Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN SEYİDOV Azərbaycan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!.... 19 марта 2019 Azərbaycanın görkəmli siyasi və dövlət xadimlərindən biri də SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri - Baş naziri olmuş (1981-ci ilin yanvarından 1989-cu ilin yanvarına kimi) Həsən Neymət oğlu Seyidovdur.Həsən Neymət oğlu Seyidov - 1932-ci il avqustun 16-da qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1939-cu ildə Qaçağan kənd orta məktəbinin 1 sinfinə daxil olmuş, 1946-cı ildə Dağ Borçalının Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu orta məktəbini bitirmişdir.Həmin ildə Bakıya gələrək, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə Həsən Seyidov əla oxumaqla yanaşı, institutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.H.Seyidov təyinatla SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin Bakı şəhərindəki L.Şmidt adına maşınqayırma zavoduna işə göndərilir. Elə bu zavodda əmək fəaliyyətinə də bu zavodda başlayıb. 1956-1965-ci illərdə usta köməkçisi, böyük mühəndis-texnoloq, növbə, sahə rəisi, zavodun baş mühəndisinin müavini işləmişdir. Bu vəzifələrdə özünü çalışqan, istehsalat təşəbbüsləri irəli sürən işçi, fəal ictimaiyyətçi kimi göstərmişdir. Zavod işçilərinin və rəhbər dairələrin nüfuzunu qazanmış H.Seyidov zavodun direktoru təyin edilmişdir. O, 1965-1971-ci illərdə L.Şmidt adına maşınqayırma zavodunun direktoru vəzifəsində şərəflə çalışmışdır. H.Seyidov direktor olduğu ilk gündən zavodda birinci növbədə nizam-intizamın möhkəmlənməsinə, istehsalatın təmərküzləşdirilməsinə, yeni-yeni neft avadanlıqlarının və qazıma dəzgahlarının istehsalının artırılmasına, keyfiyyətlərinin yaxşılaşdırılmasına, dünya standartlarına uyğunlaşmasına xeyli fikir vermişdir. O, zavodun ölkə miqyasında maşınqayırma müəssisələri arasında qabaqcıllar sırasında adının çəkilməsinə nail olmuşdur. Zavod Sovet İttifaqının və Respublikanın bir neçə dəfə keçici bayraqları ilə mükafatlandırılmışdır. Həmin dövrdə zavod fəhlələrinin sosial rifahı yaxşılaşmış, yüzlərlə fəhlə və mühəndis yeni mənzillə təmin edilmişdir.Bu müddət ərzində Həsən Seyidov Nərimanov rayon, Bakı şəhər Partiya və Sovet orqanlarının üzvü seçilmişdir. 1969-cu ildə Həsən Seyidova Azərbaycan SSR-in "Əməkdar mühəndisi" fəxri adı verilmişdir.Özünü bacarıqlı istehsalat rəhbəri kimi göstərən H.Seyidov 1971-ci ilin fevral ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bir qədər sonra isə Azərbaycan KP MK katibi vəzifəsinə irəli çəkilmişdir. O, düz 10 il bu vəzifədə sənaye sahəsini bilən bir mütəxəssis kimi MK-nın sənaye problemləri ilə məşğul olmuş və Azərbaycan sənayesinin müxtəlif sahələrinin hərtərəfli inkişaf etməsinə, yeni texnika və texnologiyanın istehsalata tətbiq olunmasına, Sumqayıt, Daşkəsən, Əli Bayramlıda (Şirvan şəhəri) müxtəlif sənaye müəssisələrinin tikilib istifadəyə verilməsinə səylə çalışmışdır.Xalqımızın ümummili lideri, ulu öndər Heydər Əliyevin tövsiyəsi əsasında Həsən Seyidov 1971-1989-cu illərdə Azərbaycan KP MK-nın büro üzvü, 1971-1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü, 1971-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və nəhayət, 1981-1989-cu illərdə Azərbaycan Nazirlər Sovetinin sədri olmuşdur. 70-80-ci illərdə Azərbaycan respublikası iqtisadiyyatının, xüsusilə sənayenin inkişafında Həsən Seyidovun xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə sənayedə mühüm struktur dəyişiklikləri baş vermiş elmi-texniki inqilabla bağlı yeni, müasir və daha mürəkkəb istehsal sahələrinin yaradılması prosesi genişlənmiş, neftayırma zavodlarının texniki cəhətdən modernləşdirilməsi və yenidən qurulmasına diqqəti artırmış, maşınqayırma və neft maşınqayırması, qara və əlvan metallurgiya sənaye sahələri xeyli inkişaf etmiş, Azərbaycanda ildə orta hesabla 15 milyard kv/saat elektrik enerjisi istehsal edən 18 iri elektrik stansiyasından ibarət böyük bir energetika kompleksi yaradılmışdır. Ümumiyyətlə, 1970-1980-ci illərdə respublikada sənayenin ümumi məhsulu 2,2 dəfə, o cümlədən istehsal vasitələri istehsalı 2,1 dəfə, istehlak malları istehsalı isə 2,2 dəfə artmış, sənayenin inkişaf dinamikası yüksələn xətt üzrə getmişdir.Həsən Seyidov baş nazir kimi Azərbaycan xalq təsərrüfatının daha da tərəqqi etməsi, şəhər və kəndlərinin abadlaşdırılması, respublika zəhmətkeşlərinin maddi rifahının və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı sahəsində qarşısında duran dövlət tapşırıqlarının yerinə yetirilməsi işinə bütün bacarığı ilə xalqa xidmət etmiş və xalqın sosial rifahının yüksəlməsi yolunda var qüvvəsi ilə xeyli əmək sərf etmişdir. Həsən Seyidov Borçalıların Azərbaycan televiziyasına baxa bilmələri üçün ötrücü stansiya tikdirmiş, Qaçağan kəndinə qaz və su kəmərləri çəkdirmiş, onun Gürcüstan hökumətindən xahişi ilə Qaçağan kəndində müasir tipli üçmərtəbəli məktəb binası inşa edilmişdir.Bununla da o, Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanmışdır.Elə buna görə də, Həsən Seyidov həmin müddətdə o Sov. İKP MK-nın XXVI və XXVII qurultaylarına nümayəndə, Sov. İKP MK-nın üzvlüyünə namizəd, həmçinin X və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Dövlət Həsən Seyidovun xidmətini layiqincə qiymətləndirmişdir. Onu "Lenin" ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və müxtəlif medallarla təltif etmişdir. Bundan başqa, o bir neçə dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri diplomu ilə mükafatlandırılmışdır. 1989-cu ilin aprel ayında fəxri təqaüdə çıxdıqdan sonra, Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin müvəkkili təyin edilmişdir.1991-ci ilin noyabr ayında "Azərinkom" informasiya-kommersiya birliyinin, 1997-ci ildən isə 2004-cü ilədək "Azərinkom" səhmdar cəmiyyətinin baş direktoru vəzifəsində çalışmışdır. Həsən Seyidov dəfələrlə Azərbaycan KP MK-nın plenum, konfrans, qurultaylarının nümayəndəsi seçilmiş, Azərbaycan KP MK üzvlüyünə namizəd, üzv, Sov. İKP MK üzvlüyünə namizəd seçilmişdir. SSRİ, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Ali Soveti rəyasət heyətinin və SSRİ Nazirlər Sovetinin üzvü olmuşdur.Həsən Seyidov 2004-cü il dekabrın 8-də 72 yaşında vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.Doğulduğu Qaçağan kəndində büstü ucaldılmışdır.Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.