Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” əsərində fakt və sənədin – iki müstəqil hadisə kimi təzahürü Humanitar elmlər, Elmi Məqalələr 23 июня 2024 1257 100 1 2 3 4 5 GirişTürkiyə tarixinin önəmli simalarından olan Sürəyya Ağaoğlunun (1903-1989) müəllifi olduğu “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” (“Bir Ömür Böyle Geçti: Sessiz Gemiyi Beklerken”, 1975) adlı əsər yazarın ikinci memuar əsəridir. Azərbaycan milli düşüncəsinin banilərindən olan Əhməd bəy Ağaoğlunun (1869-1939) qızı olan yazar xatirələrini əks etdirən “Londonda gördüklərim” adlı ilk əsərin də müəllifidir.Türkiyənin ilk qadın hüquq müdafiəçisi olmuş Sürəyya Ağaoğlunun həyatına aid faktlar əsasında yaradıcı surətdə qələmə aldığı “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsərdə fakt və sənədin iki müstəqil hadisə kimi təzahür etməsi maraq kəsb edir. Yazıçı bədii istedadının gücü sayəsində yalnız öz həyatının müəyyən qismini deyil, həm də digər tarixi şəxslərin həyatlarını işıqlandırır. Tarixi şəxsiyyətlərin təqdim edilməsində diqqəti cəlb edən məqam məhz müəllifin öz atası – Əhməd bəy Ağaoğlu ilə əlaqəli hadisələri real faktlar əsasında nəql etməsidir.Türkiyənin ilk qadın hüquqşünası Sürəyya Ağaoğlu əsərin “Başlarkən” bölümündə qələmə aldığı əsərin bir mənəvi borc olmasını vurğulayır: “Uzun illərdən bəri, Türkiyədə gedən siyasi proseslərin (Osmanlı dövlətinin süqutu, qurtuluş savaşı və cümhuriyyətin yaranmasının) şahidi kimi prinsipləri uğrunda bir çox sahədə mübarizə aparmış bir Türk qadını olaraq yazacağım çox şeyin olduğuna inanırdım. Bunu özümə bir borc olaraq düşünürdüm”.Əsərin memuar ədəbiyyat nümunəsi olmasıSürəyya Ağaoğlunun əsərində reallıqdan gələn fakt ədəbi yaradıcılıq üçün katalizator qismində çıxış edir. Yazıçı avtorefleksiyası əsərin janrının konkretləşməsinə təkan verir. Çünki subyektin, yəni yazıçının özünün reallıqlar haqqındakı şəxsi düşüncələrinin, həmçinin fəaliyyətinin dərkini ricətli nəsr qəlibinə sala bilməsi əsərin janrına diqqəti yönəldir. Əsəri Azərbaycan dilinə uyğunlaşdırmış və ona ön söz yazmış Cavid Məmmədli memuarın əsas məziyyətlərinə toxunaraq qeyd edir ki, “Sürəyya Ağaoğlunun özünün də qeyd etdiyi kimi “Bir ömür belə keçdi” adlı bu xatirə kitabını böyük dostu lord Kinrossun məsləhəti ilə qələmə almışdır. Kitabda Sürəyya xanım özünün keşməkeşli lakin şərəfli həyatının bütün dövrlərini əhatə edəcək ən maraqlı hadisələri oxucu ilə bölüşməyə çalışmışdır (Sürəyya xanım alman hüquqşünas Verner Taşenbreker ilə olan səkkiz illik (1952-60) ailə həyatı barədə geniş yazmamağı uyğun bilmişdir). Türkiyədə gedən proseslərə, baş verən hadisələrə, müxtəlif yüksək vəzifəli şəxslərin bu ailəyə olan münasibətinə toxunmuşdur. Eləcə də, keçən əsrin 60-cı illərində cərəyan etmiş, lakin bu gün də qardaş Türkiyədə öz aktuallığını qoruyan bəzi mühüm tarixi hadisələrdə özünün və ailəsinin hansı mövqedə və fikirdə olmasını qələmə almışdır”.Sürəyya Ağaoğlunun qələmə aldığı “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsər memuar janrında qələmə alınmış əsər kimi dəyərlidir. Əsərin süjet xəttində Sürəyya Ağaoğlunun ömür yolunun bir hissəsi obrazlı şəkildə əksini tapır. Əsərdə müəllif həyatından bəhs etməklə yanaşı, yaşadığı dövr və bu dövrdə yaşayıb-yaratmış tarixi şəxslərin mühiti barədə faktlar təqdim etməsi xüsusi dəyər kəsb edir. “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” əsərində bir çox hadisələr Türkiyə siyasi mühitini təsvir etməklə, o dövrdə fəaliyyət göstərmiş tarixi şəxslərin, xüsusilə də yazıçının atasının, ailə üzvlərinin xatırlanması əsərə əlvanlıq qatır. Əsərin “Son olaraq” başlıqlı bölümündə müəllifin bu əsəri 1975-ci ilin yanvarında İstanbulda qələmə almasının, yaşadıqlarını və şahidi olduqlarını refleksiya etməyə qadir olmasının şahidi oluruq. Müəllif qeyd edir ki, “Xatirələrim əlbəttə bunlardan ibarət deyil. Bəzilərini yalnız özümə saxladım, bəzilərini də demək istəmədim” (Ağaoğlu 2017:199). Sürəyya Ağaoğlunun bu fikirləri ABŞ yazıçısı Mark Tvenin dediklərini təsdiqləyir: “Elə bir şey ola bilməz ki, insan özü haqqındakı həqiqətləri danışsın və ya bu həqiqətlərin oxucuya qədər gedib çatmasına imkan versin”.Müəllif ideyasının məhsulu olan əsərdə tarixi və sənədli faktların bilavasitə ədəbi kontekstdə və açıq məzmunda təqdimi diqqətdən yayınmır. Bu baxımdan, real hadisələrin narrativləşməsini həyata keçirən əsərin janrının avtobioqrafik, memuar və ya xatirə olması haqqında sual yaranır.Xatirə nümunələri memuarlardan fərqli olaraq, yazıçının gündəlik qeydləri və ya müəyyən hadisə haqqında xatırləri əsasında qələmə alınması ilə diqqəti cəlb edir. Bəllidir ki, avtobioqrafiya müəllif tərəfindən həyatının təsvir edilməsidir. Bu zaman müəllif yalnız hafizəsinə deyil, mətbu mənbə və arxiv sənədlərinə də əsaslanır. Sürəyya Ağaoğlunun bu əsərində mətbu mənbə və arxiv sənədlərinə əsaslanmamasının da şahidi oluruq. Yazıçı qələmə aldığı əsərində memuar ədəbiyyatında olduğu kimi dəqiqlik, tarixi həqiqətin gözlənilməsi, təfərrüatın dəqiqliyi, sənədlilik əsas səciyyəvi amil kimi çıxış edir.Sürəyya Ağaoğlu həyat tarixçəsi əsasında qurulan süjet xəttindən əlavə, bir çox hadisələr, xüsusilə də uşaqlıq və gənclik dövrlərindən götürülmüş hadisələri əlavə etmişdir.Sürəyya Ağaoğlunun bu əsərində diqqəti cəlb edən məqam müəllifin həm özünün, həm də Səməd Ağaoğlunun məhkəmə proseslərində etdikləri çıxışların mətnlərinin ya tam, ya da qismən təqdim edilməsidir. “Vətən Cəbhəsi işi”nin məhkəmə prosesində söylədiyi nitqi əsərə salması əsərin janr xüsusiyyətinə təsir edir. Sürəyya Ağaoğlunun bu məhkəmə prosesindəki çıxışının əsərdə tam şəkildə təqdim edilməsi əsərdə maraq doğurur: “Müdafiəmə başlamaqla, Baş prokurorun, huquq anlayışıma uymayan, ədalət