Sirəcəddin Əfəndiyev (1894-1944)

Sirəcəddin Əfəndiyev (1894-1944) O, Borçalıda təhsilin, mədəniyyətin inkişafında
önəmli rol oynayıb


1937-ci ildən başlayaraq bir neçə il ərzində Borcalı böyük faciə-represiya ilə qarşılaşdı. İnsanların "əksinqilabçı", "trotskiçi", "casus", "millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət idi. Bu siyasət Borçalının intellekt potensialına sarsıdıcı zərbə vurdu. Otuzuncu illərdə Borçalıda və Gürcüstanın azərbaycanlılar yaşayan digər bölgələrində məsul vəzifəldərdə çalışan əməkdar müəllim Şərif Sultanov sonralar öz xatirələrində yazırdı: «Mübağiləsiz deyə bilərəm ki, otuz-otuz yeddinci illərin faciəsi
30 mindən çox Gürcüstan azərbaycanlılarının tələfatına səbəb oldu: həbslər, sürgünlər, qətllər, bundan başqa, minlərlə xarici və qonşu respublikalara qaçanlar…».


Sirəcəddin Əfəndiyev (1894-1944) Represiyanın qurbanı olan ziyalılardan biri də Sirəcəddin Əfəndiyev idi.
Sirəcəddin Əfəndiyev 1894-cü ildə Borcalı qazısı Yusif Əfəndi Allahyarzadənin ailəsində anadan olub.
O, 1905-ci ildən 1911-ci ilədək Tiflisdə Öməriyyə məktəbində oxuyub, tam kursu başa vurub.
1916-cı ildə isə Qori seminariyasını tamamlayaraq müəllim hüququ qazanıb.
Onun müəllimlik vəsiqəsini direktor O.Simirnov, inspektor İ. Andrionov, ilahiyyat müəllimləri F. Köçərli, D.Əfəndiyev, müəllim A.Muxtarov imzalayıb.


Sirəcəddin Əfəndiyev seminariyanı bitirdikdən sonra Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərlik etdiyi idarədə işləyib.

Həmin dövrdə, 1917-ci ildə Borçalıda narahatçılıq doğuran problemlərdən biri milli məsələ idi. Bu mürəkkəb dövrdə milli münasibətlərin kəskinləşməsi ilə bağlı Mehriban Abbasova "XX əsrin əvvəllərində Borcalı torpaqları ətrafında və daxilində yaranmış vəziyyət" məqaləsində və Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Şurəddin Məmmədli "Paralanmış Borçalı..." kitabında yazır:

"1917-də Qafqazda zemstvo (yerli) yönətim üsulunun tətbiqiylə ilgili yenidən sərhəd bölgüsü məsələsi qaldırıldı. Borçalı zonasında yaşayan ermənilər öz milli şurasına söykənərək yenidən Borçalı torpaqlarının bölüşdürülmək niyətinə düşdülər. Yəni Lori sahəsinin və Borçalı qəzasının bir sıra torpaqlarını Aleksandropol (Gümrü) quberniyasına birləşdirilməsi haqqında tələblər irəli sürdülər. Həmin ilin payızında Borçalı qəza komissarı, görkəmli Azərbaycan ictimai xadimi və yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə Lori sahəsi üzrə bütün kənd icmaları nümayəndələrinin iştirakı ilə qurultay çağırıldı.
Qurultayda Borçalı qəzasını heç bir şərtlə Tiflis quberniyasından ayırmamaq haqqında yekdilliklə (bir nəfər Calaloğlu kəndinin nümayəndəsi V.Saakovdan başqa) qərar qəbul edildi:
“Tiflis qubernyası hüdudlarından heç vəchlə ayrılmamalı və yeni yaradılan Aleksandropol quberniyasına birləşməməli”. Bu qərar 1917-ci il noyabrın 10-da Tiflis şəhərində çağırılmış quberniya Şurasının iclasında təsdiq edildi". Qısa maddətdə olsa da Borçalının başı üzərini bürümüş qara buludlar çəkildi. Əbdürrəhim bəy Haqverdiyev komissarlıqda Sirəcəddin Əfəndiyevin işini yüksək qiymətləndirib.
1919-cu il sentyabrın 24-dən Arıxlı məktəbinə müdirlik Sirəcəddin Əfəndiyevə tapşırılıb.
Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra isə Sirəcəddin Əfəndiyev Şülaver Pambıq Təmizləmə zavoduna direktor təyin edilib. Bir müddət sonra o, Borçalı qəzasına yüksək vəzifəyə gətirilib. Həmin dövrdə Borçalı qəzası Borçalı (Marneuli), Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi) rayonlarından ibarət idi. Yeni vəzifəyə təyin olunduqdan sonra Sirəcəddin Əfəndiyev Borçalıda təhsilin, mədəniyyətin inkişafında önəmli rol oynaıb. Bu dövrdə Borçalı qəzasında yaşayanların 90 faizi savadsız idi. Kəndlərdə ibtidai zəhməd məktəbləri açılırdı. Lakin qəza partiya və hökumət orqanları çətin vəziyyət qarşısında qalırdı. Burada birinci və ən bacib məsələ müəllimlərin kifayət qədər olmaması idi. Olanların isə bilik səviyyəsi son dərəcədə aşağı səviyyədə idi. Vəziyyətdən çıxmaq üçün müəllim hazırlamaq, onların ixtisaslarının artırılması məqsədilə ardıcıl olaraq 2-6 aylıq və illik müəllim kursları təşkil olunurdu. Eyni zamanda orta pedaqoji təhsilli müəllim hazırlamaq məqsədilə pedaqoji texnikumlar açılırdı. Qəzanın işlər müdiri Sirəcəddin Əfəndiyev gənclərin bu kurs və texnikumlarda təhsil almalarının əsas təşkilatçılarından biri idi. Bu barədə Həsən Məmməd oğlu Xeyirzadə "Xatirələr"ində yazır: "Mən hər şeydən əvvəl müəllimlər hazırlayan kurslara getməli idim. 1923-cü ildə müəllimlər kursuna göndərilməyimə Sirəcəddin Əfəndiyev səbəb oldu. Bizim qohumluğumuz çatırdı, onun anası Güləndam Baydar kəndindən idi. Həmin ilin fevral və iyun aylarında o zaman üçün ən təhlükəli olan 40 km yolu Kürtlər kəndindən Lüksemburqa (Bolnis) piyada gedirdim".

Sirəcəddin Əfəndiyev kəndlərdə savadsızlığın ləğ edilməsi üçün axşam kurslarının aşılması istiqamətində də səmərəli fəaliyyət göstərirdi.

Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Şurəddin Məmmədli «Paralanmış Borçalı» kitabında Sirəcəddin Əfəndiyevlə bağlı yazır:
"Borçalıda təhsilin, mədəniyyətin inkişafında önəmli rol oynamışdı».

