VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix 24 октября 2016 = A. P. NOVOSELTSEV =Xəzərlər və Xəzər dövlətinin tarixi indiyədək yaxşı öyrənilməsini hesab etmək olmaz. Bunun səbəblərindən biri - salnaməçiliyin çətinlikləridir. Xüsusi olaraq Xəzər ədəbiyyatından yalnız bir neçə sənəd qorunub saxlanılmışdır1 ki, onların da məzmunu və etibarlılığı barəsində fikirlər mövcuddur. Xəzərlərin yuxarı təbəqəsi yəhudi dininə etiqat etdiyindən bu sənədlər qədim yəhudi dilindədir2. Lakin tamamilə aydırdır ki, bu sənədlərin dili, onun dəqiq istifadə olunması yəhudi dini ilə ( Çar İosifin məktubu onun İspaniyadakı yəhudi müxbirinə ünvanlanmışdır) bu və ya digər formada əlaqədardır. Xəzərlərin yuxarı təbəqəsinin yəhudi dinini qəbul etməsi səbəbləri xüsusi diqqətə layiqdir və eləcə də burada hər şey axıra kimi aydınlaşdırılmışdır. Ərəb ensiklopediyaçısı əl-Məsuda görə, Xəzərlərin əyanları (və yaxud onların bir hissəsi3) xəlifə ər-Rəşidin (786-809-cu illər) dövründə yəhudi dinini qəbul etmişdir.Həmin vaxtlar Xəzərlər ərəblər ilə, Bizantiya ilə ədavətli münasibətdə olduğu vaxtlar olduğundan bu dinlərin Xəzəristanda çoxlu davamçıları olmasına baxmayaraq onlar İslamı və yaxud xristianlığı çətin ki, dövlət dini edə idilər.Elə bu vaxtlar Xəzəristan hələ VIII əsrdə, elə bir az sonralar da Şərqi Avropada böyük siyasi qüvvə idi. Elə onun mənafeləri bu və ya digər formada Qara dəniz hövzəsində Bizantiya və Zaqafqaziyada xilafətin mənafeləri ilə toqquşurdu. Xəzərlərin bu iki nəhəng dövlət ilə münasibətləri həmin vaxtlar eyni cür deyildi. Xəzər-ərəb münasibətləri əzəl başdan bir qayda olaraq düşmənçilik əhval-ruhiyyəsində idi. Demək olar ki, ərəblər bu hallarda Sasanilərin Xəzərlər ilə lap əvvəllər mövcud olan qarşılıqlı əlaqələrin müəyyən əlamətlərini irsən davam etdirmişlər. Məlumdur ki, İraklinin və II Xosrovun imperatorluğu dövründə böyük İran-Bizantiya müharibəsi zamanında Xəzərlər bizantiyalılar ilə müttəfiq idilər və Zaqafqaziyaya dağıdıcı hücumlar etmiş4, Tiflisi ələ keçirərək dağıtmışlar5.Xəlifə Əlinin qətlindən sonra Xilafətdə ixtilafların olduğu və Əməvilərin möhkəmləndiyi bir vaxtlar Xəzərlər müvəqqəti olaraq ərəbləri Zaqafqaziyadan sıxışdırıb çıxartdılar, hələ bir İranın içlərinə doğru da yürüşlər etdilər.Həmin vaxtlar onların Bizantiya ilə münasibətləri, əksinə dostluq şəraitində idi. Məlumdur ki, 695-ci ildə saray sui-qəsdi nəticəsində devrilmiş və Xersonesə sürgün edilmiş imperator II Yustinian Xəzərlər ilə münasibətdən istifadə edərək Xaqanın qızı ilə evlənmiş və onun köməkliyi ilə hakimiyyətə qayıtmışdır6.VII əsrin ortalarında Əməvilər xilafəti sırf daxili sabitlik yoluna qədəm qoydu. Əbd ül-Məlik (685-705-ci illər) hökumətinin həyata keçirdiyi islahatlar, Xaricilərin cəzalandırılması və sair tədbirlər Əməvilərin vəziyyətini təkcə ərəb əyalətlərində deyil, eləcə də İranda möhkəmləndirdi. Şərqə, qərbə və şimala doğru xarici ekspansiya dövrü başladı. Zaqafqaziyada Əməvilər siyasəti burada xəlifələr hakimiyyətinin hər bir vasitə