İSLAM VƏ İSRAFÇILIQ

İSLAM  VƏ  İSRAFÇILIQ
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,
AJB-nin və bələdiyyə üzvü


Cəmiyyətimizdə hökm sürən neqativ hallardan biri israfçılıqdır. Ərəb dilində tərcümədə hədsiz dərəcədə istifadə etmək, ehtiyacından artıq xərcləmək və həddi aşmaq mənalarını ifadə edən “israf” kəlməsi dini termin kimi halal və qanuni yollarla əldə edilmiş mal və sərvətdən lazımi qədərdən çox, əbəs yerə istifadə etmək anlamına gəlir. Bu gün, xüsusilə yas mərasimləri və el şənliklərində israfçılığa daha çox yol verilir. Burada sanki yarış gedir. Hər bir şəxs imkanı və ya borc-xərc hesabına masa açır, süfrəyə müxtəlif çeşidli yeməklər, mineral və sərinləşdirici sular, banandan tutmuş hər cür çərəzədək nemətlər düzülür. Amma unuduruq ki, israfçılıq dinimizdə haram, bəyənilməyən əməllərdən hesab olunur. Müqəddəs kitabımız olan Qurani-Kərimin “Əraf” surəsinin 31-ci ayəsində buyurulur: “Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya tavaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” Qurani-Kərimin “Ənam” surəsinin 141-ci ayəsində isə belə buyurulur:
“Yer üzünə sərilmiş bağ-bağatı (bostanları və bağları), dadları, müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!”

İsrafla bağlı Məhəmməd peyğəmbər də (s) çoxlu hədislər söyləmişdir. Peyğəmbər (s) hədislərin birində israf edənlərin əlamətlərini belə açıqlamışdır: “İsrafçının dörd nişanəsi var: batil işlərlə öyünər, ona aid olmayan şeyi yeyər, xeyirli işlərə meyilsiz olar və ona xeyir verməyən şəxsi inkar edər.” İslam israfçılığı qəbul etmədiyi üçün artıq neçə müddətdir ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, dini icmalar və tanınmış ziyalılarımız xeyir-şər məclislərindəki israfçılıqla bağlı çıxış etməklə əhalini bu işdən çəkindirməyə çağırırlar. Çox əfsuslar olsun ki, hüzr məclisində israfçılığa yol verənlər arasında dindarlar da vardır. Ehsan və el şənliklərində olduğu kimi eyni zamanda məzar daşlarının qoyulmasında da israfçılığa yol veririk. Ölüyə qiymətli məzar daşının qoyulması sanki dəb şəklini almışdır. Hər bir şəxs imkanından asılı olmayaraq böyük xərc, hətta borc hesabına ölüsünə qiymətli məzar daşı qoymaq istəyir. Halbuki bunun ölüyə heç bir faydası yoxdur. Unutmaq lazım deyildir dünyasını dəyişmiş hər bir Allah bəndəsi axirətdə öz əməlləri üçün cavabdeh olduğu halda, fani dünyada da yalnız və yalnız öz əməlləri ilə yaşayır. Hələ orta məktəb illərində (keçən əsrin 80-ci illərində) respublika mətbuatında Gədəbəy rayonundan bir imkanlı şəxsin rəhmətə getmiş atası üçün dəbdəbəli məclis keçirmədiyini və ona bahalı məzar daşı qoymadığını, əvəzində isə kəndin ərazisindən keçən çay üzərində öz vəsaiti ilə körpü tikdirib, onu atasının şərəfinə adlandırdığını oxumuşdum. Fikrimcə, həmin gədəbəyli şəxsin gördüyü bu savab və xeyirxah iş hər zaman üçün nümunə ola bilər. Buna görə də varımızı israf yox, qənaətlə sərf edək. Belə olduğu təqdirdə həm büdcəmizə qənaət etmiş oluruq, həm də Allah qarşısında günah etməmiş oluruq. Qurani-Kərimdə buyurulduğu kimi “Allah israf edənləri sevməz!” İsrafçılıqdan fərqli olaraq qənaətçilik İslam əxlaqının ən vacib prinsiplərindən biridir. Qənaətçilik aza qane olub ehtiyacları ödəyə biləcək maddiyyatla kifayətlənmək, başqalarının var-dövlətinə göz dikməmək deməkdir. Peyğəmbərimiz (s) insanları qənaətçiliyə çağıraraq buyurmuşdur: “Bir nəfərin nə qədər malı-mülkü olursa olsun, həqiqi zənginliyi qənaətçiliyidir.”

Gəlin dinimizə zidd olan israfçı yox, İslam əxlaqının ən vacib prinsiplərindən biri olan qənaətçi olaq. Çünki Allah qənaətcil insanları sevər, onların ruzisini artırar və kimsəyə möhtac etməz.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: