Gənc istedad: Aysu Arpaçaylı Ədəbiyyat » Nəsr 7 октября 2015 Mənim adım Aysudur. 2006-cı ilin 24 yanvarında Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşam. Hazırda Mehdiabad qəsəbəsindəki 1 saylı tam orta məktəbin IV sinfində oxuyuram. Dərs əlaçısıyam. Ədəbiyyatı çox sevirəm. Ürəyim istəyəndə hekayə yazıram. Arpaçaylı təxəllüsünü mənə babam verib. Arpaçay Naxçıvanda bir çaydır. Babam gilin kəndi həmin çayın sahilində olub. Babam həmin çayı indi də xatırlayır və sevir. Ona görə də çayın adını mənə verib. Mənim adımda da “su” sözü var. İndi təxəllüsümdə də həmin çayın adıdır. Mən də həyatda su kimi duru, saf və şirin olmağa çalışıram. Çoxlu dostum var. Onlarla fəxr edirəm. Hər bir adamın sədaqətli dostu olmalıdır. Çoxlu, həm də savadlı dostlat əlaçı olmağa kömək edir. Gələcəkdə daha çox hekayə yazmağa çalışacağam. BALA SƏRÇƏ (hekayə) Biri var idi, biri yox idi, sərçə ailəsində yemək vaxtı idi. Birdən kiçik sərçənin payı yuvadan düşdü. Ana sərçə yeməyi gətirmək üçün yuvadan aşağı uçdu. Kiçik sərçə də anasına kömək etmək fikrinə düşdü və o da aşağı endi. Ancaq artıq gec idi. Ana sərçə çoxdan getmişdi. Kiçik sərçə yuvaya uçmaq istədi, amma olmadı. Çünki, aşağı enəndə qanadı yaralanmışdı. Bir az sonra insan ailəsi çölə çay içməyə çıxdılar. Uşaqlar kiçik sərçəni görən kimi tez analarına xəbər verdilər. Ana sərçənin yaralanmış qanadını sarıdı və onu ağacın budağına qoydu. Fikirləşdi ki, bəlkə anası onu görüb aparsın. Səhər tezdən ana cücələrə dən verirdi. Çarəsiz qalan kiçik sərçənin anasının onu görmədiyini bilib hasarın üzərinə qoydu. Bir az sonra uşaqlar oyandılar və sərçəyə baxmağa gəldilər. Sərçəni tapanmayanda analarından soruşdular: -Ana, kiçik sərçəni görməmisən? -Onu hasarın üzərinə qoymuşam. Ancaq onun yanına getmiyin! Qorxub yerə düşə bilər. Uşaqlar anaları dediyi kimi etdilər. Bir az sonra bir sərçə onu yemək yedizdirməyə apardı. Səndemə, bu sərçə kiçik sərçənin anası gil ilə qonşuluqda olan köhnə bir yuvaya köçübmüş. Üç gün əvvəl onun balaları yerə düşərək ölübmüş. Bir az sonra kiçik sərçənin anası onlara qonaq gəldi. O, balasını görüb tanıdı. Onu bağrına basdı. Bir gün sonra xilasedici sərçənin yumurtadan üç gözəl balası çıxdı. QIRMIZI BULUD (hekayə) Nərmin ilə babası çöldə oturmuşdular. Göydə qırmızı buludlar var idi. Nərmin babasından soruşdu: -Baba, göydəki buludlar nə üçün qırmızı rəngdədi? Baba dedi: -Qızım, onlar qırmızı rəngdə olanda, demək, onların suyu yoxdu. Səhər onlar dənizdən su gətirməyə gedəcəklər. Onda günəşin qabağı açılacaq. Bu isə o deməkdir ki, səhər hava günəşli olacaq. Nərmin babasına inanmadı. Səhər günəşin şuaları Nərmini yuxudan oyatdı. Beləcə, Nərmin babasına inandı. DALĞA İLƏ QUM (hekayə) Bir gün Ayxan ailəsi ilə dənizə getmişdi. Birdən Ayxanın gözünə nə isə sataşdı. O, atasına dedi: -Ata, dalğa ilə qum savaşır, biz buna icazə verməməliyik! Ata dedi: -Oğlum, onlar savaşmırlar. -Bəs onlar nə edirlər? -Onlar sadəcə bir-birləri ilə oynayırlar. -Necə yəni oynayırlar? Ata dedi: -Oğlum, dəniz öz dalğalarını quma tərəf aparır. Qumun yarısı da dalğa ilə geri çəkilir. Bu isə dənizi gözəlləşdirir. Ayxan indi, işin nə yerdə olduğunu başa düşdü. BİR DAHA İNCİTMƏRƏM! (hekayə) Bir dəfə Məryəm gəlinciyi ilə oynayırdı. Birdən onun ağlına bir fikir gəldi. O, gəlinciyin saçını kəsdi, üzünü yazdı, donunu cırdı, qol və ayaqlarını sındırdı. Sonra yoruldu, yatdı. Yuxusunda gördü ki, gəlinciyi ondan küsüb. Onunla danışmır və başqa bir qızın gəlinciyi olur. Məryəm tez yuxudan oyandı. Gəlinciyinə paltar tikdi. Onun qol və ayaqlarını düzəltdi, saçını səliqəyə salıb üzünü sildi və onu qucaqlayıb dedi: -Əziz gəlinciyim! Artıq səni bir daha incitmərəm! Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.