Sirəcəddin Əfəndiyev Borçalı qəzasının işlər müdiri işlədiyi dövrdə Ermənistanla mübahisəli yaylaq promleminin həllində də rol oynadı. Borçalı kəndlərinini əsas yaylaq yerləri Ermənistanın Kalino rayonunun ərazisində yerləşir, Karaxaç yaylası kimi tanınırdı. Kalino rayonunun şimal-qərb hissəsində yaşayan kəndlərin çoxu azərbaycanlı kəndlər idı. Rayonun bu hissəsində yalnız Şahnazar adlı erməni kəndi vardı. Bu Şahnazar kəndi heç bir əsas olmadan, zorakılıq yolu ilə Borçalı kəndlərinin yaylaqlarına sahib olmaq istəyirdi. Hətta bu yaylaqlarının bir hissəsini də zəbt etmişdi. Tərəflər arasında isə ümumi razılığa gəlmək mümkün olmur, vəziyyət isə getdikcə daha da mürəkəbləşirdı. Məsələ artıq yuxarı orqanlara da gedib çatmışdı. İxtılaflı problemin təcilli həlli üçün Zaqafqaziya federal hökumətin mərkəzi icraiyyə komitəsinin göztərişi əsasında fövqəladə komisiyyə təşkil olunur. Bu komisiyaya Borçalı qəzasından bir nəfər (Y.Panisidi), Ermənistan Xalq Torpaq Komissarlığından (nazirlik) iki nəfər daxil idi. Komissiyanın sədri Ermənistan Torpaq Komissarının müavini Babayev idi. Borçalının şikayətçi kəndlərindən isə komissiyanın işində iştirak edən nümayəndə yox idi. Komissiyanın işinə Sirəcəddin Əfəndiyevin təşəbbüsü ilə Həsən Xeyirzadə də cəlb edilir. O, komissiyanın üzvlərilə birlikdə problemin yoxlanılması və düzgqün həll edilməsində fəal iştirak edir. Həsən Xeyirzadə yazır: "1926-cı ildə komissiya öz heyətilə Kalino rayonuna gələrək yerlərdə fəaliyyətinə başladı. Axırda öyrənilmiş və toplanmış sənətlər, dəqiq məlumatlar və faktlar əsasında Kalino qəsəbəsində komissiyanın yekun iclası keçirildi. Qərarda qeyd olundu ki, yaylaq yerləri əvvəllərdə olduğu kimi bundan sonra da tamamilə heç bir dəyişiklik və maneçilik olmadan şikayətçi kəndlərin (Kürtlər, Bəylər, Keşəli, Kosalı, Kəpənəkçi) ixtiyarında saxlansın.Onlar həmin yayla yerində əvvəlki qaydada azad istifadə etmək hüquqlarına toxunulmadan öz qüvvəsində saxlanılsın".

Həsən Xeyirzadə "Xatirələr"ində daha sonra yazır:
"1926-cı ilin sentyabr ayının əvvəli idi .Yaylaqdan arana qayıdarkən yolüstü Borçalı Qəza icraiyyə komitəsində Sirəcəddin Əfəndiyevlə görüşməyə getdim. Sirəcəddin Əfəndiyev mübahisəli yaylaq məsələsinin həll edilməsində göstərdiyim fəaliyyətə görə məni təriflədi və bildirdi ki, icraiyyə komitəsinin iclasında qəzadan göndərilmiş nümayəndənin (Y. Panisidi) hesabatında gördüyüm işlər yüksək qiymətləndirilib.

Sirəcəddin Əfəndiyev vasitəsilə qəza icraiyyə komitəsi sədri H.Şabanovla görüşdüm. O məni yaxşı qəbul etdi. Axırda məni pul ilə mükafatlandırdılar".
Borçalı qəzasının 1929-cu ildə üç rayona bölündükdən sonra Sirəsəddin Əfəndiyev Borçalı rayonun rəhbərlərindən biri idi. O, 1931-ci ildə Arıxlıda baş verən üsyan yatırıldıqdan sonra həbs olunan atası Yusif Əfəndi Allahyarzadəni dostu H. Şabanovla birlikdə sürgündən xilas edə bildi. Sirəcəddin atasını xilas etsə də özü 1937-38-ci illər represiyasının qurbanı oldu. Oğlu Şəfkət (Şövkət) Əfəndiyev deyirdi: "Atam həbs olunan vaxt Rayonlararası satış idarəsinin sədri idi. Bu idarə 5 rayonun ticarət sisteminə rəhbərlik edirdi. Bundan əvvəl isə o, Şulaver pambıq təmizləmə zavodunun direktoru, Borçalı qəzası işlər müdiri olub. Sirəcəddin Əfəndiyev 30-cu illərin aclıq dövründə arıxlılara çox köməklik edib. Bir bazar günü atam bazara gedir və görür ki, Namaz Məhəmməd oğlu (Naqan Namaz) satmaq üçün bir araba tikan gətirib. Deyir, "Xala oğlu (ana tərəfdən qohum olublar) tikanı bizə apar, boşalt". Namazın özü söyləyirdi: "Uşaqlar evdə ac idi. Fikirləşdim ki, bəlkə pulumu vermədi, mən nə edəcəyəm. Eşitməzliyə saldım. Bir də təkrar etdi: "Xalaoğlu tikanı apar bizim qapıya boşalt". Öküzləri qoşdum, fikirləşə-fikirləşə bir araba tikanı aparıb boşaltdım. Bir azdan özü də gəlib çıxdı. Həyat yoldaşı Nigardan nə pişirdiyini soruşdu: " Xalaoğlu ac olar. Yemək gətir, yesin". Nigar kiftə bişirmişdi, bir qab gətirib qarşıma qoydu. Qarnımı doydurdum. Getdim arabanın yanına, orasını-burasını qurdaladım. Gözləyirdim ki, məni çağırsınlar, əliboş evə qayıtmaq istəmirdim. Sirəcəddin məni çağırdı: "Gəl bura. Bunu apar arabana qoy" dedi. Bir kisə buğdanı sevinə-sevinə aparıb arabaya qoydum. Buğda həmin vaxt qızıldan da qiymətli idi. Arabanı sürmək istəyərkən Nigarın 5-6 çörəyi büküb mənə doğru gəldiyini gördüm. "Al bunları, apar uşaqlar yesin" dedi . Sevinə-sevinə evə qayıtdım. Sonrakı gün Qazaxların xramından bir böyük araba tikan qırıb yenə Sarvana satmağa apardım.
Bu dəfə də tikanları Sirəcəddin aldı".

Koxallın Kərəm söyləyirdi: " Çətin vəziyyətdə idik. Nəslimizin papaqlıları Türkiyəyə köçmüşdü. Evdə yeməyə heç nə yox idi. Sarvana Sirəcəddingilə getdim. Kənddə qonşu idik. Nigar mənə ərzaq verdi və onları kəndə, evə gətirdim. Sonralar bir neçə dəfə də bizə ərzaq köməkliyi göstərdilər. O vaxt uşaq idim. Satılmışdılar nəslinin ayaqları onlardan kəsilmirdi. Mən, Sirəcəddinin evində dəfələrlə Satılmışdılar nəslindən aldamlar gördüm. Onlar da ərzaq üçün gəlirdilər. Nigar Satılmışdılar nəslindən olduğundan qohumlarına həmin dövrdə köməklik göstərirdi".

Şəfkət Əfəndiyev söyləyirdi: " Həftə sonu Sarvandan kəndə ailəliklə faytonla gəlirdik. Anam faytona qardaşı Qurban və əmisi Şəkər ağanın uşaqlarına xeyli ərzaq yığardı. Fayton bir başa Satılmışdıların həyətinə gedər və orada boşalardı".

Sirəcəddin Əfəndiyev və onunla birlikdə həbs olunmuş rayonun vəzifəli adamlarının bir qrupu 1938-ci ildə Tiflisdən geri Sarvana gətirildi. Onların tezliklə azadlığa buraxılacağı barədə rayonda xəbərlər yayıldı.
"Sarvanda türmə bizim qaldığımız evin yaxınlığında idi. İşi yüngül olan dustaqlar bizim həyətə kağız atırdılar. Biz də məktubları ailələrinə çatdırırdıq. Bir gün atam da həbsxanadan bizim yerə məktub atdı. Babam Yusif Əfəndi Allahyarzadə bizdə idi. Məktubu oxumaq üçün ona verdik. Atam yazmışdı: "Bizi geri gətirdilər, Bəlkə buraxdılar. Hələ Arıxlıya köçməyin, məni gözləyin. Anam ona çirikli paltarlarını dəyişdirmək üçün təmiz paltarlar apardı. Bir dəfə yastığın üzünün astar tərəfinə qara qarandaşla yazılmış məktub aldıq. "Bizim üzümüzə durdular. "TROYKA" deyilən şəxslər hərəmizə 10 il verdilər. İndi istəsəniz kəndə köçə və ya Sarvanda qala bilərsiniz. O vaxt ev tikmək üçün atama Sarvanda 70 sot torpaq sahəsi verilmişdi. Artıq tikinti üçün taxta-şalban, digər tikinti materialları da alınmışdı. Tikinti materiallarını və köhnə evi satıb kəndə köçdük. Atam 1944-cü ilədək Sibirdə həbs düşərgəsində yaşamalı oldu. Ömrü boyu isti iqlim şəraitində yaşamış birisi üçün sərt, soyuq iqlim az qala ölümlə mübarizə meydanına çevrildi. Dəfələrlə xəstələndi, amma dözdü, mənliyini itirmədi, 1944-cü ildə ürək tutmasından, bir daha vətənini, ailəsini görmədən gözlərini əbədi yumdu. Sibirin buz bağlayan torpağında dəfn edildi. Təhsilimi davam etdirmək üçün 1939-cu ildə Tiflisə, əmimgilə gedib 97 saylı məktəbdə oxudum. Əmim Ziyəddin Əfəndiyev (Ziya Borçalı) Puşkin adına Pedaqoji İnstitutda müəllim idi. Amma kənddə bizimkilərin dolanışığı çətin olduğundan bir ildən sonra yenidən Arıxlıya qayıtmalı oldum. Təhsilimi kənddə davam etdirdim. 1939-cu ildə anamı məcburən kolxoza üzv qəbul etdilər",
-Şəfkət Əfəndiyev deyir.
Sirəcəddin Əfəndiyev 1956-cı ildə bəraət alıb.