hisslərimə yaxın gəlməyən iki davranışına fikrimi bildirmək istəyirəm. Müqəssir kim olursa olsun, təqsiri nə qədər ağır olursa olsun, haqqında hökm verilənə qədər onu məsum olaraq qəbul etməyə və heysiyyətinə hörmət göstərməyə məcburuq...”Romanda “Səməd Ağaoğlunun özünümüdafiə çıxışından parçalar” başlığı altında Səməd Ağaoğlunun çıxışlarının təqdimi də maraq doğurur: “ Hörmətli hakimlər!27 may hadisələrindən xeyli əvvəl qəbul edilmiş Konstitutsiyanın pozulması, ölkədə diktaturanın qurulması haqqında Böyük Millət Məclisi kürsüsündən tutmuş ta kənd çayxanalarına qədər hər yerdə istər gizli, istərsə də açıq ortaya atılan atmacalarda, edilən qeybətlərdə, salınan hay-küylərdən bu istintaqın nəticəsində və hətta ittihamnamənin kökündə qalan nədir? Prokurorunda dediyi kimi, heç bir dövlətdə analoqu olmayan bir diktatura rejimi! Ordu, SS və qaraköynəkli bölmələr tərəfindən mühafizə olunmayan bir diktatura rejimi! Məmurların, hakimlərin, müxbirlərin, ziyalıların və tələbələrin hər zaman, hər vasitə ilə asan şəkildə etirazını bildirdiyi bir diktatura rejimi! Həyata keçirdiyi islahatların işə yaramadığı bir diktatura rejimi! ...”Müəllifin “Mənim müdafiə çıxışımdan parçalar” başlıqlı yazıları da əsərə əlavə edilmiş materaillar kimi diqqəti cəlb edir: “Burada gedən mühakimə on ilin mühakiməsi deyil. Bu, Şərqin əzəli dərdi olan kinin, hərisliyin, qısqanclığın mühakiməsidır... Ürək istər ki, verəcəyiniz qərar bir əxlaq dərsi olsun, Şərqin əzəli dərdi olan bu xəstəliyə dəva olsun”.Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” əsərində məhz müəllifin gördüyü, şahidi olduğu, iştirak etdiyi hadisələrə, müxtəlif tarixi şəxslərə özünəməxsus, daha doğrusu fərdi yanaşması özünü göstərir. Müəllif bu zaman memuarlara xas xüsusiyyət kimi qələmə aldığı hadisə və insanların təsvirində bədii uydurmaya və ya xəyala yol vermir. Müəllifin bu əsərində dövr üçün səciyyəvi hadisələr obrazlı şəkildə təsvir edilir. Müəllif hafizəsində saxlanan fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini əks etdirməsi baxımından çox vaxt vahid süjet xəttinə, mükəmməl kompozisiyaya malik olmayan xatirələrdən fərqli olaraq, faktiki həyat materialları və sənədlilik əsasında, müəllifin iştirak etdiyi, şəxsən şahidi olduğu hadisələr mükəmməl kompozisiya təşkil edərək, vahid süjet xəttinə malik olur.Əsərdə obrazlar qalereyasıƏsər zəngin obrazlar qalereyası ilə diqqətdən yayınmır. Müəllifin kamil obrazı ilə yanaşı, xalqın qan yaddaşında əvəzsiz xidmətləri ilə yer tutmuş tarixi şəxsiyyətlərin (Atatürk, Əhməd bəy Ağaoğlu, Səməd Ağaoğlu və s.) obrazları maraq əhatəsindədir.Sürəyya Ağaoğlu özünün obrazını bu əsərdə “İnqilabın simvoluyam” kimi ifadə edərək yaradır. Özünü inqilab simvolu kimi təqdim etməsi ilə biz, onun apardığı siyasi fəaliyyətini də göz önündə canlandırırıq. Bu məqam Sürəyya Ağaoğlunun1952-ci ildə Pakistan Qadınlar Birliyinin təşkil etdiyi konfransda iştirak edərkən başıörtülü şəkil çəkdirməsi məqamına toxunması epizodunun təqdimində özünü göstərir: “Pakistanın xilaskarı və yaradıcısı Cinnahın qəbrini ziyarət etdik. Qəbri üstündə çəkilən şəkillərimiz türk qəzetlərində çıxanda bu ziyarəti başörtüsü ilə etdiyimiz üçün bizi tənqid edən yazıları qayıdanda gördüm və sərt bir cavab yazaraq:– Başı örtülü görünmənin inqilab əleyhdarlığı olaraq başa düşüldüyünü təəssüf hissi ilə oxudum. İnqilab belinə qədər açılmaq və ya baş örtmək deyil, bir şüur məsələsidir. Bir məmləkətin adət-ənənələrinə əməl edərək baş örtməklə inqilaba qarşı çıxılmaz. İnqilabı öyrənməyə ehtiyacım yoxdur. Çünki mən inqilabın simvoluyam – dedim”.Müəllifin əsərdə özünün obrazını yarada bilməsi təqdirəlayiqdir. Sürəyya Ağaoğlu bu əsərində də, tədqiqatçı D.Uslunun vurğuladığı kimi “siyasete atıldıktan sonra kadınların siyasette daha çok yer alması gerektiğinin önemine dair düşüncelerini daha çok dile getirir”.Əsərdə müəllif tərəfindən tarixi şəxslərin ədəbi portretlərinin yaratmasının da şahidi oluruq. Ədəbi portret bir ədibin (şairin, yazıçının, alimin, sənətkarın və b.) digər ədib haqqında xatirələri əsasında, həyatdan köçmüş şəxsiyyətlərin sənədləri əsasında, yəni məktublar, müasirlərinin məlumatları və s. əsasında yaradılmış sənədli-bioqrafik ədəbi obrazdır. Ədəbi portret memuar – avtobioqrafik ədəbiyyatın ayrılmaz tərkib hissəsi kimi özünü göstərməkdədir. Bədiiləşmiş həqiqət olan ədəbi portret bədii düşüncənin vacib faktoru kimi müəllifin təqdim etdiyi şəxslərin özünün obrazını yaratmaqla bərabər, təqdim etdiyi şəxsin mühitini, o dövrdə baş verən siyasi olay və hadisələrə də nəzər salıb qiymətləndirməsini zərurətə çevirir.Faktoqrafiklikdən uzaq olmağa müvəffəq olmuş əsərdə tarixi şəxslərin ya geniş, ya da müxtəssər şəkildə xatırlanmasını müşahidə edirik. Məsələn, Sürəyya Ağaoğlu həm bir müəllif kimi, həm də bir övlad kimi atasının hansı tarixi şəxslərlə dostluq etməsini, və ya da ünsiyyətdə olmasını açıqlayır: “... Ziya Göyalp, Yusif Akçura, Hüseynzadə Əli bəy, Cəlal Sahir, Həmdullah Süphi, Fuad Köprülü, Abdullah Cövdət, göz həkimi Əsəd Paşa, Həlim Sabit, Ömər Naci kimi yazıçı və türkçülər, Ənvər və Tələt Paşalar, digər tərəfdən Seyid Tahir Əfəndi, Əbdürrəşid Əfəndi kimi din adamları tez-tez evimizə gəlirdilər”.Yaşadıqları evlərin həmin insanların görüş məkanı olması ilə yanaşı, özünün də həmin görüş və yığıncaqlarda iştirak etməsini vurğulayan Sürəyya Ağaoğlu Türk Ocağı, Türk Yurdu kimi birliklərin fəaliyyətində Əhməd bəy Ağaoğlunun xüsusi xidməti olmasını xatırlatmaqla, ədibin tarixi səhnədə rol oynaya bilən bir obrazını da yaradır: “Uşaqlığımın ən uzaq çağlarından bəri evimizdəki yığıncaqlar sayəsində dövrün siyasi və ideoloji cərəyanlarının içində idik. Zamanın tanınmış şəxsiyyətləri, qələm sahibləri evimizdə yığışırdılar. Atam