AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ Digər ali məktəblər, Bolus 4 марта 2016 Xələf Daşdəmirov,Azərbaycan Dövlət Dəniz Akademiyasının professoruGənclik dövrünü Qaraqayanın ətəyində yaşayıb-yaradan, qədim Borçalı mahalının ustadlar ustadı, Gürcüstan Respublikasının "məkdar mədəniyyət işçisi, məşhur dastan ustadı, Aşıq Hüseyn Saraclının həmkəndlisi olduğum üçün, onun haqqında danışmaq mənə həm çox çətin və eyni zamanda şərəflidir. İnsan var ki, ilk görüşdən adamda xoş aura yaradır, o da məşhur dastan ustadı sənətkar aşıq Hüseyn Saraclıdır. Aşıq Hüseyn Saraçlını mən lap uşaqlıqdan tanıyırdım. Ona görə ki, ustadı el şənliklərində, bayram günlərində kəndimizin böyük Mədəniyyət evində tez-tez görürdüm. Onu da deyim ki, aşığın böyük oğlu İsfəndiyarla eyni yaşdayam. Onların evlərinə arabir gedirdim. Aşıq Hüseyn Saraclının beş övladı var: üç oğlu və iki qızı. Əfsuslar olsun ki, onlardan heç biri onun sənətini davam etdirməyiblər. Aşığın özü də beş qardaş iki bacı olublar. Aşıq Hüseyn Saraclı qardaşlardan ikincisi idi. Mən orta məktəbi həmin Saraclı kəndində bitirib, Bakıda ali məktəbə qəbul oldum. Günlərin bir günü mən və mənə orta məktəbdə rus dili dərsini deyən İdris müəllimlə birlikdə qatarla Bakıya gedirdik. Tbilisi dəmir yolu vağzalında bizə bir şad xəbər verib dedilər ki, həmin biz gedən qatarla aşıq Hüseyn Saraclı da Bakıya gedir (ona görə biz gedən qatar deyirəm ki, o vaxt Tbilisidən Bakıya iki sərnişin qatarı yola düşürdü, bir-birindən fərqli vaxtlarda). İdris müəllimlə mən başladıq aşıq Hüseyn Saraclının olduğu vaqonu axtarmağa, uzun axtarışdan sonra on altı vaqonluq sərnişin qatarının beşinci vaqonunda onun yerini tapdıq. Uzun çəkən bir çətinilklə, İdris müəllimlə birlikdə onları beşinci vaqona bizim kupeyə, öz yanımıza gətirdik. Onlar iki nəfər idilər: aşıq Hüseyn Saraclı və şəyirdi Sədi Ulaclı. Biz onlardan xahiş elədik ki, rahatlanandan sonra bir neçə saz havası ifa eləsinlər. Aşıq Hüseyn dedi ki, bir az naxoşlayıb, ona soyuq dəyib. Mən dedim ki, «Hüseyn əmi, bir az çalıb-oxuyarsınız, soyuqdəyməniz keçər». Onlar sazları köynəyindən çıxartdılar. Aşıq Hüseyn tez bir vaxtda sazını köklədi, şəyirdi Sədi Ulaclı sazı kökləməkdə çətinlik çəkirdi. Aşıq Hüseyn Saraclı şəyirdi Sədi Ulaclıya dedi: «Ayə, sənə deməmişəmmi, Saraclının zoğal ağacından ona elə qurdağzı vur ki, kökdən düşməsin?»Uzun-uzadı qatarla səhərə qədər yol gedərək, Bakıya çatana kimi ustadın naxoşlaması, soyuqdəyməsi keçib getdi. O gecə bizə, rəhmətlikdən 76 saz havası yadigar olaraq xatirə kimi yaddaşımızda qaldı. Aşıq Hüseyn Saraclı ustad dastançı 1987-ci il 19 apreldə (71 yaşında) öz doğma kəndində, ata-babasının yanında Saraclı qəbristanlığında dəfn edilib. Allah ona qəni-qəni rəhmət etsin! . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.