ilə möhkəmləndirilməsinə yönəldilmişdi. Məlumdur ki, nisbətən mömin xəlifələrdən biri Quran ayələrinə istinad edərək bütün donuzların məhv edilməsi hökmünü verdi7. Erməni knyazların Naxçıvan və Xram8 kilsələrində yandırılması faktı yaxşı məlumdur. Qafqaz Albaniyasında knyaz hakimiyyəti ləğv olundu9. (Mənbəyə düzgün istinad edilməmişdir-M.M.)Sonra bir qayda olaraq Dağıstan ərazisində və ara-sıra Zaqafqaziyada baş verən ərəb-xəzər müharibəsinin bütöv bir silsiləsi davam etdirilmişdir. Ümumilikdə, qələbə özlərinin Dərbənddən şimala olan ekspedisiyaları ilə heç də həmişə uğur qazanmayan ərəblərin tərəfində idi. Elə bunlar Xilafət hökumətinin Hişamın (724-743-cü illər) hakimliyi dövründə Zaqafqaziyada qəti olaraq Xəzərlərə qarşı böyük müharibəyə hazırlaşmaq işi ilə məşğul olmağa, belə demək mümkünsə, Dağlıq Qafqaz əyalətlərində möhkəmlənməyə vadar etdi. Zaman istənilən qədər uğurlu seçildi. Ərəblərin şərqdə, yenə də müqavimət ocaqlarının mövcud olmasına baxmayaraq Orta Asiyanı işğal etmələri praktiki olaraq başa çatdırılmışdır10. Cənubda ərəblər İspaniyanı işğal etdilər və Pireney dağından şimala doğru hücumlar həyata keçirdilər. İkonoborçuluq (VIII-IX əsrlərdə Bizantiyada meydana çıxmış, ikonalara sitayiş etməyə zidd olan dini cərəyan- M.M.) nifaqı ilə əhatə olunmuş Bizantiya Balkanlarda bolqarlardan xilas oldu. Güman etməyə əsas vardır ki, Xəzər dövlətinin daxilində heç də aydın olmayan proseslər baş vermişdir. Kaqan (xaqan) hakimiyyəti zəiflədi və ona qarşı ta qədimdən qoşuna başçılıq edən, şad rütbəsini daşıyan böyük əyanlar iddiaçı oldular. Xəzərlər ilə böyük müharibəyə başlamaq üçün Zaqafqaziyanın sərkərdəsi xəlifə Əməvilər sülaləsindən olan Mərvan təyin edildi. Sonralar II Mərvan adı ilə bu sülalənin son xəlifəsi olmaq şərəfinə nəsib oldu. Lakin özünün Zaqafqaziyaya təyin olunduğu vaxtlar təşəkkül tapdığı yüksək səviyyəyə çatan Mərvan yaxşı bir sərkərdə və ağıllı bir diplomat kimi hesab edilirdi. Belə ki, belə bir keyfiyyətləri ilə özünü doğruldan Mərvan 732-ci ildə Xilafətin «Şimalın dörddə bir hissəsi»nin sərkərdəsi oldu.Bu vəzifəyə təyin olunan Mərvan nəzərdə tutulmuş tədbirlərə hazırlaşdı. Şimala doğru yürüş etmək üçün hər şeydən öncə arxa cəbhəni təmin etmək, Xəzərlər ilə müharibə dövründə üsyan təhlükəsinin olmaması üçün Zaqafqaziyada möhkəmlənmək lazım idi ki, orada da artıq xəlifə sərkərdəsinin siyasəti müxtəlif Qafqaz ölkələri üçün eyni deyildi. Mərvan Ermənistanda naxararları öz tərəfinə çəkməyə üstünlük verdi. Onları Dvin şəhərinə toplayaraq erməni əyanlarının mülk və imtiyazlarının qorunub saxlanılmasını vəd etdi. Bu işdə Ermənistanın patrik və işxanı titulunu alan Baqratuni sülaləsinin başçısı Aşot xüsusi olaraq qeyd olunmuşdur11. Əvəzində erməni knyazları şimala doğru hücum üçün erməni azad süvari dəstəsinin ayrılmasını vəd etdilər. Bundan başqa Aşotun Dəməşqə səfərindən sonra Xəlifə Hişam bu atlı dəstəni saxlamaq üçün ildə 100 min dirhəm ayrılması barəsində sərəncam verdi12.Göründüyü kimi, bundan sonra Mərvan