uşaqlığımızdan bəri bizimlə fəxr edər, bütün qonaqlara tanıtdırar, bir müddət söhbətlərini dinləməyimizə icazə verirdi. Türk Ocağının, Türk Yurdunun fəaliyyətləri, dövrün siyasi və ideoloji prosesləri evimizdə yaşanırdı”.Memuar əsərin “Ailəm və təhsil illərim” adlı bölümündə yazıçı atası Əhməd bəy Ağaoğlunun və anası Sitarə xanımın obrazlarını yaradır. Müəllif Əhməd bəy Ağaoğlunun Qarabağ əsilzadələrindən olmasını təqdim edir. Müəllifin anasının atasının Qarabağın əsilzadələrindən, atasının isə Qarabağ bəylərindən olmasını vurğulaması həm də bu tarixi məkanın xalqımızın qədim tarixi məkanları olmasını təsdiq edir: “Anam Sitarə xanım, Qarabağın əsilzadələrindən Əbdürrəhman Vəzirovun qızıdır. Atam Əhməd bəy isə yenə Qarabağ bəylərindən torpaq sahibi Həsən Ağayevin oğludur”. Əhməd bəy Ağaoğlunun qızı kimi müəllif böyük rəğbət hissi ilə atasının tarixi şəxsiyyət kimi formalaşması məqamını əsər boyu təbliğ edir.Əsərdə Əhməd bəy Ağaoğlunun təhsil illərinin geniş şəkildə işıqlandırılması məqamı maraq kəsb edir. Belə ki, Sürəyya Ağaoğlu atasının təhsil illərinə toxunmaqla oxucuya Əhməd bəy Ağaoğlunun harada təhsil alması, yazıçı və tarixçi Renanın tələbəsi olması haqqında tam təsəvvür yaradır. Atasının Parisdə təhsil almasına toxunan Sürəyya Ağaoğlu onun məhz yazıçı və tarixçi Renanın tələbəsi olması amilinə də aydınlıq gətirir: “Atam (Əhməd bəy Ağaoğlu-S.Ş.) Azərbaycanda başlamış olduğu təhsil həyatına Fransada davam etmişdir. Parisdə “Kollec de Frans”da tanınmış yazıçı və tarixçi Renanın tələbəsi olmuşdur”. Sürəyya Ağaoğlu Renanın Əhməd bəy Ağaoğluna göstərdiyi qayğını xəsislik etmədən təsvir edir. Bununla biz, həm Əhməd bəy Ağaoğlunun elmi fəaliyyətə necə başlamasının, həm də Renanın fədakarlığının şahidi oluruq: “Renan atamı o dövrün tanınmış yazıçılarından madam Adamla tanış etmiş və “Revyü de Dö Mond” jurnalında yazılarını çap etmişdir. “Şiə məzhəbinin mənşələri” mövzusunda tədqiqat əsəri ilə lord Karzonun da iştirak etdiyi Londonda keçirilən seminara göndərmişdi. İran şahı bu tədqiqat əsərinə görə atama, bu gün hələ də ailənin uğur üzüyü hesab etdiyimiz firuzəyi qaşlı bir üzük hədiyyə etmişdi. Atam o illərdə Zərdüştü müəllimi Darmistradt ilə farscadan tərcümə etmişdilər. Sonralar Darmistradt bunu öz kitabında xatırlayırdı”.Əsərdə yazıçının atasının Fransada təhsil aldığı üçün “firəng Əhməd” kimi tanınması məqamına da aydınlıq gətirməsi diqqəti özünə cəlb edir: “Bütün bu təəssüratlarla Qarabağa “firəng Əhməd” olaraq qayıtmış və mühitinə özünü, öyrəndiklərini tanıtmağa çalışmışdır”.Sürəyya Ağaoğlu atasının ölümündən sonra onun bir tarixi şəxs kimi irsinə olan biganəliyə etinadsız qalmamış, memuarında açıqlamağa cəhd etmişdir. Tarixi şəxslərə biganəliyin ümumiləşdirilmiş ifadəsi olaraq müəllifin bu etirazının memuarda incə detalları ilə əks etdirilməsi məqamı acı reallığın ifadəsidir: “Ölümündən sonra haqqında fövqəladə yazılar yazıldı. Amma təəssüf ki, yüksək vəzifəli şəxslərdən heç səs çıxmadı”.Sürəyya Ağaoğlu atası Əhməd bəy Ağaoğlu kimi anasının da tam obrazını qısa epizodlarla əsərdə təqdim edir. Müəllifin təqdim etdiyi müxtəlif qısa epizodlarda anasının türk qadınlarına məxsus dəyanət və sədaqəti özündə əxz etdirən mükəmməl bir qadın olması canladırılır: “Ailəmizdə hamımıza çox təsir edən bir müvazinət vardı: anam demək olar ki, sakit, yumşaq, səbrli, atam isə müntəzəm olaraq hər şeyə görə tez hirslənən insanlar idi. Atam süfrədə duzqabının yerinin dəyişdirilməsinə belə razı olmazdı. Hirslənən vaxt anam o anda heç cavab verməzdi”. Sürəyya Ağaoğlu anasının portretini oxucunun gözü önündə canlandırır: “Cılız bir qadın olan anamız təhsilimizi davam etdirtmək, evi dolandırmaq, xəstələri müalicə etmək üçün nələr çəkdi. Amma heç qorxmadı, xalçalar, daş-qaşlar satdı”.Sürəyya Ağaoğlu memuar əsərində təqdim etdiyi tarixi şəxsiyyətlərdən biri də Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Atatürkdür. Müəllif 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Atatürkün obrazını canlandıraraq xalqın yaddaşında əks olunmuş obrazını xatırladır. Biz müəllifin Atatürkə olan sevgisinin məhz ümumxalq sevgisi olmasını əks etdirməsi ilə üzləşirik: “O yay Atatürkü ilk dəfə olaraq Ehsan bəyin bağında gördüm. Bütün türklər kimi mən də ona qiyabən səcdə edirdim. Atatürkə baxanda onun günəş qədər parlaq saçlarını, şəxsiyyətindən fışqıran enerjini də görür və atamın da təlqin ilə zəfərin mütləq qazanılacağına inanırdım”.Xüsusi vurğulamaq lazımdır ki, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə islahatlar həyata keçirmiş Atatürkün obrazı əsərdə kifayət qədər yer almaqdadır. Niyə kifayət qədər? Çünki Sürəyya Ağaoğlu təsvir etdiyi hadisələrin bir qismində Atatürkün dolğun obrazını yaradır. Bu həm müəllifin özünün əsərdə təsvir etdiyi hadisələrdə, həm də əsərdəki obrazların düşüncələrində, fikirlərində əksini tapır. Məsələn, Atatürkün ölüm xəbərinə üzülən Əhməd bəy Ağaoğlunun kədər dolu cümlələrində də Atatürkün keçdiyi həyat yolu göz önündə canlanır: “...Evdə anamın ölümündəki kimi bir matəm havası əsirdi. Atam yazı masasına söykənib hönkür-hönkür ağlayırdı:– O bir vulkan idi, bəzən alov püskürürdü. Mənə də püskürdü, amma gözəl bir alovdu”.Qeyd etmək lazımdır ki, Əhməd bəy Ağaoğlunun Atatürkə sadiq qalması əsər boyu təbliğ edilməkdədir. Məsələn, Atatürkün ölümündən sonra İsmət İnönün yeni prezident seçilməsi, Atatürkə yaxın olduğu bilinən şəxsləri işdən azad etdirməsi, pula öz şəklini həkk etdirməsi, bir növ illərlə “ikinci adam” olmağın acığını çıxması, o illərin intiqamını alması faktına toxunan müəllif atasının bu dövrdəki fəaliyyətinə nəzər salan epizodlarda Əhməd bəy Ağaoğlunun Atatürkün ən yaxın silahdaşları olan Faleh Rıfqı Atay kimi “Dövrü-İsmət gəldi” deyə yazılar çap etdirməməsi, Kazım Qarabəkir kimi xatirələrində Atatürkün əleyhinə yazılar yazmamasına toxunmasına, atasının qələmə aldığı məqalə ilə Atatürkə sadiq qalmasını əks etdirməyə nail olur: “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağılına belə gətirməmişdi”.