Bəli, həbs olunanların taleyini yerlərdə “üçlüklər” həll edirdi. Bir qayda olaraq buraya xalq komissarı və ya Xalq Daxili Işlər Komissarlığının yerli idarəsinin rəisi, partiya təşkilatının katibi və prokuror daxil idi. “TROYKA” adlanan bu üçlüklər föqəladə səlahiyyətlərə malik idilər. Onlar müstəqil olaraq hökm çıxara, güllələnmələr də daxil olmaqla bu hökmlərin icrası haqqında əmrlər verə bilərdilər. 1937-ci və 38-ci illərdə məhkəmədən kənar repressiyalar aparılmasına da qərar verilmişdi. Bütün ölkədə fəaliyyətə başlayan sessiya 15 dəqiqə ərzində dövlət ittihamçısının, vəkilin, bir çox hallarda müqəssirin iştirakı olmadan qərar çıxarırdı. Beləliklə, insanların həbs qərarı 15 dəqiqə içərisində verilirdi. Sonra isə ya güllələnirdi, ya da Sibirə sürgünə göndərilirdi.

Repressiyadan yalnız arıxlılar əziyyət çəkmədi.
O Borçalının intellekt potensialına sarsıdıcı zərbə vurdu. Beləliklə, on minlərlə borçalı. saysız-hesabsız ziyalı, dövlət xadimi dövrün amansız tufanlarında qərq olub getdilər.

Repressiya illərində Borçalıda 30 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərildi. Bununla da Borçalı cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi.
Belə ki, hətta kommunist partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilmədi.

Pünhan ƏFƏNDİYEV,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yusif Əfəndi Allahyarzadə (1859-1944)

Yusif Əfəndi Allahyarzadə (1859-1944)

Bolus
Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Borçalı, Tarix
Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Darvaz, Hüquq
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Ruhun şad olsun, Kərəm Nəbiyev!..

Ruhun şad olsun, Kərəm Nəbiyev!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan
Orxan Əfəndiyev (1946)

Orxan Əfəndiyev (1946)

AzTU, "XXI əsrin Ziyalıları", Tiflis, Bolus
Mirzə Rza Əlizadə (1875-1942)

Mirzə Rza Əlizadə (1875-1942)

Bolus, Qaracalar, UNUTSAQ, UNUDULARIQ!....
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Borçalı aşıqları Bakıda. 1979-cu il.

Borçalı aşıqları Bakıda. 1979-cu il.

Borçalı
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqında

Bolus
HACIXƏLİL (HAŞXALI) KOXALI NƏSLİ

HACIXƏLİL (HAŞXALI) KOXALI NƏSLİ

Bolus, Tarix, Turan
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

Məktəblər, Tarix
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Məktəblər, Tarix
ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

Elmi Məqalələr, Borçalı
Rəy yazın: