Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında Digər » Arxiv 8 января 2016 Hələ, ümumtəhsil məktəbində oxuyarkən məndə toponimika elminə böyük maraq oyanmışdır. Sonralar ali məktəbin tarix fakültəsində təhsil alarkən bu elm haqqında müfəssəl biliklərə yiyələndim. Qeyd edim ki toponimika üç elmin - tarix, coğrafiya və dilçiliyin sintezindən yaranaraq yer adlarından bəhs edən elmdir. Ali məktəbdə toponimika fənnini bizə respublikamızın tanınmış toponimistlərindən biri tarix elmləri doktoru, professor mərhum Yusif Yusifov tədris edirdi. Toponimlərlə bağlı yazılmış kitab və məqalələri böyük həvəslə oxuyuram. Heç də təsadüfi deyildir ki “Lənkəran toponimləri” kitabım və toponimlərlə bağlı dövrü mətbuatda çoxlu sayda məqalələrim çap edilmişdir. “Kredo” qəzetinin səhifələrində müəllifləri professor Mədəd Çobanov və filoloq-tədqiqatçı Müşfiq Borçalı olan “Borçalı toponimləri” kitabından verilmiş yazıları oxuduqdan sonra həmin kitabı əldə etmək üçün hörmətli Müşfiq Borçalıya məktubla müraciət etdim. Müşfiq müəllim məktubumu aldıqdan sonra zəng edərək təşəkkürünü bildirdi və eyni zamanda adı qeyd olunan kitabın yenidən nəşrə hazırlandığını və çap olunduqdan sonra mənə göndərəcəyini söylədi. “Kredo” qəzetinin 28 yanvar 2012-ci il tarixli sayında AJB-nin üzvü Rəna İmanovanın “Elmin qapısında” başlıqlı məqaləsini oxuduqdan sonra məlum oldu ki, sonradan Borçalı adını özünə təxəllüs götürmüş Müşfiq müəllim tələbəlik illərindən çox yaxşı tanıdığım Müşfiq Çobanlıdır. Biz eyni vaxtda, 1990-1992-ci illərdə ADPU-da təhsil almışıq. Mən tarix, o isə filologiya fakültəsində oxuyurduq. Müşfiq müəllim eyni zamanda universitetimizin mətbuu orqanı olan “Gənc müəllim” qəzetinin əməkdaşı idi. O, “Gənc müəllim” qəzetində Müşfiq Mədədoğlu və Müşfiq Çobanlı imzaları ilə maraqlı yazılarla çıxış edirdi. Onun “Ellər, Borçalıdan muğayat olun!” başlıqlı yazısı hələ də yaddaşımdan silinməyib. Ali məktəbdə eyni vaxtda oxuduğumuz üçün onunla tez-tez universitetin dəhlizində və “Gənc müəllim” qəzetinin redaksiyasında rastlaşırdım. Rəna İmanovanın “Elmin qapısında” məqaləsini oxuduqdan sonra Müşfiq müəllimə zəng edib, ona “köhnə tanış” olduğumuzu bildirdim. Dərin təşəkkür hissi ilə bildirmək istəyirəm ki Müşfiq müəllim verdiyi sözə əməl edərək təkrar nəşr edilən “Borçalı toponimləri” kitabını mənə göndərmişdir. Müəllifi M.Çobanov və M.Çobanlı olan “Borçalı toponimlər” kitabı 2012-ci ildə Bakıda “Borçalı” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabın əlavələr olunmaqla və yenidən işlənmiş 4-cü nəşridir. 2500 tirajla yüksək poliqrafik şəkildə çap olunan kitabın elmi redaktorları filologiya elmləri doktoru, professorlar mərhum Tofiq Əhmədov, Buludxan Xəlilov və Şurəddin Məmmədlidir. 340 səhifəlik “Borçalı toponimləri” kitabı ön söz və üç hissədən ibarətdir. I hissə “Gürcüstanda (qədim Borçalıda) Türk-Azərbaycan köklü qəbilə və tayfaların məskunlaşması tarixinə dair”; II hissə “Borçalı toponimlərinin ensiklopedik lüğəti”; III hissə isə Əlavələr adlanır. Kitabın I hissəsində Borçalı toponiminin mənşəyi (müəlliflərin fikrincə Borçalı toponimi eramızdan əvvəl I minillikdə yaşamış türk mənşəli “Borçalı” tayfasının adı ilə bağlıdır-İ.Ş) və Gürcüstanda olan türk köklü qədim, müasir və hibrid oykonimlərdən bəhs olunur. II hissədə isə müəlliflər tərəfindən Gürcüstanda, o cümlədən, Borçalıda olan Azərbaycan-türk mənşəli toponimlər haqqında ensiklopedik məlumat verilir. Kitabı oxuduqdan sonra məlum olur ki, Gürcüstan Respublikasında 350 minə yaxın azərbaycanlı, ölkənin 18 şəhər və rayonunda, konkret olaraq Kvemo-Kartli, Kaxet, Şida Kartli və Msxet-Mitianet diyarlarında, həmçinin Tbilisi və Kutaisi şəhərlərində yığcam halda yaşayırlar. Gürcüstanda azərbaycanlıların yaşadıqları Sadaxlı, Qaracalar, Kəpənəkçi, Faxralı, Arıxlı, Darvaz, Saraçlı, Qızılhacılı, Ləmbəli, Soğanlıq, Kosalı, Nazarlı və digər kəndlər nəinki, bölgənin ümumiyyətlə, respublikanın ən iri yaşayış məntəqələrindən hesab olunur. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Gürcüstanda olan Azərbaycan mənşəli toponimlərin əksəriyyətinin adı zaman-zaman dəyişdirilərək gürcüləşdirilmişdir. “Borçalı toponimləri” kitabını toponimlərlə bağlı yazılmış diğər kitablardan fərqləndirən başlıca cəhət odur ki, burada müəlliflər Gürcüstan, o cümlədən Borçalıda olan Azərbaycan mənşəli toponimlərin mənşəyi, etimologiyası və izahı ilə yanaşı eyni zamanda, yaşayış məntəqələrinin yerləşdiyi coğrafi mövqe, onların əhalisinin ümumi sayı, əhalisinin milli tərkibi, orada fəaliyyət göstərən Azərbaycan məktəblərinin yaranma tarixi, həmin yaşayış məntəqələrindən çıxmış tanınmış elm, mədəniyyət, incəsənət, din, ictimai-siyasi xadimlər, idmançılar, yüksək rütbəli hərbçi və polislər haqqında və eyni zamanda ölkənin paytaxtı Tbilisi(Tiflis) şəhərinin tarixi və ədəbi mühiti haqqında da məlumat verirlər. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Borçalı toponimləri” kitabı toponimika elminə dəyərli töhfədir.İldırım ŞÜKÜRZADƏ,Müəllim-tədqiqatçı, AJB-in üzvü,04.01.2013. “Söz” qəzeti, yanvar, 2013-cü il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.