hücuma keçməyə hazırlaşdı. Belə ki, Xəzəryanıda onun Xəzərlər ilə 732-733-cü illərdə toqquşması baş verdi. Lakin Gürcüstanda olan durum sərkərdənin əsas hücumunu təxirə salmağa məcbur etdi. Ermənistandan fərqli olaraq Mərvan, göründüyü kimi, gürcü «mtavari»ləri ilə yaxşı münasibət yaratmağa nail ola bilməçmiş, odur ki, cəza tədbirlərinə əl atmaq qərarına gəlmişdir. Bunlar təkcə Şərqi Gürcüstana deyil, eləcə də Qərbi Gürcüstana da aid idi ki, həmin hadisələrdə də ( birbaşa və yaxud dolayısı) Bizantiyanın , ola bilsin də Xəzərlərin də iştirakını etimal etmək olar. Mərvanın gürcü torpaqlarına hücumları gürcü salnamələrində ətraflı qələmə alınmışdır13.Belə ki, həmin salnamələrdə ərəb sərkərdəsi «ğru», daha doğrusu kar( yəni, mərhəmət bilməyən, heç nə eşitməyən ) adlandırılmışdır. Səciyyəvi haldır ki, Mərvanın qərbə tərəf hücumu və onun tərəfindən Sxumun (Suxum) alınması vaxtlar Abxaziyanı (Bizantiya) imperatorunun eristavisi-Leon idarə edirdi14.Gürcüstan torpaqlarının üzərinə amansız yürüşlər edən Mərvan Mərkəzi Qafqazda, Dəryal dərəsində özünə möhkəm durum bərqərar etdi. Bunu Xəzərlər ilə müharibəyə hazırlıq bir daha tam mükəmməlliyi ilə göstərir.Müharibəyə o, 737-ci ildə başladı. Bu tədbir barəsində kifayət qədər çox mənbələrin məlumatları bizim sərəncamımazdır. Lakin onların çoxu məlumatdan kəsaddır. Bu, məsələn, əl-Belazurinin «Kitab futux al-Bundan» kimi VIII- IX əsrlərin hadisələri barəsində birinci dərəcəli mənbəyə aiddir. Mərvanın hücumları barəsində az da olsa ət-Tabari və İbn-əl-Əsir yazır. Əl-Kufi isə nisbətən geniş məlumat verir. Bu tarixçinin orjinal ərəb əsəri lap elə bu yaxınlarda, Mərvanın hücumundan bir hissə isə hələ 1939-cu ildə A. Zəki Validim Toqanın İbn Fadlan barəsində olan məşhur kitabında verilmişdir15. Onların ərəb müəlliflərinin göstərdiklərindən tamamilə fərqləndiyinə baxmayaraq Levond tamamilə maraqlı məlumatları nəql edir16. Bu fərqlər həmin yazıçıların eyni olmayan məqsədləri ilə əlaqədardır. Ərəb tarixçiləri Mərvanın Xəzərlər üzərinə öz hücumları və onun nəticələri ilə maraqlanmışdır. Levond da əsasən bu və ya digər formada Ermənistana qarşı münasibətdə olan hadisələri təsvir etməyə cəhd göstərmişdir. Bütövlükdə, Mərvanın hücumu xüsusi tədqiq olunmağa layiqdir. Bu halda isə Zaqafqaziya üçün mühüm olan bir neçə faktın sübuta yetirilməsi ilə məhdudlaşıram. Mərvan öz ordusunu iki hissəyə bölmüşdür. Onlardan biri Xəzər dənizinin qərb sahilinə doğru hərəkət etmiş, o birisi isə sərdarın özünün başçılığı ilə Dəryaldan keçərək irəliləmişdir. Ərəb sərdarı əsassız danışıqlarla Xəzər hakiminin başının altına yastıq qoymuşdur ki, nəticədə də Xəzərlər müdafiəyə yaxşı hazırlaşa bilməmişlər. Ərəblər Xaqanın ordusunu darmadağın etdilər, sonra onun paytaxtını ələ keçirdilər. Levondun verdiyi məlumata görə, bu paytaxt Xəzər dənizinin sahilində yerləşirmiş17. Ərəb məlumatlarına görə, sonralar onun adı əl-Bayda (Ağ) olub18. İran ləhcəsinə görə Ağ şəhər kimi izah edildiyindən, bu şəhərin elə Səməndər olmasını da fərz etmək