar Universitetində rektor, Şimal Universitetində kafedra müdiri, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidən-hazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı vəzifələrində işlədi. Daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin – Ali Hərbi Dənizçilik Məktəbinin (indiki Milli Müdafiə Universiteti, Hərbi Dənizçilik İnstitutunun) “Dillər” kafedrasının müdiri seçildi. Təqaüdə çıxana kimi həmin kafedranın müdiri oldu. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Unuversitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxudu. Təqaüdə çıxdıqdan sonra isə Azərbaycan Təhsil Problemləri İnstitutunda elmi tədqiqat işlərini davam etdirdi.Bakı həyatı Mədəd Namaz oğlunun yaradıcılığına daha güclü təkan verdi. Uzun illər üzərində işlədiyi əsərləri ali məktəblər üçün dərslikləri və proqramları, eləcə də onlarla monoqrafiyaları ardıcıl olaraq işıq üzü görməyə başladı. Professor Mədəd Çobanovun ən böyük xidmətlərindən biri Borçalı şivələri, Borçalı onomastikası, xüsusilə də, Borçalı toponimkası ilə bağlı yazdığı elmi məqalə və kitablarıdır. O, Bakıda yaşayıb, işləsə də doğma Borçalını heç vaxt yaddan çıxartmır, doğma ata yurdu onun üçün hər şeydən öndə durub. Tez-tez böyüyüb boya-başa çatdığı doğma Borçalısı üçün çox darıxır, vaxt tapan kimi özünü tez doğma el-obasına çatdırırdı. O, Borçalıya gələndə heç vaxt əli boş gəlməzdi. Təzə çap olunmuş kitablarından bir neçə nüsxə gətirər və bir-bir lazım elm ocaqlarına, ziyalılara şəxsən özü öz imzası ilə çatdırırdı. Onun yubileylərinin həmişə əvvəlcə doğma Borçalısında dəyərli ziyalıların iştirakı ilə keçirilməsi məhz bizim üçün çox qürur verici idi. O, bir Borçalı sevdalısı idi.Son zamanlar Bakıda onun adına yaradılmış "Xeyriyyə fondu" da Borçalılar üçün çox böyük işlər görür. Hər il bir neçə orta məktəbdə şagirdlərə dərs ləvazimatları, kitablar hədiyyə edilir. Bakıda və Tiflisdə ali təhsil alan əslən Borçalıdan olan on nəfər əlaçı tələbəyə və on nəfər əlaçı şagirdə professor Mədəd Çobanovun adına təsis olunmuş təqaüdlər verilir.Bakıda bir çox elm adamı və digər çoxlu qələm əhlinin kitablarının çapı fond tərəfindən işıq üzü görür. Bu imkandan ən çox Borçalı əsilli olanlar faydalanır.Övladları da ali təhsili Bakıda başa vurdular. Doğrudur, oğlu Müşfiq də TDPİ-də oxuyurdu, ancaq o, da ali təhsili Bakıda tamamladı. Övladları da ali təhsil alandan sonra atalarının yolu ilə elm dalınca getdilər. Onlar da alim oldular, onlar da ataları kimi çoxlu məqalələr, kitablar müəllifi oldular.Yuxarıda da qeyd etdiyimiz kimi professor Mədəd Çobanovun elmi fəaliyyəti Bakıda daha da genişləndi. Hər il Bakıda çox dəyərli bir, bəzən də iki və ya üç kitabı çap olundu. Azərbaycan dilçilik elminə çox böyük töhfələr verdi. Nüfuzlu bir elm xadimi kimi bir çox beynəlxalq elmi konfranslara rəhbərlik etdi. Nəinki, Azərbaycanda, Qafqazda, eləcə də, Orta Asiyada və bütün Turan dünyasında görkəmli dilçi-alim, türkoloq kimi tanındı. “Türk ədəbi dillərinin birliyinə doğru” adlı kitabı təkrar-təkrar çap olundu. Türk Dili Kurumun üzvü seçildi. Ədəbi əlaqələr sahəsində apardığı tədqiqat işlərinə görə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki adına layiq görüldü. Bir neşə dəfə orden, medal, fəxri fərman və fəxri diplomlarla təltif olundu.Bir sözlə, professor Mədəd Çobanov şərəflə yaşadı, şərəflə elmi-pedaqoji və ictimai fəaliyyət göstərdi. Nə yazdı, nə yaratdısa, hamısını şərəflə etdi. Onun şərəfli həyat və fəaliyyətinə nəzər salsaq, görərik ki, Mədəd müəllimin şərəfli ömrünün bütün hamısı ancaq və ancaq Borçalıya, Azərbaycana, Turana, elmə və təhsilə həsr olunub. Elə ona görə də, dəyərli ustadımız – sevimli müəllimimiz professor Mədəd Çobanovu həmişə haqqlı olaraq, sözün əsl mənasında, Borçalı sevdalı şərəfli elm fədaisi adlandırırq və bundan sonra da, həmişə, onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edəcəyik... Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..Mahmud KAMALOĞLU,professor ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.