Əsərdə müəllif məhz millətin tarixi yaddaşında yer tutmuş Atatürkün dedikləri kəlmələrlə də onun mənəvi aləmini açıqlayır. Məsələn, Atatürkün “Övlad sahibi olmaq dünyada ən böyük nemətdir” fikirləri bu tarixi şəxsiyyətin ailə dəyərlərinə dəyər verməsini, övlad anlayışının ailə dəyərlərinə və insanların xoşbəxtliyinə təsir edə bilməsi haqqında düşüncələrini əks etdirir.Sürəyya Ağaoğlu Atatürkün islahatçı kimi obrazını da yaradır. Onun apardığı siyasətin islahatlarla bağlı olmasına toxunur: “Əslində Atatürkdən əvvəl Türkiyədə bir çox islahatın heç olmasa ziyalılar arasında başlıca xəttləri göstərilmişdi. Tənzimat dövründən etibarən ziyalı təbəqəsi qərb dünyasından elm, sosial, iqtisadi sahələrdə bir çox təsisatı araşdırmış və ölkəmizdə yaratmağa səy göstərmişdi. Türk Ocaqlarında görülən işlər bunların gözəl bir örnəyi idi. Bundan başqa məsələn, Hüseyn Cahid “Tanin” qəzetinin adını latın hərfləri ilə çap etdirmiş, qızlara universitetin bəzi fakültələrinin qapıları açılmışdı. İstanbul, İzmir kimi şəhərlərdə çarşab yerini manto və ya pelerinə vermişdi. Amma əsaslı və böyük miqyasda islahatları Atatürk millətin sevgisinə güvənərək, millət hazır olmadığı halda, vaxtından əvvəl həyata keçirdi”.Əsərdə müəllif ehtiramını özündə əks etdirən türk yazıçısı, siyasətçi, alim, müəllim, “Atəşdən köynək”, “Sinəkli baqqal”, “Tatarcıq”, “Zeynonun oğlu” kimi romanlar müəllifi Xalidə Onbaşı olaraq da tanınan Xalidə Ədib Adıvarın obrazı da dolğun təqdim edilir. Xalidə Ədib haqqında müəyyən məlumatların təqdimatında ədib haqqında zəngin məlumat əksini tapır: “Xalidə xanımı yeddi yaşımdan bəri tanıyırdım; kiçik oğlu “Toqo” ilə bir yerdə oxumuşduq. Türk Ocağının yığıncaqlarında tez-tez görüşər və iştirak edərdik”.Maraqlı məqam isə Sürəyya Ağaoğlunun Xalidə Ədibin bir yazıçı olmaqdan çox, əsərlərinin prototipi olması məqamına aydınlıq gətirməsidir. Bu da, əsərdə yazıçının dolğun obrazının canlandırılmasına təkan verir: “Bir gün Xalidə xanımı görməyə getdim. Onu iri toppuz şəklində yığılmış saçları ilə masaüstü lampanın kölgəsində oturan yerdə gördüm. Nədənsə, birdən “Xəndan” romanını xatırladım:– Xalidə xanım, “Xəndan” romanınızdakı Xəndan sizsiniz? – dedim. Güldü.– Sus, ay canım – dedi”.Müəllif əsərdə qısa şəkildə də olsa Xalidə Adıvarın həyatını canlandırır: “Yol boyunca mənə həyatının mühüm səhifələrini danışdı: Saleh Zəki bəyə olan sevgisi, evlənmələri, boşanmaları, oğlunun xəstəliyi səbəbilə uzun müddətdən sonra onu yenidən gördüyü an keçirdiyi hissləri, Adnan bəyə olan hörməti, dostluğu və sairə”. Sürəyya Ağaoğlu Xalidə Adıvarın fikirləri ilə onun həyat yoluna qısa şəkildə nəzər salır, bununla da yazıçıya aid şəxsi məlumatları oxucusuna ötürür.Sürəyya Ağaoğlunun əsərdə Xalidə Ədib, Həmdullah Sübhi kimi tarixi şəxslərin yeni məfkurə oyanışındakı xidmətlərini təqdim etməsi maraq doğurur. Xalqın işğal qüvvələrinə qarşı etiraz səsini yüksəltməsini Xalidə Ədibin, Həmdullah Sübhinin simasında təqdim edir: “Coşğun bir dalğalanma idi o mitinq... Xalidə Ədib xanımın çıxışı, məscidlərdən yüksələn səlalar, o insan dənizinin həyəcanı... O gün işğal qüvvələri bu xalqa ən kiçik bir şey belə edə bilmədilər. Bir başqa gün də Fateh bələdiyyə binasının eyvanından çıxış edən Xalidə Ədib, Həmdullah Sübhi və coşğun mitinq iştirakçıları hələ də xatirimdədir”.Əsərdə bir çox Azərbaycan və Türk mütəfəkkir ədiblərin obrazlarının təqdimi ilə üzləşirik. Əsərdə Hürr Fikirləri Yayma Cəmiyyətinin qurucularından olan Əhməd Əmin Yalmanı, cəmiyyətin fəal üzvlərindən olan Sədr Əli Fuad Başgil, Əhməd Əmin, Ənvər Atakan kimi hürriyyətsizliyə qarşı mübarizə aparan vətən aşiqlərinin də xatırlanması tarixi şəxsiyyətlərə olan ehtiramı əks etdirir. Azərbaycan mütəfəkkir yazıçısı, publisist Əlibəy Hüseynzadənin əsərdə xatırlanması diqqətdən yayınmır: “Ailəm Ankarada olduğu üçün təhsil həyatımın son illəri Tezər ilə məni qonaq edən Hüseynzadə Əli bəyin evində keçdi”.Sürəyya Ağaoğlu tərəfindən Yusif Akçuranın təsvir edilməsi də tarixi şəxsiyyətlərə aid ən incə detalları diqqətimizə çatdırır: “Bağ içindəki qonşumuz Yusif Akçura atamın ən yaxşı dostlarından idi. İdeoloji mübarizədə bir yerdə iştirak etmiş, Türk Ocağında eyni amal uğrunda çalışaraq mədəni həyatımıza töhfələr vermişdilər. Yusif Akçura çox zəkalı, mədəni və utancaq bir adam idi. Atam müxtəlif mövzularda tənqidi fikirlər söylərkən o sükutla dinləyər, heç əskik etmədiyi siqaretini ağzından ayırmadan:– Ey əfəndi, sənmi qaldın dəhrə verəcək nizami-intizam – deyərdi”.Əsərdə görkəmli hind siyasi xadimi Cəvahirləl Nehru, Amerika siyasətçisi Vendel Uilkin, İngiltərə xarici işlər naziri Bevinin və b. tarixi şəxslərin epizodik obrazlarında onların tarixi arenada tutduqları mövqeləri də aydınlaşır. Məsələn, tarixi şəxsiyyətlərdən bəhs edilməsi zamanı hind siyasi xadimi, Tərəfsizlər hərəkatının liderlərindən olmuş, Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistan Respublikasının ilk baş naziri (1947–1964) Cəvahirləl Nehrunun təqdim edilməsində bunun şahidi oluruq: “Nehru bizi evinə dəvət etdi. Arvadı öldükdən sonra yanından ayırmadığı qızı İndira Qandi ilə birlikdə yaşayırdı. Bizə özünün yazdığı bir kitabı hədiyyə etdi, birlikdə şəkillər çəkdirdik və müxtəlif mövzularda söhbət etdik”. Əsərdə maraqlı məqam Cəvahirləl Nehrunun siyasi proseslərə aydınlıq gətirən fikirlərinin səsləndirilməsidir: “Kommunist deyil, kommunizmi önləmək üçün sosial ədalətçiyik”.