olar. Belə ki, bu şəhər də hər şeydən öncə Dağıstanın hardasa şimal sahilində yerləşirmiş. Məğlubiyyətdən sonra Xəzərlər şimala doğru çəkilmişlər. Mərvan onları yəqin ki, bizim fikrimizcə, Don çayı olan Nəhr əs-Sakalibə ( Slavyan çayı) qədər təqib etmişdir19.Bu Ərəb-Xəzər müharibəsinin nəticələri tamamilə nəzərə çarpırdı. Xəzərlərin paytaxtının özü şimala İtil (Volqa) çayının mənsəbinə köçürülmüşdü ki, özünün nisbətən məşhur adını da buradan almışdır20. Bir neçə məlumata görə, Xəzər xaqanı da Mərvanın tələbi ilə İslam dinini qəbul etməyə meyl göstərmişdir21. Lakin hər halda bu, həyata keçirilməmişdir. Burada biz, təəssüf ki, real faktlara istinad etmək imkanına malik deyilik və bir çox fərziyyələrə üz tutmağa məcburuq. Məsələ burasındadır ki, Xəzərlər barəsində bizim məlumatlarımız həmin vaxtların daxili siyasi həyatına uyğun gəlir. İşin mahiyyətinə görə, VIII əsrdə Xəzər dövlətinin daxili durumu barəsində heç nə bilmirik. Orada isə, göründüyü kimi, heç də əhəmiyyətsiz olmayan hadisələr baş vermişdir. Yuxarıda şadın tədricən yüksəlişi barəsində söhbət olmuşdur. Daha sonrakı mənbələrdən onu bilirik ki, hardasa IX əsrdə şadı xaqan ikinci plana sıxışdıraraq çar titulunu qəbul etmiş və faktiki olaraq Xəzəristan dövlətinin hakimi olmuşdur22.Fərz etməyə əsas vardır ki, şadın yüksəlişi məhz elə VIII əsrin 30-cu illərinin hadisələri ilə əlaqədardır. Xaqanın ərəblər ilə müharibədə məğlubiyyəti və xüsusi olaraq İslamı qəbul etmək barəsindəki vədi hər bir halda Xəzər əyanlarının mühüm hissəsini Xəzər hakimlərinə qarşı qaldırmışdır. Bu, etimal ki, şada hakimiyyəti əlinə keçirməyə və şad-çarlardan biri olan İosif özünün Xasday ibn -Şavruta yazdığı məşhur məktubunda yalnız öz əcdadlarından və onların xidmətindən, o cümlədən dövlət dini kimi yəhudi dininin qəbul edilməsindən danışaraq Xaqandan heç də söz açmadığından Xaqanın roluna məhəl qoyulmamasına kömək etdi. Seçim etimal ki, çarəsizlikdən idi və bu da onun gələcək tarixindəki hadisələrdə özünü büruzə verməsi üçün Xəzər dövlətinin möhkəmləndirilməsinə heç də təsir göstərməmişdir. VIII əsrin hadisələri Zaqafqaziya üçün az əhəmiyyətə malik deyildi. Xəzərlərin paytaxtının Volqaya köçürülməsi ilə Qafqaz tədricən Xəzərlər üçün özünün birinci dərəcəli rolunu itirməyə başladı. Lakin bu elə birdən-birə deyil, göründüyü kimi, keşməkeşli yollarla baş vermişdir.Hələ VIII əsrin ikinci yarısında Xəzərlər siyasəti burada kifayət qədər fəal idi. Gürcü salnaməsi Xəzər xaqanının çar Arçilin qızı Şuşanı özünə arvad almağa çalışması ilə əlaqədar Kaxetə və Kartliyə hücumu barəsində söhbət açır24. İ. Cavaxişvilinin fikrincə, bu, 761-764-cü illərdə baş vermişdir25. Maraqlıdır ki, Xaqan sərkərdəsi Bulçan Leket yolu ilə ( güman ki, Dağıstan tərəfdən) Gürcüstan sərhədlərinə daxil olmuş, Dəryal dərəsi ilə isə qayıtmışdır. Bu, görünür ondan xəbər verir ki, bu halda söhbət məndə olan məlumata görə, müsəlman mənbələrində əks olunmayan, məlum yerli əhəmiyyətli hadisələrdən gedir.VIII əsrin 70-80-ci illərində Bizantiyanın asılılığından Xəzərlərin köməyi ilə Abxaziyanın azad olunması faktı həddindən artıq mühüm faktdır26. Belə çıxır ki, Xəzər-Bizantiya əlaqələri bu dövrlərdə düşmənçimlik əhval-ruhiyyəsində idi ki, bundan da Abxaziya çarı Leon istifadə etmişdir. Və nəhayət, 183-cü illərdə (799-800-ci illər) ərəb mənbələrinin verdiyi məlumata görə, Xəzərlərin Zaqafqvziyaya sonuncu böyük hücumu olmuşdur27. XIII əsrin müəllifi Bar Qebreyin verdiyi məlumata görə, bu dəfəki hücum Barmekidlərdən birinin Xaqanın qızı ilə uğursuz evlənmək cəhd ilə əlaqədar idi. Gəlin Bərdədə vəfat etmiş, lakin Xaqana onun zorla qətlə yetirilməsi xəbəri aparılmışdır ki, bu da bayaq xatırlanan hücuma səbəb olmuşdur. O, Şərqi Zaqafqaziyanı da əhatə etmiş, lakin göründüyü kimi, onun elə bir ciddi nəticələri olmamışdır. Xəzər dövlətinin Dağlıq Qafqaz vilayətlərinə əvvəlki təsiri olmamış və VIII-IX əsrlərdə olan hücum da belə bir formada son akt olmuşdur.Xəzəristanın özündə maraqlıdır ki, əyanlar qruplaşmaları arasında kəskin mübarizə davam etmişdir. Beynəlxalq durum da mürəkkəbləşmişdir. Volqa üzərindən macarların Don ilə Dnepr ( Atelkez-İki çayarası) arasındakı düzənlikiyə təqib olunması, eləcə də bir sıra amillərə görə, Xəzərlər ilə Bizantiya arasında dostluq əlaqələrin bərpasına gətirib çıxartdı. Nəticədə Xəzərlərin xahiş i ilə 837-ci ildə Bizantiya mühəndisləri tərəfindən Don sahilində Sarkela ( Ağ çadır) qalası tikilmişdir. Lakin bu fakt sonralar Xəzəristanın zəifləməsinə və əksinə, Bizantiyanın siyasi yüksəlişinə sübutdur.Qafqaz bölgəsində isə Xəzərlərin nüfuzu tədricən heçə enir. Mümkünsə, sonuncunun yenə də müəyyən mənada mövcudluğunu sübut edən son böyük fakt kimi IX əsrin 50-ci illərində Zaqafqaziyada ərəblərə qarşı üsyanlarla əlaqədar olan hadisədir. Həmin vaxtlar xəlifə onları geri oturtmaq üçün Buğa başda olmaqla qoşun göndərmişdir. Bu sərkərdə, ümumiyyətlə, Mərvanın hərəkətlərini təkrar etmişdir. Nisbətən müqavimətin ciddi nöqtələrindən biri sanar ( sanarilər) tayfalarının məskunlaşdığı bölgə, təxminən Kaxetdə və yaxud Daryal ilə qonşuluqda olan bölgədə olmuşdur. Sanarların etnik mənşəyi indiyədək mübahisəlidir, çətin ki, bu məsələyə toxumağın bir mənası olsun. Mühüm olan başqa şeydir. IX əsr ərəb tarixçisi( həm də coğrafiyaşünası) Əl-Yakubiyə görə, üsyan edən sanarlar üç hakimə müraciət etmişlər. Onlardan biri Bizantiya hakimi, digəri isə indiyədək məlum olmayan «Sahib əs-Sakalib»30, üçüncüsü isə «Saxib əl-Xəzər» olmuşdur. Söhbətin burada Xaqan barəsində və yaxud şad-çar barəsində olması məsələsi hələlik aydın deyildir. Mahiyyət başqa şeydədir- görünür, Xəzərlər hansısa səbəblər üzündən sanarlara kömək göstərə bilməmişdir, bu isə Xəzərlərin nüfuz və təsirinin aşağı düşməsinə bir daha artıq dərəcədə dəlalət edir. Təxminən 100 il keçəndən sonra Xəzər çarı İosif Xasday ibn Şafruta Xəzəristanın Şimali Qafqazda siyasi nüfuzu barəsində söhbət açmışdır- Bu hər şeydən öncə, İosif dövründəki durumunun deyil, uzaq keçmişin mənzərəsi idi.Zaqafqaziya ölkələrində məlum olduğu kimi, artıq IX əsrdə ərəb xilafətindən azad olmaq uğrunda mübarizə genişlənir. Lakin sanarlar ilə bayaq xatırlanan hadisəni istisna etməklə zəifləmiş Xəzər xaqanlığının bu hadisə ilə bilavasitə əlaqəsi olmamışdır. Rus dilindən tərcümə edən:Mirzə Məmmədoğluİstifadə olunan ədəbiyyat:1. P.K. Kokovtsov. X əsrdə yəhudi-xəzər yazışmaları, L., 1932.2. Mənbələr, ələxüsus da ərəb mənbələri yəhudi dininin Xəzəristan əhalisi kütləsinin dərinliklərinə nüfuz etməsini göstərir. Orada qədim yerli sitayişin mövcud olduğu davam etdirilmişdir. Əhalinin bir hissəsi İslama və yaxud xristianlığa qulluq edirdi.3. Əl-Məsudi. Muruc əz- Zahab. II cild, Paris, 1863, səh. 8.4. Tam təfsilatı ilə Musa Kalankaytukluda- Alban tarixi, Tiflis, 1912. səh. 148-194.5. Elə orada, səh. 156-158. Gürcüstan həyatı, I cild. Tbilisi, 1955, səh. 223-224.6. Bu barədə Bizans müəlliflərindən başqa Əl-Məsudi (Kitab ət-tənbih val-əşrəf, Leyden, 1894, səh (ərəb dilində).7. Levond, Tarix, Sankt- Peterburq,1887, səh.100 (qədim erməni dilində).8. Elə orada, bax: R.N.Ter-Qevondyan , Ermənistan və ərəf xilafəti,İrəvan, 1977, səh. 77-78.9. Azərbaycan tarixi, I cild, Bakı, 1958, səh 107.10. Bartolğd V.V. Soçinenie, t. I , M., 1963, s. 243-251.11. R.N.Ter-Qevondyanın göstərilən əsəri, səh. 89.12. Elə orada , səh. 90.13. Gürcüstan həyatı, I cild səh. 233-239. Məsələnin müasir şəkildə öyrənilməsinin yekunları, bax: Gürcüstan tarixi oçerkləri, II cild, Tbilisi, 1973, səh. 289-290.14. Gürcüstan həyatı, I cild, səh. 235.15. Togan A. Z. V. Jbn Fadlan’s Reiselericht, Leipzig, 1939, səh. 296-29816. Levond, göstərilən əsəri, səh. 113-114.17. Elə orada , səh. 113-114.18. Togan A. Z. V. op.cit., p.296.19. Novoselğüev A.P., Paşuto V.T., Çerepnin L. V.,Şuşarin V.P., Şapov Ə. N. Drevnerusskoe qosudarstvo i eqo mejdunarodnoe znaçenie. M., 1965, s. 366-371.20. Əl- Belazuri, Kiab futux al-Bundan, Leyden, 1863, səh. 207-208 (ərəb dilində).21. Xəzər şəhərləri barəsində məsələnin xüsusi yazılı mənbələrdə təhqiq olunmasına lüzum vardır. Arxeoloqların fikri burada artıq çox ziddiyətlidir. 22. Bax: İbn Rusta, Əl- Alak ən-Nəfisa. Leyden, 1892, səh. 139 ( ərəb dilində).23. Xəzərlərdə xaqan titulu və ruslar məsələsi üzrə mənim tərəfimdən xüsusi məqalə hazırlanmışdır. 24. Gürcüstan həyatı, I cild, səh. 249-250.25. İ. A. Cavaxişvili, Gürcü millətinin tarixi, II cild, Tbilisi, 1965. səh. 80-81.26. Gürcüstan həyatı, I cild, səh. 251. Z.V. Ançabadze. Orta əsrlər Abxaziya tarixindən, Suxumi, 1959. səh. 95-109.27. Barməkillər- Nümayəndələri I Abbasilərin zamanında vəzir vəzifəsində olan İran sülaləsi. 28. Ət- Tabari, Tarix ər-rəmul val-muluk, III silsilə, səh. 648, Bar Qebrey, Müxtəsər əd-Duval, Beyrut, 1890, səh. 223( ərəb dilində)29. Əl-Yakubi, Tarix, II cild, Leyden, 1883, səh. 598-599 ( ərəb dilində).30. Novoselğüev A.P., Paşuto V.T., Çerepnin L. V.,Şuşarin V.P., Şapov Ə. N. Drevnerusskoe qosudarstvo i eqo mejdunarodnoe znaçenie. M., 1965, s. 371-372. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.