Əsərdə Amerika siyasətçisi Vendell Uilki və onun qələmə aldığı “Tək dünya” əsərinin xatırlanması da tarixi şəxsiyyətlərin anılması kimi maraq kəsb edir. Yazar Vendel Uilkinin Türkiyəyə gəlməsi məqamına da aydınlıq gətirir: “1943-cü ildə ABŞ höküməti adından dünya turuna çıxan Vendel Uilki Türkiyəyə də gəldi. ... ...İrəlidə bu səyahətlə bağlı olaraq nəşr etdirdiyi “Tək dünya” kitabında məndən “ilk türk qadın vəkili” deyə yazdı və “orta yaşlı bir xanım” təbirini işlətdi”.Əsərdə maraqlı məqamlardan biri də, tarixi şəxslərin təqdimatı zamanı Sürəyya Ağaoğlunun həmin tarixi şəxslər və şəxsiyyətlərin kim olmasına aydınlıq gətirməsidir. Məsələn, İngiltərə xarici işlər naziri Bevinin xatırlanmasında bu məqamla üzləşirik: “İki gün sonra bir görüş təşkil edildi və mister Bevin məni qəbul etdi. Uzun müddətdən bəri ingilis xarici işlər naziri qadın qonaq qəbul etməmişdi. Bu baxımdan ingilis dostlarım bunu böyük uğur sayırdılar. Mister Bevin məni böyük nəzakətlə qarşıladı”.Əsərdə Türk qadınlarının obrazlarının təqdimatı zamanı biz onların cəsur, öz seçimlərində sərbəst ola bilmələri kimi təqdim edilməsinin şahidi oluruq. Müəllif onların cəsarətlərini əsərdə əks etdirməsi türk qadınlarına verilən dəyər kimi qəbul edilməlidir. Cəmiyyətdə öz sözü, öz seçimi olan qadınların ümumilləşdirilmiş obrazı kimi Rəşidə xanım təqdim edilir. Türk qadınlarının baş örtüklərini açmalarına səsləyiş zamanı başını açmayan Cəlal Bayarın həyat yoldaşı Rəşidə xanımın etiraz səsi yüksəltməsi məhz hər bir qadının öz seçimində sərbəst olmasına işarədir. Bu qadının hətta Atatürkə başının örtülü qalması istəyini bildirməsi də türk qadınının cəsarətini əks etdirir: “Qadınların baş örtüsü yeni götürülmüşdü. Ziyafətə Cəlal Bayarın həyat yoldaşı başı türbanlı gəlir.Hər kəsdə çaşqınlıq yaranır. Atatürk ona:– Xanim əfəndi, nə üçün başınız bağlıdır? – sualını verəndə o:– İcazə verin bəzi şəxslərin başı örtülü qalsın – cavabını vermək cəsarətini göstərir. Bax, Rəşidə xanım o dövrdə hətta Atatürkə belə cavab verə biləcək qədər cəsur bir insan idi”.Vəkil Rəcai bəyin bacısı rumelli Xalidə xanımın da cəsarətli cavabı qadınlarımızın sözündən dönmədiyini, özlərinə inamı əks etdirən obraz kimi diqqəti cəlb edir. Məsələn, Sürəyya Ağaoğlu Xalidə xanımın simasında ona ünvanlanan “Cümhuriyyət nədir?” sualının cavablandırmasında qadınların cəsarətini açıqlayır. Müəllifin əsərdə qələmə aldığı epizodda bunun şahidi oluruq: “Bir gün Tezər:– Cümhuriyyət nədir? – deyə soruşmuşdu.– Hürriyyətdə bir hürriyyət gəldi ki, indi başına “cüm” qoydular, bax odur – demişdir.Atatürk bunu eşidibmiş. Bir gün Keçiörən kafesinə dostları ilə gəlmişdi. Xalidə xanımı və qonum-qonşusunu çağırtdırmış, həmin sualı vermişdir. Xalidə xanım eyni cavabı vermiş və rumeli şivəsi ilə əlavə etmişdir:– Hürriyyətə “cüm” qoydun, qovdun padşahı, gəldin oturdun yerinə.Əlbəttə, bu cavaba Atatürkün qəhqəhə ilə güldüyünü əlavə etməyə ehtiyac yoxdur”.Qadın cəsarətini biz müəllifin özünün obrazında da tez-tez üzləşirik. Belə ki, müəllif onu “ingilis adamı” adlandırılmasına etiraz etməsi ilə özünün bir türk olmasını təsdiq edir. Bu zamanəsi üçün cəsarət tələb edirdi ki, hər bir qadın buna qadir deyildi. Biz Sürəyya Ağaoğlunun onu belə adlandıran şəxsə verdiyi cavabda bir daha şahidinə çevrilirik: “Biz cənab Əhməd Ağaoğlunun qızının bir ingilis adamı olduğuna heç bir zaman inana bilmərik. Amma bu sözləri təəssüf ki, məsləkdaşlarınız deyir, – deyərək bu xəbəri yayanın Baha Arıkan olduğunu əlavə etdi. Baş nazir Saracoğluna vəziyyəti danışdım, o da Baha Arıkanı çağırtdıraraq acıqlanmışdı. Baha bəy məni tapıb, o sözləri zarafat olaraq dediyini bildirdi. Mən də:– İnsan zarafatı etməzsəniz, bax belə baş nazirdən azar eşidərsiniz, – deyərək məsələni bağladım”. Sürəyya Ağaoğlunun belə cavab verməsi türk qadınlarının cəsarətini, hazırcavablığını əks etdirir.Obyektiv gerçəkliyi əks etdirən əsərdə yalnız Türk dünyasının tarixi şəxsləri haqqında deyil, dünyanın bir çox xalqlarının tarixi şəxslərinin epizodik şəkildə də olsa obrazlarının təqdiminin şahidinə çevrilirik.Əsərin problematikasıSürəyya Ağaoğlunun “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” əsərinin problematikası yalnız müəllifin özünün həyatı ilə bağlı olan şəxsi məqamları deyil, cəmiyyəti düşündürən aktual problemləri də açıqlayır. Əsərin problematikasında milli kimlik və mənlik, türkçülüyün təbliğ edilməsi, dini məsələlərə münasibət, cəmiyyətdə baş verən naqisliklər, qadın sədaqəti, ermənilərin mənfur əməlləri və s. kimi aktual məsələlər yer almaqdadır.Müəllif fərdi subyektivizmlə obyektiv tarixilik prinsiplərini uyarlaşdıra bildiyi əsərində tarixi yaddaşı, milli mədəniyyəti, doğma dili, dini, milli ideya və düşüncəni və s. özündə ehtiva edən milli kimlik (identiklik) məsələsinə toxunmuş, onun qüsurlu məqamlarına insanların diqqətini yönəltmişdir.Qərib ölkədə həmvətənlilərinin milli kimliyi təbliğ etməmələrini, milli kimliyin “axsamasını” ürək sızıltısı ilə göstərməyə nail olmuş yazar qeyd edir ki, “Özlərinə “misirli” deyən kral sarayının bir çox xanımın türkəsilli olduğunu öyrəndim. Küçəyə çıxanda yaşmaqdan istifadə edirdilər. Babaları Osmanlı sədrəzəmlərindən olsada, anaları Misir şahzadələri olduğu üçün adlarını yazmaq istəmədiyim bəzi xanımları da yaşmaqlı gördüm. Hər nədənsə bizdən ayrılan ölkələrdə yeri gələndə əsilləri türk olduğu üçün fəxr edənlər, yeri gələndə özlərini tamamən yad göstərirdilər. Buna Misirdə çox şahid oldum”. Müəllif konkret faktlarla, əsərdə milli kimlik məsələsinin inikası baxımından, onun hansı səviyyədə olmasını açıqlamağa nail olur. Müəllif ürək ağrısı ilə həmvətənlilərinin özlərini milli birlik məhfumundan uzaq durmalarını məhz milli kimliyin deqradasiyaya uğraması kimi göstərməyə nail olur. Çünki milli kimlik hər hansı bir şəxsin özünü hər hansı bir milli birliyə xas cəhətləri qəbul və dərk etməsi ilə əlaqəlidir.Milli kimlik məsələsinin qabardılması müəllifin 1946-cı ildə ABŞ-da keçirilən Qadınlar Birliyi Konqresində iştirak etmək üşün ABŞ səfərində də özünü qabarıq şəkildə göstərir. Türk olmasını, Atatürkün müasir Türkiyənin tanıtım simvoluna çevrilməsini göstərən müəllif əsərdə bu epizodu belə təqdim edir: “Bu səfərdə yemək masasında birlikdə olduğumuz bir neçə cənubi amerikalı haralı olduğumu soruşdu, “türkəm” deyincə:– Yəni Hindistandansınız, eləmi? – cavabını verdilər.Türk olduğumu başa salmaq üçün:– Atatürkü tanıyırsınız? – sualını verdim. Tanıdıqlarını deyəndə onun ölkəsindən olduğumu başa salaraq türklüyümü onlara izah edə bildim”.Maraqlı məqamlardan biri də, məhz milli kimlik baxımından şifahi ədəbiyyata əsaslanması özünü göstərməkdədir. Türk şifahi ədəbiyyatında özünəməxsus yeri olan Türkiyədə Osmanlı zamanından gələn təsvirlərlə pərdədə oynadılan kölgə oyunu olan, tam adı “Qaragöz və Hacivat” olan “Qaragöz” tamaşasının yunanlara aid olmasını təbliğ edən əcnəbilərə vermiş olduğu cavabda da əksini tapır. Əsərdə bu epizoda diqqətlə nəzər saldıqda, ilk növbədə diqqəti cəlb edən amil budur. Sürəyya Ağaoğlu ilə ingilis arasındakı dialoqda bu amil açıq şəkildə əksini tapır: “Adalarda yunan tamaşasını göstərmək üçün bizi açıq hava teatrına aparanda qarşımıza “Qaragöz” tamaşası çıxdı. Böyük yunan dostu olan bir ingilis çıxış edərək, Qaragözün yunan olduğunu isbat etməyə çalışdı. Təəssüf ki, biz belə dostlar qazanıb Qaragözün türk olduğunu isbat edə bilmirik.Tamaşa qurtaranda bu ingilisə yaxınlaşıb:– Siz qarşınızda Qaragözün türk olduğunu bilən türklərin varlığını unudursunuz – dedim”.Yazıçının milli kimliyin və mənliyin təbliği sahəsində gördüyü əməllərdən biri də soyadının işlənilməsi məqamına münasibətinin əks etdirilməsində özünü göstərir. Əsərdə Sürəyya Ağaoğlu onların soyadının “Ağayev” adlandırılmasına hiddətini bildirməsi bu məqama diqqəti yönəldir: “O çağlarda məni üsyana sövq edən bir başqa səbəb də ətrafımdakıların əsəbləşərkən mənə: “Ağayev” deyə xitab etmələri idi. Rusiyada Ağayev olan soyadını atam I Dünya Hərbindən sonra Ağaoğluna dəyişmişdi. Ancaq hələ də davam edən bu cür münasibət ilə bizə təzyiq etmək istəyənlər “Ağayev” deyərək ailəmizin Rusiyadan gəldiyini xatırladırlar. Necə ki, Tezər, CXP-nin mətbu orqanı olan “Ulus“ qəzetinin Səməd üçün atamı nəzərdə tutan “Ağayevin oğlu“ təbirini işlətdiyinə görə CXP Qars deputatı ikən partiyadan istefa vermişdi”.Milli kimliyin təbliği müəllifin məhz Trablüsqərbidə olarkən gördüyü münasibətdə, tarixi faktlara aydınlıq gətirməsində də açıqlanır: “Ərəb dünyasından türklərə sadiq qalan yeganə ölkə olaraq mən Trablüsqərbi gördüm. Bizi olduqca çox sevir və sayırdılar. Qəzetlər bizdən “Əlhəmdülillah türklər” deyə yazdı. Məşhur ailələrin çoxunda qadınlar türk idi. Görüşdüyümüz şəxslər “Lozanna sazişinə qədər biz özümüzü sizdən qopmuş saymırdıq, bizi o saziş ayırdı” deyirdilər”. Müəllif bu epizodla Lozanna sazişindən sonra Türk dünyasına dəyən zərbələrə diqqəti yönəldir.Sürəyya Ağaoğlu bu əsərində dini məsələlərə geniş yer ayırmağa, daha çox isə nöqsanlı məqamlara işıq salmağa cəhd edir. Müəllif qısa epizodlarda mənfur əməllərdən cəmiyyətin qopmasını, həmin məqamların təkrarlanmasına imkan verməyəcəklərinə inamı da əks etdirir: “...Əmin Əfəndi bizə mövzusu evlənmə və boşanma olan dərslər də keçirdi. Qadına da “mülki-müta” deyərdi. Bax, bizim dövrümüzdə qadın bir mal idi. Amma biz əlbəttə bunu qəbul etmirdik. İçimizdən bəzi qızlar:– Xoca əfəndi, cəhənnəmdə nə cür odun yandırılır? – sualını belə vermişdilər. Aldıqları cavab da:– Sizin kimi odunlar – olmuşdu.Bax, belə bir dövrdən bu günə gəldik. Təəssüf ki, bizi həmin dövrə qaytarmağa çalışanlar son zamanlar çox oldu. Amma təbii ki, o günlərdə belə bizim kimi şagirdlər olduğuna görə altmış il sonra bu fikirlərin xortlamasına heç kim müsaidə etməz”.Sürəyya Ağaoğlu əsərin problematikasında cəmiyyətdə baş verən nöqsanlara, özbaşınalıqlara biganə qala bilməmişdir. O, həm bir vətəndaş kimi, həm də bir ədalət, hüquq müdafiəçisi kimi cəmiyyətdəki naqislikləri açıqlamağa cəh edir: “... Zaman hər cür düşüncə tərzini alt-üst etdi. Hürriyyət, vətən hürriyyəti olmaqdan çıxdı. Vətən, ailə anlayışları elə dəyişdi ki, ailə sevgisi demək olar unuduldu. Bir-birinə bağlı ailələr örnək olaraq barmaqla göstərilirdi. Əlbəttə, böyük şəhərlərdə sənayeləşmə, iqtisadi ehtiyaclar da bu vəziyyəti yaradan səbəblərdən idi. Nəticə olaraq, irəliləyiş dediyimiz avtomatlaşma hər halda hisslərə hakim olurdu. Mən ki, hər cür fikrə hörmət edən bir insanam. Zaman zaman sağların da, solların da nə olduğu bilinməyən düşüncələrinə üsyan edirəm. Təəssüf ki, bütün dünyada olduğu kimi Türkiyədə də doğru yol göstərən qıtlığı var”.Əsərdə cəmiyyətdə baş verən naqislik kimi cəmiyyətin erməni yaraqlılarına qarşı mübarizə aparmış insanlara biganəliyin, onlara qarşı ədalətsiz hökm çıxarmaları faktların təqdim edilməsi diqqətdən yayınmır. Sürəyya Ağaoğlu bu məqamı ürək ağrısı ilə qələmə almaqla yanaşı, tarixi yaddaşa bağışlanmaz ləkə olan məqam kimi əks etdirir. 1919-cu ildə “Bəkirağa Bölüyü”ndə Əhməd bəy Ağaoğlu ilə yanaşı çarpayıda yatan Boğazlıyan Qəzasının rəisi Kamal bəyin edam edilməsi faktının qabardılması əfv edilməz bir addım olmasının göstəricisidir: “...Bəyazid meydanında Kamal bəyin asılmış olduğunu dəhşətlə qarşıladıq. Kürd Mustafa Paşanın sədrlik etdiyi məhkəmə heyəti tərəfindən erməni qırğınına görə edama məhkum edilmişdi”.Cəmil Səid Barlasın, Əhməd Əmin Yalmanın, 27 may 1960-cı il dövlət çevrilişindən sonra orduda aparılan siyasətə etirazlarına görə Milli Birlik Komitəsindən ixrac edilən 14 zabitdən biri olan, yəni “Ondördlər” hesab edilən Orxan Ərkanlının, Milli təhsil naziri olmuş Atif Bəndərlinin və b. ziyalı türk övladlarının həbs edilmələrini, Türkiyənin xarici işlər naziri olmuş, 27 may 1960-cı ildə dövlət çevrilişi nəticəsində həbs olunmuş Fatin Rüşdünün, TBMM-yə 4 dəfə deputat seçilmiş, A.Menderes hökümətində maliyyə naziri olmuş, 27 may 1960-cı il dövlət çevrilişindən sonra həbs edilmiş Həsən Polatkanın, 20 may 1963-cü ildə dövlət çevrilişinə cəhd etdiklərinə görə albay Tələt Aydəmirin və minbaşı Fəthi Gürcanın və b. dar ağacında edam edilmələrini vurğulaması o dövr siyasi mənzərəsinə bir işıq salır.Cəmiyyətdə baş verən nöqsanlı hadisələrə nəzər salan Sürəyya Ağaoğlu maraqlı məqamlara toxunur, bir çox məhkəmə işlərinin adlarını çəkməklə də baş verən tarixi preseslərə diqqətləri yönəldir: “İt işi” ilə başlayan məhkəmə prosesləri “Körpə işi” və “Barbara işi” ilə davam etdi. Bu məhkəmə işlərində mən iştirak etmədim. Sonra “Vətən Cəbhəsi işi” başladı”.Sürəyya Ağaoğlu cəmiyyətdə baş verən nöqsanlardan biri kimi siyasi görüşlərinə görə həbs edilən insanların ailəsindən, doğmalarından uzaq düşmələrinə səbəb olmalarını məhz cəmiyyətin biganəliyi kimi açıqlayır. Müəllif bu məqamı öz ailəsinin simasında təqdim edir: “...gəmi yavaş-yavaş gözümüzün önündə hərəkət etdi, uzaqlaşdı. Hara aparıldığını bilmədiyimiz atamızdan günlərlə xəbər gözlədik. Nəhayət, Malta adasının Polverista qalasından evimizi sevincə qərq edən ilk məktub gəldi. O andan etibarən, iki il yarım günlərimiz məktub və yol gözləməklə keçdi. Gültəkin evdəki bütün kağızlara “ata” deyərdi. Atam evə qayıdanda:– Bu əmi mənim atam deyil, mənim atam budur – deyərək onun şəklini göstərmişdi”.Azərbaycan daxili işlər nazirlərindən Behbudxan Cavanşiri “Pera Palas” oteli qarşısında qətlə yetirmiş qatil Torlaqyana bəraət verilməsinin əsərdə təsviri cəmiyyətdəki biganəliyi əks etdirir. Baş verən hadisələrə ikili standart yanaşmanın bütün dövrlərdə özünü büruzə verməsinin şahidinə çevrilirik. Qatilin sərbəst buraxılmasına yardım edən qüvvələr cəmiyyətdəki ədalətin pozulmasına səbəb olan yardımçı qüvvələr kimi qabardılır: “Nəhayət məhkəmə qurtardı. Cılız adam tir-tir titrəyirdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb bizi belə təəccübləndirdi. Bu gənc zabitdən bu cəsarəti gözləmirdik. Prokuror 24 saat içində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror məhkumun bəraitini istədi; əlbəttə ki, qatil bəraət etdirildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı”.Müəllif cılız, qorxağa bənzəyən belə bir məxluqun – erməninin Behbudxan Cavanşir kimi tarixi şəxsiyyəti qətlə yetirməsinə şübhə ilə yanaşması da əsərdə yer alır: “Qatilin istintaqını Rikatson-Hatt aparırdı. Heydər bəy ilə o zaman ingilis komandanının qərargahı olan “Kroker” otelinə getdik. Otelin zirzəmisindəki saxlanma otağından həbs olunmuş qatili yuxarı çıxartdıqlarında təəccübləndim: cılız, tir-tir titrəyən bir qorxaqa bənzəyən bu adam dağ kimi Behbudxanı necə vurmuşdu?”.Əsərin problematikasında diqqəti çəkən mövzulardan biri də türk xalqının ziyalı oğullarının ermənilər tərəfindən qara siyahıya salınmasına toxunulmasıdır. Əhməd bəy Ağaoğlu, Behbudxan Cavanşir və digər bu kimi şəxslərin ermənilərin qara siyahısnda olmasının əsərdə qeyd edilməsi, ermənilərin türk xalqlarına, onların övladlarına qarşı apardıqları gizli, mənfur əməlləri əks etdirir. Bunun müəllif uydurması olmamasının ermənilərin özləri tərəfindən vurğulanması Sürəyya Ağaoğlu tərəfindən qeyd edilir: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən bir dost olaraq onu xəbərdar etməyi özünə borc bildiyini və buna görə tez hərəkət etməsini istədi”. Və ya “Azərbaycan daxili işlər nazirlərindən Behbudxan Cavanşirin də ermənilərin qara siyahısında olduğu xəbərini almışdıq”.Sürəyya Ağaoğlu cəmiyyədə baş verən naqislikləri insanların günahsız yerə edam edilməsində əks etdirir. Müəllif İstiqlal Məhkəməsi zamanı edam edilənlərə insanların biganəliyini “xalq psixologiyası”nın deformasiyaya uğraması ilə əlaqələndirir. Yazıçı belə hadisələrə insanların biganə qalmalarının səbəbi kimi həm də adətkar olmalarını göstərir: “Bir gün səhər Tezər ilə Ulus meydanından keçirdik. Hündür bir yerə çıxmış bir yığın ağ köynəkli adam gördük. Uzaqdan rəngsaz zənn etdik. Yaxınlaşanda sıra ilə asılmış adamlar olduğunu dəhşət içində qarşıladıq: Bunlar İstiqlal Məhkəməsi qurbanları idi. O qədər heyrətlənmişdik ki, hər ikimiz də ögüməyə başladıq. Ancaq bu mənzərə gün keçdikcə Ankaranın normal görüntüsü oldu. Bir müddət sonra bu meydanın qarşısındakı yeməkxana və kafedə hamı yeyib-içirdi. Xalq psixologiyası hər şeyə öyrəşir”.Əsərdə Əhməd bəy Ağaolunun vurğuladığı kimi “Şərqdə məzlum iqtidara gələndə məzlumluğunun intiqamını alır” prinsipi ilə hərəkət etdən İstiqlal Məhkəməsinin sədri Əli Çətinqayanın şapka qanununa qarşı çıxanları edam cəzasına məhkum etməsi cəmiyyətdəki naqisliyin göstəricisidir: “...Bir müddət sonra şapka inqilabı oldu və həmin Əli Çətinqaya İstiqlal Məhkəməsi sədri olaraq şapka qanununa qarşı çıxanları edam cəzasına məhkum etməyə başladı”.Yassıada prosesi zamanı baş verən ədalətsizliyin yalnız cəmiyyətə deyil, xalqın tarixi yaddaşına vurulan zərbə kimi də dəyərləndirmək gərəkdir ki, bu məqam da əsərdə əksini tapır: “Atatürkün hüquqa olan hörməti sayəsində normal məhkəmələr bu cür qanunsuz hərəkətlərin mühakiməsinə qarışdırılmadı. Bu işi hüquq ilə heç əlaqəsi olmayan və məhkəmə heyəti üzvlərinin hüquqşünas olmadığı İstiqlal Məhkəmələri vasitəsi ilə etdirdi. Təəssüf ki, Yassıada prosesi bunun tam əksi oldu, hüquq zülmə alət edildi”.Sürəyya Ağaoğlu cəmiyyətdə baş verən naqislikləri dövlət quluqçularının bürokratlığında, özbaşınalığında, rüşvətxorluğunda da açıqlaya bilir: “Bir gün “Gislavet” şirkətinin vəkili olaraq şirkətin sərmayə artırma işləri üçün Ankaraya getdim. Ticarət nazirini görməyim lazım idi. Nazir Cəlal Sirən iş adamları ilə görüşməyi çox sevməzdi. Şirkət xarici sərmayəli olduğu üçün mənimlə də görüşmək istəmədi” və ya “Bir iş üçün bir dövlət məmuru məndən rüşvət istədi. Əlaqədar nazirə dedim.– Mən eşitməmiş olum, siz işinizi davam edin – dedi. Bunlar məni çox işdən soyudan hadisələr idi”.Sürəyya Ağaoğlu cəmiyyətin nöqsanlarından biri kimi də aparılan müharibənin olmasını vurğulayır. Müharibənin insan talelərinə vurduğu mənəvi zərbələrlə yanaşı şəhərlərə də zərbə vura bilməsinə aydınlıq gətirir. Bir çox şəhərlərin, Marsel, London və s. kimi şəhərlərin müharibənin şiddətlərinə məruz qalmasına biganə qalmır. Bu məqamı əsərində qısa epizodlarda açmağa nail olur: “Səhər yeddidə Marselə gəldiyimizdə müharibənin ilk xarabalığı ilə qarşılaşdım. ...Fransız məsul şəxslərinin üzündən iztirab oxunurdu.Londona çatdığımızda oranın da bombardman xatirələri ilə dolu gördüm” və ya “Ştuttqart çox faciəli bir vəziyyətdə idi. Şəhərin yarısı bombardmanlarla dağılmışdı, küçələr qolsuz-ayaqsız müharibə qurbanları ilə dolu idi”.Müəllif müharibələrin törətdiyi ağır fəsadları İstanbulun keçdiyi tarixi yolun müəyyən məqamlarına işıq salmasında əks etdirir. Tarixin çətin sınaqları ilə üz-üzə qalmış İstanbulun tarixi prosesdə üzləşdiyi çətinliklər, işğal altında qalması məqamının çətinliyinə aydınlıq gətirən müəllif bunu belə təqdim etmişdir: “Bu çətin illərimizdə İstanbul da işğal altında idi. Fransız, ingilis və yunan bayraqları ilə doldurulmuş küçələrdə işğal ordularının əsgərləri özbaşınalıq edirdilər”. Yerli əhalinin bu işğala olan nifrət və qəzəbi müəllifin özünün simasında açıqlanır. Müəllif İstanbulda yaşayan bir şəxs kimi, bu şəhərin işğal edənlərə olan nifrət və qəzəbini gizlədə bilməməsini tam şəkildə əks etdirir: “...Xanım Bemon məni yanına çəkdi:– Nə üçün bizə nifrət edirsən, qızım – dedi.Hönkür-hönkür ağlayaraq:– Burada sizin nə işiniz var? Atamı Maltaya sürgün etdiniz, vətənimi işğal etdiniz. Nifrətimə daha başqa səbəb lazımdırmı?”.Doğma torpaqların zəbt edilməsinin ağrı-acısı, onları zəbt edənlərə nifrət əsərdə özünü tez-tez göstərir: “Litsey şagirdləri, düşmənlə əməkdaşlıq edənlərə dəhşətli kin bəsləyərdilər. İngilis tərəfdarı və “İstanbul” qəzetinin sahibi Molla Səidin qəzet redaksiyasının önündə edilən nümayiş və daşlanmaya bizim litsey şagirdləri də qoşuldular”.Əsərdə milli kimlik, dini məsələlərə münasibət və cəmiyyətdə baş verən özbaşınalıqların, naqisliklərin təqdimi ilə yanaşı qadınlara olan qayğı, onların hüququ, ən əsası isə sədaqət rəmzi olmaları əksini tapmaqdadır. Əsərdə müəllif qadınların həyat yoldaşlarına sədaqətli olmalarını anası Sitarə xanımın simasında təqdim etməyə nail olur. Anasını ərinə sədaqətli bir qadın olması məqamını Əhməd bəy Ağaoğlunun mühacirət həyatına başlaması zamanı onun yanında olmaq istəyində əksini tapır: “İllər keçdikdən sonra atamın sənədlərini saf-çürük etdiyim zaman, anamın atamın bu məktubuna cavabını tapdım. Çox şirin və qəti bir ifadə ilə:– Sən haradasansa mən oradayam. Uşaqları gətirirəm – deyir.Anam ömrüboyu daima atamın yanında oldu, onun siyasi fəaliyyətini dəstəklədi”.Sürəyya Ağaoğlu qadınların cəsur olmalarını memuarında tez-tez əks etdirir. Bu yalnız ona doğma və yaxın qadınların simasında deyil, həm də rastlaşdığı türk qadınlarının əməllərini açıqlamasında əksini tapır: “...Bir gecə qaranlıqda öküz arabası səsi eşitdik. Yaxınlaşanda cəbhəyə silah daşıyan, biri yaşlı, biri gənc iki qadın gördük”.Sürəyya Ağaoğlu qələmə aldığı əsərin problematikasında qadın sədaqəti ilə yanaşı, türk qadınlarının tanıdılmasını təbliğ edir. Özü türk qadınlarının tanıdılması yolunda addımlar atılmasının təbliğatçısı kimi çıxış edir. Məsələn, əsərdə hələ 1948-ci ildə amerikalıların məşhur “Missuri” zirehli gəmisinin İstanbula gəlməsi, həmin gəminin admiralının müəllifə dediyi “İndiyə qədər burada təşkil olunan yığıncaqlarda heç sizin kimi mədəni bir türk qadınına rast gəlməmişdim. Mənim türk qadını haqqında fikrimi dəyişdirdiniz” fikrindən sonra həyata keçirməyə cəhd etdiyi hərəkətlər bunu əks etdirir. Müəllif türk qadınının mənəvi keyfiyyətləri ilə dünyaya tanıdılmasının tərəfdarı kimi çıxış edir: “Bu sözdən sonra “Cümhuriyyət” qəzetində vali Lütfü Kırdara açıq məktub yazaraq belə tədbirlərə ancaq kübar xanımların deyil, dəyərli, savadlı, peşə sahibi olan türk qadınlarının da dəvət edilərək xaricilərə tanıdılmasının ölkə üçün müsbət təbliğat vasitəsi olacağı fikrini irəli sürdüm”. Sürəyya Ağaoğlunun türk qadınlarının belə tanıdılmasına cəhdlərinin Türk yazıçısı və jurnalisti Va-Nunun (Əhməd Vala Nurəddin) tərəfindən düzgün anlaşılmaması, ona etiraz edilməsi də vurğulanır. O dövr cəmiyyətində qadına lazım olan münasibətin göstərilmədiyinə işarə edir.NəticəSürəyya Ağaoğlu “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” (“Bir Ömür Böyle Geçti: Sessiz Gemiyi Beklerken”) əsəri ilə Türk dünyasının qan yaddaşında özünəməxsus bədii fəhm sahibi olan siyasi xadim ola bilməsini, xalqının ən çətin məqamlarında qadınların, uşaqların hamisinə çevrilməyi bacaran bir vəkil olmasını təsdiq edə bildi. Sürəyya Ağaoğlu oxuculara təqdim etdiyi bu əsərində özünün müəllif “Mən”in itirilməməsinə nail ola bilmiş, bir müəllif kimi yaddaqalan obrazını yaratmışdır. Salidə ŞƏRİFOVAAzərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutuMüstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi,filologiya elmləri doktoru, AMEA-nın professoru,Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüZiM.Az Məqalə "TÜRKLAD" Beynəlxalq Rürk ləhcə araşdırmaları dərgisində və dergipark.org saytında da dərc olunmuşdur. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.